Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:30

Musa Yaqub "Bağdadın ağ dumanı" (Poema)


1

Bu dağların, göylərin
İlahi, nə sirri var;
Ötmədi daş buludlar,
Kəsmədi bu yağışlar.
Neçə vaxtdır qalıbdır
Girdiman eli naçar.
Göylərin tufanında
İldırımlar çapardı.
Biri gəlib deyir ki,
О bəndi sel apardı!
Biri gəlib deyir ki,
Bu kəndi su apardı!
Biri gəlib deyir ki,
Əkinim batdı aman!
Nə göydə insaf qalıb,
Nə dağlarda bir iman.
Göyçay daşır, kükrəyir,
Nərildəyir Girdiman.
Meşə soyulub gedir,
Torpaq yuyulub gedir.
Bağlar çətin ayıla
Torpaq çətin bərkiyə.
Ağaclar daşa dönüb
Yarpaqlar bir əsgiyə.
Belə getsə bu elin
Heç olacaq ruzusu.
- Neyləyək, Həzrət Вaba,
Göyümüzü basdı su,
Yerimizi basdı su.
Qorxuludu bu bəla,
Qorxuludu bu nağıl.



Hamı gəlib deyir ki,
Həzrət Baba, kömək et,
Həzrət Baba, çarə qıl
Həzrət Baba bilirdi
Günəş yorulmaz belə.
Dağ belə sitəm etməz,
Göy üzü dolmaz belə.
Yəqin ki, bu bəlada
Bir şeytan əməli var.
Qara-qara buludda
Qara şərin əli var.
Xeyrin başı qarışıb,
Kim aldadıb insanı?
О müqəddəs zirvədə
Şeytan alıb meydanı...
Orda Musa bulağı
Güzgü tutub göylərə.
О güzgüdə əks olur
Bütün səma, dağ, dərə,
О günəşli aynanı
Yəqin vurub qıran var.
О müqəddəs bulağı
Nəsə bulandıran var;
Həzrət Baba bilirdi
Çox sirdən agah idi.
Həzrət Baba bu elə
Böyük ümidgah idi.
Özü də bir nur idi,
Saqqalı nur saçırdı.
Əlində nur ağacı;
Bu nur ağacıyla da
Çox müşgüllər açırdı.
Amma bu başqa sitəm,
Bu qorxulu bir nağıl.
Batır elin olanı
Nə dən qalar, nə taxıl.
Hamı gəlib deyir ki,
Həzrət Baba, kömək et,
Həzrət Baba, çarə qıl,
Sənə baxır, qovrulur,
Yanırdı Həzrət Baba.
О gördü ki, yox daha
Gün ağır, belə getməz,
Şərin üstün almasa,
Qara buludlar ötməz.
Baxdı dağlara bir də
Ürəyi oldu şan-şan
Alıb nur ağacını
Evə gəldi pərişan
Keçdi ocaq başına,
Dedi Güllü nənəyə -
Ömür-gün yoldaşına:
- A Güllü, bu gecə bir
ayrılıq aşı bişir.

Bilmədi düşdü qəfıl
Əlindən ip yumağı.
Əsdi Güllü nənənin
Titrədi əl-ayağı,
Amma bir söz demədi.
Bildi ki, çox çətindir,
Qorxuludur bu səfər,
Baxdı Həzrət Babaya
Nəsə dözdü birtəhər,
Daha bir söz demədi.
Kipriyini aldı yaş,
Tərpətdi yavaş-yavaş,
Amma bir söz demədi.
Çıxmışdı odun üçün
Çaşıb çömçə gətirdi.
Kasaladı düyünü,
İtirdi ölçüsünü.
Lap çaşdırdı özünü.
Gördü ki, bu ocaqla
Hər işi gec olacaq.
Qazan dolu, suyu çox,
Həlimi heç olacaq.
Dolçanı axtaranda
Vurub duzu dağıtdı.
Əlini qarğadı ki,
Halal ruzu dağıtdı.
Baxdı Həzrət Babaya
Dönə-dönə gözaltı.
Amma bir söz demədi
Tanrısından söz aldı:
- Tanrım, dumanlı dağda,
Yolu tufanlı dağda
Sən Həzrətə kömək ol!
Dünyada şər çoxalır
Xoş niyyətə kömək ol!
Şeytan alır meydanı,
Sən insana kömək ol!
Amandadı, bütün el
Sən amana kömək ol!
Amana aman verən
Bir imana kömək ol.
О dağda, о sınaqda
Sən Həzrətə kömək ol.
Sızladı, bu ayrılıq
Üstə bir söz demədi.
Tanrısıyla danışdı,
Üzdə bir söz demədi.

