Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:40

M.Brayza 11 sentyabrı belə xatırlayır


Metyu Brayza
Metyu Brayza
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza (Matthew Bryza) AzadlıqRadiosuna müsahibə verib. Səfir həm 11 Sentyabr hadisələri, həm də başqa məsələlər barədə suallara cavab verib.

- Cənab səfir, 11 Sentyabr hadisələrini şəxsən necə xatırlayırsız? Həmin gün Siz harada idiniz?

- Sentyabrın 11-də mən Ağ Evdə idim. Mən Prezident Administrasiyasında Cənubi Qafqaz və Orta Asiya, Türkiyə, Yunanıstan və Kipr məsələlərinə baxırdım. Mən televiziyada ikinci təyyarənin ikinci qülləyə necə dəydiyini canlı gördüm, bunu heç vaxt unutmayacağam. Onda mən həmkarlarıma dedim ki, bu, qəza deyil, nəsə ciddi terror hücumudur. Yadımdadır, həmin hadisədən iki gün əvvəl Əfqanıstanda Şimal Alyansının lideri Məsud öldürüləndə, mən demişdim ki, nəsə ciddi hadisə baş verəcək. 11 Sentyabr terroru baş verərkən biz Ağ Evdən evakuasiya olunanda, mən həmkarlarıma dedim ki, gördünüz, həmin hadisə baş verdi. Həmin anda bizə dedilər ki, digər bir təyyarə Ağ Ev istiqamətində uçur, ona görə də biz təcili binanı tərk etməliyik. Mən nə baş verdiyini anlayanda içimdə milyonlarla amerikalı kimi belə bir arzu yarandı ki, ölkənin təhlükəsizliyi üçün hansısa bir iş görüm. Bəxtimdən elə bir işdə idim ki, belə bir işin planlaşdırma prosesində iştirak edirdim. Əfqanıstana çıxışımızın, Orta Asiyada baza yaradılmasının planlaşdırılmasında iştirak edirdim. Yaxşı xatırlayıram, 11 Sentyabr terroru baş verən gün bir ölkə dərhal bildirdi ki, «bizim hava məkanımızdan məhdudiyyətsiz istifadə edə bilərsiz». Bu ölkə bizim Əfqanıstana hava dəhlizimizi təmin etdi. Bu ölkə Azərbaycan idi.

NƏ DƏYİŞİB?

-11 Sentyabr ABŞ xarici siyasətinə hansı dəyişikliyi gətirdi? Bu hücumların ABŞ-ın dünyadakı mövqeyi və yerinə nə təsiri oldu?

- Hamıya aydın olan odur ki, terrorçuluqla mübarizə ABŞ-ın xarici siyasətində əsas məsələyə çevrildi. Bunu hər kəs bilir. Adamların elə də qiymətləndirmədiyi, başqa bir mühüm dəyişiklik odur ki, biz əsas və yeni tərəfdaşlarımızla birləşdik - dünyada hər kəsi bu ağır cinayətdən qorumaq üçün. Həmin gün öldürülən 3 000-dək insanın çoxu amerikalılar olsa da, 90-dan çox ölkənin nümayəndəsi də var idi. Onlardan çoxu da müsəlmanlar idi. Mənim hiss elədiyim ən böyük dəyişiklik o idi ki, bütün ölkələr bir mübarizədə birləşdi. İllər keçdikcə, bu iş nisbətən zəiflədi, amma indi bərpa olunub və bizim ənənəvi müttəfiqlərimizlə, yeni tərəfdaşlarımızla möhkəm münasibətlərimiz var. Bütün dünyada elə insanlarla işləyirik ki, onlar heç bir halda zorakılığı qəbul etmirlər. İstər ideologiya, istərsə də dindən öz məqsədləri üçün istifadə etmirlər. Biz həmçinin, bəşəri insan haqları və demokratiyanın islamla ziddiyyət təşkil etməsi fikrində olanlara qarşı mübarizə aparırıq. Bu fikir yanlışdır. Mən bunu öz araşdırmalarımdan, karyeramdan, ailəmdən bilirəm. Demokratiya, universal insan haqları və islam bir-birinə tam uyğundur.

