Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:08

Aliq Nağıoğlu "Gecikən" (Hekayə)


Magistral yolun ayrıcında köhnə “Jiquli” avtomaşını on dəqiqə olardı dayanmışdı: amma o, hələ maşından düşməmişdi. Sürücü qapını açıb yerə düşdü.

Siqaret yandırıb acı tüstünü hərisliklə ciyərlərinə çəkdi. Fikirli-fikirli maşının arxasından firlanıb onun oturduğu tərəfdən qapını açdı.

Sifəti qaralmış sərnişinin yazıq görkəmi, ləsəlmiş şəkildə oturacaqda yayxanmağı sürücünü təşvişə salsa da deyinməyə başladı:

- Sən axı demişdin Hacının zapravkasının yanında düşəcəksən, bəs nə gözləyirsən? Neçənci dəfə sənə müraciət edirəm, amma səsin çıxmır... Di düş, mənim də işim-gücüm var, Allah səni saxlasın... - o, sol əlində tutduğu ağ selofan torbanı ehtiyatla sinəsinə basıb heysiz-heysiz maşından düşdü. Heç nə demədən yol haqqını verdi, acı-acı torbadakı iri tutumlu fincana nəzər saldı. Kəndə getmək üçün asfaltın sağındakı torpaq yola düşdü. Evinə qədər bir saatdan çox məsafəni artıq geridə qalan olaylarla baş-başa qalaraq piyada getməyi qərara aldı.

* * *

Son günlər, nədənsə, beyninə girmişdi ki, onsuz da bu gedişlə çox işləyə bilməyəcək və ancaq hər halda dözməyinə dözübsə, sona qədər səbr etməyi məsləhətdir.

Bu səhər də işə adəti üzrə hamıdan tez gəlmişdi, ikinci mərtəbəyə qalxıb otağını açaraq kompyüteri işə saldı, alt mərtəbədə çalışan satış işçilərinin problemsiz işləmələri üçün ümumi yüpesi cərəyana keçirdi.

Uzun dəhlizin sonuna çatanda icraçı direktorun otağının qapısının az aralı qalması nəzərindən qaçmadı: o bu gün işə həmişəkindən daha tez gəlmişdi. Aralıq qapını açıb ikinci mərtəbədən enməyə başladı.

Mərtəbəni yarıya qədər getmişdi ki, arxadan onun heç nə ifadə etməyən qalın səsi ucaldı:

- Salam, Sərxan müəllim, dünənki siyahıda göstərilən vakant işçi yerlərini bu günə təmin etmənizi xahiş edirəm. Qadağa yoxdur, ürəyiniz istədiyi yaşayış yerlərindən işçi götürə bilərsiniz, lap yaxından olmuş olsun...- ona elə gəldi ki, icraçı direktor axırıncı sözləri xüsusi vurğuladı. O da nəzərindən qaçmadı ki, onun bu səhərki geyimi də fərqli idi: təzə dəbdə olan kostyum, təzə ayaqqabı, hətta qalstuq da taxmışdı. O, mərkəzi ofisin tədbirlərində belə təmtəraqlı geyinməzdi və yeganə işçiydi ki, qalstuk vurmaması ona irad tutulmazdı. Dəyişməyən bir şey vardı ki, o da istər yaxında dursun, istərsə uzaqda, onun ağzından pis qoxunun gəlməsi idi. Bu səhər də həmin iyrənc iy yuxarıdan aşağı yayılıb ürəyini bulandırdı. Ona görə dayanmadı.

Adəti üzrə istehsalat sahələrini tələsmədən gəzdi, gecə növbəsindən yorğun, əzgin görünən işçilərlə salamlaşdı.

Hazır məhsulları nəzərdən keçirdi, istehsalat tapşırığının asıldığı lövhədə gecə növbəsinə verilən tapşırığa nəzər saldı.

Növbə dəyişikliyinə az qalırdı, bir azdan təmizlik işləri başlayacaqdı və burada toz dumanı ətrafı bürüyəcəkdi, ona görə cəld kompressor şöbəsinə tərəf irəlilədi.

Kompressorların səsi aləmi başına götürsə də, bu şöbə təmizliyi və səliqəliliyi ilə seçilirdi. Şöbənin qabağında kimsə arxadan qoluna girdi:

- Salam, sabahınız xeyir olsun, necəsiniz?- xoflu adamlar kimi diksindi, təchizat şöbəsinin rəisi idi. - Şükür Allaha salamatlıqdır, təchizatla bağlı bir problem yaranmayıb, gecə üç dəfə zəng edib maraqlanmışam, çatışmazlıq olmayıb, hər şey qaydasındadır, - rəis öz işini bilən, özündən yuxarı rəhbər işçilərə diqqəti ilə seçilən orta yaşlı gənc idi və müəssisə yaranandan burada çalışırdı.

Hesabat verirmiş kimi yüksək vəzifəli rəhbər işçiləri hər səhər məlumatlandırırdı, bu gün də istisna deyildi. Arıq, çəlimsiz təchizatçının baxışları heç nə ifadə etmirdi. Amma nədənsə öz-özünə ” deyirlər, bir şeyin qiyməti, o şey əldən gedəndən sonra bilinər”- mızıldadı.

Daha nəsə demək istəyirdi, görünür ürək eləmirdi.