2

Axır ki, bu oylağın
Yerini bildi şeytan.
Bu sehirli bulağın
Sirrini bildi şeytan.
Qara buludlar ilə,
Soyuq küləklər ilə,
Gəldi kələklər ilə.
Əl atdı min hiyləyə
Xeyir-şər savaşında.
Gəldi ağn-acıyla
Öz zülmət ağacıyla
Durdu bulaq başında.
Əvvəlcə nəşələndi
Çox sevindi bu vədə,
Gördü hamıdan uca
О dayanmış zirvədə.
Əlindədir bənd-bərə,
Ona baxır dağ-dərə.
İşığın acığına,
Atəşin acığına,
Günəşin acığına
Bütün ağrı-acıyla,
Öz zülmət ağacıyla
Qarışdırdı bulağı.
Gördü zülmət bürüdü
Bütün yaxın-uzağı,
Göylər bütün qarışdı.
Səma şimşək əlində
Bulud-bulud alışdı.
Göy titrədi, yer əsdi.
Şeytan da bunu bildi,
Şeytana da bu bəsdi.
Keyfı duruldu bir də
Şeytan gülür, oynayır,
Aran sel-su içində,
Dağ-dərələr qaynayır.
Dolu deyil, güllədir
Yağır elin başına.
Şeytan baxıb sevinir.
Çağırır buludları
Bədxahlıq yarışına,
Fürsət onun əlində,
Zülmət onun əlində.
Ellər aman istəyir,
Girdiman «qan-qan» deyir.
Şeytan baxır sevinir
Ölümə «can-саn» deyir.
Ulu tanrım gecə vaxtı
Bu tufanı, bu dolunu,
İldırımla dağ yolunu
Heç yolçuya qismət etmə...
Yoxuş çıxıb deyir dayan
Yeniş düşüb deyir: «Getmə!»
Üfüq hanı, ulduz hanı,
Soraq gəlməz sabahlardan.
Qara zülmət, qara zülmət
Seçilmir əjdahalardan,
Boylanır daş kahalardan
Hər qaya bir vahimədir;
Tufan deyir:
Mən qayanı qoparıram.
Sellər deyir:
Mən daşları aparıram.
Bu zülmətdə kim-kimədir.
Bir səs dönüb min hay olur
Hər dəfə bir gur çay olur.
Aş görüm bu qarlı dağı,
Könlündə haqqın çırağı
Gedir, gedir Həzrət Baba.
Əlindədir işığı da...
Qismətə bax
Xeyir qalıb aşağıda,
Şeytanınsa yeri uca.
Gedir, gedir Həzrət Baba
Xeyir gedir arxasınca.
Ümid gedir arxasınca.
Xeyir geri dönə bilməz
“Haqqın şamı sönə bilməz”.
Şeytan duydu ki, qəfıl
Uğuldayır qulağı
Qolları heydən düşür
Əsir əli, ayağı.
Hardansa gələn işıq
Şüalanır belində.
Sanki zülmət ağacı
Kiçilirdi əlində.
Şeytan şübhəylə bir də
Süzdü yan-yörəsini.
Topladı qəzəbini,
Yığdı bütün hirsini,
Elə qarışdırdı ki,
Bulağı birdən-birə;
Elə bil dağ oynadı
Səma töküldü yerə.

Bu zaman Həzrət Вaba
Amandan, ahdan keçib,
Səbətkeçməzdən ötüb,
Salavatgahdan keçib,
Qurbangahdan yuxarı
Çatırdı bir yoxuşa;
Gördü düşür çovğuna
Tez sığındı bir daşa.
Sanki qayıtmayacaq
Lap son nəfəsi getdi.
Əlindən nur ağacı,
Başından fəsi getdi.
Gah durdu, gah sürüşdü,
Düşdü dərə dibinə.
Tapdı nur ağacını
Balaca qalxdı yenə.
Dizləri qançır oldu,
Ayağı qan, əli qan.
Gördü onu yıxacaq,
Donduracaq bu tufan.

Qəh-qəh çəkib ucadan
Bu vaxt şeytan gülürdü.
Bir iblis əməlindən
Dağ-dərə sökülürdü.
İsgəndər quşlarının
Yuvalan dağılmış.
Kəkliklər pərən-pərən
Ayaqları yığılmış.
Bir quş da uça bilmir,
Marallar qaça bilmir.
Zirvə oyuqlarında
Qartallar batmış qara.
Dağ kəlləri baş alıb
Təpilib mazqallara.
Nə ot qalıb, nə ələf,
Gedir tale yolları
Tələf olmağa tərəf.
Həzrət Baba son anda
Lap acıdı bu hala.
Dedi: - Tanrım, insanı
Düçar etmə zavala.
Sən ocağa, atəşə,
Sən günəşə kömək ol.
Yaşayacaq şər özü
Xeyir işə kömək ol.
Qoy çağırsın köməyə
Neyləsin təkdi Baba.
Ulular ulusunun
Adını çəkdi baba.
Arxasınca elini,
Obasını çağırdı.
Ən ilahi ruh kimi
Köməyə atasını,
Babasını çağırdı.
Böyük müqəddəslərdən,
Ulu-ulu kəslərdən
Bir də aman dilədi.
İmanı kamillərdən
Yenə iman dilədi.
Səs gəldi qulağına;
«Baba durma, Baba, get,
Gəlir bu el, oba, get».
На toxtatdı özünü,
Qüvvət gəldi dizinə.
Durub nur ağacıyla
Bir yol açdı özünə.
Axır çıxdı dərədən,
Sonra da min zülmlə
Ötdü Ağcabərədən.

