Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:10

Musa Yaqub "Quşların qış söhbəti" (Poema)


Oğlum Şəhriyar üçün

- Vay, bu necə qış oldu,
Düzlər tutulmuş oldu.
Yola qonduq,
yolda qar,
Kola qonduq,
kolda qar.
Qar bürüdü dörd yanı,
Ağaclar ağ geyindi.
Qonub qarlı budağa
Alacəhrə deyindi,
Sərçələr də deyindi.
Bir fıstığın dibində
Qaratoyuq hirs ilə
Eşələndi bir qədər,
Amma zəhməti hədər.
- Ah, bir xırman olaydı,
Bu xırmanın ətrafı
Dən-dən olaydı indi.
- Bəh, olaydı, olaydı...
Alacəhrə sevindi.
Qaratoyuq sərçənin
Güldü bu boş sözünə:
- Gör bu nə yelbeyindi,
Indi xırman nə gəzir,
Xırman qar altındadır.
Dən adını tutmuram,
Saman qar altındadır.
Sərçə daha dinmədi,
Bir çöpü dimdikləyib
Bir budaqda büzüşdü.
Alacəhrə ərk ilə
Bu söhbətə girişdi:
- Deyirəm e, a sərçə,
İki çinədanımız
Olaydı о zamanlar,
Birini dolduraydıq
Biz dən ilə о ki var,
Saxlayaydıq bu günə...
- Bəh, bəh nə saxlayardıq...
Gör nə gəlir eyninə.
Belə ərzi-hal üçün
Quşlar burda tapışdı.
Bu zaman hardan isə
Gəlib ağacdələn də
Vələsin qar düşməyən
Gövdəsinə yapışdı.
О üşüyə-üşüyə:
-Sərçə lələ, nə əcəb,
Sən də gəldin meşəyə?
Burda toy-bayramdır, hə?.
- Eh, nə deyim mən sənə,
Bağda bir taya vardı,
Çoxluğuna uyardım.
Küləşinə baş qoyub,
Sünbülündən doyardım,
Sərçə bir ah da çəkdi:
-Apardılar onu da...
İndi cəldlik gərəkdir;
Uşaqlar dənliklərə
Dən səpir axşam, səhər.
Onları da dənləyir
Bizim ana sərçələr.
Meşə yaxşıdır indi
Burda vələs toxumu,
Burda dəndə toxumu,
Burda lapan toxumu
Tapmaq olur yenə də.
Bəlkə çata mənə də...
Sərçə qol-qanad açdı,
Alacəhrənin gözü
Lapan ağacındakı
Bir salxıma sataşdı.
-Aha! Toxum salxımı!
Cik-cik,
nə zirək quşam,
Mən bu salxım içində
Yekə toxum tapmışam.
Eşidib bu cik-ciki
Sərçə də uçdu gəldi,
Qaratoyuq da gəldi,
Ağacdələn də gəldi.
-Yox,bu mənim dənimdir!
О dedi ki, mənimdir,
Salxım quşlarla birgə
Düşdü qarın içinə.
Alaçəhrə deyindi
Lap incinə-incinə:
- Bəs bu toxum zəhrimar
Görəsən, hara batdı?..
Dimdiklər qara batdı,
Qanadlar qara batdı.
Höcət quşlar peşiman
Qayıtdılar budağa.
- Neyləyək sərçə qağa?
- Görməyəydim bu günü...
Qaratoyuq bu zaman
Sarıca dimdiyiylə
Sığallayıb döşünü:
- Bir baxın о köğuşa,
Ora fikir verin bir;
Orda toxum, orda dən
Bilirsən nə qədərdir.
Qaratoyuğun sözü
Ləzzət verdi hər quşa
Alaçəhrə istədi
Uçub getsin koğuşa.
- Hara uçursan, hara?..
О koğuşda dələ var,
Tutub səni parçalar.
- Hə, dələ var?
Dələ var?..
Alacəhrə çəkindi.
- Bir fənd tapmışam indi;
Qaratoyuq qəfildən
Uçub cavan pöhrənin
Yerə tökdü qarını.
O, koğuşun yanında
Çırpdı qanadlarını,
Gözlədi də bir qədər.
Birdən qorxulu gözlər
Baxdı koğuşdan çölə,
Marçıldatdı ağzını
Həmin nəfskar dələ.
Hey bərəltdi gözünü,
Hazırladı özünü,
Qalxdı quyruğu üstə;
Güllə kimi atıldı
Qaratoyuğun üstə.
Ağacdələn titrədi,
Onu üşütmə kəsdi.
Sərçə qorxudan əsdi.
Alacəhrə baş alıb
Qaçmaq üçün tələsdi.
Qaratoyuq cikhacik
Bir az uçdu qabağa.
Dələ bir də atıldı,
О çəkildi qırağa.
Hə, bir də,
bir də, bir də!..
Qaratoyuq dayandı
Bir az qonduğu yerdən.
Dələ çatdı,
о uçdu,
Dələ qaldı geridə,
Koğuş qaldı geridə.
Qaratoyuq bu dəmdə
Xəbər verdi hər quşa:

