Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:22

Şirməmməd Hüseynov: «Müsavat düşmənçiliyi hələ tamam silinməyib»


Şirməmməd Hüseynov
Şirməmməd Hüseynov
Bu ilin oktyabrında Müsavat Partiyasının 100 yaşı tamam olur. Mətbuat tariximizin tanınmış araşdırıcısı Şirməmməd Hüseynovun «Azərbaycan istiqlalının bayraqdarı» kitabı bu yubileyə hədiyyə sayıla bilər. AzadlıqRadiosunun «İz» proqramının budəfəki qonağı Şirməmməd Hüseynovdur.

--Şirməmməd müəllim, adətən bu aylarda Siz Şəkidəki evinizdə dincəlirsiniz. Bu qızmar Bakıda qalmağa Sizi nə vadar etdi?

--İki kitab hazırlayıram. Oktyabr ayında Müsavat Partiyasının yaradılmasının 100 ili tamam olur. Bu, böyük hadisədir. Düşünürəm ki. Azərbaycana müstəqil dövlət həyatını yaşatmış, «Azərbaycan» şüarını ilk dəfə ortaya atmış və bu yolda çox böyük fədakarlıq göstərmiş müsavatçıların yubileyini qeyd etməmək insafsızlıqdır. Bax, bu kitabı hazırladığım üçün buradayam. Kitab bu günlərdə çapdan çıxıb. Sizə də təqdim eləmişəm...

MÜSAVATÇILARA İKİ TÖHFƏM OLACAQ

--Sağ olun, Şirməmməd müəllim. Çox sevindim.

--İkincisi, Müsavat Partiyasının lideri, ideoloqu, onun bütün ağırlığını, əziyyətlini və fərəhini ürəyində, çiynində daşımış Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin üçüncü cildini hazırlayıram. Bura onun 1915-16-cı illərdə yazdığı 200-dək məqaləsi daxildir. İstiqlal fikri, azərbaycançılıq fikri, məfkurəsi məhz bu illərdə Məhəmməd Əmin bəyin əsərlərində, ruhunda, yazılarında hiss edilməkdədir. Rəsulzadə «Açıq söz» qəzetində yazırdı ki, bu dünya müharibəsi ki var—indi qan tökülür—dünyanın siyasi xəritəsini dəyişəcək. Dünya millətləri, xüsusilə ayıq, oyanmış millətlər öz müstəqilliyini istəyəcəklər. Ona görə --deyir--biz də bu fütuhata, bu haqq-hesaba hazırlaşmalıyıq. Təsəvvür edirsinizmi? Ona görə də, mən istəyirəm ki, oktyabra—Müsavatın 100 illiyinə qədər Rəsulzadənin əsərlərinin üçüncü cildini –500-600 səhifəlik kitab olacaq—hazırlayıb təqdim edim. Mənim müsavatçılara—o nəslə--yəni bizə müstəqillik vermiş, bayraq əmanət etmiş, milli dövlətçilik ruhu aşılamış şəxslərə bir töhfəm olsun.

MÜSAVAT DÜŞMƏNÇİLİYİ SİLİNMƏYİB

Oktyabrda həm də yeni müstəqilliyimizin 20 ili tamam olur. İstəyirəm ki, bir vətəndaş kimi, həmin tarixin tədqiqatçısı kimi bu əsərləri ortaya qoyum. Bu ona görə vacibdir ki, müsavatçılıq haqqında, Məhəmməd Əmin bəy haqqında olan sovet dövrü düşüncələri hələ də aradan qalxmayıb. Müsavat düşmənçiliyi hələ tamam silinməyib. Odur ki, bu tarixi, bu hadisələrin şahidi olan adamların yazdıqlarını ortaya qoymaq lazımdır ki, oxucu müsavatçıların kim olduğunu bilsin. Ona görə mən buradayam...

--Nə yaxşı ki, buradasınız...Var olun! Amma yəqin arada vaxt tapıb Şəkiyə də gedəcəksiniz. Çünki bu da vacibdir...

«Azərbaycan istiqlalının bayraqdarı» kitabı
--Gedəcəyəm, mütləq gedəcəyəm Şəkiyə...

KİTABDA NƏLƏR TOPLANIB?

