Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:18

Aşıq Alı. Gəraylılar



OLDU

Yar yanında günahkaram,
Doğru sözüm yalan oldu.
Yeriş etdi qəm ləşkəri,
Könlüm şəhri talan oldu.

Bax bu qaşa, bax bu gözə,
Yandı bağrım döndü közə,
Keçən sözü çəkmə üzə,
Keçən keçdi, olan oldu.

Aşıq Alı sənə qurban,
Gəl eyləmə bağrımı qan,
Əldən uçdu tülək tərlan,
Sar da kəklik alan oldu.


QOYNUNDA-QOYNUNDA

Ellər köçər, məskən salar
Dağlar qoynunda-qoynunda.
Ana, bala layla deyər,
Çağlar qoynunda-qoynunda.

Yaradanmı qərar qoyub?
Bağrımın başını oyub?
Çoxlarını ağlar qoyub
Dağlar qoynunda-qoynunda.

Alı deyər barlı bağlar;
Yarım görcək yanar, ağlar.
Sinəsini çarpaz dağlar,
Saxlar qoynunda-qoynunda.


UZAQ YOLLARA-YOLLARA

Badi-səba, ərzim budur,
Dəymə tellərə-tellərə.
Seyraqub gözü tutulub,
Düşsün əllərə-əllərə.

Qarşıdakı sarı laçın,
Fələk qoymur qəddim açım.
Gəl səni götürüm, qaçım
Bizim ellərə-ellərə.

Alı deyər bir gül əkdim,
Gülün çox cəfasın çəkdim.
Qürbət eldə gözüm dikdim
Uzaq yollara-yollara.


OLMUR

Bizim elin gözəlinin
Camalından doymaq olmur.
Boy-buxunu can alandı,
Ləbləri tək qaymaq olmur.

Əydi budaq bar əlindən,
Dağ zinhardı qar əlindən,
Eşq badəsin yar əlindən
Alsan, yerə qoymaq olmur.

Bir söz dedim yada, qandı.
Bu məkanda qada-qandı,
Sevmək nədi? - Qadağandı;
El-obaya yaymaq olmur.

Aralıyam sirdaşımdan,
Həbibimdi ilk yaşımdan,
Səxa süzür göz-qaşından,
Qeyrisinə uymaq olmur.

Bir əlif yaz, qoy məddini,
Dağıtsan qəmin səddini,
Alı aşdı dərd həddini,
Sana çəkib saymaq olmur.


DAĞLAR QOYNUNDA-QOYNUNDA

Tənha qaldı nazlı yarım,
Dağlar qoynunda-qoynunda.
Cüt şamama peymanını,
Bağlar qoynunda-qoynunda.

Peşkəş olmaz nar gələnə,
Meyvə qalmaz qar gələnə.
Amanatı yar gələnə
Saxlar qoynunda-qoynunda.

El yox bizim ellər kimi,
Sadiq siyah tellər kimi,
Yarsız sular-sellər kimi,
Çağlar qoynunda-qoynunda.

Alını yarı şad eylər,
Bir kəs birini ad eylər,
Bülbül gülsüz fəryad eylər,
Bağlar qoynunda-qoynunda.


YALVARA-YALVARA

Yad olanda yar peymana,
Qaldım yalvara-yalvara.
Keçən günü xəyalına
Saldım yalvara-yalvara.

Sonaları gölə çəkdim,
Cananımı dilə çəkdim,
Telli sazı zilə çəkdim,
Çaldım yalvara-yalvara.

Bəyaz sinə, şəhla gözü,
Görən kimsə çətin dözü.
Alı deyər bir "hə" sözü
Aldım yalvara-yalvara.


DÜŞÜBDÜ

Nədən belə, nazlı yarım,
Dərd ucalıb, dəm düşübdü.
Nalan oldun nədən belə,
Yanağına nəm düşübdü.

Şəhla gözün fənər edim,
Sönən qəlbin yanar edim,
Gətir candan kənar edim,
Can evinə qəm düşübdü.

Gəl baxma Alı oynuna,
Bir əlim salım boynuna,
Birini də al qoynuna,
Ləb, ləb üstə kəm düşübdü.


TƏBRİZ GÖZƏLİ

Bir mişginab, bir mavəra,
Gördüm Təbriz gözəlini.
Qıya baxdı aldı canım,
Qoydu eşqin təməlini.

Qəmzəsi cismimi yarır,
Gedəndə ruhum aparır,
Duranda qəlbim qoparır,
Baxanda bağrım dəlini.

Xəzan olmaz o tər ləçək,
Boyu bəstə, üzü göyçək.
Görüb cünun oldum gerçək
Dil-dodağı məzəlini.

Şəninə qəsir yaparam,
Nə qüssə, nə qəm taparam.
Fərhad olub dağ çaparam,
Gər ola anam gəlini.

Od qaladı can içində,
Dedi: Alı, yan içində,
Qafil gördüm dan içində,
Deyəmmədim deməlini.


ÖLÜRƏM

Əlac eylə dərdimə, gəl,
Mahi-tabanım, ölürəm.
Sinə sədəf, ləbi əsəl,
Şəkər zabanım ölürəm.

Əhvalımın al xəbərin –
Ahım ümman, dərdim dərin.
Cahanda yox bərabərin,
Bilsin cahanım ölürəm.

