Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:42

Rafiq Tağı: «Mən Allaha bütün ayətullahlardan daha yaxınam»


"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı yazıçı Rafiq Tağıdır.


"Mən Allahı 16 yaşımda Tibb İnstitutuna qəbul olunanda tanıdım".

"Insan özü əxlaqısızdır, amma bilir ki, əxlaqlı olmaq lazımdır".

"Dərsindən üç ala bilməyən adamı mənə nümunə göstərirdilər, yanıb tökülürdüm".

"O gün bir adam arvadının üçü günü mənə zəng eləyib soruşur ki, necə bilirsən, mən bu gün qəbir üstünə gedim, getməyim? Indi bax buna nə deyəsən?"

"Məsələn, Somaliyə deyən lazımdır ki, get balıq tut, uşaqlarına yemək ver, yoxsa dua eləməklə sənə kim gətirib yemək verəcək?"



- Rafiq bəy, yazılarınızda ziddiyyətli məqamların olduğunu düşünənlər də var. Xüsusən də İslama münasibətdə.

Həm müsəlman olduğunuzu bildirirsiniz, həm də İslam dinini tənqid edirsiniz. Ümumiyyətlə, hansısa fövqəltəbii qüvvənin olduğuna inanırsınızmı?


- Bəzən deyirlər ki, Rafiq Tağı ateistdir. Amma heç kim bircə cümlə də misal gətirə bilməz ki, orada özümə ateist demiş olum.

Rafiq Tağı

Hətta Facebook səhifəmdə də teist olduğumu yazmışam. Yəni Allahı tanıyıram. Mən Allahı 16 yaşımda Tibb İnstitutuna qəbul olunanda tanımışam.

Ona qədər isə kor-koranə ateist idim, çünki sovet məktəbi bunu tələb edirdi. Amma tibb sahəsinə gələndən sonra gördüm ki, bu cür dərin, gözəl şeylərin mütləq bir yaradıcısı olmalıdır.

16 yaşımdan bu günə kimi heç kim deyə bilməz ki, sən ateistik fikir demisən. Amma Allahdan aşağı olan bir çox fırıldaqları həzm eləmirəm.

Zəkama sığmayan şeyləri qəbul edə bilmərəm. Məsələn, dinlər mənim zəkama sığmır. Allah mənə zəka verib və görürəm ki, bunlar cəfəngdir. Buna görə də mən bəzi dinlərə şübhə ilə yanaşıram.

- Dinləri cəfəng hesab edirsiniz... Axı siz həm də müsəlman olduğunuzu bildirmisiniz?

- Yox, mən sadəcə, cəfəng məqamları nəzərdə tuturam. Din ağıl, elm tələb eləmir.

Bir dəfə mən yazmışdım ki, cənnət və cəhənnəmin elmi əsası yoxdur. Doğrudan da, cənnət və cəhənnəmin elmi yolla varlığını sübut edən varmı? Yoxdur. Dində sadəcə inam lazımdır.

Açığı, mən kor-koranə inana bilmərəm. Mənim xislətim belədir. Mifoloji şeylər mənim üçün anlaşlmaz olur. Onları hələlik qırağa qoyuram.

- Heç dua etdiyiniz olur?

- Mən Allahı sevirəm. Düşünürəm ki, Allah da məni sevir. Çünki məni çox bəlalardan xilas edib.

Yeddi ayətullah mənə ölüm hökmü kəsmişdi, amma Allah məni qorudu. Hətta həmin ayətullahlardan bəziləri sonradan öldü... Yəni din xadiminin Allahın adı ilə başqasının ölümünə fitva verməsi absurddur.

Mən hələ ayətullahlar kimi dini kitablar oxumamışam, daha çox elmi kitablar oxuyuram. Amma kiməsə ölüm arzulaya bilmərəm. Nə qədər yaşada bilirsənsə, yaşat, öldürmə!

Bu, xristianlıqda da var. İsa peyğəmbər də deyirdi ki, öldürmə. Amma kimlərsə özündən nəsə uydurub. ona sərf edən qaydaları qanun kimi təsbit edir.

Özü də dünyəvi hüquq yox, şəriət hüququ kimi. Sən ora istənilən şeyi daxil edə bilərsən. Kimdən xoşun gəlməsə, ora hansısa maddə daxil edərək onun ölümünə fitva verə bilərsən.