- ABŞ Əfqanıstanda, İraqda əməliyyatlarda iştirak edir. Sizcə, dünya indi daha təhlükəsizdir?

- Biz heç vaxt nə dərəcədə təhlükəsiz olduğumuzu bilmirik. Ancaq bir şeyi dəqiq bilirəm. Biz onları darmadağın etməklə, «əl-Qaidə»ni zəiflətməklə, Üsamə bin Ladeni məhv etməklə bir sıra terror aktının qarşısını almış olduq. Bütün dünyada insanlar bundan bəhrələniblər. Bakıdakı tərəfdaşlarımızla elə səmərəli işləmişik ki, hətta burda da, bu səfirliyə qarşı da də bəzi terror aktlarının qarşısını ala bilmişik. Düşünürəm ki, bütün bu fəaliyyəti başlamasaydıq, indiki qədər təhlükəsiz olmazdıq. Təhlükəsizliyi qorumaq üçün biz eyni zamanda ayıq-sayıq olmalıyıq.

BİZ SƏHVLƏRDƏN ÖYRƏNİRİK

- ABŞ siyasətini tənqid edənlər iddia edirlər ki, İraqdakı əməliyyatın etibarlı əsaslandırması olmayıb. Bu müharibə ABŞ-da və beynəlxalq səviyyədə tənqidlərə səbəb oldu. Bu tənqidlərə cavabınız nədir? Bəzi tənqidçilər Buş administrasiyasının 11 Sentyabrdan sonra xeyli səhvlər etdiyini deyirlər. Quantanamo, Əbu-Qreyb, işgəncə iddiaları, qanunsuz saxlamalar, günahsız insanların ölümü və sairə.

- O vaxt Birləşmiş Ştatlar müttəfiqləri ilə birlikdə İraq müharibəsinə dair, həmin vaxt əlində olan məlumatlara əsasən qərar verdi. Ovaxtkı arqument bu idi ki, Səddam Hüseyndə silah var, ancaq bu silahların harada olduğunu bilmirdik, o özü də BMT ilə bu sahədə işləmirdi. Bütün ölkələrin səhvi olur və biz bu səhvlərdən öyrənirik. Prezident Obama da, ondan əvvəlki prezident Buş da qeyd edirdi ki, Əbu-Qreyb bir cinayətdir, o cinayəti törətmiş hər bir kəs ittiham olunub, layiq olduğu cəzanı alıb. Heç kəs istəməzdi ki, belə bir cinayət baş versin.

ABŞ qoşunları Əfqanıstanda, 27 iyul 2010
Quantanamo daha mürəkkəb bir məsələ idi. Biz inanırıq ki, oradakı bütün insanlarla insani, beynəlxalq standartlara uyğun rəftar edirik. Prezident Obama buranı bağlamaq istiqamətində işləyir. Orda saxlananların çoxu öz ölkəsinə qaytarılıb. «Quantanamoda qalan təhlükəli şəxslərlə neyləməli» sualı isə açıq qalır. Çünki onlar törətdikləri cinayətə görə beynəlxalq hüquq qarşısında da məsuliyyət daşıyırlar.

Biz səhvlərdən öyrənirik. Hazırda həm bütün icmaların, həm də müttəfiqlərin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik. İstər sivil azadlıqlar, istər demokratiya - bu anlayışlar bizim xarici siyasətimizin əsasını təşkil edirlər. Bütün bunlara əməl etmədən heç bizim işimizi görməyin mənası yoxdur.