- Gedək böyüklə görüşək, amma... heyif sizdən, müəllim... – deyə bildi və tez də uzaqlaşdı. Təchizat şöbəsinin rəisi bu yaxınlarda evlənmişdi, başda baş direktor olmaqla mərkəzi ofisin işçiləri də toyunda iştirak etmişdi, məclisdə hamı növbəyə durub patronun qarşısında oynamışdı, tullanıb-düşmüşdü, bircə ondan savayı: o, nəinki oynamamışdı, oynayanlara qoşulub əl də çalmamışdı. Bu barədə evdə arvadı bilərəkdən söhbət salmışdı, görünür qulağına nəsə çatmışdı. Cavabdan yayınmağa cəhd etsə də, əl çəkməmişdi, axırda uzaqgörənliklə özü xəbərdar etmişdi:

- Səfeh iş tutubsan, ay kişi, görmürsən indi nə zəmanədır, yaltaq olmasan, gözə girən olmasan, mümkün deyil, yoxsa işləyə bilməyəcəksən. Başın müsibətlər çəksə də düzəlmədin. - Qızlıqdan beləydi, dünya dağıla, ağına-bozuna baxmadan öz sözünü deməli idi. Bundan sonra gəl doğma arvadına da etibar elə, ona görə qərara almışdı ki, daha iç sözünü heç kəsə açmasın.

Özəl müəssisənin öz özəllikləri vardı, bir yerdə dayanıb uzun-uzadı söhbətləşmək olmurdı, əslində daxili nizam-intizam qaydalarının tərtibatçılarından biri də o, özü idi, amma şöbə rəisinin son sözlərindən duruxdu.

Vaxtsızlıqdan soruşmağa maraq göstərmədi.

Burada işləyəndən diqqəti çəkən həm də işçilərin lal-kar olmağı idi, adamlar sanki danışmağa susamış kimi idi, di gəl ağızları kilidli idi. “Bizim adamlar proqramlaşdırılmış kimidir,”- bir dəfə Hacı ona eşitdirmişdi.

Həm də həyatı boyu adətindənmi, ya tənbəlliyindənmi, heç vaxt baş verəcəkləri irəlicədən öyrənməyə, araşdırmağa ciddi həvəsi olmazdı: düşünürdü ki, qoy nə olur-olsun, yaxşı-pis, qəfil gəlsin, belə yaxşıdır.

Əgər səhv varsa, cəza olmalıdır. Sonrakı çək- çevir, geçikmiş araşdırma, yaxınlarının qınağı, yenə hər şeyi sıfırdan başlamaq... Özünü belə şeylərə alışdırmışdı, birinci dəfə deyildi ki... Bir də kim nə deyir-desin, olacağa çarə yoxdur, onsuz da əlimiz olacağa yetmir...

Hər şeyi bilənlər əbəs yerə deməyiblər: “Bəndə bəndəyə neylər, tanrı gözdən salmasa?!” Deməli, hər şey o, kişilikdir, olanlarda bəndəlik bir şey yoxdur.

Ağlı kəsəndən Tanrıya ağ olmamışdı. Belə olanda, hər kəsə öz növbəsini gözləmək qalır. Əslində, hamı bu dünyada, yaxşı-pis nə varsa, hamısına növbəlidir...

Direktorun köməkçisi Hacı bir dəfə ona işarə eləmişdi ki, Allah sənə verəni mənə verməyib, qısqanclıq edib, ona görə ki, insan hər şeydə özü seçim edə bilmir, bekara cəhddir, hər şeyi bizim əvəzimizə o, kişi seçir: “Əvvəllər bu qədər işlər tək mənim üstümdə cəmlənmişdi, sonra bölündü, guya idarəetmə xaricdəki modelə uyğunlaşdırılırdı.

İnsafən fabrik də böyüyürdü, işçi resursları da artırdı, amma tez-tez yenilənən daha çox idarə edən kadrlar idi. Niyə belədir, hər şey kadrların idarə edilməsindədi, idarəetmə isə kadrlıq deyil, dolaşıq məsələdir, lakin səbrli olsan, hər şeyi görəcəksən,” - deyirdi Hacı. İndi onun da işi düşmüşdü üstünə. Amma indiki müqayisəsi, nədənsə, yersiz göründü: “Əşi, nə Hacı bazlıqdır, yazıq indi öz canının hayındadır, Türkiyədə müalicədədir. Bir həftəydi gəlmişdi, o xidmətin müqabilində yenidən, təkrar müalicəyə göndərildi. İşə bax, sən Allah, əcəl durub qapına gəlib, sənsə yad ölkələrə səfərə çıxıbsan, əşi adamdan soruşarlar da, mollalar demiş, ay filani, bəs sağlam canın olanda niyə səni xaricə yollamırdılar”? Amma binəvanın tanınası halı qalmamışdı: sifəti meyit rəngindəydi, başının tükünə kimi tökülmüşdü... Deyirdilər, vəziyyəti ağırdı, sümük xərçəngidir. Patronun son tapşırığıni səliqə ilə mizinin üstünə qoymuşdu. “Qayıdan kimi icra edəcəm, patron, mənim üçün bu işlər nədir ki...” – yola düşməzdən qabaq yarı qatlanmış vəziyyətdə olsa da, özünü sındırmamışdı, zorla, gülə-gülə ötürməyə gələnləri arxayın etmişdi.

Əslində son günlər daha çox yadına yerli-yersiz, Hacının bir-birindən dürlü məsəlləri düşürdü, hətta hərdən onları ucadan səsləndirirdi. Səbəbini bilmirdi, nədən Hacının olmadığı müddətdə mehrini onun müdrikanə məsəllərinə bağlamışdı. Hacı özü etiraf edirdi ki, dərin mütaliəsi olmayıb, amma astagəlliyi, tədbirli olması bəs edib ki, tanıyanlar ona böyük vəzifələri etibar etsinlər. O, patronun atası ilə Kərbəla ziyarətinə getmişdi: xəstəliklərin əldən saldığı qocanı, çox vaxtı belinə alıb gəzdirmişdi, sidiyə çıxartmışdı, altını təmizləmişdi, növbəti ili Həcc ziyarətinə göndərilmişdi. Evdə arvadı bu məsələni həmişə ona qabardardı ki, savadnan deyil eyy, mən də bu dünyanın işlərinə mat-məəttələm, amma görünən hələ ki, odur- nəynən olur-olsun, etibar qazanmaq lazımdır.

