Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:05

Kazan görüşündən sonra Seyran Səxavətlə Qarabağ haqda söhbət...


Azərbaycan və Ermənistan prezidentlərinin Kazan danışıqlarının nəticəsiz başa çatmasından sonra...

Yazıçı Seyran Səxavətin "Yeni Müsavat" qəzetinə müsahibəsi



- Seyran müəllim, Qarabağ ətrafında nə baş verir?

- Bu hadisələr başlayan zaman belə bir ifadə var idi: “Qarabağ yarası”. Təbii ki, söhbət yaradan gedirsə, deməli, bu, bədəndə bir yaradır.

Amma uzun illər keçdiyinə və bizim hardasa təpərsizlik nümayiş etdirdiyimizə görə, mən bir söz adamı olaraq qəti surətdə deyə bilərəm ki, Qarabağ yarası ifadəsi artıq yerinə düşmür.

Çünki bədəndəki bir gözə yara deyirlər. Amma Azərbaycan nəhəng, möhtəşəm bir bədəndirsə, indi artıq Qarabağ yarası terminini işlədə bilmərik.

Artıq bu yara o qədər artıb ki, Azərbaycan adlı bədənimiz qotur olub. Bilmirəm yerinə düşər, ya düşməz, amma mən bunu belə görürəm.

Bütün bədənimizi, beynimizi, hissiyyatımızı, bir az da qabağa getsək, elə bil ki, qeyrətimizi də o Qarabağ yarasının suyundan infeksiya keçib və qotur basıb.

Bu saat Qarabağ məsələsi bir az dumanlı, bir az mücərrəd mənada olsa da, mənim baxdığım tərəfdən bu cür görünür.

Qarabağ məsələsi ilə guya çoxlu beynəlxalq təşkilatlar məşğuldurlar. Sovet hökumətinin vaxtında hardasa bir cavan oğlan institut qurtarıb gəlirdi və görünür arxa-dayağı, adamı, o dövrün dili ilə desək, “dayısı” var idi deyə, bu cavan üçün bir ştat açırdılar ki, orda işləsin.

Mən ATƏT-in Minsk Qrupunun həmsədrlərinə həmin cavan oğlan kimi baxıram. Artıq on illiklərdir ki, Minsk Qrupu Qarabağ məsələsi ilə məşğuldur.

Tez-tez ekranlardan görürəm, onlar bizim Xarici İşlər Nazirliyinin qabağında necə avtomobildən düşürlər, necə gülə-gülə - mən heç kəsi təhqir etmək fikrində deyiləm, amma gülməkdən daha çox, hırıldaya-hırıldaya deyərdim - gəlib-gedirlər.

Mən hər dəfə onları görəndə özümü təpədən-dırnağa təhqir olunmuş sayıram, özümü kimsəsiz, imzasız, heç kəsin tanımadığı bir məxluq hesab edirəm.

Başqa bir tərəfini götürsək, mən bilən Rusiya prezidentinin təşəbbüsü ilə 9 dəfə üçtərəli görüş olub.

Siyasətdə naşı bir adam kimi bircə şeyi dərk edə bilmirəm, burda hər şey məlumdur, əgər dünya siyasəti doğrudan budursa, onda bu, nə qədər aciz siyasətdir.

Bir dövlət başqa bir dövlətin ərazisini işğal edib və bütün dünya bunu etiraf edir. Məsələ bəs nədən ibarətdir?

Deməli, məsələ elə beynəlxalq, ümumbəşəri səviyyəyə gəlib ki, o yerin adı tilsimdir. Qarabağ məsələsinin həlli tilsimə düşüb.

Biz doğrudanmı sübut edə bilmirik ki, torpaqlarımız işğal olunub. 10 il əvvəl Amerika səfirinə sual verdim ki, cənab səfir, bir dövlət başqa bir dövlətin nə qədər ərazisini işğal edəndə işğalçı sayılır?

Tatarstan - (soldan sağa) Ermənistan prezidenti Serj Sarkisyan, Rusiya prezidenti Dmitri Medvedev və Azərbaycan prezidenti İlham Əlyev. 24 iyun 2011

Dedi lap 1 kvadratmetr ərazisini də işğal eləsə işğalçı hesab olunur. Yəni bunlar hamısı məlum məsələlərdir. Sadəcə, bunlar hamısı mənə onu xatırladır ki, bu, bir dünyəvi rəqsdir və bütün siyasətçilər ortalığa düşüb “Tərəkəmə” oynayırlar.