NÜMUNƏVİ ÖLKƏ

- Müsahibənin əvvəlində Azərbaycanın reaksiyasından danışdınız. Ümumilikdə bu ölkənin terrorçuluqla qlobal mübarizədə rolu barədə nə deyə bilərsiz? Hökumətdən, eləcədə də sıravi sakinlərdən aldığınız dəstəkdən razısınızmı?

- Biz yüksək səviyyədə əməkdaşlığa, bizə göstərilən həmrəyliyə görə Azərbaycan hökumətinə və xalqına çox minnətdarıq. Terrordan sonra 24 saat içərisində Azərbaycan hava məkanını limitsiz uçuşlara açdı. Bu, çox mühüm idi və öz təcrübəmdən bilirəm ki, bizim prezident üçün çox böyük təskinlik idi. Biz Əfqanıstana, həmçinin Orta Asiyaya bu hava uçuşlarına, həmçinin quru və dəniz daşımalarına çox güvənirik. Azərbaycan çox böyük, mühüm rol oynayır. Dünyəvi ölkə olaraq əhalisinin böyük hissəsinin müsəlman olmasına baxmayaraq, dini siyasətdən ayıran, mövcud qonşularına rəğmən Avro-Atkantik alyansın üzvü olmağa razılıq verən Azərbaycan belə bir nümunə yaradıb. Nəticədə böyük ümidlər yaranıb ki, dünyəvilik, din, demokratiya və Qərblə əməkdaşlıq vahid şəkildə mövcud ola bilər. Biz bu prosesin, islahatların davam etməsini, dərinləşməsini, sürətlənməsini istəyirik. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllini istəyirik, bunu vacib sayırıq.

KAZAN DANIŞIQLARI UĞURSUZ OLMAYIB

- Dağlıq Qarabağ danışıqlarına toxundunuz. Kazan danışıqlarındakı uğursuzluq, tərəflərin qarşılıqlı sərt bəyanatlarından sonra danışıqlarda nəsə bir irəliləyiş varmı? Yüksək səviyyədə danışıqların keçirilməsi nəzərdə tutulurmu?

- Əvvəla onu deyim ki, Kazan danışıqları heç də uğursuz olmayıb. Düzdür, adamların çoxu danışıqlardan ciddi sıçrayış gözləyirdi, bu, olmadı. Biz də bundan təəssüfləndik. Vaxt keçib, biz tərəflərlə danışıb görürük ki, Kazanda proqres olub. Həmsədrlər indi işlərini intensivləşdirirlər. İki gün bundan əvvəl (sentyabrın 8-də) Vyanada görüşüblər. İndi onların işi Kazanda nə baş verdiyini dəyərləndirmək, hər iki tərəfin baza prinsiplərini tamamlamaq üçün istədiklərini götür-qoy etmək, uyğun ifadələr hazırlamaqdır. Yəni, proses davam edir. İnanıram ki, gələcəkdə liderlər səviyyəsində görüş baş tutacaq. Düşünürəm ki, Azərbaycanın nöqteyi-nəzərindən də, Kazan mühüm nöqtə olub. O, baza prinsipləri üçün hansı işlərin görülməli olduğunu göstərdi. Bu prinsiplər yekunlaşandan sonra tərəflər sülh müqaviləsi üzərində işləməyə başlayacaqlar. Azından bunu mənə burdakı liderlər deyir.

SƏFİRİN ÇƏTİNLİKLƏRİ

- 8 aya yaxındır (əslində 7 ay 2 gündür - Brayza düzəliş edir) ki, Azərbaycanda səfirsiniz. Bu müddətdə nəyə nail olmusuz, səfir kimi çətinlikləriniz nə olub?