Hacı müxalifət qəzetlərini oxumağı çox sevirdi: hərdən bir saatlığa otağına çəkilib qəzetləri qabağına töküb alnının kirini çıxara-çıxara fikrə gedirdi. Manşet xəbərlərinə daha çox vaxt sərf edirdi. Onun hər xəbərə öz yozumu vardı, çox vaxt da proqnozları düz çıxırdı. Sevirdi patrona bu haqda ətraflı məlumat versin, əslində şef özü də əyalətə gələndə onunçun bir “obzor” hazırlayırdı. Əgər Hacıda hansı gün xüsusi canfəşanlıq hiss olunurdusa, deməli, hardasa bir neçə saata patron tapılacaqdı. Deyəsən, dar macalda vaxtaşırı əyalətə gəlməkdə Hacı onu əməlli-başlı şirnikləndirə bilmişdi...

İclasların sonluğunu yekun söz üçün baş direktor hər zaman ona həvalə edirdi, Hacı da nəzərlərin dikildiyi məqamda həmin məsəllərdən işə salırdı. Burda da Tanrının öz seçimi vardı: çoxlu pulu olan hıqqanırdı, digəri söz boğçası idi, hər cür labirintdən çıxmağı bacarırdı. “Necə deyirdi Hacı: kasıb iki halda toyuq əti yeyir: ya toyuq xəstələnəndə, ya özü... İndi, deyəsən, özünü göndəriblər uzaq vilayətə toyuq əti yeməyə... “- uğursuz xatırlatma olsa da, istər-istəməz düşündüklərinin sonuna qədər getdi. “Həkimlər bacı-qardaşının donu açılmamış sümük iliyinin göndərilməsini gözləyə-gözləyə qalıblar. Onlar da yubadırlar, vermək istəmirlər, çünki can-candan şirindir, deyirlər bu günə kimi Hacı bizə nə gün ağlayıb ki... Eyni gendən olanların bir-birinə kəf gəlmələri bekara işdir”.

Özünə qalanda isə yaradanından razıydı, Allah ondan çox şeyi əsirgəməmişdi: ağılı, savadı, kişi kimi qədd-qaməti olduğu tək, hələ ki, sağlam canı da vardı. Bütün bunların müqabilində tərsliyi, əyiməzliyi, düzlüyü, yüksək intizamlığı, təmənnasız çalışqanlığı ona həyatı boyu yetərincə çətinliklər yaratmışdı və indi də yaradırdı. Yarım əsrlik həyatında dərk etmişdi ki, yaxşı işçi olsa da, sürü adamı ola bilmədi. Çox şeyləri bacarmaq olarmış, ancaq əsas bir şeyin öhdəsindən gələmməsən, yetər ki, bütün həyatın zəhirmara dönsün.

Özü üçün bir şeyi mütləq mənada dərk etmişdi ki, ömrünün çoxunun gedib azının qaldığı ərəfədə yaşananlar arxaya boylanmaq üçün deyilmiş, arxada qalanlar elə arxada qalmaq üçünmüş. Həyat dərsi adamı başmaqçı edir, qəzavü-qədərdən sığortalamır, vəssalam. Qabaqda keçilməli olanlar bizlik olmadığı kimi büdrəmələrə, gecikmələrə əlimiz çatmır. Özünə haqq qazandırırdı ki, nə yaxşı bir aydır içki ilə tamam-kamal üzülüşmüşdü: belə baxanda bu vecsiz dünyada elə işlər baş verir ki, içməmiş keflənirsən. Böyüklər uşaqlıqda balacalara çoxlu nağıllar ona görə danışırlar ki, böyüyüb ağılları kəsəndə həyatın gerçək nağıllarına duruş gətirə bilsinlər, çəm-çevir bilsinlər. Əsil nağıl - həyat qabaqda imiş, bəs nə bilmişdin?!

Bura işə düzələnə kimi mərasimdən-mərasimə içirdi, indi onu əzizləyib müxtəlif tədbirlərə irəli çəkmələrinin də, deyəsən, köklü səbəbləri varmış, di gəl görəsən bunu anlamaqda gecikməmişdi ki?..

* * *

Son illər tam razılaşdığı bir şey vardı ki, bəlkə də başını çox da sındırmağa dəyməzmiş, niyə ki, Allah verənə, bəndə verməz!

İndi ovqatının təlx vaxtıydı, yenə fikrindən qəribə şeylər keçirdi: yaman beyninə girmişdi ki, bu gün onun son iş günüdür, odur ki, yenicə basılmış asfaltla hazır məhsul anbarına üz tutdu; bir yerdə qərar tuta bilmirdi. Təzə işə qəbul olanda olduğu kimi ən kiçik detalları da nəzərdən qaçırmamağa çalışırdı. Başının ağrısına çevrilmiş daxili duyma məcbur etmişdi ki, üç gün öncə baş direktor şəhərdən müəssisəyə gələndə onunla görüşdən bilərəkdən yayınsın. Əslində o, gözəgirənliyi sevmirdi, amma özünə və tabeliyində olanlara çox tələbkar və ciddi münasibəti yuxarılarda daima müzakirə olsa da, işində nöqsan tapa bilmədiklərindən hər zaman onu qəbul etmək zorunda qalmışdılar. Allah rizası istehsalatçı kimi müstəsna keyfiyyətləri vardı: ilk iş ilində istehsalat rəisi kimi istehsalat tapşırıqlarının yüksək keyfiyyətli icrasından tutmuş, əmək intizamına qədər bütün sahələrdə ciddi dönüşə nail olmuşdu, növbəti ili daha irəli işə çəkilmişdi. İndiki dəyişikliyi də daxilən hiss edirdi: çox şeyi itirsə də, zaman intuitiv duyma hissini əlindən ala bilməmişdi, bəlkə də əksinə artırmışdı, di gəl ki, tayfa tərsliyi canından çıxmadığından onu axmaq vəziyyətlərlə üz-üzə qoyurdu.