--Şirməmməd müəllim, «Azərbaycan istiqlalının bayraqdarı» kitabının çıxması xəbəri hər tərəfə yayıldı. Amma daha geniş bilgi almaq bizim haqqımızdır. «Kitabda nələr var» sualını cavablayın, qoy bilməyənlər də bilsin.

--Bilirsiniz ki, Cümhuriyyət-Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Bu dövrə Müsavat dövrü deyirlər. Bu 23 ayda bir dəfə--1919-cu ilin 28 mayında yeni yaradılan dövlətin bir illiyini bayram etdilər. Bu münasibətlə «Azərbaycan» qəzetinin 28 mayda bayram nömrəsi altı səhifə çıxıb. Mən bu nömrəni Cümhuriyyətin 90 illiyində ərəb əlifbasından latın qrafikinə çevirib çap etdirdim—qəzet kimi buraxdıq. Həmin nömrəni kitaba daxil etdim. İkincisi, 1919-cu ildə dekabrın 2-si ilə 10-u arası Bakıda Müsavatın 2-ci qurultayı keçirilib. Bu da, Cümhuriyyət dövründə keçirilən yeganə qurultay olub. O qurultayın materialları --iclasın gedişi, çıxışlar, məruzələr Üzeyir Hacıbəylinin redaktoru olduğu «Azərbaycan» qəzetində çap olunub. Mən o qəzetlərin nömrələrini arxivdən götürdüm, yazıları ərəb əlifbasından latın qrafikinə köçürdüm. Həm də rus dilində çıxan «Azərbaycan» qəzetindəki qurultay materiallarını toplayıb bu kitabda çap etdirdim. Bunlar çox tarixi sənədlərdir. Bunları oxumadan, öyrənmədən, təhlil etmədən Cümhuriyyət tarixini, Müsavat tarixini yazmaq mümkün deyil. Təəssüf ki, o tarixi yazanlardan böyük bir qismi nə ərəb əlifbasında olan qəzeti oxuya bilir, nə də materiallardan xəbəri var... Müsavatın 2-ci qurultayının son iclasında Bakıdan və Azərbaycanın qəzalarından gəlmiş 170 nəfər iştirak edib. Məhəmməd Əmin Rəsulzadə mühazirə oxuyub—«Azərbaycan təşəkkülündə Müsavat»—bu mühazirə 1920-ci ilin yanvarında, yəni qurultaydan sonra ayrıca kitabça şəklində buraxılıb. Bu, XIX əsrdən—Axundovdan başlamış 1919-cu ilin dekabrınadək Azərbaycanda cərəyan edən hadisələri elmi cəhətdən, tarixi cəhətdən təhlil edən bir əsərdir. Kim Cümhuriyyət tarixini, Müsavat tarixini bilmək istəyirsə, bu əsəri oxusun. Mən ona görə də, bu mühazirəni kitaba daxil etdim. Bu oldu ikinci. Üçüncüsü, bilirsiniz ki, Cümhuriyyətin süqutundan sonra—yəni XI Ordu Azərbaycanı işğal etdikdən sonra müsavatçıların bir qismi mühacirətə getdi. Digər bir qismini 1937-38-ci ilə qədər məhv etdilər—özlərini də. ailələrini də. Mənim üçün maraqlı idi ki, Türkiyədə və xaricdə yaşayan, o ideyanı ölməyə qoymayan, o bayrağı qəlbində gəzdirən adamlar Müsavat haqqında nə yazıblar?

XARİCDƏ MÜSAVAT BARƏDƏ NƏ YAZIBLAR?

1975-ci ildə İstanbulda istiqlal mücahidlərindən olan Hüseyn Baykara «Azərbaycan istiqlal mücadiləsi tarixi» adlı əsər yazıb və o kitabda Müsavata xüsusi fəsil həsr edib. Həmin fəsli də kitaba daxil etdim. Bəs müasir dövrümüzdə Müsavat barədə nə yazırlar? Bunun üçün də 2005-ci ildə çıxmış «Azərbaycan Xalq Cümhuriyyəti» adlı ensiklopediyadan Müsavatla bağlı ayrıca məqaləni də kitaba saldım. Bax, kitab bunlardan ibarətdir. Maraqlıdır ki, Məhəmməd Əmin Rəsulzadə-- Cümhuriyyətin və Müsavatın ideoloqu, təşkilatçısı, rəhbəri olub, həm də onun tarixini obyektiv və düzgün yazan bir tarixçi olub.

ZİYA BÜNYADOV NƏ YAZIRDI?