Sən də mənim xoşuma gəlmirsən, amma mən heç sənin ölümünə razı deyiləm. İndi siz deyin, Allaha daha yaxın olan kimdir? Mən bütün ayətullahlardan Allaha daha yaxınam.

- Bəs dini rituallara münasibətiniz necədir?

- Mirzə Cəlilin bir felyetonunda deyilir ki, insan əsl müsəlman olsa, başqa faydalı işlərə vaxtı qalmaz.

Insan namaz qılacaq, oruc tutacaq, dini kitablar oxuyacaqsa, bəs kənd təsərrüfatı
Feyziyyə

ilə kim məşğul olacaq? Məsələn, Somaliyə deyən lazımdır ki, get balıq tut, uşaqlarına yemək ver, yoxsa dua eləməklə sənə kim gətirib yemək verəcək?

Sual yaranır ki, niyə Qərb ölkələri çiçəklənir, amma İslam ölkələrinin çoxu acından ölür?

- Ölüm hədəsi, ölüm qorxusu ilə yaşamaq necə bir hissdi?

- Bütün dinlərdə ölümün haqq olduğu deyilib. Amma biri var təbii ölüm, biri də var zorakı ölüm. Avropada ölüm hökmünü ləğv ediblər, dövlət adam öldürmək istəmir.

Azərbaycan da bir Avropa ölkəsi kimi ölüm hökmündən imtina edib. Bu baxımdan bizim ölkə İrandan xeyli irəli gedib.

Ümumiyyətlə, Azərbaycan bir çox parametrlərə görə təkcə İrandan yox, Şərq ölkələrinin 90 faizindən qabaqdadır. Ölüm hökmünün ləğvi ümumbəşərilikdən, humanistlikdən irəli gəlir.

Allahın özü də bu ölümlərə razı deyil. Mən Isa peyğəmbəri ona görə çox sevirəm. Onun "insanı öldürməmək, bağışlamaq" kimi ideyalarını çox bəyənirəm. Məsələn, mən həbsdə olanda bir yazı oxudum.

Avstraliyada bir baptist kilsəsi öz qapısının üstündə yazıb ki, İsa peyğəmbər Bin Ladeni də sevir. Sevgi insanları gözəlləşdirir, nifrəti rədd edir.

Bin Laden onu oxusaydı, bəlkə də terrorçuluqdan əl çəkərdi. Isa peyğəmbər hətta onu qətlə yetirmək istəyən insanları da bağışlayıb.

Mərhum Roma papası İohann Pavel də ona güllə atan Əli Ağcanın kamerasına getmişdi. Papa onu qucaqlayıb ağlamış, üzündən öpmüşdü. Yəni o, insanın yolundan aza bilməsi reallığını anlayırdı.

İnsanlar qatilə çevriləndə onun özünə də eyni qəddarlıqla yanaşmaq olmaz. Görün İranda hər il nə qədər adamı edam edirlər. Yəni dövlət özü də qatilə çevrilir.

Sən onu edam etmə, xilas et! Belə çıxır ki, kim xəstələndisə, başından basıb quyuya atmaq lazımdı.

Qatil olan şəxs mənəvi cəhətdən xəstədir, yolunu azıb, onu xilas etmək lazımdır. Ağıllı adam da insan öldürər? Məni öldür, insan öldürmərəm (gülür - F.).

- Amma ölümlə hədələnməyin necə bir hiss olduğunu demədiniz axı?..

- Bilirsiz, bu, təəssüf hissi doğurur. Bundan başqa insanda fobiya, bəşəriyyətin qorxunc olması haqda fikir yaranır.

Düşünürsən ki, axı sən öldürüləsi adam deyilsən. Sadəcə, öz fikrini demisən. Bunlar fikir azadlığını dərk etməyən insanlardır və sənə ölüm hökmü kəsirlər. Bu, bütün dövrlərdə belə olub.

Məsələn, Cordano Bruno tonqalda yandırıldı.

Qallileydən tələb etdilər ki, Yerin Günəşin ətrafında yox, Günəşin Yerin ətrafında fırlandığını desin. O da odda yandırılmasın deyə bunu etdi. Amma qapıdan çıxanda dedi ki, yox, onsuz da Yer Günəşin ətrafında fırlanır.

- Bəs siz heç ölüm təhdidlərindən və həbsdən sonra Qalliley kimi fikirlərinizi təkzib edən ifadələr səsləndirmək məcburiyyətində qaldınızmı?