- Əslində qarşımda 3 çətinlik olub. Birinci çətinlik bizə imkan verirdi ki, digər iki çətinliyi həll eləyək. Birinci çətinlik uzun fasilədən, səfirin olmamasından sonra ikitərəfli münasibətlərdə yaranmış boşluğu, müəyyən pisləşmədən sonra əhval-ruhiyyəni düzəltmək idi. Təbiidir ki, səfir olmayan dövrdəki əlaqələr səfir olan dövrdəki əlaqələrdən daha pis olur, əks təqdirdə mənim burda olmağımın mənası olmazdı. Özümün burda siyasi və iqtisadi liderlərlə, eləcə də sıravi sakinlərlə münasibətimdə çox böyük müsbət əhval-ruhiyyə hiss edirəm. Bu əhval-ruhiyyə daha yaxşı etibar yaradır. Bu etibardan və öz enerjimdən istifadə edərək mən qalan iki məqsədimə çatmaq üçün istifadə edirəm.

Serj Sarkisyan, Dmitri Medvedev və İlham Əliyev Kazanda, 24 iyun 2011
Çətinliklərdən biri həmsədrlərə kömək etməkdir ki, Dağlıq Qarabağ münaqişəsində dinc, danışıqlar yoluna əsaslanan həllə nail olsunlar. Bəzi adamlar iddia edirdilər ki, hökumətlə güclü münasibətlərimə görə mən rəsmilərə münaqişənin dinc yolla həlli, kompromislərə getmək üçün kifayət qədər təzyiq göstərə bilməyəcəyəm. Bu, tamamilə yanlış fikirdir. Mən fəxr edirəm ki, aramızda olan bu etibardan istifadə edərək mən bəzən hökuməti lazım olan mövqeyə çəkə bilirəm. Məsələn, ötən yaz onlar təyyarələri (Xankəndinə uçması nəzərdə tutulan təyyarələr) vurmaqla hədələyəndə mən onları bu fikirdən daşındıra bildim. Mən öz enerjimdən bu cür istifadə edə bildiyimə görə fəxr edirəm. Vaşinqtonla Azərbaycan arasındakı ünsiyyətin açıq olması üçün də əlimdən gələni edirəm.

Nəhayət üçüncü böyük çətinlik odur ki, mən öz enerjimdən və qarşılıqlı yaxşı əhval-ruhiyyədən istifadə edib əhalini və hökuməti islahatlara həvəsləndirirəm. Azərbaycan bizim üçün bir çox məsələlərdə mühüm olduğu üçün biz Azərbaycanın sabit olmağını istəyirik. Azərbaycan hazırda sabit ölkədir. Biz istəyirik bu cür də qalsın. İnanırıq ki, bazar iqtisadiyyatını liberallaşdırsa və demokratik islahatları həyata keçirsə, sabit də qalacaq. Mənim Azərbaycana islahatlara, demokratiyaya dair mühazirə keçmək fikrim yoxdur. Mən ölkəmi, öz maraqlarımızı təmsil edirəm. İnanırıq ki, bu maraqlarımız sabitlik və strateji baxımdan Azərbaycanla birdir.

KORRUPSİYA İLƏ MÜBARİZƏNİN YENİ PLANI

- Bu ilin əvvəlində AzadlıqRadiosuna müsahibənizdə demişdiniz ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizəsinə dəstək verməyə hazırsınız. Hökumətin bu işi barədə nə deyə bilərsiz, hansı dəstəyi göstərə bildiniz?

- Birincisi, korrupsiya ilə mübarizədə proqres olub. Məsələn, Yol Polisinin adamları incitməsi halları azalıb, bu, çox yaxşıdır. Bəzi biznes adamları bir müddət gömrükdə idxal problemlərinin azalması barədə məlumat veriblər. Xeyli məlumatlar da eşitmişəm ki, bəzi rəsmilər nəticədən - işdən çıxarılmadan qorxaraq rüşvət istəməkdən çəkinirlər. Bu prosesi saxlamaq davamlı cəhd tələb edir, biz də əlimizdən gələni edirik. Cəmiyyətin bu istiqamətdə irəliləməsi - strateji nəticə əldə etmək üçün təbii ki, daha çox iş görülməlidir.

