Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 08:44

Yeni qəzet köşklərinin sahibi kimdir?


Bakının mərkəzində qəzet köşkü
Bakının mərkəzində qəzet köşkü
Bakıda yeni qəzet köşklərini yəqin çoxunuz görmüsüz: yaşıl günbəzli, iri sumağı köşklər. Hərçənd onların sayı elə də çox deyil. Bakı şəhər İcra Hakimiyyətinin məlumatına görə, cəmi-cümlətanı dörd ədəddir. Amma bu qəzet köşkləri paytaxtda görünən kimi qəzet yayımı ilə məşğul olan şirkətlər arasında söz-söhbət başladı: «Bu köşklərin sahibi hansı şirkətdir, onları quraşdırmaqda məqsəd nədir?»

MƏQSƏD - İNHİSARÇILIQ

«Qaya» mətbuat yayım firmasının direktoru Xanhüseyn Əliyev belə deyir:

«Bu köşklərin qoyulmasını alqışlayıram. Nə qədər çox yayım olsa, alternativ olsa, o qədər yaxşıdır. Amma bu köşklərin arxasında ciddi oyunlar gedir. Bir azdan üstü açılacaq da bu köşklər kimə məxsusdur. «Qasid» özəlləşsə, məlum olacaq ki, bir adam hər şeyi əlinə alır. Burda pillə-pillə «Qasid»i sıradan çıxarırlar. Bir adamın əlində cəmləşəcək, bu oyunlar gedir, özü də yaxşı fikirləşiblər».

Bəs «Qaya» üçün hansı təhlükə yaranır? Xanhüseyn Əliyevin sözlərinə görə, onların şəhərin mərkəzində yerləşən köşklərinin az qala hamısı yığışdırılıb. Bu gün Səbail, Yasamal, Nəsimi rayonlarında «Qaya»nın köşkləri yoxdur. Ətraf rayonlardasa qəzet satışı bir o qədər rentabelli deyil:

«Burdan başqa sual yaranır: əgər köşk qoyurlarsa, bizim köşklərimiz niyə qaytarılmır? Bizim 22 köşkdən 9-nu götürüblər. Niyə «Qaya»ya da şərait yaradılmır? Kimə deyirsən imtina edir. Aydındır bunun arxasında kim durur. İnhisara alırlar. Azərbaycanda yeganə mətbuat yayımı inhisara alınmayan sahədir. Onu da cəhd edirlər ki, pillə-pillə inhisara alsınlar. Yeni köşklərə yazırlar ki, «Kiosk-Press»ya nəsə başqa adlar. Yayındırırlar. Bir adam ələ alır hər şeyi».

Xanhüseyn Əliyev (Foto: Mediaforum)
Xanhüseyn Əliyev (Foto: Mediaforum)
««KASPİ» DURUR ARXASINDA»

Xanhüseyn Əliyev konkret ad çəkməsə də, ipucları verir. O bu işin arxasında «Azərmətbuatyayım»ı özəlləşdirən şirkətin durduğunu deyir. «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə konkret adlar çəkir:

«Mən eşitdim ki, «Kaspi» durur arxasında. Əli Həsənov özü üçün media holdinqi yaradır».

«Kaspi» şirkətinin prezident aparatında şöbə müdiri Əli Həsənovla rəsmi bağlılığı olmasa da, yerli mediada bu şirkəti onun adıyla əlaqələndirirlər.
Mehman Əliyev deyir ki, Azərbaycan dünyada adambaşına düşən qəzet köşklərinin sayına görə ən axırıncı yerlərdən birini tutur. Yəni Azərbaycanda bir milyon adama 100 köşk düşür. Almaniyadasa 1500 adama bir köşk düşür:

«Demək olar ki, süpürləyiblər. Azərbaycanda 4500 kənd var. Birində nə köşk var, nə qəzet çatdırılması var. Hamısını Prezident Aparatı edir, siyasi tapşırıqlar verir, yəni insanlar qəzet oxumasınlar. Bu da onu göstərir ki, azad sözün boğulması davam edir».

KÖŞKLƏRDƏ QƏZETDƏN BAŞQA TÜTÜN, SPİRTLİ İÇKİ SATILACAQ

«Kaspi» şirkətində qəzet bölgü sexinin rəisi Sakit Həsənli isə bu fikirləri rədd edir. O, həmin köşklərin Bakı şəhər icra hakimiyyətinə məxsus olduğunu bildirir.

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov da bunu təsdiqləyir. Üstəlik deyir ki, köşklər özünü doğruldacağı halda sayı artırılacaq - şəhərə daha 50 köşk yerləşdiriləcək.

Əlabbas Bağırov deyir ki, məqsəd özəl yayım şirkətləri ilə rəqabət aparmaq deyil. Amma daha sonra məlum olur ki, köşklərdə qəzetlə yanaşı dəftərxana ləvazimatı, özəl qurumların köşklərində olduğu kimi tütün məhsulları və hətta spirtli içkilər də satılacaq. Əlabbas Bağırov özəl köşklərdə tütün məhsullarının satılmaması üçün mübarizə apardıqlarını, bunun səmərə vermədiyin deyir:

«Biz onların qarşısını ala bilmədik, cərimələsək də. Baxdıq ki, bu satış mümkündürsə, köşklər böyüdülsün və icazə verilsin. Dövlət büdcəsinə vəsait cəm olsun. Balaca yerdə onları satmaq olursa, buna biz niyə getməyək?»

Yerli qəzetlərdən bəzisi
Yerli qəzetlərdən bəzisi
«ƏLİ MÜƏLLİMƏ YAXIN «KASPİ» BİZƏ NİYƏ AĞIZ AÇMALIYDI?»

Mətləbdən yayınmayaq. Əlabbas Bağırov deyir ki, yeni köşklər hazırda heç bir firmaya məxsus deyil. Onları Bakı şəhər icra hakimiyyəti gətirib. Amma onu da deyir ki, «Kaspi» şirkəti də bu cür köşklərin yerləşdirilməsi üçün onlara müraciət edib:

- Qəzetdə hətta Əli müəllimi təbrik etmişdilər ki, yeni biznesin mübarək-filan. Bu ciddi informasiya deyil. «Kaspi» mənə özü müraciət etmişdi ki, biz də bu köşklərdən almaq istəyirik. Belə şey vardısa, Əli müəllimə yaxın «Kaspi» niyə bizə ağız açmalıydı?

- Amma şərait yaradılacaqmı?

- Bu mənim səviyyəmdə həll olunası məsələ deyil.

«Qaya» mətbuat yayım firmasının direktoru Xanhüseyn Əliyevsə deyir ki, söhbət təkcə köşkdən getmir. Özəl köşklərin yığışdırılması televiziyalardakı vəziyyətə gətirəcək:

«Oxumağa qəzet tapılmayacaq» deyir. «Bircə qalacaq əl yayımı». Bu isə ayrı söhbətin mövzusudur.
XS
SM
MD
LG