Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:47

Rənglərin «Qız qalası»


Cesper Boysen
Dünyanın müxtəlif ölkələrindən olan 20 rəssam fırçasını, boyasını götürüb Bakıya gəlib. İçərişəhərdəki Kiçik Karvansaranı - Qız Qalasının girişinin qarşısındakı meydanı rəngbərəng dünyaya çeviriblər.

Hərə qarşısındakı Qız Qalası formasındakı maketə öz dünyalarının rənglərini qatır. Bunlar üstündə meyvə tərəvəz, çaparaq at təsvirləri, əllərində şar tutmuş uşaqlar, narıncı dənizdə üzən balıq, bənövşəyi, narıncı və qırmızı əllər olan, bizim indiyə qədər görmədiyimiz Qız Qalalarıdır.

«ÖZÜNÜ QALADAN ATAN QIZI ƏSƏRDƏ SIZ TAPIN»

Rəssamlar Bakıya «İçərişəhər» Dövlət Qoruğunun dəvəti ilə «Qız Qalası» adlı İkinci Beynəlxalq Festivala gəliblər. Rəssamlardan biri, Danimarkadan olan Cesper Boysen (Jesper Boysen) Bakıya ilk dəfədir gəlir. Deyir ki, hava küləkli olsa da, açıq havada rəsm çəkməsinə mane olmur. Danimarkalı rəssam Qız Qalası haqqında hekayəni, daha doğrusu özünü qaladan atan qızı əsərinə köçürür. Deyir ki, həmin qızı əsərin müxtəlif hissələrində görmək olar. Bunu isə əsərə baxanların təxəyyülünə buraxır:

«Mən öz əsərimdə həmin qızı axtarıram. Əsərin müxtəlif hissələrində Siz onu görə də bilərsiniz, görməyə də. Buna əsərə baxan qərar verə bilər».

Franko Aseves Humana
«POZMAQ ÇƏKMƏKDƏN DAHA ASANDIR»

Ondan soruşuram ki, əsəriniz hansı janra aiddir. Deyir ki, bunu demək özüm üçün də çətindir:

«Mən adətən şəkil çəkəndə, birinci sərbəst çəkirəm. Ağlıma gələn formaları çəkirəm. Sonra xoşuma gələn yerləri saxlayıram, qalanlarını digər rənglərlə yavaş-yavaş pozuram. Çünki pozmaq çəkməkdən daha asandır».

QIZ QALASI ÜSTÜNDƏ MEKSİKA MƏTBƏXİ

Meksikadan olan rəssam Franko Aseves Humana (Franco Aceves Humana) isə öz Qız Qalasına Meksika mətbəxini çəkir:

«Mənim ölkəmin mətbəxinə aid olan məşhur yemək və içkiləri təsvir etmişəm. Bunlar, donuz, mal əti olan acı yemək və içkilərdir. Hər evdə bişirilən yeməkdir. Yeməklərin acılı olması Meksika mətbəxinin ayrılmaz hissəsidir».

Kulin Aqneşin əsəri
UZANAN ƏLLƏR QIZI XİLAS EDƏCƏK

Kulin Aqneş (Kulin Agnes) isə Macarıstandan gəlib. Macarıstandakı İncəsənət Akademiyasında 3-cü kursda oxuyur. Deyir ki, Bakıya ilk dəfə gəlsə də, şəhərin bu qədim hissəsi onu çox ilhamlandırıb. O, öz Qız Qalasına uzanan əllər çəkir:

«Bu, uşaqlıq vaxtlarına aid olan əl oyunlarıdır. Bu oyunu əllərlə oynayırsan. Çox ölkələrdə bu oyunu oynayırlar. Uşaqlar bir-birlərinin dillərini bilməsələr də, əllərlə oynaya bilirlər. Bir növ əl dilidir. Burada da həmin oyunun tanıyanlar oldu. Mən Qız Qalasının hekayəsi ilə də tanış oldum. Çox maraqlıdır. Bu əllərə sevgisi uğrunda özünü qaladan atan qızı xilas etmək üçün uzanan əllər də demək olar».

RƏSSAMLARIN İÇ DÜNYASI VƏ BAKI SAKİNLƏRİ

Rəssamların əsərləri onların başına yığışan Bakı sakinlərini heyran etmişdi. Tələbə Günel Allahverdiyeva:

Rəssamların əsərləri onların başına yığışan Bakı sakinlərini heyran etmişdi
«Burda çox əsərə baxdım. Oradakı üç at təsviri çox xoşuma gəldi. Məncə, rəssam atlar haqqında daha çox məlumat vermək istəyirdi. O biri natürmortda işıq, kölgə, çox gözəl verilib».

Nigar Qasımova isə deyir ki, ilk dəfədir əsərə baxanda, rəssamın nə çəkdiyini görə bilir:

«Bu əsərlərə baxanda, rəssamın iç dünyası ilə tanış olmaq olur. Qız Qalası Bakının atributudur, yəqin buna görədir ki, xarici rəssamlar öz əsərlərini onun üstündə çəkirlər. Yəqin öz ölkələrində də bu abidəni tanıdacaqlar».

«İçərişəhər» Dövlət Qoruğunun rəisi Mikayıl Cabbarov deyib ki, bu festivalın məqsədi həm də Qız Qalasını dünyada təbliğ etməkdir. Festivaldan sonra üzərində rəsmlər çəkilmiş Qız Qalası maketlərinin həm Azərbaycanda, həm də Avropada sərgiləri keçiriləcək.

Bu festival artıq Bakıda ikinci ildir keçirilir.
XS
SM
MD
LG