- Ehey! Durmayın üçün,
Uçun gəlin koğuşa!
Quşlar bir an içində
О kovuşa qondular.
Toxumları dənləyib
Yedilər iştah ilə;
Orda daşın, torpağın
Mamırını yondular.
-«Qaratoyuq qanadı,
Kim vurdu, kim sanadı»,
Koldan-kola qonanda
Qanadlarım qanadı.
İndi mənə kim deyər
Çinədanı boşam mən.
İki şirgil toxumu
İndicə tapmışam mən.
Qaratoyuğun səsi
Gəldi xeyli uzaqdan.
Quşlar onu ağacda
Gözləyirdi bayaqdan.
Yeni ərzi-hal üçün
Quşlar gəlib tapışdı.
Gəldi ağacdələn də
Lapanın qar düşməyən
Gövdəsinə yapışdı.
-Yaman yorulmuşam mən.
Ağacların qabığı
Daşa dönüb elə bil,
Od çıxır dimdiyimdən.
Bir qurd gətirmişdi o,
Tez onu da ötürdü.
Sərçə də dimdiyində
Bir piltə qar götürdü.
-Yedik, dincəldik bir az,
Qaratoyuq, sən sağ ol,
Belə qoçaq quş olmaz.
Sən çox bilirsən yəqin,-
Sərçə dedi, - ay qağa,
О quşlar ki, bu yerdən
Uçub gedib uzağa,
Orda heç qar yoxdur, hə?
Daha qar olmayanda
Dənləri də çox çoxdur, hə?
– Hə çoxdur,
əlbəttə ki,
- Orda olaydıq təki...
- Orda düzlər də dəndir,
Çəmənlər yonca-yonca.
- Görən göyərçin yeyir?
-Yox, yumacaq ağzını,
Niyə yemir?
Doyunca.
- Lap doyunca?...
- Doyunca,
əlbəttə ki,
- Orda olaydıq təki...
Qaratoyuq о yanda
Dimdiyini əyirdi.
Quşlar daha yatırdı,
Sərçə mürgüləyirdi.
Şirin yuxu görürdü –
Uzüm tənəklərini
Dolaşıb bircə-bircə,
Ən şirin gilələri
Dimdikləyirdi sərçə;
Sanki şərbət içirdi.
Ordan ucub bir armud
Ağacına keçirdi.
Alacəhrə yuxuda
Ötürdü bir cığırdan
Hey tullana-tullana.
Sünbüllər də zər kimi
Tökülmüşdü dörd yana.
Dimdiyini salıbdır
Qanadının altına.
Qaratoyuq kefdədir,
Toxunmayın siz ona.
Yağış yağıb,
xəzəllər
Yumşalıbdır bir qədər.
О da yumşaq xəzəli
Eşib,eşib,dururdu.
Elə toxum yeyirdi,
Yemək onu yorurdu.
Ağacdələn də bu dəm
Bir ağacı deşirdi.
Qurdlar cıxırdı üzə,
О da yeyib şişirdi.
Yuxulardan xəbərsiz,
Elə bu vaxt şaxtadan
Çatlayırdı budaqlar.
Budaqlarda donurdu
Xırda, zərif ayaqlar.
О quşların üstünə
Quşbaşı qar yağırdı.
Sonra suya dönüb qar
Quyruqlardan axırdı,
Qanadlardan axırdı.
Rəngli lələklər üstə
Damcılar zər-zər idi.
Amma yuxularında
Quşlar bəxtəvər idi.

Yanvar, 1972
XS
SM
MD
LG