- Mənim elə bir fikrim olmayıb axı, onu təkzib edim. Bunlar deyir ki, sən Şərqi təhqir eləmisən. Bəyəm Şərq diktatorlarla dolu bir tuluq deyil? Şərqdə bir nəfər də olsun mütərəqqi insan yoxdur.

Mən deyirəm ki, Şərq təzələnməlidir. Bəzən deyirlər ki, sən Şərqdəki inqilabları bəyənmirəsən.

Şərqdə inqilablar baş vermir, sadəcə Avropa məcburi olaraq Şərqdə təzələmə əməliyyatı aparır. Şərq inqilab eləyən olsaydı, 42 il Qəddafiyə dözməzdi. Bəzən deyirlər ki, qoyun kim necə istəyrsə. elə də yaşasın.

Elə deyil axı. Məsələn, Qəddafi həbsxanadakı min iki yüz adamı üç saatın
Rafiq Tağı evdə öz yazı masası arxasında...

içərisində edam etdirib. Avropa bütün bunlardan keçib, təmizlənib, dünyəvi hüququ təsbit eləyib. Şərqin diktator rejimlərindən də bunu istəyir.

Qərb nə deyir? Deyir ki, azad yaşa, istədiyin işi gör - amma qanun çərçivəsində! Qərb sözə qadağa qoymur. Məsələn, mən İranda yaşasaydım, çoxdan edam olunmuşdum.

- Mən yenə də bayaqkı sualıma qayıtmaq istərdim. Təhdidlərdən sonra sizin öz fikirlərinizi danmağınız, təkzib etməyiniz kimi hallar oldumu?

- Mənə deyirlər ki, onsuz da sən üzr istədin, fikirlərini geri götürdün. Mənim xislətimdə bir şey var, mən bir fikir yürüdürəm, əgər bu, kiminsə xətrinə dəyirsə, üzr istəyirəm.

Mən qorxudan ayətullahlardan üzr istəməmişəm. Mən bütün müsəlman bacı-qardaşlarımızdan üzr istəmişəm. Bizim evdə də müsəlman var.

- Rafiq bəy, ədəbiyyat tarixindən N sayda nümunələr gətirmək olar ki, yazarlar işgəncələrə məruz qalıb, sürgün edilib, həbs olunub, sağlamlıqlarını, ailələrini, həyatlarını itiriblər.

Onlar cəmiyyətdəki qüsurları onun özünə göstərdikləri üçün bu zorakılıqlara məruz qalıblar.

Zamanın, dövrün tələblərinə uyğun olaraq insanların təfəkküründə bəzi dəyişikliklər olur, hadisələrə baxış bucağı dəyişir. Amma mahiyyət etibarı ilə geniş mənada insanların təfəkkürü dəyişməz qalır.

Məsələn, yenə də N sayda problemlər sadalamaq olar ki, insan onlarla yeddi əsr öncə də qarşılaşmışdı, indi də addımbaşı üzləşir. Yazarların fədakarlığına dəyərmi?


- Hə, mən hələ qoturluğa da tutulmuşdum axı (gülür - F). Həkim adamı gətirib salmışdılar qoturlarla bir yerə. Bir yazım da vardı. Orda qeyd etmişdim ki, mən İslamofobiya və qoturluğa tutulmuşdum.

Sabir deyirdi ki, “Harda müsəlman görürəm qorxuram”. Məndə də elə bir şey yaranmışdı. Ümumiyyətlə, bəşərin xisləti dəyişilməzdir. Bu.düstur kimi qoyulub.

Kütlənin də psixologiyası hər yerdə eynidir. Hansısa ölkədə çeviriliş olsa, orda talanlar başlayır. Məsələn, Almaniyada bu gün ara qarışsa, görəcəksiz ki, talançılar çıxdı.

Deyirlər ki, filan xalqlar mədənidir. Bu mədənilik qanun şəklində təsbit olunmasa. insan elə yenə də vəhşidir. Insan sadəcə, o qanunlardan qorxur. Bəşəriyyət müsbət təcrübəsini topladığı kimi mənfi təcrübəsini də toplayır.

Və bunların əsasında həmin mədəni sayılan ölkələrdə yaranan qanunların diktaturası var. Müsbət təcrübələr yazarların, digər elm adamlarının özünü qurban verməsindən toplanır.