Amma elə bu zaman,
Bütün ağrı, acıyla,
Öz zülmət ağacıyla
Həşirdə idi Şeytan.
Qarı, çovğunu, yaxşı
Çox zəhləsi gedirdi
Şimşək parıltısından.
Hər dədiqə diksinir
Şübhələnir özündən.
Uzaqdan gələn işıq

Yayınmırdı gözündən.
Bir az hərləndi başı,
Elə bildi dağ-dərə
Yeriyir ona qarşı,
İşıq olub yeriyir.
Xırdalanır əlində
Sanki zülmət ağacı
Yavaş-yavaş əriyir.
Bədəni əsim-əsim
Pozulub bəd əhvalı,
Yaman dəyişib halı.
Gözünü dikdi göyə,
Əlini vurdu suya.
Vahimədən xoflanıb
Yaman düşdü qorxuya.
Çönüb baxdı yuxarı,
Dönüb baxdı arxaya.
Gördü ki...
özünə yol seçirdi.
Bu zaman Həzrət Baba
Çatıb Qızıl qayaya,
Toğludərədən ötüb,
Yelvurmazdan keçirdi.
Hardasa sərt küləklər
Ləngiyirdi deyəsən.
Hava da bir balaca
Səngiyirdi deyəsən.
Həzrət Baba düşəndə
Belə xoş girəvəyə.
Yəhərdaşdan yuxarı
Yetişdi son zirvəyə.

Yox, göy belə gurlamaz,
İldırım çaxmaz belə.
Qaya belə qopulmaz.
Dağ çayı axmaz belə.
Vaydısa bu vay deyil.
Nə haray, nə hay deyil.
Bir bağırtı qopdu ki,
Səs çatdı dan yerinə.
Elə bir ki, dərə, dağ
Dəydi biri-birinə.
Sən belə vurhavurda
Görmə Şeytan üzünü.
Həzrət Baba şax durub
Bir də yığdı özünü.
Şərin canı şüşədə,
Xeyir girəvədəydi.
Özü büllur babanın
Saqqalı ay parçası,
Ağacı nur Babanın
Şöləsi zirvədəydi.
Şeytanın gözlərini
Kor edirdi bu işıq.
Bir az ara qarışıq;
Həzrət Baba istəmir
Versin əldən fürsəti.
Gördü о bədheybəti,
Gördü çıxır aradan.
Şeytan ola çıxmaya
Hər tordan, hər qıradan.
Bir də bağırdı qəfil.
Göy söküldü elə bil.
Özünü vurdu yerə,
Özünü vurdu daşa.
Çönüb dərə aşağı
Dığırlandı birbaşa.
Dalınca daş axını,
Vurdu ona oxunu.
İşıq zülmət dalınca,
О bədheybət dalınca
Baba zirvə uzunu,
Şeytan dərə aşağı
Qaçdı...
Bu şeytan yapalaqdı,
Bir az quzğunsayaqdı,
Vallah bu təkayaqdı.
Qaçır, bu qaçmaqdımı,
Uçur, bu uçmaqdımı.
Şeytan dərə aşağı.
Baba zirvə uzunu...
Baxdı Şeytan qaldırıb
Bir axmazın tozunu.
Haqlamaq istəyəndə
Baba itirdi onu.
Daşladı, ha daşladı
Dərədə uğultunu
Daş qalmadı о yalda,
Baba pərt oldu bir az;
«Gör bu bədxah neylədi,
Diri qaldı yaramaz,
Mən də qalası oldum
Bu dağlarda əbədi.
Şeytan qayıdır dala
Eli salar zavala».


3

Ötmüşdü, о dərdi, о həyəcanı,
Vermişdi qolunu qaya daşına.
Yuxu aparmışdı Həzrət Babanı,
Nuru yayılmışdı bulaq başına.
Musa bulağı da dumduru idi,
O da bu dağların bülluru idi;
Yaman durulmuşdu nur ağacıyla.
Göyləri özündə əks edən suyu
Oynayır günəşin qızıl saçıyla.
Tanrı da görürdü bu mənzərəni,
Dünya nur içində cilvələnirdi.
Alıb öz çiynindən dumanı, çəni
Dağlar işıq-işıq zirvələnirdi.
Gunəşin yoluna çıxıb aşırım,
Hələ novalarda qar şırım-şırım.
Bir taya buludu küləklər yorub;
Gedib sıldırıma sığınıb durub.
Dərə buğlandıqca durulur çayı
Girdiman aparır bu hay-harayı.
Burdan görünür ki, Həftəran gülür.
Çovğundan qurtarıb dağ, aran gülür.
Girdiman elləri gediş-gəlişdə,
Dilləri alqışda, əlləri işdə.

Baba açanda gözünü,
Lap itirdi öz-özünü.
Bu dağın qara daşları
Sanki gül açıb oxuyur.
Bütün İsgəndər quşları
Necə dil açıb oxuyur;
- Yaşa ey xoşniyyət Baba,
Sən qovdun dumanı, çəni.
Sağ ol səni, var ol səni
Həzrət Вaba!
Aman İsgəndər quşları
Necə oxuyurdu, aman!
Həzin neylə, həzin kaman
Elə bil ki səs-səsədir.
Allah, bu səs möcüzədir.
Topa-topa otluqlarda,
Əl yetməyən qoruqlarda
Kəkliklər də qaqqıldaşır,
Səsləri dağlardan aşır.
Baba görür qartalları
Xoşa gəlir xoş halları.
Baxırlar Həzrət Babaya.
0 iti, sərt baxışlarda
Oxunur hörmət Babaya.
Dağkəlilər - bax axına,
Gəlib çıxıb lap yaxına,
Başlannı dikib yerə
Əyilib Həzrət Babaya.
Qıyıb ala gözlərini
Edirlər minnət Babaya.

