Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:01

Nüsrət Kəsəmənli. Yumul, bənövşəm, yumul


Dağlara gün düşübdür,
Açıl, bənövşəm, açıl...
Xalq mahnısı


Hava yaman sazaqdı,
Günəş səndən uzaqdı,
Bir ac quzu mələyib
Sənə boylandı, baxdı,
Yumul, bənövşəm, yumul.

Çəmənlərə iz düşür,
Bir deyil ki, yüz düşür.
Niyə sənin payızın
Hər çiçəkdən tez düşür;
Yumul, bənövşəm, yumul.

Göydə bulud görünür,
Bulud qara bürünür.
O dağda bir duman var
Sənə tərəf sürünür;
Yumul, bənövşəm, yumul...

Qalarsan baxa-baxa,
Kağız gül səndən baha,
Arı yaman çoxalıb
Gülü də sancır daha;
Yumul, bənövşəm, yumul.

Ömrün bircə həftədir,
Ətrin min cür həbdədir,
İndi sevənlər üçün
Beş qərənfil dəbdədir;
Yumul, bənövşəm, yumul.

Yum gözünü, çən görmə,
Vaxtsız gələn qəm görmə,
Dünya yaman qarışıb,
Mən görəni sən görmə;
Yumul, bənövşəm, yumul!...
XS
SM
MD
LG