Məsələn, əxlaq bəşəriyyətin ən uğurlu tapıntısıdır. Insan özü əxlaqısızdır, amma bilir ki, əxlaqlı olmaq lazımdır.

- Yazılarınızın cəmiyyətdə konkret olaraq nələrisə dəyişdiyini hiss etmisinizmi?

- Yaxşı sualdır. Mən 11 il Moskvada yaşamışam. Gələndə nə deyirdimsə, görürdüm ki şahə qalxırlar.

Çünki insanlar azad sözə öyrəşməmişdilər. Moskva mühiti məni azad düşünməyə öyrətmişdi. Bir dəfə - doxsanıncı illərin əvvəllərində yazmışdım ki, çeçen olmaq istəyirəm.


Rafiq Tağı (solda) "Avropa və biz" yazısına görə mühakimə edilir. 4 may 2007

Parlamentdə, qəzetlərdə etiraz etdilər ki, Rafiq Tağı niyə çeçen olmaq istəyir? Mən demək istəyirdim ki, xalqı xilas etmək üçün çeçən olmaq istəyirəm.

Bir dəfə də yazmışdım ki, Azərbaycan ağsaqqalları ağıl gölməçələridir və yəqin içində dombagöz qurbağalar gəzişir.

Rəhmətlik Mikayıl Mirzə parlamentdə hayqırdı ki, Raiq Tağı, görün, ağsaqqallarımız haqqında nə deyir?! Onda Rəsul Quliyev demişdi ki, bu adam fikirini bildirib də, etiraz edirsənsə sən də get qəzetdə yaz! Mikayıl hesab edirdi ki, belə demək olmaz.

Niyə olmur axı? Mən fikir deyəndə gəlib səndən icazə almalıyam? Belə çıxır ki, mən bir sözü demək üçün yüz adama zəng eləyib icazə istəməliyəm. Amma elə adamlar da var.

O gün bir adam arvadının üçü günü mənə zəng eləyib soruşur ki, necə bilirsən, mən bu gün qəbir üstünə gedim, getməyim? (gülür - F.). Indi bax buna nə deyəsən? Əvvəla, arvadındı, getməlisən. Ikincisi də ki, gedirsən get də, mənim buna nə aidiyyatım var?

Gör bu adam nə qədər azad deyil ki, fikir soruşur. Mən sualdan bir az uzaqlasdım. amma söhbətin harada qaldığını bilirəm. İndi hansısa kəskin fikir deyəndə görürəm ki, əhəmiyyət vermirlər. Demək ki öyrəşiblər və bu, müsbət effektdir.

Mənim yazılarıma etiraz dalğası təbəqə-təbəqə olur. Məsələn. elə yazım olur ki, siyası təbəqə qoşulur. Elə yazım da olur dini, bəzən də ziyalı təbəqə qoşulur.

Bir dəfə Mirzə Cəlil haqda bir yazı yazmışdım. Onda ziyalı təbəqə, Anar, Əkrəm ayağa qalxmışdılar ki, Rafiq Tağı Mirzə Cəlili təhqir edib. Hər şeyi təhqir hesab edirlər. Mən Moskvada görmüşəm ki, yazıçı yazıçı haqqında söz deyir.

Məsələn, Tolstoy Şekspir haqqında yazısında onu darmadağın eləyir. Indi deyək ki, Tolstoy Şekspiri təhqir elədi?

- Bilirəm ki, bu, heç də xoş mövzu deyil. Amma mənə maraqlıdır, həbsxana insan üçün, xüsusən də yazar üçün necə bir yerdir?

- Pis yer deyil (gülür - F.). Mən hərdən həkim yoldaşlarıma deyirəm ki, hərənizin üç-dörd ay orda yatmağınız pis olmazdı. Məsələn, xırda oğurluq-filan eləyib düşün ora. O mənada ki, həyat təkcə komfort yaşamaqdan ibarət deyil.

Elə olsa, insan çox zəif olar. Düzdü, ora heç kim gedib elə-belə düşmür, amma ordakıların heç də hamısı cani deyil. Pozitiv şeylərə görə də həbsxanaya düşmək olar. Məsələn, hansısa ideologiya uğrunda. Amma daha toyuq oğurlayıb həbs olunmaq yox.

Həmid Herisçi ilə debatımızda da yazmışdım ki, Azərbaycan unikal ölkədir, burada cinayətlərin çoxu əxlaq motivindən baş verir.