Məmnunluqla bildirirəm ki, Azərbaycan hökuməti, Prezident Administrasiyası bizə kömək üçün müraciət edib. Bu köməyi bizim yeni yaratdığımız Ədliyyə Departamentindən hüquqi məşvərətçimiz vasitəsilə istəyiblər. Biz hazırda Azərbaycan hökuməti ilə elektron hökumətin yaradılması üzrə işləyirik. Belə bir hökumət rəsmilərin rüşvət alma imkanlarını azaltmış olacaq. Biz hakimlərə, prokurorlara, xüsusilə də korrupsiyaya qarşı mübarizə aparacaq şəxslərə təlim keçmək üzərində işləyirik. Biz parlamentdə və hökumətdə çalışanlar üçün Etika Kodeksi üzərində işləyirik. Biz hazırda Azərbaycan hökuməti ilə növbəti ildə korrupsiya ilə mübarizə üçün yeni strateji plan üzərində işləyirik. Azərbaycanla işlədiyim 14 il ərzində heç vaxt hökumətin bizə tərəf bu qədər döndüyünü hiss etməmişəm. İndi nəticələr üzərində işləyirik.

- Gələn il üçün strateji planın ümumi konturları barədə nə deyə bilərsiz?

- Bunu edə bilməyəcəyəm, çünki bu plan hazırlanmalıdır. Əvvəlki planı təhlil etmək, səhvlərdən öyrənmək lazımdır. Həm də bu, hökumətin planıdır, bizim deyil. Biz ancaq məsləhətçi rolundayıq. Biz əməkdaşlıq imkanını alqışlayırıq.

DİALOQ DAVAM EDİR

- Azərbaycanın insan haqları müdafiəçiləri siyasi məhbusların yeni siyahısını hazırlayırlar. Sosial şəbəkə fəalları - Cabbar Savalanlı və Bəxtiyar Hacıyevin adları siyahıdadır, həmçinin 2 aprel məhbuslarının adlarının bu siyahıya salınacağı gözlənilir. Bu məsələdə hakimiyyətlə dialoq gedirmi?

- Əlbəttə, ayrı-ayrı işlər barədə ən yüksək səviyyədə danışıqlar gedir. Sərbəst toplaşma azadlığı, lazımi istintaqın aparılması məsələlərini də müzakirə edirik. Mən hətta Vaşinqtonda işləyəndə, Azərbaycan liderləri ilə o vaxt həbsdə olan Adnan Hacızadə, Emin Milli, Eynulla Fətullayev barədə danışıqlar aparırdım. İndi isə oxşar danışıqlar Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, həbs cəzası kəsilmiş 6 müxalifətçi barədə gedir.

NDİ İŞLƏYƏCƏK

- Milli Demokratiya İnstitutunun (NDİ) qeydiyyatı nə yerdədir? Bizdə olan məlumata görə, İnstitut sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. NDİ işini davam etdirə biləcəkmi?

- İş gedir, NDİ bütün sənədləri hazırlayıb və təqdim edib. Ədliyyə Nazirliyi və başqaları ilə işləyib bütün qaydalara əməl etməyə çalışır.
Müxalifətin aksiyası, 31 iyul 2010
Biz də bu istiqamətdə işləyirik. Hökumətdə bir çoxları başa düşürlər ki, NDİ-in əsas missiyası onların bir sıra əsas missiyaları ilə üst-üstə düşür. NDİ-in əsas məqsədi gənc liderlərin yeni nəslinin, həmçinin vətəndaş cəmiyyəti liderlərinin formalaşdırılmasına kömək etmək, cəmiyyətin içərisində bu bünövrəni yaratmaq, islahatlar prosesinə dəstək verməkdir. Azərbaycanın rəhbərləri də bilirlər ki, bu, uzunmüddətli sabitlik üçün çox vacib şərtdir. NDİ-ya Madlen Olbrayt - ABŞ xarici siyasətinin böyük fiqurlarından biri rəhbərlik edir. O, bütün həyatı boyu insan haqları, demokratiya dəyərlərini dəstəkləyib, həm də strateji mütəfəkkirdir, bu ölkənin nə dərəcədə mühüm olması barədə fikirləşir. Bütün bu səbəblərdən ümid etməyə çox ciddi əsaslarım var ki, yaxın vaxtlarda NDİ yenidən Azərbaycanda normal fəaliyyətə başlayacaq.