Nə olacaq ruzusu
Nə olacaq yeməyi?
Baba gördü acından
Sızıldayır ürəyi.
Nəzər yetirdi Вaba
Bir İsgəndər quşuna,
Gördü onun üstünə
Gəlir bu quş birbaşa.
Gəlib durdu önündə,
Başını qoydu daşa.
- Həzrət Baba, ruzunam,
Tanrı göndərib məni.
Kəs məni, halalınam,
Ac qoymarıq biz səni.
- Yox, quşum, gözəl quşum,
Mənə qurban olmuşum,
Səni kəsə bilmərəm...

Вaba gördü birbaşa
Bir dağkəli ayrılıb.
Gəlib onun üstünə
Başını qoydu daşa:
- Ruzunam, yeməyinəm
Qurbanlıq köməyinəm.
Ruzu yolun bağlama.
Özünü ac saxlama.
Həzrət Baba, kəs məni,
Ac qoymarıq biz səni.
Baba baxdı bu hala
Yaman pərişan oldu.
Uşaq kimi kövrəlib
Ürəyi şan-şan oldu:
- Ey əhdinə düz, kəlim,
Səni, alagöz kəlim,
Kəsməyə gəlməz əlim.
Gedin, yaşayın hələ
Çarə var hər müşkülə.
Kəkliklər, dağkəlilər,
İsgəndər quşları da
Amma yaman pərt idi.
Bababnın ac qalması
Onlara bir dərd idi.

Adamın ürəyində
Min cürə güman gəlir.
Gör İsgəndər quşları
Düzülüb sıra-sıra,
Kəkliklər sıra-sıra
Düzülüb yaman gəlir.
Dən var dimdiklərində
Dəni qoyub gedirlər.
O mənzildən qayıdıb
Bu mənzilə yetirlər.

Gələn quşlar nə qədər,
Gedən quşlar nə qədər.
Baba bir də gördü ki,
Dən yığılıb bir əmbiz.
Gəlib quş dimdiyində
Arpa, buğda tərtəmiz.
Dəni alıb bir ovuc
Baba baxdı əlinə;
Mat qalıb güldü şirin
Quşlann əməlinə.
Bərəkətdən çeynədi,
İşıq gəldi gözünə,
Qüvvət gəldi dizinə.
Sonra bildi işini,
Düşündü öz-özünə,
Düşüb getdi meşəyə,
Daha qalmasın bekar,
Bağlansın bir peşəyə.

Yondu nur ağacıyla
Qarağac ağacından
Boyunduruq düzəltdi.
Doladı zəncirsayaq,
Mundarça çubuğunu
Buruq-buruq düzəltdi.
Bir dəmir ağacından
Xış da düzəltdi Baba.
Qarağac siyrimini
Döndərib iplik sapa
На tovladı, tovladı,
Samıbağı eylədi.
Göyrüşdən samıları,
Cığaldan çubuğunu
О gətirib hasilə
Mən hazıram söylədi.
Alıb düzəltdiyini
Вaba qalxdı yuxarı.
Keçib axar-baxarı
Gəldi köhnə yerinə.
Nə deyəsən, cüt gələn
Bu dağkəli mehrinə;
Bu gəldi ki, məni qoş!
О çatdı ki, məni qoş!
- Yox, ay Вaba, məni qoş!
Bu bəhsəbəhs sevinci
Baba üçün necə xoş.
- Ağıllı dağkəlləri,
ho, ho!
Yastı-yastı belləri,
ho, ho!
Saçaq-qaçaq telləri,
ho, ho!
Ala-ala gözləri,
ho, ho!
Qançır olub dizləri,
ho, ho!
Baba əkib bitirsin,
Yeyib yatsın özləri,
ho, ho!
Əkək kəkliklər yesin.
Gəlib əliklər yesin.
Tutacaq bu dağları,
Mənim əkin, biçinim.
Ruzu qazanırıqsa
Daha nədən inciyim?
Yastan dönüb şum oldu,
ho, ho!
Gavahin oda döndü,
Xırda dalar qum oldu,
ho, ho!

Bir dənimiz min olar,
Sünbülü çin-çin olar,
ho, ho!
Baba şumladı əkdi,
Şumu tumladı əkdi.

4

Sən ey səcdəgahımız,
Ey qızıl allahımız,
Açılan sabahımız,
Günəş çıx, günəş çıx!

Odumuz, ocağımız,
Suyumuz, torpağımız,
Ey ömür parlağımız,
Günəş çıx, günəş çıx!

Göyü naxışlandırıb,
Buludları yandınb,
Üfüqü odlandırıb,
Günəş çıx, günəş çıx!