Rafiq Tağının məhkəməsi. Məhkəmə binası qarşısında islamçılar... 4 may 2007

Rusiyada belə cinayətlər olmur. Bizdə adam adama deyir ki, əxlaqlı ol, olmursa, vurub onu öldürür. Bayılda biri vardı, adına Kəpənək Vaqif deyirdilər, ev sahibini sözünün üstündə durmadığına görə bıçaqlamışdı.

Düzdür, hər əxlaqsızlığa, yalana görə insan öldürsələr, hərc-mərclik olar. Insan həbsə düşməməlidir, amma düşərsə də bunu faciə hesab etməməlidir.

Bəşəriyyətin xilası, tərəqqisi üçün həbsə düşmək olar. Düzdür, azadlıq məhdudlaşdırılır, amma orda da həyatdı, günəşdı, insanlardı...

- Həbsxanalar tərbiyələndirə bilirmi?

- Əslində islah prosesi getməldir, amma, orda elə adamlar var idi ki, həbsə düşdükləri işlə azadlığa çıxandan sonra da məşğul olacaqlarını düşünürdülər.

Məni də içəri salmışdılar ki, islah olunum. Oldum ki? Elə yenə də həmin fikirləri deyirəm. Həbsxana mənim kimi yumşaq adamı islah etməyibsə, onları çətin ki, dəyişə bilə.

- Rafiq bəy, ötən həftə rubrikamızın qonağı olmuş yazıçı Şərif Ağayar sizə sual ünvanlayıb: Həkim olmaq asandır, yoxsa yazar?

- Yazar olmaq mənim üçün heç çətin deyil. Bəzi şairlər deyir ki, mən bir misradan ötrü səhərəcən əzab çəkdim.

O saat bilirəm ki, bu adamın istedadı yoxdur. Şair şeiri üç dəqiqəyə yazmalıdır. Mənə isə yazmaq sevinc gətirir. Cibimdə pul olmayanda da yazı yazmaq mənə sevinc gətirir.

Moskvadan kəndə gedəndə deyirdilər ki, sən niyə getdin, orada məhv oldun. Mən Moskvada tam ədəbi mühit içərisində idim, ardıcıl yazılarım dərc olunurdu.

Kənddə isə adama iki şeyə görə qiymət verirdilər. Birincisi, baxıb deyirdilər ki, nə sınıxıbsan? Hesab edirdilər ki, kökəlmisənsə, yaxşısan. arıqlamısansa, pis.

Bir də deyirdilər ki, sənin filan sinif yoldaşının arvad-uşağı, yüzəcən toyuğu, qazı, ördəyi var. Dərsindən üç ala bilməyən adamı mənə nümunə göstərirdilər, yanıb tökülürdüm.

Amma mən Moskvada mühit içərisində qoyun-quzusuz, toyuq cücəsiz xoşbəxt idim. Yazı məni hətta intihardan da qoruyub. Pul yox, ev yox... İntihar üçün kifayət qədər arqument var idi.

Yaradıcılıq, kim nə deyir desin, Allahla bağlıdır deyə istedadlı adam üçün asan məsələdir.

Amma həkimlik, oxumaqla bağlıdır. Sən ömrü boyu oxuyub işləməli, cəmiyyətə aid olan peşəni təkmilləşdirməlisən. Buna da xeyli vaxt və enerji gedir. Amma elə təbiətən həkim yaranmış alimlər də var ki, onun özü poeziya kimi bir şeydi.

Mən həkimlikdə də heç kimdən geridə qalmaq istəməmişəm, işlədiyim yerlərdə yaxşı həkim sayılmışam. Amma mən o alimlər kimi deyiləm.

Məsələn, insulini kanadalı bir alim 22 yaşında kəşf eləmişdi. Yəni onun istedadı bu sahəyədir deyə ona asandır. Mənə də yazıçılıq asandır.

- Növbəti müsahibimiz "Ədalət" qəzetinin baş redaktoru, yazar İradə Tuncay olacaq. Ondan nə soruşardınız?

- İradə xanım. qəzet redaktorluğu yaradıcı insan üçün əlavə yük deyil ki?

FEYZİYYƏ

Həmçinin oxu
Şərif Ağayar: "İnsanlar o torpaqlara qayıtmağa mənəvi cəhətdən hazır deyillər"
XS
SM
MD
LG