Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:19

Məktəb bazarlığı: vahid məktəbli forması neçəyədir?


Vahid məktəbli forması
Vahid məktəbli forması
Ötən ildən başlayaraq Bakıdakı ümumtəhsil məktəblərinin şagirdləri Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş məktəbli formasında dərsə gedirlər.

Artıq sentyabr qapının ağzını kəsdirdiyi üçün vahid geyim formasının istehsalı ilə məşğul olan “Bakı Tikiş Evi” ASC-nin satış mağazalarında xeyli qələbəlikdir, növbələr, bəzən basabas yaranır.

“RAYONLARDA ÇƏTİNLİK VAR, ONA GÖRƏ MƏRKƏZƏ GƏLDİK”

Valideynlərlə söhbətləşəndə bəlli oldu ki, geyim almaq üçün Bakının başqa rayonlarından da mərkəzə-Tikiş Evinin yanındakı satış mərkəzinə gələnlər var:

“İki qızıma paltar alırdım. Rayonlarda bir az çətinlik var, ona görə mərkəzə gəldik. Bakıxanov rayonundan gəlmişəm. Orada növbə çoxdur”.

Paltarın keyfiyyətinə gəlincə, valideynlərin bu barədə fikirləri fərqlənir.

Övladına məktəbli formasını alıb evinə getməyə hazırlaşan Məhbubə xanım deyir ki, geyimlər də, onların keyfiyyəti də onu qane edir:

“Hər şey yaxşıdır. Münasib ölçünü asanlıqla tapdım. Heç bir əyər- əskiyi yoxdur”.

“UŞAQLAR FORMANIN İÇİNDƏ TƏRLƏYƏCƏKLƏR”

Həsən adlı valideyn də geyimlərin keyfiyyətindən və ölçülərindən razıdır. Deyir, “qalır bircə ütüləyib uşağın əyninə geyindirmək”. Amma başqa fikirdə olanlar da var.

Valideyn Elçin Bağırov geyimlərin ölçülərində problem görməsə də istehsalında çatışmazlıqlar olduğunu bildirir:

“Münasib ölçü tapmaqda çətinlik çəkmədim. Amma keyfiyyət yaxşı deyil. Köynək, kostyumun özü hiss olunur ki, aşağı keyfiyyətli materialdan hazırlanıb. Uşaqlar onların içində tərləyəcəklər. Başımız çıxır materialdan hər halda. Yüksək keyfiyyətlisi yoxdur”.

Vahid məktəbli forması satılan yer
“QOLLARINI KƏSDİRİB TƏZƏDƏN TİKDİRƏCƏYİK”

Birinci sinifdə oxuyacaq Fatiməyə forma alan Emil Kərimov isə qızının əyninə geyim tapa bilmədiyini deyir:

“Ölçülərin düz gələni də var, gəlməyəni də. Məsələn, 27 ölçü götürürsən, gah qolu gödək çıxır, gah da uzun. Yəni dəqiq ölçü yoxdur. 3 geyim seçdik. İkisi gödək oldu. Birinin isə bütün ölçüləri düz gəldi, amma qolları uzun oldu. Onu götürdük. Qollarını kəsdirib təzədən tikdirəcəyik”.

Valideyn Zülfiyyə Tağıyeva paltarın rəngini bəyənmədiyini deyir. Onun qızı, bu il 10-cu sinfə gedəcək Rəna Xəlilbəylinin isə məktəbli geyiminə münasibəti belədir:
“Xoşlamıram. Yaraşmır. Formanın özü xoşuma gəlir. Ancaq tikişinə və əynimdə oturuşuna görə pencəyini istəməzdim. Amma məcburdur deyə götürməliyik”.

