Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:11

Heydərov Azərbaycan boksunu nokauta göndərir?


Foto: Arxiv
Foto: Arxiv
BBC-nin «Newsnight» televerilişi Azərbaycanın beynəlxalq boks təşkilatına (WSB - Ümumdünya Boks Seriyası) məxfi şəkildə milyonlarla dollar pul ödəməsinə dair sübutlar əldə edib.

BBC-nin məlumat mənbəyi iddia edir ki, Ümumdünya Boks Seriyasının rəhbəri də bunu təsdiqləyib. O deyib ki, pullar Azərbaycan boksçularının 2012-ci il Olimpiya oyunlarında iki qızıl medal qazanacaqlarına zəmanət müqabilində alınıb.

Olimpiya oyunlarını təşkil edən Beynəlxalq Həvəskar Boks Assosiasiyası – AIBA da etiraf edir ki, Azərbaycan vətəndaşı yarışlardan birinin fonduna 9 milyon dollar pul köçürüb. Amma AIBA qızıl medalla bağlı sövdələşmənin olmasını inkar edir.

Boks təşkilatındakı mənbələr «Newsnight»la əlaqə yaradıblar və Ümumdünya Boks Seriyasının direktoru İvan Xodabaxşı (Ivan Khodabakhsh) Azərbaycanla əlbir olmaqda ittiham ediblər.

«AZƏRBAYCANLILAR MEDAL ALAN KİMİ ÜMUMDÜNYA BOKS SERİYASI NAĞD PUL ALACAQ»

«İvan bizdən bəzilərinin qarşısında öyünürdü ki, pul üçün narahat olmağa dəyməz. Azərbaycanlılar medal alan kimi Ümumdünya Boks Seriyası nağd pul alacaq», – deyə mənbə bildirib.

Kəmaləddin Heydərov
Ümumdünya Boks Seriyasının direktoru İvan Xodabaxş isə Azərbaycanla hər-hansı sövdələşmələr haqqında ittihamları «tamamilə yalan» adlandırıb.

KƏMALƏDDİN HEYDƏROVLA 10 MİLYON DOLLARLIQ SAZİŞ

Beynəlxalq Həvəskar Boks Assosiasiyası iddia edir ki, bir müddət əvvəl Ümumdünya Boks Seriyasına özəl İsveçrə şirkətindən pullar daxil olub. Amma «Newsnight»da olan sənədlər göstərir ki, Xodabaxş, AIBA-nın icraçı direktoru Ho Kim və Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov arasında 10 mln. dollarlıq kreditin verilməsi haqda yazışmalar olub.

Sənədlər arasında Xodabaxşın Azərbaycan nazirinə göndərdiyi belə bir elektron məktub da var: «Xahiş edirik, investisiya pullarını mümkün qədər tez Ümumdünya Boks Seriyasının Amerika hesabına köçürəsiniz».

Assosiasiyadan olan hüquqşünaslar təsdiq edirlər ki, pullar Azərbaycandan daxil olub, İsveçrə şirkəti tərəfindən ödənilib. Lakin onlar pulların Azərbaycan hökumətindən daxil olmasını inkar edirlər. Bildirirlər ki, Kəmaləddin Heydərov Ümumdünya Boks Seriyasına fərdi Azərbaycan investorunu təqdim edib və həm o, həm də köməkçisi iki ölkə arasında yalnız vasitəçi kimi çıxış ediblər, çünki investor ingiliscə yaxşı danışa bilmirmiş.

«Newsnight» televerilişi məsələyə münasibət öyrənmək üçün Kəmaləddin Heydərovun ofisi ilə əlaqə saxlamaq istəyiblər, lakin cavab ala bilməyiblər.

AZƏRBAYCAN TƏRƏFİ İDDİALARI GÜLÜNC HESAB EDİR

Azərbaycan Boks Federasiyanın vitse-prezidenti Ağacan Əbiyev iddiaları gülünc adlandırıb. Deyib ki, hər hansı bir ölkə Dünya çempionatı, Avropa çempionatı və digər turnirləri keçirirsə, mütləq bunun üçün rüsum ödəməlidir. Azərbaycan da məhz bu məqsədlə Beynəlxalq Həvəskar Boks Assosiasiyasına 2 milyon dollar pul
Jak Roqqe
köçürüb.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe (Jacques Rogge) isə Pekində keçirilən mətbuat konfransında deyib ki:

«Biz BBC-dən xahiş edirik ki, sübutları bizə təqdim etsin, çünki biz hər şeyə ciddi yanaşırıq. Biz yalnız sübutları görəndən sonra qərar çıxara bilərik. BBC-dən xahiş etdik ki, sübutları bizə mümkün qədər tez təqdim etsin. Bütün bunlar həm də Beynəlxalq Olimpiya Komitəsində araşdırılacaq».

TƏKİ PREZİDENT RAZI QALSIN

Yerli ekspert, futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov isə hesab edir ki, Azərbaycan Boks Federasiyasının qızıl medalı pulla almaq istəyi ilə bağlı deyilənlər rəsmən təsdiqini tapmasa da, inandırıcı görünür. Elçin Cəlilov deyir ki, ölkədə idmanın müxtəlif növləri üzrə federasiyalara məmurlar rəhbərlik edəndən idmançılarda stimul artmaq əvəzinə daha da azalıb. Hər şeyi, o cümlədən qələbəni də pulla həll etməyə başlayıblar:

«Yaxşı işlədiklərini dövlət başçısına isbatlamaq üçün nə qədər istəsəniz pul xərcləməyə hazırdırlar. Çünki öz pulları deyil, neftdən gələn pullardır. Bu informasiya təsdiq olunarsa, federasiyaya ciddi sanksiya tətbiq oluna bilər».

Sentyabrın 26-da Bakıda boks üzrə Dünya çempionatı başlayacaq. London Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 9 azərbaycanlı idmançı da mübarizə aparacaq.

Azərbaycan boksçusu Soltan Migitinov isə artıq Olimpiya Oyunlarına lisenziyanı qazanıb. O, Ümumdünya Boks Seriyası liqasının final görüşündə ukraynalı Sergey Derevyançenkoya uduzub. Lakin Ukrayna Boks Federasiyası Derevyançenkonun vəsiqəsindən imtina edib deyə, lisenziya ikinci yeri tutmuş Migitinova verilib.
XS
SM
MD
LG