Hərdən soyuq başla hər zaman yadına salmağa çalışırdı ki, kim ilk dəfə onu bu işə həvəsləndirdi, başlanğıc necə oldu? Məsələ içkidə deyildi, onu narahat edən məsələ içməyin yanında toya-bayrama getməliydi. Di gəl yadına sala bilmirdi, yaddaşı son vaxtlar yaman korşalmışdı. Son iki ildə beyni qara- qarışıq, mahiyyətini dərk etmədiyi şeylərlə çox yüklənmişdi. İşdə, evdə irəlicədən vərəqə qeydlər edirdi, həmin vərəqi qatlayıb kağız pulların arasına qoyurdı. Vay o günə bazarlıq etməyəydi, qeydlər də yaddan çıxırdı. Hər şeyinə göz qoyan yoldaşı bir dəfə: “Əə, bu ay əmək haqqın çox çıxıb ha, pullar hardandı, sən Allah, birdən xata-zad çıxardarsan, lazım deyil”, - deyə iki ay əvvəl xəbərdarlıq etsə də, qulaqardına vurmuşdu, sonra da hər şeyi unutmuşdu. Arvadı qınamağına dəyməzdi: zaman-zaman işsizliyindən, xasiyyətinin fəsadlarından ən çox üzülən o olmuşdu. İndi yadına düşəndə pərt oldu.

Salxım söyüdün altına gəldi. Hələ doqquz olmazdı, amma bir yarpaq belə tərpənmirdi. Bu il iyul ayı olduqca isti keçirdi; gecələr yatmaq olmurdu. Çalışdığı müəssisə nizam-intizamı ilə seçilirdi, işə gecikmə yox idi, ilk gecikmə son iş günü demək idi. Durduğu yerdən giriş qapısından keçənləri rahat müşahidə etmək olurdu.
Cib telefonu zəng çaldı:

- Bəli, özüdür ki, var.- İşə durmaq üçün müraciət edənlərdən idi. Giriş qapısının ağzından zəng edirdi, onunla görüşmək istəyirdi.- Sən bir qədər səbrli ol, mən çağıraram... - Nədənsə ürəyindən keçirdi ki, kənardan onun hər hərəkətinə nəzarət edirlər, ancaq haradan göz qoyduqlarını indi aramaq gücündə deyildi.

* * *

Hər şey ondan başladı ki, bir tanışının adamını işə düzəldəndən sonra möhkəm yeyib-içdilər. Səhər işə gedəndə ürəyi bulanır, başı ağrayırdı. Həmin günü elə hiss edirdi ki, hamı ona göz qoyur; tutduğu əməlindən peşmançılıq keçirirdi. Görünür, bəşər övladı tez unutqandır və şirnikləndikcə uçurumun ağzına yuvarlanır.

Özgə dəfə işə götürdüyü adamın yaxını on cüt yay cücələri gətirdi; özü də birbaşa evə, maşının bağacında. Həyat yoldaşı gələni əməlli-başlı xələtləmişdi: “Ay insafsız, adam da belə iş tutar, istəyirsiniz ərim işsiz qalsın, götürün zir-zibilinizi rədd olun!” Həmin şəxs hətta ona telefon açmışdı: “Ay müəllim, bu xırda bir şey idi, amma evdə nədən onu qəbul etmədilər, məəttəl qaldım, təmiz həyət cücələridir. Sizə deyim ki, bilirəm sizdən söz çıxmaz, hər il Hacının yay cücələrini mən verirəm, köməkçini deyirəm...” O vaxtı bir müddət sanki ayılmışdı, nə etdiyinin fərqinə varmışdı, insafən evdə də, işdə də qaradinməz olmuşdu, amma baş verənlər barədə ürəyinin qızdığı bir adama danışmağa cürət etməmişdi.

Bir dəfə qatarda yol gedəndə tanış olduğu kefli yol yoldaşı şəhərə kimi beynini xarab etmişdi ki, Allah bəşər övladını bilə-bilə oyunlarla üz-üzə qoyur, seçim etmək şansını özünə verir, nədən ki, axırda yanan da, yaman da: “özü bilən məsləhətdi” deyir. Amma cırtqozluq və müştəbehlik adamı mürəkkəb oyunları sona qədər dərk etməyə qoymur. Bəziləri kor kimi görmür, kar kimi eşitmir. Həmin tanışı çoxlu sayda misallar çəkmişdi, sonda da əlavə etmişdi ki, elə başa düşmə başıma gələnləri danışıram, heç kitab-zad da oxumuram, özümün həyatdan çırpışdıqlarımdı. Sanki qulaqlarımın sırğasıdır, özüm özümü sığortalamasam kimin vecinədir, ay kişi, həmişə əvvəl öz başının küyünə qal, bekara zamanadır...