Yorulmaq bilmirlər, bu oynamaqdan ləzzət alırlar, qazanırlar, yaşayırlar, dünyanı gəzirlər, dolanırlar, öz həyatlarını qururlar.

- Münaqişənin alovlanmasından, torpaqların itirilməsindən 20 il keçir və bu, qərar vermək üçün kifayət edən zaman kəsiyidir. Seyran Səxavətin nəzərincə, biz nə etməliyik, çıxış yolu nədir?

- Siz deyən kimi, 20 ildir biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik. Ancaq belə bir limit qurtarıb.

Bəlkə heç belə bir limit olmayıb da. Biz də istəmirik qan tökülsün. Amma ki, əgər biz ərazi bütövlüyümüzü, mənfur qonşularımızı torpaqlardan qovub çıxarmağı istəyiriksə, bunun yeganə yolu hərbdir.

Torpaqlar hansı yolla verilibsə, o yolla da qaytarmalıyıq. Rusların yaxşı bir sözü var: Nə ilə xəstələnibsənsə, onunla da müalicə olunarsan.

Bizim dövlətimiz 20 il çalışdı ki, bu məsələ sülh yolu ilə həll olunsun, ancaq bu yolla alınmır.

Qarabağ məsələsinin həlli hər gün uzandıqca, biz hər gün geriyə addımladıqca elə bil ki, Qarabağın taleyi Göycə mahalının, Dərbəndin, Təbrizin taleyinə yaxınlaşır. Bununçün də millət toparlanmalıdır, dövlətlə bir olmalıdır.

Amma burda çox vacib nüans da var. Yunan filosoflarından biri Aristotelin super kəlamı var, deyir mülkiyyəti olmayanın vətəni olmaz.

Bu, çox qəliz məsələdir. Biz həmin yunan filosofunun dediyi kimi elə bir halallıq yaratmalıyıq ki, bu halallığın üstündə ayağımız torpaqda möhkəm dayanmalıdır. Bilməliyik ki, hücum etdiyimiz yerdən vətənimizi bütövləşdirməyə gedirik.

Bu xalq nə qədər parçalanar? “Gülüstan”, “Türkmənçay” müqavilələri ilə iki yerə şaqqalandı. O tərəfdən Dərbənd, bu tərəfdən Borçalı, İrəvan, Göyçə...hamısı getdi. Özü də deyirik ki, 21-ci əsr sürət əsridir.

Tutaq ki, 16-cı əsrdə bir gün kecikirdinsə, elə o, bir gün sayılırdı. Amma 21-ci əsrdə bir gün gecikmək məsələnin həllinə 5-10 il gecikmək deməkdir.

- “Hərbə əl atmağımız daha böyük itkilərə gətirib çıxarar” yanaşması barədə nə deyərdiniz?

- Bir dəfə telekanalların birində aparıcı məni az qala eninə-boyuna danlayırdı ki, yazıçılar, şairlər Qarabağdan niyə yazmır?

Seyran Səxavət

Mən ona konkret cavab verdim. Dedim mən bütün ərkim keçən yazıçı dostlarıma - onlar 2-3 nəfərdir - şair dostlarıma ümumiyyətlə, Qarabağ haqqında nəsə yazmağı qadağan edirəm.

Çünki artıq 20 il keçəndən sonra bu məsələ bədii ədəbiyyat mövzusu olmaqdan çıxıb.

Mənə elə gəlir ki, Qarabağ mövzusunda ən yaxşı, ən möhtəşəm əsəri Azərbaycanın Müdafiə Nazirliyi yazmalıdır və biz hamımız o əsəri sevməliyik, o əsərin nəticəsini qiymətləndirməliyik. Çünki “Ya Allah, ya Allah” deməklə donuz darıdan çıxmır. Mən də azdan-çoxdan istedadı olan adamam.

Elə bədii, qəhrəman bir obraz yaradaram ki, burdan vurub İrəvandan çıxar, aləmi dağıdar. Axı, bunlar hamısı yalandır. İndi hər şey real ölçülməlidir.