Alının çeşmi-çırağı,
Tərk etmir qəlbim fərağı,
Təbiblərdən al sorağı,
Qönçə dahanım, ölürəm.


OLDU

Cəfa çəkdim yar yolunda,
Heyif, eşqim hədər oldu.
Yar firqəti üzdü canım,
Ömrüm ah-vay, kədər oldu.

Cəhd eylədi bir neçələr,
Ömrümə hicran seçələr.
Yol verməyin dar küçələr,
Yar atlanıb gedər oldu.

Cüda düşər, keçər dağlar,
Gülsüz qalar bizim bağlar.
Alı tənha qalar, ağlar,
Dərdim dağlar qədər oldu.


EYLƏSİN

Peymanında qalan yarı,
Xaliq müdam var eyləsin.
Baxt ulduzu şölələnsin,
Haqqı ona yar eyləsin.

Dağ, dağ olmaz, qarsız ola,
Bağ, bağ olmaz, barsız ola.
Bir gözəl ki, arsız ola,
Dövran onu xar eyləsin.

Zənən bəddisə ərinə,
Məzarın qazdır dərinə;
Qoyma Alının sərinə,
Bu dünyanı dar eyləsin.


SƏNƏ

Leylü-nəhar fərağından,
Yetmir naləm bəyəm, sənə?
Ərz etməyə pünhan sözüm
İmkanım yox deyəm sənə.

Elimin tərlan tavarı,
Ömrümün ilkin nubarı,
Qoyma qala intizarı,
Sanma yad kimsəyəm sənə.

Səmanın ayaz sabahı,
Sevən qəlbin yox günahı, -
Olsan Alı səcdəgahı –
Xanəmdə baş əyəm sənə.


OLDU

Dəhrdə cəfa əlindən,
Əlif qəddim kaman oldu.
Əhdə bivəfa əlindən,
Hər gün haray, aman oldu.

Şah başında tac yaşadı,
Rəncbər əkdi, ac yaşadı;
Xoş sözə möhtac yaşadı,
Nə insaf, nə iman oldu.

Alı sözün dedi üzə,
Kül üfürdü dövran gözə.
Fələk sitəm etdi bizə,
Əhvalımız yaman oldu.


DÖVRAN

Eli-elə saldı yadlar,
Matəm oldu elə dövran.
Uydu ağıldan kasadlar,
Düşdü fitnə-felə dövran.

Arif olan, qəmin artdı,
Piran imdaddan kasaddı,
Nə dövrandı, nə həyatdı,
Viran qalsın belə dövran.

Molla, mömün olub ası,
Qur mərəkə, saxla yası.
Cövlan, ötən qəm dəryası,
Qafil düşdü selə dövran.

Güllə atır hər bir naşı,
Oldu qəlbim qəm yoldaşı.
Qopur fəryad addımbaşı,
Dönüb siyah telə dövran.

Alı zəlil, yox hünəri,
Nə fitnədi - var xəbəri.
Qəm-qüssəyə dözmür səri,
Necə etsin elə dövran?!


BİRİSİN

Biri nanu-nəmək tapmaz,
Gəzər qaymaq, bal birisin.
Gah növrəsti növrəst tapar,
Gah da tapar çal birisin.

Tuş olanda əqli kəmə,
Bil, düşərsən dərdi-qəmə;
Özünü zinhar elemə,
Boşa onu, al birisin.

Bir yaxşını yaman tapdı,
Bir nadanı qanan tapdı,
Bir qananı cavan tapdı, -
Tapdı əhli-hal birisin.

Biri yedi, giryan gəzdi,
Biri tapmaz, hər yan gəzdi,
Biri daim üryan gəzdi,
Qucar tirmə-şal birisin.

Birini mürvət ucaltdı,
Birini qeyrət ucaltdı,
Birini sənət ucaltdı,
Xoşhal etdi mal birisin.

Şadnak gördüm, sonu vaydı,
Ömür gördüm, qışı yaydı,
Gözəl gördüm, hüsnü zaydı,
Gördüm mah-camal birisin.

Aşıq Alı belə yazdı:
Şan-şöhrəti telli sazdı.
Bir rəqib çox, yüz dost azdı,
Demə gözdən sal birisin.


QAZANAR

Cəm eyləyib xəsis malı,
Bəhrəsini yad qazanar.
Aqibətdən deyil halı,
Yeməz, içməz, şad qazanar.

Dövran keçsə boran, qarda,
Səxa əhli qalmaz darda.
İnsafsızı görmə varda,
Hörmət əhli ad qazanır.

Dağlar bəlli vüqarından,
Alı qəlbi qubarından,
Ehsan eylər öz varından,
Dəhanında dad qazanar.


ELLƏRDİ

Dolananda yad diyarı,
Müdam sorağım ellərdi.
Qəmli qəlbim novbahardı,
Qürurlu dağım ellərdi.

Gül dərdim, gülə bənd oldum,
Bir tuti dilə bənd oldum,
Gəşt etdim, elə bənd oldum,
Eşqim, marağım ellərdi.

Bu Alıyla qada yetə,
Cəm olarlar - səda yetə.
İgidləri dada yetə,
Zağlı yarağım ellərdi.
XS
SM
MD
LG