O isə ancaq işlə, onun problemləri ilə, istehsalatı daha rahat idarə etmək, keyfiyyətli məhsul buraxmaq, yeni modellər yaratmaq üçün yollar arayırdı.
Bu işi həyata keçirmək, əsl lider keyfiyyətlərini sübuta yetirmək üçün özünə və tabeliyində olanlara qarşı çox amansız idi. Xaricdə təhsil almışdı, sovet dövrü uzun müddət sənaye müəssisələrində ən müxtəlif vəzifələrdə özünü yaxşı göstərə bilmişdi, cinayət tərkibli işi olmamışdı. Odur ki, özəl müəssisədə hamı onunla hesablaşmaq zorunda qalırdı, əslində indiki gənclərin çoxunun görüb-götürdükləri dərin bir şey də yox idi. Ancaq zaman yaşının ahıl çağında ona bəzi şeyləri anlatmağa başlamışdı ki, düşündüklərini gerçəkləşdirmək üçün dəmir intizam, yaxşı bacarıqdan savayı da nəsə lazımdır. Amma o “nəsə”nin nə olduğunun gecikmiş də olsa, deyəsən, son vaxtlar fərqinə varmağa başlamışdı. Sərf edən ideyanın icrasının qarşısında yaşıl işıq yandırılırdı; təki özünün ciddi səhvlərin olmasın, çünki “özəl” insanlar səhvləri nəinki bağışlamırlar, bu səhvlər baş verdikdə onu “şou”laşdıraraq bıabırçı həddə çatdırmaqdan həzz alırlar; artıq gərəksizləşmiş, mənən öldürülmüş insanlar burdan uzaqlaşdırılandan sonra heç hara işə girə bilməsinlər, axırda fiziki məhvlərini özləri həyata keçirsinlər... “Var adama oyun öyrədər”- direktor kıməkçisi Hacı son günlər onun yanında tez-tez bu misalı çəkirdi. Arif adamdı Hacı, on il bu qurdlarla işləyə bilibsə, kiçikdən böyüyə hamı ondan tük salırsa, deməli, bu, adamda nəsə var, elə belə adam deyil, onunla hesalaşmaq lazımdır. Görəsən geçikməmişdi ki...
Cib telefonu yenidən səsləndi:

- Bəli, eşidirəm, dedim axı səbrli olun, - bir qədər əvvəl zəng edən adam idi, nədənsə ona elə gəldi ki, o, tək deyil, yanında kimsə var, - hansı dediyimi gətirmisən? Mən axı səndən bir şey istəməmişdim... Narahat olma, səbrli ol, səni qəbul edəcəyəm.
Yenə ürəyi döyündü, narahatçılığı artdı, amma özü heç zaman rəzil işlər tutmadığından fikrinə qurğu-filan düşmürdü. Düzünə qalsa, özü barədə pis sonluq düşünə bilmirdi, ancaq məlumatı vardı ki, burada ondan əvvəl də, işlədiyi dövrdə də belə hallar çox olmuşdu. Bu işləri quranlar, içəridə ümumi vəziyyəti nəzarətdə saxlayanlar ona bəlli idi. Həmin işçilərlə normal münasibətləri vardı, hətta son günlər həm işdə, həm də işdən sonra bir yerdə otur-dur edirdilər. O səbəbdən şübhələrinin sonluğunu özü üçün pis düşünməməyə əsası vardı. Amma bu səhər iki telefon zənginin eyni adam tərəfindən edilməsi, o, adamın narahat danışığı, ona “çatdırılası şeyinin” olmasını deməsi, gümanını neçə yerə yozdu. “Ağlıma cürbəcür şeylər gəlir. “Var adama oyun öyrədər”. Deməli, var olan yerdə cürbəcür oyunların olması mümkündür. Bir-iki dəfə əmək haqqının azlığından yüngül narazılıq etmişəm: amma yuxarının bu barədə cavabı dərhal olubdu: “hər şey zamanında yaxşı olacaq, amma bu gün hansı işçiyə nə qədər əmək haqqı verilirsə, fərqi yoxdur, bizlik deyil, patronluqdur”, cavabını almışam. Allah tərəfi, işin ağırlığı, məsuliyyət yükü məni gecələr də narahat edir. Ağırlıq boş şeydir, di gəl bu ikili mühasibat sənədləri, ikili kadr əməliyyatları daim fikirlərimi məşğul edir, dincliyimi əlimdən alıbdır. Son günlər işlə əlaqədar müraciət edənlərin şirnikləndirici təklifləri elə bil bir əldən idarə olunur. Neyləməli dözüm, görək bu işlərin axırı hara gedir. Axı mənə bir dəfə deyildi ki, dözüm, dözə bilsəm, yaxşı məvacib olacaq, hətta növbəti ili icraçı direktorluğa irəli çəkiləcəyəm. Əslində mənə vəzifə-zad lazım deyil, onsuz da bir tikə çörəyin əsiriyik. Yeni təyinatımla bağlı haqqımda deyilənlər bəlkə kimlərdəsə qıcıq yaradır? Amma sözün düzü, gecələr də rahat yata bilmirəm. Bəlkə bütün bunlar barədə özüm patrona danışım... Əgər bu nəfsdən narahatlıqdırsa, tamahımın oyanışına işarə deyilmi?” - öz hərəkətini köməksizcəsinə yozmağa cəhd edirdi.

Bir yerdə qərar tuta bilmədi, hazır məhsul anbarının arxasından fırlanıb dəmir yol xəttini keçdi. Elektrovoz sürücüsü boş vaqonu yükləmək üçün talvarın altına verirdi. Elektrovozçu başı ilə onu salamladı, səhər-səhər, nədənsə, qayğılı görünürdü. Yadına düşdü ki, iki gün əvvəl ona yanaşıb vacib sözü olduğunu söyləmişdi, “lal” ayamalı teplovozçu əməlli-başlı onu çaşdırmışdı, ancaq vaxt tapa bilməmişdi, indi bir işarə-zad etmədi; görünür məqamı deyidi. Həm də adətən hər səhər işi başından aşırdı. “Bu söhbətə də gecikdim, baş tutmadı”- fikri ildırım sürəti ilə beynindən keçdi.
Axır iki ildə müəssisəyə xeyli yatırım edilmişdi: ən müasir texnoloji avadanlıqlar alınmışdı, kommunikasiya xətləri dünya standartlarına uyğunlaşdırılmışdı. Hazır məhsullar dünya bazarlarına çıxırdı, xarici firmaların nümayəndələri əyalətdə fəaliyyət göstərən yerli müəssisəyə baxmağa gəlirdilər və həqiqi mənada onun mövcudluğundan təəccüblərini gizlədə bilmirdilər. Burada da o, istehsalatçı kimi hesab edirdi ki, hələ görüləsi işlər daha çoxdur və məsələnin qoyuluşunda rəhbərlik həmişə onun fikri ilə razılaşırdı.

