Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:57

İtləri köçürmək planı korrupsiya qalmaqalı yaradıb


İt
İt
Moskvada yiyəsiz itlərlə bağlı qalmaqal yaranıb. Ekoloqlar hamını inandırmağa çalışırlar ki, şəhər meriyası minlərlə heyvanı Moskvadan Yaroslavl vilayətinə aparmağa hazırlaşır. Orda itlər üçün nəhəng sığınacaq tikilməlidir.

Ekoloqlar əmindirlər ki, bu işdə hökumətin korrupsiya maraqları var və bu üzdən də itləri ölümə məhkum edir.

Yaroslavlda və Moskvadakı məmurlar isə bir-birlərini təkzib edirlər. Yaroslavlda heyvanların aparılması haqda planların olduğunu təsdiqləyirlər. Paytaxtda isə əksinə, heyvan müdafiəçilərini yalanda və özünü reklamda günahlandırırlar.

RƏSMİLƏRİN YAZIŞMASI VƏ YA?...

Ekoloqlar hələ sentyabrda həyəcan təbili döyməyə başlayıblar. Onların məlumatına görə, Moskva meriyasının şəhərin bütün sığınacaqlarındakı itləri – onların sayı cəmi 12 mindir – Yaroslavldan 30 km-də yerləşən Qavrilov-Yamski rayonuna köçürmək məqsədi var.

Heyvan müdafiəçiləri hətta dediklərini sübut edəcək sənədin nüsxəsini də yayıblar. Yaşayış-kommunal təsərrüfatı və abadlıq departamentinin başçısı Andrey Tsıbinin Moskva merinin birinci müavini Pyotr Biryukova göndərdiyi müraciəti üzə çıxarıblar.

«Nəzarətsiz heyvanlara Yaroslavlda sığınacaq tikintisinə torpaq ayrılması haqda tapşırıq»a cavab olaraq Tsıbin məlumat verir ki, zoomüdafiə təşkilatlarının etirazları ilə əlaqədar məsələnin həlli təxirə salınır. Yəni, Moskva yeni sığınacaq yaradılması haqda göstəriş verənə kimi gözləmək lazımdır.

Sənəddə hökumətin bununla bağlı toplantısının vaxtı da göstərilir – 27 sentyabr. Hərçənd «Svoboda» Radiosunun məlumatına görə, həmin gün məmurlar bu məsələni müzakirə etməyiblər.

Andrey Tsıbinin xatırlatdığı etiraz aksiyaları isə Moskvanın mərkəzində sentyabrın ortalarında keçirilib. Ekoloqlar deyirlər ki, bu tədbirə 1.5 min adam gəlib.
Onlar da itlərin köçürülməsinə etiraz olaraq 6 min imza yığıblar.

«BU, LAYİHƏ HEÇ BİR MƏNTİQƏ SIĞMIR»

«Heyvanları xilas edin» İnformasiya Mərkəzinin fəalı Yelena Nadyejkina belə hesab edir.

«Layihə nə iqtisadi baxımdan sərfəlidir, nə də baytarlıq. Mən əminəm ki, heyvanların yarısı yeni sığınacağa çatmamış qırılacaq. Eyni vaxtda sığınacağa 12 min itin aparılması başdan-ayağa riskdir. Mutasiya edən yeni virusların yarana bilər. Bu, baş versə, Yaroslavldakı bütün itləri öldürmək lazım gələcək».

Nadyejkinaın dediyinə görə, bir başqa problem sığınacağın gözdən-qulaqdan iraq olmasıdır:

«Əvvəla, tək-tük könüllü ora gedib çıxa bilər. İkincisi, itlər oxşar olduğundan onların Moskvadan haçan və hansı sayda gətirilməsini müəyyənləşdirmək mümkün olmayacaq. Pasportda yazacaqlar ki, bu it qara idi, belə itsə minlərlədir. Belə çıxır ki, pul yumaq üçün əla sxemdir. Nəhayət, itlərə yeni sahib axtarmaq da mümkün olmayacaq. Moskva sakinləri təbii ki, heyvan dalınca Yaroslavla gedəsi deyillər».

YAROSLAVL RƏSMİLƏRİ DİLLƏRİNİ DİNC QOYMADILAR

Moskvada isə rəsmilər itlərin aparılması haqda planları rədd edirlər. Eləcə də yayımlanmış müraciətdən xəbərsiz olduqlarını bildirirlər.

Oktyabrın 4-də Moskva şəhər dumasında bu yöndə görüş də olub.

«Virta» Xeyriyyə Fondunun rəhbəri Darya Xmelnitskaya görüş haqda deyir:

«Biz sığınacaq haqda soruşduq, onlar da sığınacaq tikilməyəcəyini bildirdilər. O zaman biz dedik ki, rəsmi bəyanat versinlər. Bu halda mövzunu dəyişdilər. Bu da şübhələr yaradır».

Şübhələrisə gücləndirən həm də Yaroslavl qubernatorunun bəyanatıdır. Sergey Vaxrukov mətbuata deyib ki, Moskva meriyası onlara həqiqətən də sığınacaq tikintisi ilə bağlı təklif göndərib:

«Təklif var, ancaq konkret qərar yoxdur. O, əlverişli olarsa, niyə də yox?».

Yelena Nadyejkina bir məqama diqqət çəkir ki, bu layihə ilə heyvanlara dəxli olmayan qurum - yaşayış-kommunal təsərrüfatı məşğul olur:

«Təbii ki, tualet və bardyurla məşğul olan insanlar itlərə də cansız obyekt kimi yanaşırlar. Ona görə də onları deportasiya edirlər».

Departament isə heyvansevərləri özünü reklamda ittiham edir.

Heyvan müdafiəçiləri isə sona kimi getməkdə niyyətlidirlər.
XS
SM
MD
LG