Sizin sualınıza gəlincə, mən bu sahədə peşəkar olmadığıma görə, öz qeyri-peşəkarlığımı nümayiş etdirmək istəmirəm. Yenə həmin fikrimdə qalıram.

Mən gözləyirəm ki, o romanı, janrından asılı olmayaraq Qarabağ haqqında o əsəri bizim Müdafiə Nazirliyi yazacaq, biz onunla öyünəcəyik, fəxr edəcəyik, ərazi bütövlüyümüz bərpa olunacaq. Qabilin bir şeri var, “Ümid yenə sənədir, Azərbaycan əsgəri”.

- Heç cəbhə bölgəsində olursunuzmu? Müşahidələriniz nə deyir, Azərbaycan Ordusu qələbə romanını yazmağa qadirdirmi?

- Açıq deyirəm, çoxdandır cəbhə bölgəsinə getmirəm.

Qabaqlar təşviqat qatarı var idi. İndi özbaşına sən lap getdin, amma heç kəs səni ora buraxan deyil. Bu barədə xəbərləri efirdən eşidirəm.

Bir də ki bu gün Azərbaycan ordusunun qüdrətini göstərmək üçün hərbi parad keçiriləcək. Amma parad başqa şeydir, müharibə başqa şey. Eşitdiyimə görə, bizim ordumuzun büdcəsi Ermənistanın büdcəsindən çoxdur.

Amma dəqiq şəkildə heç nə deyə bilmərəm. Oxuduqlarımdan bilirəm ki, sovet vaxtı dövlət təşkil edib, yazıçılar, şairlər gedib əsgərlərlə görüşüb.

Bu gün özbaşına cəbhə bölgəsinə gedərsən, deyərlər xeyirdimi, sən niyə gəlmisən?

Ümumiyyətlə, sən kimsən? Çünki bizdə “ümumiyyətlə, sən kimsən” sualını hamıya verə bilirlər. Mənim cəbhə bölgəsindən dəqiq xəbərim yoxdur.

Amma büdcə var, orduya bir neçə dəfə çağırış həyata keçirilir, Müdafiə Nazirliyi var, bu məsələləri həll etmək lazımdır.

- Bir ara “xalq diplomatiyası” məsələsi ortaya atılmışdı. Hesab olunurdu ki, bütün müharibələr sülhlə bitdiyi üçün Qarabağ konfliktində də sülhə nail olunması üçün ziyalılar da öz sözünü deməlidir.

Hərbi variantı çıxış yolu kimi görən Seyran Səxavət necə hesab edir, Azərbaycan və erməni ziyalıları bu problemin çözümü üçün nə edə bilərlər?


- Vallah, hardasa, nəsə onların köməyi dəyə bilər. Amma müharibəni ziyalılar başlamayıb, ziyalılar davam etdirməyib ki, ziyalılar da ona son versinlər.

Tutaq ki, Azərbaycan və erməni ziyalıları danışa bilər. Məsələn, ya erməni televiziyası ilə, ya telekörpü vasitəsilə. İndi 21-ci əsrdir, hər cür çevik rabitə mövcuddur. Amma yenə də bu, özbaşına olan məsələ deyil.

Nəsə bir konsepsiya olmalıdır. 2-3 erməni ordan gəlsin, bir neçəsi burdan ora getsin, bununla məsələ həll olunmur.

Ümumiyyətlə, diplomatiya özü mənimçün qaranlıq bir şeydir, o ki qaldı “xalq diplomatiyası”. Belə məsələlərdə xalqın qabağına düşmək lazımdır, Xalq özbaşına heç nə edə bilməz.

- Amma ictimai şüurda qəbul olunub ki, qabağa düşənlər ziyalılar olmalı, xalqa yol göstərməlidir.

Bu gün Azərbaycan Yazıçılar Birliyinin tərkibində xeyli yazıçı-şair var, onların bir təşəbbüsü ola bilərmi ki, nəhayət, Qarabağla bağlı qərar verilməlidir?


- Yəqin mənimlə razılaşarsan, SSRİ-nin tərkibindən neçə ildir qopmuşuq, amma biz hələ də bu günə qədər təşəbbüsü yuxarıdan gözləmişik.