- Bəzi mənbələr iddia edirlər ki, səfirlərdən biri hakimiyyətlə müxalifətin dialoqunu təşkil etməyə çalışır. Siz bu prosesdə iştirak edirsiz?

- Maraqlı sualdır. Əlbəttə iştirak edirəm. Məncə, bu iş burdakı istənilən səfirin əsas məqsədlərindən olmalıdır. Bütün qüvvələri - siyasi və qeyri-siyasi qüvvələrin bir araya gəlməsinə, ölkənin görmək istədikləri istiqamətə aparılmasına kömək etmək lazımdır. Bu gün Azərbaycanda böyük təəssürat oyadan vətəndaş cəmiyyəti rəhbərləri var. Onlar böyük vətənpərvərlərdir, ölkələri ilə fəxr edirlər. Ölkədə uzun-müddətli sabitlik, azadlıq, çiçəklənmə istəyirlər. Hökumətin yuxarı eşelonlarında da insanlar var ki, bu cür müzakirələrin faydasını anlayırlar. Ancaq mənim cəhd göstərməyim o demək deyil ki, bu iş alınacaq.

BUNA GÖRƏ DİPLOMATLAR MƏVACİB ALIRLAR

- «Wikileaks» teleqramları barədə nə deyə bilərsiniz, bu teleqramlar Sizin Azərbaycanlı həmkarlarınızla dialoqunuza necə təsir edir?

- İndidən deyirəm ki, teleqramların həqiqiliyi barədə şərh verməyəcəyəm. Vurğulamaq istəyirəm ki, bu teleqramlar ABŞ siyasətinin rəsmi bəyanatları deyil, konkret zaman çərçivəsində işləmiş ayrı-ayrı diplomatların göndərdiyi yazışmalardır, onların şəxsi fikirləridir. Hər kəsin öz şəxsi fikrini gizli şəkildə ifadə etmək, Vaşinqtondakı rəhbərinə göndərmək haqqı var. Məhz buna görə onlar məvacib alırlar. Yenə də deyirəm, şərh verməyəcəyəm. Amma əlbəttə ki, bu iş diplomatların işinə, həmçinin mənim Bakıdakı işimə təsir edir. Mən bayaq qeyd elədim ki, etibar mənim işimə necə kömək edir. Bu etibarın hökumətin sülh, azad bazar və demokratik islahatlar istiqamətində irəliləməsində təkid etməyimizdə çox böyük rolu var. Əlbəttə, mənim yerli həmkarlarım düşünürlərsə ki, biz bu etibara xəyanət edirik, hökumətimizin hər il milyardlarla dollar xərcləyib qoruduğu informasiyanı yayırıq, mənə olan etibara xələl gəlir. Ancaq onu əlavə edə bilərəm ki, diplomatik teleqram adlandırılan bu yazışmalar hər bir ölkədəki vəziyyəti əks etdirir. Azərbaycan heç bir fərdlə məhdudlaşmır. Teleqramların yayılması pisləniləsi haldır, Dövlət katibi Hillari Klinton buna görə üzr istəyib. Mən bu gün günümün bir hissəsini bizim burdakı missiyamızın sülh, insan haqları və demokratiyaya əsaslanması barədə danışmışam (yerli mediaya müsahibələrini nəzərdə tutur).
XS
SM
MD
LG