Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:54

Naxçıvanda elm adamları nədən küçə süpürür?


Naxçıvanda iməcilik, 2007
Naxçıvanda iməcilik, 2007

Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışanların istirahət hüququnun pozulmasından şikayətləri var.


AzadlıqRadiosuna iş yerlərinin göstərilməsini istəməyən şəxslərin bildirməsinə görə, istirahət hüquqlarının pozulmasına səbəb hər həftənin şənbə və bazar günləri iməcilik adı altında ödənişsiz məcburi əməyə cəlb olunmalarıdır.

«40 DƏRƏCƏ İSTİNİN ALTINDA AXŞAMA KİMİ İŞLƏDİRLƏR»

Onlardan Qasım Hüseynov deyir ki, Naxçıvanda iməcilik məcburidir və bundan boyun qaçıranları ya işdən çıxarırlar, ya da ki, başqa cür cəzalandırırlar:

«Şənbə və bazar günləri istirahət edə bilmirik. Bizi aparıb səhərdən axşama qədər kənar işlərdə işlədirlər, adını da qoyurlar iməcilik. Hər idarənin də öz sahəsi var. Kimi yolların qırağını süpürür, kiminə tikan yoldururlar, alaq elətdirirlər. Mən çalışdığım idarənin işçilərini isə hər həftə çuğundur sahələrinə aparırlar. 40 dərəcə istinin altında axşama kimi işlədirlər. Həmin çuğundur sahələri bir qrup məmurundur. Artıq bezmişik. Sovet dövründə də iməcilik var idi. Ancaq ildə bir dəfə. Hər həftə də iməcilik olar?».

Bu şikayətlərə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyi ilə əlaqə saxladıq. Nümayəndəliyin rəhbəri Həsən Hacıyev deyilənləri təkzib etdi.

Naxçıvanda fəaliyyət göstərən hüququ müdafiəçisi Elman Abbasov isə muxtar respublikada dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə işləyənlərin iməciliklərə cəlb olunmasını adi bir prosesə çevrildiyini
Naxçıvanda iməcilik, 2007
deyir:

«AKADEMİKİN YOL KƏNARINI SÜPÜRMƏSİ...»

«Naxçıvanda bir neçə ildir ki, şənbə və bazar günləri, hətta iş günləri bu cür iməciliklər keçirilir. Hətta akademiklər, müəllimlər, həkimlər də cəlb olunur bu iməciliklərə. Bəzən olub ki, xəstəxanalara ağır xəstələr gətirilib, həkimlər iməcilikdə olduğundan saatlarla həmin xəstələrə yardım göstərən tapılmayıb. Akademikin, müəllimin, həkimin yol kənarını süpürməsi, yol qırağındakı ağacların dibini açması nə məntiqə, nə də qanuna sığır. Bu, insanların istirahət hüquqlarının pozulmasıdır. Artıq insanlar iməciliklərə o dərəcədə alışıblar sanki, bu, onların vəzifəsidir».

«BU HAL NAXÇIVANDA DA, DİGƏR BÖLGƏLƏRDƏ DƏ VAR»

Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov da deyir ki, insanların əmək funksiyasına aid olmayan işlərə cəlb olunması qanunla qadağandır:

«Bu hal Naxçıvanda da, digər bölgələrdə də var. İcra hakimiyyəti başçılarının göstərişi ilə büdcədən maliyyələşən təşkilatların işçilərini iməcilik adı altında əmək fəaliyyətlərinə aid olmayan işlərə cəlb edirlər. İməciliyə getməyənlər isə sonradan təqib olunurlar. Bu, qanunla qadağan olunmuş məcburi əmək sayılır. Bu qanun pozuntusuna görə Azərbaycan qanunvericiliyində cinayət məsuliyyəti də nəzərdə tutulur. Əslində qanun yol verir ki, həmin işçilər iməcilikdən imtina etsinlər. Buna görə onlar heç bir məsuliyyət daşımır. Vətəndaşlar bu pozuntu ilə bağlı məhkəməyə də müraciət edə bilərlər».

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA NÖVBƏTI GÜNLƏRDƏ

Neftçala: Subadasında insanlar necə yaşayır?

Gəncə: Sahibkarlar hansı seçim qarşısında qalıblar?

Astara: İrana gəlin gedən Leylanın 7 aylıq evliliyi necə keçdi?
XS
SM
MD
LG