Ey gecə mehmanımız,
Ey gündüz sultanımız,
Açıl qızıl danımız,
Günəş çıx, günəş çıx!
Çıxıb Həzrət baba daş komasından
Günəşə oxudu bu nəğməsini.
Günəş də eşitdi onun səsini.
Dağlar üfüqəcən bir ümman idi.
Aman bu ağ dəniz
Bu yumşaq dəniz
Başqa möcüzəydi görə bilsəniz.
Günəş bu dənizdən çıxmaq istəyir.
Dəniz bu günəşi yıxmaq istəyir.
Gah batır, gah çıxır, nəhəng qızıl şar,
Fırlanır içində alovlar, odlar.
Birdən о nəhəngdən bir halə qalır,
Çırpıb qanadını sahilə qalır.
Qalır sahil boyu sarı kəhrəba,
Hər kiçik dalğada bir lalə qalır.
Və bir də dənizi alıb altına
Güc gəlib min telli zər qanadına.
Dönüb о qızıl şar çırpınıb qəfıl
Atılıb yapışır göyə elə bil.
Üfüq də od tutub, tayalar yanır
Sahildə ən uca qayalar yanır.
О qızıl allaha baş vura-vura
Bütün ucalıqlar bürünür nura.
Sonra bir tül pərdə alır dənizi,
Əlçim dalğaların yanır bənizi.
Dənizlə göylərin arasında lal,
Bir xəyal uzanır, sarı bir xəyal...
Sonra da buğlanır dəniz kənarı
Günəş nəm daşları güzgüləndirir.
Meh vurub ayıran xumar otları
Gün vurub təzədən mürgüləndirir.
Baxır Həzrət baba qoca dünyanın
Körpə təbəssümlü tər gülüşünə.
Bəlkə milyonuncu dəfədir insan
Çıxır hər sabahın ilk görüşünə.

Baba dağlara baxdı,
Salam verdi yenidən
Sabahın yellərinə.
Yellər onu apardı
Girdiman ellərinə.
Baba kövrəldi bir az,
Obasında gör necə
Ellisini düşündü.
Elliləri içində
Güllüsünü düşündü.
Gördü ki, aran eli
Üzü dağlara tərəf,
Əlləri qaşındadır.
Bir baba sorağında
Baba alqışındadır.
Amma Güllü nənənin
Başqadır baxışları,
Başqadır soraqları,
Başqadır alqışları:
- «E1 bilməsin, ayıbdır,
- Bilmirəm, necə dözüm.
Yolda qalıb ürəyim,
Dağlarda qalıb gözüm.
Sən hardasan, ay Həzrət,
Üzür məni intizar,
Yıxır məni bu həsrət.
Mən nigaran qalınca,
Soraqlayıb yolunu
Gələcəyəm dalınca.
- «Yox, Güllü, sən tanrı,
Düşmə belə yoxuşa.
Sənin zərif bədənin
Dözməz qara, yağışa.
Məndən nigaran olma
Məndən bədgüman olma.
Özüm enib gələrəm
Ölməyib şeytan hələ
О şər qayıdar dala,
Eli salar zavala.
Bir az da səbirli ol,
Bir az da tədbirli ol».
Güldəmi, çiçəkdəmi,
Yerdəmi, fələkdəmi
Görüşdülər hardasa,
Hardasa baxışdılar.
Hardasa şirin-şirin
Beləcə danışdılar;
Xeyli uzandı söhbət.
Amma ki, Həzrət Baba
Komasının önündə
Oturmuşdu bir müddət.
О dənizin dumanı
Çəkilib açılırdı,
Səmada pərdə-pərdə,
Həzrət Baba gördü ki,
Bir qara quzğun gəzir
Fırlanır həndəvərdə,
Fırlanır başı üstə.
Gah dərəyə baş vurur,
Gah qaya daşı üstə
Qonub baxır ətrafa.
Gözündə başqa hiylə,
Canında başqa hava.
Baba quzğuna baxdı
Könlünə nəsə damdı.
Amma fıkir vermədi,
Gördü dağlar aramdı.
Döndü zəmiyə tərəf
Baxdı səhər yelləri
Zəmisini daramış.
Üç barmaq enliyində
Hər sünbülə bir qarış-
Tamam kəhrəba zəmi,
Olmaz bərəkətindən,
Gəlməz hesaba zəmi,
Dağlar havası kimi
Babanın bir qanadlı
Fərəh doldu içinə
Dedi hava yaxşıdı,
Durum girim biçinə.




5

Sizə qurban özüm, yollar,
Canım yollar, gözüm yollar,
Həzrət Babanı gördünmü?
Yollar dedi: - Nur ağaclı
О çaylardan keçdi getdi.

Gözüm gəzər, könlüm haylar,
Canım çaylar, gözüm çaylar
Həzrət Babanı gördünmü?
Çaylar dedi: - Haqq mövlanı
О bulaqdan içdi getdi.

Mənə xəbər, mənə soraq,
Canım bulaq, gözüm bulaq,
Həzrət Babanı gördünmü?-
Bulaq dedi:- Qurbangahdan
Haqq yolunu seçdi getdi.

Sənə qurban, eylə agah,
A Qurbangah, can Qurbangah,
Həzrət Babanı gördünmü?
Dedi: - Gördüm, tanrım deyib
О dağları aşdı getdi.

Sıldırımın yolu dağlar,
Canım dağlar, gözüm dağlar,
Həzrət Babanı gördünmü?
Dağlar dedi: - Mövlanımız
Dağkəlisin qoşdu getdi.

Güllü nənə soruşdu,
Hər ağacdan soruşdu.
Daş qayadan soruşdu
Gül yamacdan soruşdu.
Däğa dedi:- Yönümü
Sən ölçü - biçimi ver.
Zirvə mənə əl uzat,
Tanrım, sən gücümü ver.
Enişi enə-enə
Təpəni aşa-aşa;
Sözünü dedi suya,
Dərdini dedi daşa.
«Bu daş belə hamarsa,
Həzrət də burdan keçib,
Dumduru suyu varsa
Həzrət bu yurddan keçib.
Yoxuş, mənə aman ver
Tanrım, mənə güman ver»..
Amanı ala-ala,
Gümanı ala-ala
Elə bil quşa dönüb
Hey qonur yaldan-yala.
El gəlir arxasınca
El qalır ondan dala.
Yol gəlir arxasınca
Yol qalır ondan dala.
Gedir Güllü nənəmiz
Qalxır haqq dərgahına.
Niyyətini bağlayıb
Baba ümidgahına.