Nədənsə, yadına bu bazar ali təhsilli köhnə dostu ilə olan qısa söhbət düşdü:
- Hələ işləyirsən orda, heç inanmağım gəlmir, - mənalı-mənalı dostu qımışmışdu.
- Görərsən, inşallah, hələ səni də gətirməyə nail olacam. Doğru sözümdür, gərək çoxdan təklifi qəbul edəydin. Amma eyb etməz, sənədlərin onsuz da məndədir. Mənə bax, orda bizdən artığı işləməyəcək ki?.. Dolanışığın- zadın necədir? Yazı- pozuya, mütaliəyə vaxt tapırsan?

– Badımcana aid girimə nə keçirsə, oxuyuram, çünki qardaş, çörəyim ondan çıxır. Hətta Moskva kimi şəhərdə bizim məhsul tanınır, başqa yerdən gələn badımcandan dərhal seçilir, - sonra nəsə xatırlayaraq səsini bir az da yavaşıtdı:

- Qoy söz bizdən çıxmasın, o gün qız üçün bir paltar dolabı almışdım, sizinkilər onu istehsal edəndə, suvenir kimi nəzərdə tuturlar, yoxsa paltar yığmaq üçün, təsəvvür elə ki, üç-dörd asılqandan artıq sığışmır, bu nə deməkdir? O ki qaldı əsas məsələyə, onunçün hələ yaşamağa və hər cür əziyyətə dəyər.

Tələsirəm, biçin vaxtıdır, mənim dolanışığım torpaqdan çıxır, yoxsa səninlə çay içib, söhbətləşərdik. Deyir, yuxarıda duranda baxmaq asan, görmək çətin olur. Xətrinə dəyməsin, qoy deyim: işləyə bilməyəcəksən orda, niyəsini soruşma, mən qaçdım... – dedi və yüyürüb maşına mindi.

Özünə söz verdi ki, bu gün işdən sonra mütləq gedib onu tapıb, əməlli-başlı dərdləşsin...

* * *

Qəbul otağına girdi: bura Hacı üçün ayrılmışdı, amma indi o da Türkiyədə canının hayındaydı. On il məzuniyyətsiz işləmişdi, ancaq qəfil xəstəlik bu uzunömürlüyü dayandırmışdı. Baş direktor fürsətdən yararlanıb Hacının otağını yenidən təmir etdirmişdi.

Stolun üstünə atılmış idarəetmə və istehsalat jurnallarında imzaları nəzərdən keçirə-keçirə daxili telofonla birinci mühafizə postuna zəng etdi, işə qəbul üçün gələnin buraxılmasını istədi. Nəzərləri yenə - atrıq neçənci dəfə - konstruktor- dizayn şöbə rəisinin soyadında dayandı: hər səhər işə bir saat gecikirdi, səbəbini öyrənmək üçün yaxında aralarında kiçik söhbət də olmuşdu. Özünə çox arxayın olan baş dizayner birbaşa hücuma keçmişdi:

- Böyük mənim məsələmi bilir... Amma sizə məsləhətim var: yaxşı olar ki, telefonunuzu dəyişəsiniz, bahalısını alın, imkanları hərtərəfli olanı. Böyüklərə işləmək üçün operativlik önəmli bir şeydir. İşverən olmasan çətin olacaq... Canıyananlığın bir şey olmadığının nəticəsini yaxın zamanlarda görəcəksiniz.

Bu şöbə rəisi elə birinci gündən xoşuna gəlməmişdi: murdar əski təsiri bağışlayırdı. Gəldiyi ili o, istehsalat rəisi işləyirdi, amma xadimə ilə bir yerdə “iş başında” tutulmuşdu, xadimə gözəl-göyçək, ayaqdan da sürüşkən idi. Amma o vaxtı nədənsə patron onun müdafiəsinə qalxdı, hətta baş karaçı dözə bilməyib xatırlatma etməyə də cürət tapmışdı:

- Patron, deyirdin burda işləyən qadınlar mənim qızlarım və bacılarımdır, bəs elədə nə oldu?

Di gəl baş karaçı da, göyçək xadimə də dərhal işdən uzaqlaşdırıldı.

Qəbula gələn qapıda göründü, ancaq çəkindiyi aşkar hiss olunurdu.

- Salam, müəllim... - dedi.

- Salam, xoş gəlmisən, buyur əyləş, - oturmaq üçün üzbəüz kreslonu göstərdi.

Qəbula gələn əyləşdi, amma çaşqın nəzərlərini mühafizə postundan çəkmirdi.

- Sənədlərini ver görüm... - Hər şey yerli- yerində idi. Fikirləşdi ki, qəbula gələni vakant yerlərindən birinə yönəltsin, çünki mövsümlə əlaqədar işlər qızışdığından boş işçi yerləri təcili doldurulmalıdır ki, sonra başqa qayğılar ortaya çıxmasın.
Mobil telefonu zəng çaldı, konstruktor-dizayn şöbəsinin rəisi onu baş direktorun otağına çağırırdı: “Şəxsən özü sizi istəyir!” Bundan nə əcəb, bu iki il ərzində bircə dəfə ona zəng vurmamışdı. Görünür şöbə rəisinin qəfil- xəta zəngi yaxşılığa deyildi.
Qəbula gələnə mühafizə postunda gözləməyi tapşırdı.