1993-cü ildə akademik Ziya Bünyadov «Qırmızı terror» adlı kitabında görün nə yazırdı: «Azərbaycan mərdləri ilə kommunist-bolşevik kələkbazlarının, gizli qəsbkarlıq siyasəti yürüdənlərin fikri, amalı başqa-başqa olub. Müsavatçı ziyalılar meydana mərdanə girmişdilər, mədəni səviyyələri, siyasi əqidələri, dünyagörüşləri, imanları, məsləkləri uca idi, saf idi, insanlıq naminə idi. «Ayır-buyur» siyasəti ilə, «necə olursa-olsun» hökmü ilə, aldatmaqla, yalanla, böhtanla, sıxma-boğma ilə, hədə-qorxu gəlməklə, qan-qada ilə Azərbaycanı ayaqlayanlar isə buqələmun kimi min dona girirdilər və indi də donlarını tez-tez dəyişirlər». Bunu akademik Ziya Bünyadov yazıb. Bu materiallarla tanış olduğu üçün yazıb. Amma həmin materiallar çap olunmayıb.
Azərbaycan parlamentinin üzvləri - 1918
Bu, nəticədir.

OXUCU HARADAN ÖYRƏNSİN?

Bəs oxucu bunları haradan öyrənsin? Qoy Üzeyirbəydən öyrənsin. Məhəmməd Əmindən öyrənsin. Hüseyn Baykaradan öyrənsin. Görsün ki, bizim Cümhuriyyət ensiklopediyasında Müsavat haqqında nə yazıblar? Sözlə yox, tarixi faktlarla, ədəbiyyatla, elmi araşdırmalarla cavanlara, müasir oxucuya bu tarixi öyrətmək, anlatmaq vacibdir. Təsəvvür edin ki, 2-ci qurultayda Nəsib bəy Yusifbəyli çıxış edir. Müsavatın əsas təşkilatçılarından biri. Görün, qurultaydakı çıxışını nə ilə başlayır: «Azərbaycan amalı yalnız Müsavatındır demək yanlışdır. Bu? ümumi bir amal, arzu idi. Ancaq onu ilk dəfə Müsavat üzə çıxardı. Kül örtülü bir od idi. Müsavat üfürüb alovlandırdı. Şimdi bu odu yandırdıq. Fəqət buna güvənərək rahət oturmamalıdır. Bu hürriyyət və istiqlalı şimdi təhkim etmək lazımdır. Biliyorsunuz ki, bu saət yenə Azərbaycan amalı təhlükə altındadır. Bu təhlükə məlumunuzdur ki, ən artıq şimaldandır». Bunları bilmək bizə vacibdir, ya yox?

--Əlbəttə, vacibdir!

ARXİVDƏ QƏZETLƏR ÇÜRÜYÜR

--Ona görə də, bir də təkrar edirəm, mənim fikrim o olub ki, bu tarixi, bu ədəbiyyatı indiki nəslə çatdırım. Vaxt keçdikcə, arxivlərdə bu qəzetlər çürüyür. Təsəvvür edirsinizmi, «Azərbaycan» qəzeti 1918-ci ildir. Az qala 100 ildir. Kağız qalmır. Onların elektron variantını hazırlamaq lazımdır, üzünü çıxarmaq, qorumaq lazımdır. Oxumaq lazımdır. Arxivdə işlədiyimdən, görürəm ki, kağızlar elə bil əriyir. Əl dəyəndə, qorxursan ki, dağılacaq. Odur ki, onları üzə çıxarmaq lazımdır. Müasir gənclik öz əcdadları—onlara dövlət yaratmış, onların bayrağı altına girmiş adamları gərək tanısın və onların qədrini bilsin. İndi Azərbaycan bayrağı altına hamımız girmişik, o himni hamımız oxuyuruq. Amma onları yaradanları tanımaq, bilmək, yad etmək lazımdır. Biz onların nəvə-nəticələriyik. İstiqlal qazanmaq böyük işdir. Amma onu qorumaq, bir daha yüksələn bayrağı bir daha enməyə qoymamaq hər nəslin borcudur. Mənə elə gəlir ki, azərbaycanlılar harada yaşayırsa-yaşasın—bu milləti, bu dövləti, milli ruhu—onlardan əxz etməli və saxlamalıdır. Mənim qayəm budur!
XS
SM
MD
LG