- Bir toxumu min olarmış,
Sünbülü çin-çin olarmış,
Xırda daş da dən olarmış...
Biç orağım, biç orağım,
Vərdən-vərə keç orağım.
Gəlin, əliklərim, gəlin,
Gəlin kəkliklərim, gəlin.
Daş altında yatmışlarım,
Gəlin İsgəndər quşlarım.
Uçun dəstə-dəstə gəlin.
Gəlin, xırman üstə gəlin

Bu bərəkət ocağına,
Bax sünbülün saçağına
Şeytanlann acığına
Biç orağım, biç orağım.
Vərdən-vərə keç orağım.
Bir puddur dərzi hərəsi,
Vələmirdən bəndənəsi.
Zoğal boyda hər dənəsi,
Biç orağım, biç orağım,
Vərdən-vərə keç orağım.

Meydana kəllərim gəlsin,
Xırmana vəllərim gəlsin.
Bu bərəkət bəsdi bizə;
Yesin quşlar, yesin kəllər,
Yesin külfət, bəsdi bizə.

Daşlı, qumlu torpağa
Hər kəs edərdi səcdə.
Bərəkət bolluğundan
Baba gəlirdi vəcdə.
Dərzlər durub yan-yana,
Sonra baba onları
Bir-bir düzdü xırmana.
Bu nə kölgədi keçdi?
Baba dikəldi, baxdı!
Gördü qara quzğunu -
Uçmağı bir sayaqdı.
Bəlkə də heç о qədər
Vaxt keçmədi aradan.
Qara-qara buludlar
Birdən gəldi haradan!?.
Gəlib qovuşdu hava,
Zülmət çökdü ətrafa,
Bir tufan qopdu qəfil,
Xırmanı yerlə-yeksan
Edəcəkdi elə bil.
Titrəyib qəzəbindən
Baba bir az dayandı.
Yox, bildi ki bu tufan
Tamam başqa tufandı.
Ağır-ağır daşları
Tez döşədi xırmana.
Bir-iki dərzi külək
Qaldırdı asimana.
İsgəndər quşları da
Əkildilər bir başa.
Bir dağkəli dirəyib
Ayağını sal daşa,
Od nəfəsli kəllərin
Qaşları ağarırdı.
Deyəsən zirvələrin
Başları ağarırdı.
Baba bu çən-dumana
Bir güldü acı-acı,
Ha orda nur ağacı –
Ha burda nur ağacı
Baba qaçdıqca qaçdı,
Düz Musa bulağına
Üz tutub dağı aşdı.
Baxdı yaxın, uzağa,
Gördü о qara quzğun
Gedib enib bulağa.
Əcayib bir dimdiyi,
Əcayib ayağı var.
Bildi ki, о ayaqda
Bir şeytan barmağı var.
Quzğun ağn acıyla,
Caynağına bənd olan
О zülmət ağacıyla,
Qarışdırır bulağı!
Titrədi qayalarda
Babanın haqq sorağı:
- Qalxın, ey qartallarım!
Baxmayın bu çovğuna...
Şığıyın, mən də gəldim,
Şığıyın о quzğuna!
Gözlərində qızıl qan
Ən uca qayalardan
Dikəlib neçə qartal
Göylərə milləndilər,
Küləkdə yelləndilər,
Şığıdılar bulağa...
Baş yarırdı bu dolu,
Göz çıxarır bu külək.
- Ey Həzrət, mənə kömək!
Hardasan?! Mənə kömək?!
Səs inləyib tufanda
Daşda sınıb dayandı.
Həzrət Baba elə bil
Daş uyğudan oyandı.
- Hardasan? Həzrət, kömək!
- Ey tanrım! Bu nə səsdi!
Baba başqa səmt alıb
Qəfıl səsə tələsdi.
Baş yarırdı bu dolu,
Göz çıxarır bu külək.
Ayaqları altında
Dolular qırma-qırma,
Dağ yolu burma-burma.
Ayağını nə cürə
Baba atır bilmədi.
Hardan gedir görəsən?
Hara çatır, bilmədi.
Bilmədi daşı, dağı,
Endi üzü aşağı.

Yox, daha görmə, gözüm,
Yox, daha kəsmə, ağlım!
Hara gəlib çıxmısan
Sən a, yolları bağlım!
Kəsmə daha ey, tufan,
Keçmə daha, ey duman.
Vallah, bu sən deyilsən
Oyan, a Güllü, oyan!
Ağ zülfün ağ qar üstə
Güllü, baxa bilmirəm!
Ölmə intizar üstə
Güllü, baxa bilmirəm.
Haraya çatan mənəm.
Bu dağda yatan mənəm.
Sən bir candı vermisən,
Günaha batan mənəm.
Axirətdə yuyulmaz
Bu günah da mənimdir.
İndi ah da mənimdir!
Barmağın qar, əlin qar,
Dağda qarı neyləyim?
Bu da başqa qubardı
Bu qubarı neyləyim?
Həzrət Baba sızladı,
Ağladı ürəyində.
Həzin bir nalə vardı
Dağların kürəyində.
Güllü nənə uyğuda
Gümüş çarpayı üstə.
Sanki qu quşu yatıb
Bir bulud layı üstə.
Bəlkə ayılıb durar
Bir isti nəfəs alsa.
Baba, isti nəfəslə
Can vermək olmaz buza.
Baba о büllur buzu,
Bir də sıxdı köksünə.
Amma о soyuq buzdan
Yandı qəlb, yandı sinə.
Baba dedi bəlkə də
Eh, itirib huşunu;
Aldı qolları üstə
Həmin о qu quşunu.
Вaba bir də sızladı
Ağladı ürəyində.
Həzin bir nalə vardı
Dağların küləyində.

