Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:53

Məhbus gənclərlə bağlı internet aksiya keçiriləcək


Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin toplantısı
Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin toplantısı
Həbsdə olan gənclərlə bağlı İnternet aksiyaya start verilib. Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi belə bir aksiya keçirir. Hər həftənin 4-cü günü «Twitter» sosial şəbəkəsində həbsdə olan gənclərdən biri haqda məlumatlar, bloq yazıları yayılır, məqsəd bu məlumatları həm də beynəlxalq təşkilatlara yetişdirməkdir.

Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi «12 avqust Beynəlxalq Gənclər Gününü həbsdə qarşılayan gənc siyasi məhbuslar» mövzusunda avqustun 11-də keçirdikləri dəyirmi masada bu barədə danışıblar. Tədbirdə gənclər hazırda həbsdə olan yaşıdlarının hüquqlarının müdafiəsi sahəsində indiyə kimi görülən işləri müzakirə ediblər və görüləcək işlərdən danışıblar.

«GƏNCLƏRİN HƏBSİNİ DAHA ÇOX İCTİMAİLƏŞDİRMƏLİYİK»

AXCP Gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı bildirib ki, onlar hazırda həbsdə olan gənclərlə bağlı ittihamların saxta olmasına dair müxtəlif qurumlara – Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyi yanında İctimai Komitəyə, Daxili İşlər Nazirliyinə, Siyasi Məhbuslarla bağlı Monitorinq Qrupuna müraciətlər etsələr də, bir nəticə əldə edə bilməyiblər. Əbülfəz Qurbanlıya görə, müdafiə komitəsinin əsas fəaliyyəti gənclərin həbsini, bu həbslərin siyasi motivli olduğunu daha da ictimailəşdirməyə yönəlməlidir:

«Çalışmalıyıq ki, gənclərin həbsini daha çox ictimailəşdirək, siyasi motivli olduğunu hər kəsə çatdıraq. Bizim çatışmayan cəhətimiz operativ ola bilməməyimizdir, ardıcıl müzakirələr, aksiyalar keçirə bilmirik».

«TƏKCƏ «FACEBOOK»LA MƏHDUDLAŞMAZ OLMAZ»

Anar Məmmədli
«Təkcə «Facebook» sosial şəbəkəsində xəbərləri paylaşmaqla məhdudlaşmaq olmaz». Bu isə tədbirdə iştirak edən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin fikridir. O deyir ki, müdafiə komitəsi həbsdə olan gənclərlə bağlı məlumatları daha çox beynəlxalq təşkilatlara ötürməkdə maraqlı olmalıdır, çalışmalıdır ki, BMT-nin və Avropa Şurasının Azərbaycandakı nümayəndələri gənclərin məhkəmələri ilə bağlı monitorinqlər aparsın. Anar Məmmədli gənc məhbuslara məktub yazmağı, onlarla bağlı bukletlər yaymağı da təklif edir:

«Gənclərin həbsdə olduğuna dair kampaniya aparmaq olar. Kiçik vərəqələr, bukletlər yaymaq olar ki, məsələn, səhərdən axşama kimi zallarda olan idmançı gənclər də bilsinlər ki, onların yaşıdları siyasi fikirlərinə görə həbsdədirlər. İçəridə olan uşaqlara məktublar yazılsın. Elə olsun ki, hər gün onlar ən azı bir məktub oxuya bilsinlər. Görsünlər ki, onlarla maraqlananlar var».

HƏBSDƏ OLAN GƏNCLƏRLƏ BAĞLI VEB SAYT YARADILIR

Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin müzakirələrindən o da bəlli oldu ki, yaxın günlərdə həbsdə olan gənclərlə bağlı bütün məlumatları özündə əks etdirən veb sayt fəaliyyətə başlayacaq. Bundan başqa məhbus gənclərə dəstək tədbirlərini həyata keçirmək üçün ianələr – maddi vəsait toplanacaq. Bununla bağlı komitənin tərkibində gənc yazar Seymur Baycanın təşəbbüsü ilə maliyyə qrupu da yaradılıb.

Müdafiə Komitəsindən olan gənclər bundan sonra da toplaşıb müzakirələr aparacaqlarını bildirdilər.

Hazırda 10-a yaxın gənc, o cümlədən gənc fəal Bəxtiyar Hacıyev, AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı, Müsavat partiyası Gənclər Təşkilatından Tural Abbaslı, Rüfət Hacıbəyli, Əhəd Məmmədli və bir neçə digər gənc müxtəlif ittihamlarla həbsdədirlər. Müdafiə tərəfi bu ittihamları böhtan və siyasi sifariş hesab edir.
XS
SM
MD
LG