EKOLOJİ TƏMİZ MATERİAL

“Bakı Tikiş Evi” ASC-nin mağazasında alıcıların sayı get- gedə çoxalırdı. Satıcıların sayı yetərincə olsa da işin daha çox olduğu aydın görünürdü. Qələbəlikdən keçib bayaqdan özü də alıcılara xidmət edən “Bakı Tikiş Evi” ASC-nin şatış şöbəsinin müdiri Etibar Əzimovun kabinetinə daxil olduq:

“42-44-46, hərəsindən bir dənə göndərin yuxarı”.

Etibar Əzimov dedi ki, geyimlərin tikişi göz qabağındadır. Materiallarına isə söz ola bilməz. Çox keyfiyyətli və ekoloji cəhətdən bütün standartlara cavab verirlər. Dediyinə görə, materiallar Türkiyənin BOSSA firmasından alınır və Avropa laboratoriyasının sertifikatına malikdirlər. Elə o səbəbdəndir ki, əgər ölçü fərqi yoxdursa, keçən il geyilən formalar bu il də istifadə edilə bilir:

Etibar Əzimov
“Bizim istifadə etdiyimiz materiallara Avropa laboratoriyasının sertifikatının verilməsinin düzgün olduğunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də yoxlayaraq təsdiq edib. Sadəcə onu deyim ki, bəzi işbazlar, Çin Xalq Respublikasından, başqa yerlərdən ekoloji cəhətdən mənşəyi məlum olmayan kostyumlar gətirib burada satırlar. Hətta bəzən bizim fabrikin loqosunu da hansı yollasa tapıb üzərinə yapışdırırlar. Bax, həmin geyimlər barədə böyük iradlar var. Onların materialları keyfiyyətsiz və zərərlidir. Keçən il belə paltarlar Abşeron rayonunda uşaqlarda allergiya yaratdı”.

Mağazada adamların növbəyə dayanmalarına gəlincə, şöbə müdiri deyir ki, fabrikin Bakıda 12 mağazası var. Sadəcə may ayından indiyəcən olan vaxtı valideynlər səmərəli istifadə etmədikləri üçün avqustda belə qələbəlik yaranıb.

MƏKTƏBLİ FORMASI DA MONOPLİYADA?

Etibar Əzimovun dediyinə görə, Tikiş Evi 50-54 ölçüyə qədər məktəbli formaları tikir. Qiymətlər isə 30-40 manatdan 55 manatadək dəyişir. Onun fikrincə, köynək və jaket də daxil olan kostyum üçün bu elə də böyük məbləğ deyil.

Şahvələd Çobanoğlu
Araşdırmaçı jurnalist Şahvələd Çobanoğlu isə hesab edir ki, əslində geyimlərin qiyməti aşağı olmalıdır. Mağazalarda isə belə növbələr olmamalıdır. Bütün bunlar məktəbli geyimlərinin istehsalında da monopoliya olduğundan xəbər verir. Əks halda istehsalla bir deyil, bir neçə tikiş fabriki, xırda müəssisələr də məşğul olardı:

“Necə olur ki, məktəbli geyimini yalnız bir fabrik istehsal edir və istədiyi qiyməti də tətbiq edir? Burada çirkli işin olması, maraqların güdülməsi aydın görünür. Və bu kampaniyada əsas maraq pul qazanmaqdır. Bunu valideynlər də gözəl bilirlər”.

Şahvələd Çobanoğlu hesab edir ki, əvvəlcədən tenderlər elan edilsəydi, müxtəlif iri və xırda müəssisələr bu işə qoşulardı. Rəqabət nəticəsində bazara daha keyfiyyətli məhsul çıxardı.

Bakıda fəaliyyət göstərən kiçik dərzi sexlərindən birində dərzilərlə söhbətimizdən isə bəlli oldu ki, onlara xüsusilə kiçik ölçülü məktəbli forması tikmək sərfəli deyil. Çünki dediklərinə görə, buna çəkdikləri əziyyətə böyük ölçülü şalvar tikib təxminən eyni pulu qazanmaq olur.
XS
SM
MD
LG