Bu daş məzar, bu qum məzar,
Solğun məzar, yorğun məzar.
Sıldırımlar sırasında,
Bir qayanın arasında
Qalar yalqız, solar yalqız,
Qar, yağışla dolar yalqız.

Girdimanın ilk bulaqdan
Baş aparıb çağladığı,
Güllərinin gülümsünüb
Daşlarının ağladığı
Bir məkanda,
Gah baharda, gah tufanda
Qalar yalqız, solar yalqız
Qar, yağışla dolar yalqız.

- Özün eşitmirsən yəqin,
Barı çiçəklərin bilsin.
Məzarına sığal çəkən
Həzin küləklərin bilsin,
Güllü, salamat qal daha!

Yorar səni bu daş sükut
Gedər duman, gələr bulud,
Könlümü yanında uyut,
Sən tək qala bilərsənmi?!

Uzun-uzun qışlar ilə,
Soyuq-soyuq daşlar ilə
Sən tək qala bilərsənmi?!
Sənli keçən günlərimi
Saxla bu daş arasında.
Mənim də bir əcəlim var,
Göz ilə qaş arasında.
Güllü, salamat qal daha!
Daş evində yat qal daha!

Həzrət Baba əlini
Verib daşa dikəldi.
Gördü ömür yolunda
Tək ayaqdı, tək əldi.
O, ayrıldı məzardan,
Gördü özü burdadır,
Könlü başqa səfərdə.
Dağkəlilər narahat
Fırlanır həndəvərdə.
Çox həzin bir kədər var,
О, alaca gözlərdə.
İsgəndər quşları da
Oxuyur qəmli, qəmli.
Baba qalxdı yuxarı
Yolu, cığırı bəlli.
«Şeytanadaşatılan»
Görünürdü qarşıda.
Вaba ora çatanda
İstədi addımını
Balaca yavaşıtda.
Sonra dedi qoy gedim;
Bir də gördü qartallar
Həmin qara quzğunu
Ediblər didim-didim.
На şığıya-şığıya
Qartallar quzğunları
Qovurlar aşağıya.
Bundan sonra quzğunlar
Bir daha zirvə görməz.
Leşdən başqa özgə yem,
Özgə girəvə görməz.
Baba çox alxış dedi
Bu qartal hünərinə.
Sonra qalxdı yuxarı
Çatdı xırman yerinə.
Xırman yeri necə də
Təmizlənib, boşalıb.
Dərzlər axıb gedibdir
Dərələrdən baş alıb.
Sel doldurub toxumu
Vadilərə, bəndlərə.
Yayılıb bu bərəkət
Obalara, kəndlərə.
Bu xırmandan el-oba
Xırman-xırman dolacaq..
Çəməndə sünbülotu,
Anbarda dən olacaq.
Nə qədər ki, ellərdə
Həmin bərəkət qalar,
Deməli, Həzrət qalar.
Ona ibadət qalar.
Dağa ziyarət qalar.
Babamız bu ümidə
Gülümsündü balaca.
Bir də baxdı əlində
İşıq saçan ağaca.
Keçib xırman yerini
Yoxuşu qalxa-qalxa
Gəlib çatdı bulağa.
О Musa bulağını
Bir də saldı sahmana.
Tanrı göydən həmişə
Baxır yaxşı-yamana.
Axır Musa bulağı
Bu dağın saf billuru,
Onu şəfəqləndirir
Həzrət Babanın nuru.
Baba bulaq başında
Durub düşündü bir az.
Dedi, bu duruluğu
Şeytana vermək olmaz.
Bu vaxt bir səs eşitdi
Qulaq verdi uzağa.
Duydu ki, arxasınca
Bir el düşüb sorağa.
Keçib dağdan, arandan,
Alazan, Həftərandan
Dəstə-dəstə gəlirlər.
Baba keçdiyi yoldan
Tutub da yüksəlirlər.



- «Babanın yolları daşdı,
Bu enişdi, bu yoxuşdu;
Çəkdiyimiz çəfa xoşdu,
Babam hey! Babam hey!...»

- Mənim babam komasında oturmuş,
Kitabını qucağına götürmüş.
Dağlar aşıb özün haqqa yetirmiş,
Babam hey! Babam hey!

