Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:22

Zərərçəkən polis: «Məni qızlar da döydü»


Arif Hacılı
Arif Hacılı
«Tural Abbaslı «İstefa», «Azadlıq» qışqıra-qışqıra üstümüzə hücum etdi. Mən sağ qulağımdan zərbə aldım və yerə yıxıldım».

Bunu Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi Faiq Hüseynov dedi. O, 2 aprel məhbusları Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının işi ilə bağlı sentyabrın 9-da Səbayel rayon məhkəməsində keçirilən növbəti iclasda zərərçəkən kimi ifadə verdi.

Rəis bildirdi ki, ona kimin xəsarət yetirdiyini görməyib. Bununla belə o qeyd etdi ki, bəzi aksiya iştirakçılarının əlində içində dəmir armatur olduğunu ehtimal etdiyi bükülü qəzetlər görüb. Bu zaman vəkillər sual etdi ki, niyə həmin küt alətlər sübut-dəlil kimi istintaqa təqdim olunmayıb. Zərərçəkən bunu hadisə yerində qarışıqlığın olması ilə izah edib.

POLİS: «HUMANİSTLİK GÖSTƏRMİŞƏM»

Vəkillər Faiq Hüseynovun istintaqa verdiyi ifadə ilə məhkəmədə dedikləri arasında ziddiyyətlərin olduğunu bildirdilər. Onların deməsinə görə, rəis istintaqa ifadəsində əlindən də zədə aldığını desə də, məhkəmədə yalnız sağ qulağından zərbə vurulduğunu bildirib.

Vəkillərin niyə sizi vuranın kim olduğunu araşdırmamısınız sualına isə rəis cavandır deyə, humanistlik göstərib araşdırmamışam cavabını verdi.

Daha sonra məhkəmədə digər 9 nəfər polis əməkdaşı da sərbəst ifadə verdi. Onlar da 2 aprel aksiyasında müxtəlif bədən xəsarətləri aldıqlarını bildirdilər. Polislər onlara xəsarət yetirənlərin müttəhimlər kürsüsündə oturan 4 nəfərin olmadığını da dedilər.

REANİMASİYADA MÜSAHİBƏ VERƏN ZƏRƏRÇƏKƏN

Polislər aksiyalar zamanı
Vəkillər və ittiham olunanlar daha çox zərərçəkən Nəsimi Rayon Polis İdarəsinin çavuşu Asəf Nəbiyevin ifadəsinə etirazlarını bildirdilər. Asəf Nəbiyev ifadəsində dedi ki, bel və kəllə-beyin nahiyəsindən zədə alıb, 7 gün reanimasiya şöbəsində yatıb, cərrahiyyə əməliyyatı olunub.

Vəkil Anar Qasımlı: Sizin hər hansı siyasi mənsubiyyətiniz varmı?

Asəf Nəbiyev: Xeyr, mən polisəm, heç bir siyasi partiyanın üzvü ola bilmərəm, bitərəfəm.

Vəkil Anar Qasımlı: Aprelin 6-da sizin «Azərbaycan» qəzetində müsahibəniz və şəkliniz çıxıb. Əvvəla reanimasiyada ola-ola necə müsahibə verə bilərsiniz. İkincisi də, şəkildə əliniz sarıqlıdır, yəni görüntü yaradırsız ki, zədə almısız, amma əlinizdən zədə almağınız heç bir ifadədə deyilmir. Yazıda isə konkret siyasi baxışlar, siyasi mövqe ortaya qoymusunuz, «radikal müxalifət» ifadəsi işlətmisiz. Onların xalqdan dəstək ala bilmədiklərini, xaricdən maliyyələşdiklərini, məkrli niyyətdə olduqlarını və s. bu kimi fikirlər demisiniz.

Anar Qasımlı vəsatət qaldırdı ki, polis əməkdaşı olaraq siyasi mövqe ortaya qoyduğuna görə Asəf Nəbiyev zərərçəkən kimi məhkəmədən uzaqlaşdırılsın və qəzetə verilən müsahibə də cinayət işinə əlavə olunsun.

Hakim bu vəsatəti təmin etmədi.

«MƏNİ QIZLAR DA DÖYÜRDÜ»

Aksiyadan görüntü
Məhkəmə iclasında daha bir etiraz Binəqədi rayon Polis İdarəsinin əməkdaşı Rövşən Məmmədovun ifadəsi zamanı eşidildi. Rövşən Məmmədov onu döyənlər arasında qızların da olduğunu dedi. Onun bu dediyinə hakim də biganə qalmadı:

«Qızlar döyüb deməsəydin dünya dağılmazdı ki» – deyə hakim münasibət bildirdi.

Zərərçəkən Sarvan Məhərrəmovun nümayəndəsi Tamerlan Seyidova da vəkillər etiraz etdilər. Üstəlik Sarvan Məhərrəmovun özünün məhkəməyə dəvət olunmasını tələb etdilər. Hakim onların bu tələbini təmin etdi.

Daha sonra vəkil Anar Qasımlı müdafiə etdiyi Tural Abbaslının zaminə buraxılması üçün 46 ( zərərçəkənlərin sayı qədər) nəfərin ərizəsini hakimə təqdim etdi.

Məhkəmə prosesi sentyabrın 12-də davam edəcək.

Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar. Bu ittiham təsdiqlənərsə onları 3 ilədək həbs cəzası gözləyir.

Təqsirləndirilənlər ittihamları qəbul etmir. Siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.
XS
SM
MD
LG