İcraçı direktor da baş direktorun otağında idi. Baş direktor dərman atırdı, şəkərdən əziyyət çəkdiyini bilirdi. Hətta bir dəfə səbəbini də ona danışmışdı, tanış deputatlığa namizədin zibilinə düşüb, bir günlük içəri atıldığını dilə gətirmişdi. Ancaq indi onun rəngi-ruhu, baxşları yaxşı heç nə vəd etmirdi. “Mən onu tanıyıram, siz də inşallah, tanıyarsınız!”- ilk tanışlıq iclasında dediyi sözlər yadına düşəndə dodaqları qaçdı. Bəlkə səni də tanıtdıracam, demək istəyirmiş. Amma özünə qalanda uşaqlıqları bir yerdə keçsə də, onu tanıya bilməmişdi. “Var adama oyun öyrədər”, yenə yadına Hacının tez-tez səsləndirdiyi misal düşdü. Məsləhət dəryasıydı Hacı, di gəl haranı qurtarmışdı, adicə bədən tərbiyəsi texnikumunu. Nə olsun, o boyda sovet hökumətini texnikum diplomlu siyasi büro idarə etmirdi, bə nə? Zəmanədən baş çıxartmaq başqa şeydi. Elm, savad onun yanında nədir ki... Bəs ona görə sənin patronun yekun sözü Hacıya verirdi, elə-belə deyildi ki... İcraçı direktor onun sehrli çubuğuna bənddi, görmürsən o gedəndən sonra girinc giriftardır... Arvadının müxtəlif vaxtlarda səsləndirdiyi kəlmələr avtomat silahdan atılan kimi hədəfə dəyirdi.

Amma Baş direktor özünü o yerə qoymurdu: üzü elə dönmüşdü ki, sanki onu ilk dəfə görürdü. Üzbəüz əyləşməyə yer göstərdi.

- Buyur, əyləş, amma məcburam səninlə birbaşa söhbətə keçəm, səbəbkarı da sən özünsən. Bəri başdan deyim ki, səni sevindirməyəcəyəm.

- Buranın sahibi ixtiyarısan, kimi gətirmək, kimi götürmək öz işindir,- qımışaraq dedi.
- Mən sənin xətrini bir işçi kimi hər zaman istəmişəm, işçi kimi indi də heç bir narazılığım yoxdur, amma bura özəl kollektivdir, hamı müəyyən sərhəddi gözləməlidir. Qısası, səndən narazılığım vardır. Mənin verdiyim məvacibdən də, ikili əmək haqqı və ikili kadr əməliyyatlarından zaman-zaman narazılıqların olub, qulağıma gəlib çatıb, dana bilməzsən. Əgər etirazın varsa, diktafona qulaq asa bilərsən.

- Ehtiyac yoxdur, mən birinci gün hara işləməyə gəldiyimi bilirdim. Ədalətsiz əmək haqqı bölgüsündən, onun ziyanlı tərəfindən sənin özünə dəfələrlə məlumat vermişəm. Sən belə şeyləri sevmirsən. “Bəy dediyin nədir, bəyənmədiyin nə?” –sevimli məsəlindir.

- Sən elə bilə-bilə yerini pis etmisən də... Son şansındır, buyur, ürəyindəkiləri boşalt, bilirəm doludur...

- Mən həyatımı, vəzifəmi, durumumu, əgər bilmək istəyirsənsə, hər zaman əqidəmə qurban vermişəm və indi də verib gedə bilərəm. Səndə bu qədər tamah hardandır, mən səni belə tanımamışam, danmasan deyərsən, bizim uşaqlığımız birlikdə keçib, tək bir rayon mərkəzində on yaşayış mənzilin var. Narahat olma, mən dediklərim faktları yaxın ətrafın da bilir, amma bir tikə çörək onları lal-kar edib. Hələ kənddə əlli hektar torpağını, fermanı, şəhərdəki mülklərini demirəm. Allaha şükür, maşın da, respublikada on ən bahalı maşın varsa, biri də sənin altındadır, day nə olmaq istəyirsən? Mən sadəcə bir istehsalatçı deyiləm, sənin başını əməlli başlı ağrıda bilərəm, amma dost-düşmən var, həm də burda məcburən sənə boyun əyənlərin çörəyinə bais olmuram. Əlimdəkini ala bilərsən, alnımdakını yox! Vəzifəni sən verirsən, əslində mən onu qazanmışam, yoxsa özününkülərdən o qədər opilka beyinlər var ki, onlara verərdin. Amma bilirdin, iş bacaran deyillər, mənimsə qabımda olandan xəbərin vardı, ona görə itirməyə qalsa, Allah bilir, daha çox kim itirir. Sizlər insanları çörəklə imtahan edirsiniz, bu xislətinizdən irəli gəlir.