- Gözümü tikmişəm tanrım səmaya,
Könlümü vermişəm, elə-obaya,
Nitqimi bağladım Həzrət Babaya
Babam hey! Babam hey!...
7
Həzrət Baba qalxdı, qalxdi,
Bir zirvədə
Ətrafına dönub baxdı.
Gördü elə bu dağlarda
Uca duran zirvə budu.
Qurşağında ağ dumanı
Başı üstə boz buludu.
Durub ondan aşağıda
Dağ yerində, daş yerində.
Zindan qaya, qızıl qaya
Qurubdur bardaş yerində.
Yaranışdan ölməz qalan
Quzey, güney eləcədir.
Göylə yerin
Qəribə bir oyunu var;
Bu oyun da heç-heçədir,
О yastanda
Xırman yeri mürgülüdü.
Yanda Musa bulağının
Daşı yenə güzgülüdü-
Suyu billur, daşı almaz;
İnnən belə, innən belə
Bu çeşmə şeytana qalmaz
Həzrət Вaba bir də baxdı
Bu bulağa ruhu pərvaz...

Baba bu vaxt
Alıb öz nur ağacını
Var gücüylə sancdı yerə.
Bütün zirvə
İşıqlandı birdən-birə;
Nurlandı о dağ, о daş.
Həzrət Baba nur içində
Əriyirdi yavaş-yavaş,
Bəlkə dağın atəşiydi,
Bəlkə elə
Sabahların günəşiydi
Doğulurdu bu zirvədə.
Əbədi bir yanğı vardı
Bu atəşdə, bu cilvədə.
Mazqalların qapısında
Qəfıl yanan bulud vardı.
Həndəvərdə
Bir qəribə sükut vardı.
Dağ kəlləri
Səcdə edib bu zirvəyə
Əymişdi buynuzlarını.
Həm İsgəndər quşlarının
О qəmli avazlarını
Qaya alıb səda kimi,
Ötürürdü daşdan-daşa
Bir əbədi nida kimi.
Qartallar da lal qayada
Bir daşla eyniydi sanki;
Qısılmışdı boğazları,

Dikəlmişdi çiyinləri
Yapıncı çiyniydi sanki.
Həzrət Baba nura dönüb
Məzarı billura dönüb
Ucalırdı о zirvədə.
Əbədi bir ömür vardı
О işıqda, о cilvədə.
Salavatgahdan yuxarı
Gəlirdi insan axarı –
Dağdan-dağa çatırdılar.
«Şeytandaşatılan»da
Şeytana daş atırdılar.
Bütün Girdiman elləri,
Aran, Həftəran elləri
Gəlirdi bu nura tərəf.
Məzarı billura tərəf-
«Babanın yolları daşdı,
Çəkdiyimiz çəfa xoşdu...
Babam hey!... Babam hey!.
Zirvədə dağ oldu Baba,
Dağda çıraq oldu Baba.
Gedək ha, Gedək ha...
Gedək о billur sabaha.
Yoxuşludur, enişlidir,
Min illərdir Baba yolu
Gəlişlidir, gedişlidir,
Aman yolu, iman yolu,
Bir ilahi güman yolu –
Gedək ha... Gedək ha...
Gedək о billur sabaha.
Bir əbədi nida olmaq,
El yolunda fəda olmaq,
Ən müqəddəs əməl kimi
Həmişə dünyada olmaq
zirvəsinə
Biz ucala bilməmişik,
Orda qala bilməmişik,
Gedək ha... Gedək ha...
Gedək о billur sabaha.
Hələ nənə qəbri qalıb:
Babamızın səbri qalıb.
Bu Göyçaydı, о Girdiman –
Ömrümüzün
Dumduru bir hərəkəti.
О babamın xırman yeri –
Ordan axar bu ellərin
bərəkəti.
О bərəkət ocağına,
Gedək Musa bulağına,
Gedək ha... Gedək ha...
Gedək о billur sabaha.
Maşın qalsın, at gətirin,
Salavatgahdan keçəndə
Bir də salavat gətirin.
Gedək yaylaq sularında
Təmizlənə, təmizlənə.
Gedək çiçək baxışıyla
Əzizlənə-əzizlənə.
Dağkəlinin vəfasına,
Gedək İsgəndər quşunun
Şirin-şirin avazına,
Gedək ha... Gedək ha...
Gedək о billur sabaha.

Dünya malı yaranmayıb
Ki, sənin, mənim olmağa.
Birləşə bilmirik, Babam!
Şeytana qənim olmağa -

Gedək susuz quyumuzda,
Gedək çirkli suyumuzda
Şeytanları öldürməyə,
«Şeytanadaşatılan»da
Gedək şəri daşlamağa,
Gedək xeyri güldürməyə,
Köksümüzü ayıltmağa
İlkimizə qayıtmağa,
Gedək ha... Gedək ha...
Gedək о billur sabaha...
Ən müqəddəs baş kitabdı,
Zirvə boyda daş kitabdı –
Oxumağa, öyrənməyə,
О kitabı diriltməyə,
Gedək ömrə gərək olan
Bir savabı diriltməyə,
О işığa gedən yollar
bitmir hələ,
Əllərimiz о zirvəyə
yetmir hələ;
Hələ uca zirvə budu-
Qurşağında ağ dumanı,
Başı üstə boz buludu,
İşıq olub saçılmağa,
Çiçək-çiçək açılmağa.
Qaya kimi bərkiməyə
Zirvə olub ucalmağa.
Cığır-cığır burulmağa,
Bulaq kimi durulmağa.
Gedək ha... Gedək ha...
Gedək о billur sabaha.
Gəl gedək о nura tərəf,
Məzarı billura tərəf.

1989
XS
SM
MD
LG