Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:22

Prezident Administrasiyası qarşısında aksiya keçirilib


Mühafizə xidmətinin əməkdaşları aksiya iştirakçılarının əllərindəki plakatları alıb cırıblar. Foto: Fakt xəbər
İslam Partiyasının həbsdə olan fəallarının ailə üzvləri iyunun 30-u Prezident Administrasiyası qarşısında aksiya keçiriblər.

Əllərində «Bizim haqlarımız tapdanır!», «Hicab və hicab qadağası məhbuslarına azadlıq!» və s. şüarlar tutan aksiyaçılar tutulanların buraxılmasını tələb ediblər.

Bu barədə AzadlıqRadiosuna İslam Partiyasının həbsdə olan Astara rayon təşkilatının sədri Ruhulla Axundzadənin oğlu Məmmədəli Axundzadə məlumat verib. Onun deməsinə görə, mühafizə xidmətinin əməkdaşları aksiya iştirakçılarının əllərindəki plakatları alıb cırıblar. Nəticədə aksiyanın davam etməsinə imkan verilməyib.

Məmmədəli Axundzadə deyir ki, sonra Prezident Administrasiyasının hüquq şöbəsinə dəvət edilən aksiyaçılara şikayətlərinin prezidentə çatdırılacağını deyiblər:

«Bizə söz verdilər ki, şikayətinizə baxılacaq. Baxmasalar, aksiyalarımızı davam etdirəcəyik, özü də lap geniş formada».

«Mediaforum» saytının məlumatına görə, aksiyada iştirak edən bir neçə jurnalistin foto və video kameraları əllərindən alınaraq çəkilişlər pozulub.

Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov, onun müavini, iki yaxın qohumu, partiyanın Astara rayon təşkilatının sədri və daha 3 ruhani həbsdədir.

Mayın 6-da Bakıda keçirilmiş «Hicaba azadlıq!» aksiyasında isə 15 nəfər həbs edilib.
XS
SM
MD
LG