Vergidən yayınırsan, su pulunu vermirsən, işıq pulunu faizlə verirsən; gecələr fabrikda çox olursan, bu qədər artıq işıqlanmanın fərqində varmısanmı? Axı o dövlətdir!
Öz sözlərindir, qoy yadına salım, müşavirələrin birində türk milyonerindən misal çəkmişdin: bu otaqdan o biri otağa keçəndə yüz vatlıq lampanı söndürür. Niyə, deyə bizdən soruşmuşdun? Özün də cavab vermişdin: qoy dövlətim varlı olsun! Amma həyatda hər şeyi tam əksinə edirdin. İnsanlar hansı şəraitdə işləyirlər - gözəl bilirsən, amma onu da yaxşı bilirsən ki, o yazıqların aldığı qan pulu xeyir işlərə yox, canlarına xərclənir. Mən demişəm, danmıram, sənin çörəyin xeyir işə xərclənmir!. Axırıncı işçi heç bilirsən hansı vəziyyətdə dünyasını dəyişib? İşdən evə gəlib, üzünü qırxdığı anda ürəyi dayanıb, üzqırxan əlində qaxaca dönüb. Dəfələrlə sənə bu işçilərin hansı şəraitdə işləmələri barədə məlumat versəm də, cavabın amansız olub: bu qədər əmlakın qabağında beş-on işçi ölümü bekara şeydir, işinlə məşğul ol! Həmişə deyirdin qudurarlar, qoy pul onlardan çıxsın, qalmasın, niyə? Sən bəlkə də bu qədər varidatı axıra qədər yedin, bəs öz balalarını düşünmürsən? Hə, balalar demişkən, nə öz oğlanların, nə bacın uşaqları orduda xidmət etmədilər, nədir vətən sizin üçün deyil?! Mənə verdiyin bir aylıq əmək haqqını böyük oğlun bir dəfəyə Makdonaldsda qoyur. Çünki sən özün də qızın yaşında qıza bahalı maşın, ev bağışlayırsansa, bunu boş yerə etmirsən, bəs necə olmalıdır?!

Bütün sənədlərdə imza sənin deyil, bu bədbəxt hamısını, əli ilə icraçı direktoru göstərdi, imzalayır. Əslində sənin imzanı oxşadır, saxtakarlıq burdan başlayır.

Əlbəttə sən düz düşünürsən ki, mən heç vaxt bunun etdiklərini etmərəm, bunu sənə çatdırıblar.

Yaxın ğtrafın elə düşünürdü ki, mən gündə üç-dörd dəfə sənə telefon açıb iş verirəm, ancaq bu belə deyildi, axtarsan, sənin nömrən mənim nəyimə lazımdır, heç maraqlanmıram da. Hər sahədə işverənlər, aşağıdan yuxarı oturublar.

Hələ istehsalat rəisi işləyəndə onların xidmətindən imtina etdim, düz altmış nəfəri azad etdim. Elə bilirsən bu mənə asan idi, özümə düşmən qazanırdım, sənəsə sərf edirdi.

Keçmiş istehsalat rəisi xadimə ilə hansı oyunlardan çıxdı. Sənin sözlərindi: burda işləyən qadınlar bacılarımdır, qızlar qızlarımdır, kim nə bədxah iş tutsa, mənə etmiş olur. Nədən onun əməlini ört-basdır etdin, çünki ən böyük işverəndi. Belə çıxır, nə istəyirsən et, ancaq sənin ambisiyandan çıxış etsən, sığortalanırsan. Beləmi istehsalat qururlar? Bu cür istehsalat tezliklə məhvə məhkumdur.

- Sənin işin deyil, köhnə palaz içi sökmə. Əslində sən son hərəkətlərinlə özünü daha çox burdan uzaqlaşdırırsan, - baş direktor səsinin tonunu qaldırsa da, xıxdığı görünürdü. Açıq-aşkar bilinirdi ki, o narahatdır, amma qətiyyən güzəştə getmək fikri yoxdur. “Bir ilana, bir də xana bel bağlama”, - düz deyibdi atalar. Özəl müəssisənin sahibləri də indi xan kimi bir şeydir.

- Artıq gedə bilərsən, açarları verərsən qıza, sevimli fincanını götürməyi yaddan çıxartma...

- Heç lovğalanma, sən rəzilsən, ona görə təkəbbürlüsən, - dedi və qapıdan çıxdı.
İcraçı direktor əlüstü mizin üstündəki əzik vərəqi qamarladı. Bayaqdan cınqırını çıxartmadan danışıqlara qulaq kəsilsə də, dili açıldı:

- Ərizəsinə baxın, patron, indi yazılan deyil, çoxdankıdır, görürsünüz qat kəsib,- ona tərəf əyildi.

- Əmrin surətini rəngli printerdən çıxarıb asın! – icraçı direktora son göstərişini verdi və əli işarə etdi ki, onu tək buraxsın.

* * *

Yoldaşı selofan torbada iri fincanı görən kimi işin nə yerdə olduğunu anladı. Bundan əvvəlki iş yerindən çıxanda da “bəd xəbər”i fincan gətirmişdi. Üzüqara fincan onunla iş yerlərini gəzməyə elə bil öyrəncəli olmuşdu. Ona görə arvadı kirimişcə gəlib dəmir çarpayının ayağında yanını basdı: açıq-aşkar qəhərləndiyi bilinirdi:

- Kişi, biz nə edərik bundan sonra? – deyə soruşdu.

- Ölmərik,- dedi. Başlıcası onu rahat etmək lazım idi.- İndi isə istəyirəm, bir az rahatlanım. - Kiçik otağın qapısını astaca örtəndə arxasınca: - Bu gün buğda əkilmiş yerimizə baxmışam, ilbiz hamısını yeyib, biçməyə bir çey qalmayıb, - dedi.

- Builki zəhmətimiz də belə getdi... Ay kişi, sən canın çox fikir eləmə, Allah xasiyyətdi verib, səndə nə günah... İndisə düz edirsən, baxtın yatdısa, sən də yat.

Mobil telefonunu heç vaxt söndürmürdü, həmişə başının yanına qoyurdu, amma son iki ildə birinci dəfə söndürüb dəmir çarpayının altına atmamışdan əvvəl nəzər saldı: qısa mesaj gəlmişdi: “ Mən xəstəliklə oyunda geçikdim, sən çalış patronla oyunda gecikmə! Allah sənə yar olsun! Hacı”.
XS
SM
MD
LG