Aşağıdan gələn təşəbbüslərin hamısına sözün pis mənasında “özfəaliyyət” kimi baxıblar. Biz belə işləməyə öyrəşmişik ki, təşəbbüs gərək yuxarıdan olsun.

Mən inanıram ki, Azərbaycan yazıçıları içində xeyli qeyrətli adamlar var və onlar haracan desən, gedib çıxa bilərlər, biri də mən özüm.


Təki bunun bir xeyri olsun. Amma yenə deyirəm, müharibəni başlamaq, davam etdirmək və onu sona yetirmək ziyalının missiyası deyil.

Biz olsa-olsa bu məsələləri bir az yumşalda, qarşılıqlı anlaşma mühiti yarada bilərik. Bunun da kökündə yenə də sözün əsl mənasında dövlət səviyyəsində möhkəm təşkilatlanma lazımdır.

Sabah mən 5-10 dostumu yığım bir təşkilat yaradaq ki, biz “xalq diplomatiyası” ilə nəsə etmək istəyirik, bizə nə xalq inanacaq, yuxarıdan da deyəcəklər ki, “bu özfəaliyyəti yığışdırın”.

- Rəhmətlik Xəlil Rza və Sabir Əhmədli Qarabağ uğrunda övladlarından da keçdilər.

Bu gün müharibə getmirsə də, ölkə ziyalıları heç olmasa Qarabağla bağlı narahatçılığı ifadə etməlidir. Ziyalıların “nəhayət ki, qərar vermək vaxtıdır” təşəbbüsü ilə çıxış edib ölkə başçısına müraciət etməsinə necə baxırsınız?


- Mən bu təşəbbüsü dəstəkləyirəm. Sizin yerinizdə olsaydım ölkədəki yaradıcılıq ittifaqlarına - Yazıçılar, Bəstəkarlar, Rəssamlar, Memarlar ittifaqları ki, var, onların rəhbərlərinə müraciət edərdim.

Bir var mən gedib onlarla görüşüm, bunu deyim, bir də var qəzet müraciət etsin. Ancaq qəzet ziyalılarla xalqın arasında vasitədir.

Mən həmçinin Qarabağ danışıqlarının məğzi ilə bağlı xalqa, parlamentə açıqlama verilməsinin tərəfdarıyam.

Heç bizim iştirakımız olmasın, amma açıqlansın, bilək nədir, nə deyil, bu gün nə etməliyik, sabah nə edəcəyik.

- Qarabağsız Azərbaycanın teleməkanı, efiri haqqında nə deyərdiniz?

- Mən Azərbaycan dilini bilən və yerli efir məkanına baxan bir əcnəbi olsaydım elə bilərdim ki, bu xalqın nəinki Qarabağ yarası, Qarabağ dərdi, ümumiyyətlə, heç bir dərdi-səri yoxdur.

Elə bilirəm, tamam başqa, xoşbəst bir ölkənin televiziyasına baxıram. Azərbaycan teleməkanı əvvəlcə silkələnməli, öz tozlarını tökməlidir, təmizlənməlidirlər, çimməlidirlər, qüsl eləməlidirlər və təzədən başlamalıdırlar.

Torpaqları işğalda olan ölkənin telekanalları gecə-gündüz çalıb-oynamaqla məşğul olmamalıdır.

- Torpaqlarımızın azad olunması üçün düşmənə konkret vaxt verilməsi fikrinə necə baxırsınız?

- Beynəlxalq aləm istəmir bu məsələ tezliklə həll olunsun. Amma əslinə qalsa, düşmənə vaxt verməzlər.

Belə çıxır ki, düşmənə vaxt verirsən bir az da özünə gəlsin, güclənsin? Demək olmaz ki, mən filan vaxt gələcəm.

Bu, rəhmətlik Üzeyir bəyin əsərində Qoçu Əsgərin öz dəstəsi ilə Rüstəm bəyin evinin qarşısına gələrək “aç qapını, gələk səni öldürək” məsəlinə oxşayır. Kim qapını açar ki, gəlib onu öldürəsən.

Dədə-baba qaydasında gecənin bir vaxtı hücum edib torpaqlarımızı almalıyıq.

Özü də ala bilərik. Sadəcə, Qarabağ məsələsində hər kəs öz işini görməlidir ki, nəticə olsun.

Elşad PAŞASOY
XS
SM
MD
LG