Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:33

Qazsız daha 2 il


Arxiv foto
Arxiv foto
«Qaz məsələsi bizdə çox acınacaqlı vəziyyətdədir. Şəxsən mənim yaşadığım evə 12 ildir ki, qaz gəlmir. Bu təkcə mənim yox, bütün kəndin problemidir. İş görülmür. Köhnə qaz xəttimiz qalır, istəsələr verə bilərlər. Burada böyük korrupsiya amili var, adını da qoyublar ki, versələr, itkiyə gedəcək. Hökumət Yunanıstanla müqavilə bağlayır, ancaq biz burada qazsızlıqdan məhv olmuşuq, odun da tapa bilmirik».

Hüseyn Fərəcov Neftçala rayonunun Mirqurbanlı kənd sakinidir. Deyir rayonun bir neçə kəndində illərdir ki, qaz qeybə çəkilib. Hər il qaz xətlərinin yenilənəcəyi, kəndə qaz veriləcəyini yalnız dildə eşidirlər, əmələ gəlincə yük düşür kənd sakinlərinin çiyninə. Torpağı şoran olan bu ərazilərdə ağac da bitmədiyindən kənd əhli odun sorağı ilə digər kəndlərə üz tuturlar:

«Hazırda Azərbaycanın təxminən 85 faizi qazla təmin olunub. Hətta elə dağ kəndlərinə qaz xətləri çəkilir ki, heç o yerlər sovet dövründə qazla təmin olunmamışdı. 2010-cu ildən Azərbaycan artıq qaz ixracatçısına çevrilib» – bu, prezident İlham Əliyevin dedikləridir. Bu ilin martında regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının yekunları ilə bağlı nitqində prezident ölkənin qazlaşdırılması ilə bağlı öz göstərişlərini də verib, deyib ki, bu il və gələn ilin sonunadək ölkə əhalisinin 90-95 faizi təbii qazla təmin edilsin.

«CAMAAT SIRADAN ÇIXANDAN SONRA QAZ KİMƏ LAZIMDIR?!»

«Sovet hökuməti olandan bu günədək bizi aldadırlar ki, qaz olacaq, amma qaz yoxdur. Camaatın odun problemi də olduqca çətindir. Bir maşın odun 200 manatdan aşağı başa gəlmir. Camaat tənəzzül içindədir. Haçansa olacaq, amma camaat tamamilə sıradan çıxandan sonra qaz kimə lazımdır?!»

Lənkəran şəhərindən 40 kilometr aralı, ucqar Gəgiran kəndinin sakini Əli Axundov da qazdan gileylidir. Deyir havalar soyuyan kimi kəndin dərdi birə beş artır, camaat qazandığını oduna verir. Əli Axundov da ölkədə qazla bağlı islahatların getdiyini, ürək açan rəqəmləri yalnız televiziyadan eşitdiyini deyir.

İlham Şaban
İlham Şaban
«RƏQƏMLƏRƏ İNANMAQ OLAR, AMMA...»

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, istər məmurların, istərsə də prezidentin dediyi rəqəmlərə inanmaq olar. Amma bu rəqəmlər, xüsusən də ölkənin 85 faizinin qazla təmin olunmasından danışarkən, nəzərə almaq lazımdır ki, söhbət sadəcə qazlaşdırılmış obyektlərdən gedir. Yəni bu rəqəmlər heç də əhalinin qazla təminatının göstəricisi deyil:

«Tutaq ki, Gədəbəydə hansısa bir kəndə qaz çəkilirsə, statistikada göstərilir ki, bu yaşayış məntəqəsi qazlaşdırılıb, yəni ora təbii qaz verilir. Amma həmin ərazidə 500 ailə yaşaya bilər, sadəcə 50 nəfərin qazı ola bilər. Statistika bunu qeydə almır».

QAZ UCUZLAŞMAYACAQ

Rəsmi rəqəmlərə görə, bu ilin 9 ayı ərzində ölkənin qaz sərfiyyatı 5.592 mlrd. kub metrdir, bundan yalnız 1.326 mlrd. əhalinin payına düşür. Bu müddət ərzində ixrac olunan qaz 2.066 mlrd. kub metrdir, yəni əhalinin sərfiyyatından daha çox.

Qiymətə gəlincə isə daxili bazarda əhaliyə qazın 1000 kub metri 100 manata, xarici ölkələrə isə orta hesabla 170 dollara, təxminən 130 manata satılır. Başqa sözlə Türkmənistan, Özbəkistanla müqayisədə Azərbaycan qazı öz əhalisinə qat-qat baha satır. Yeri gəlmişkən, «Azəriqaz»dan verilən məlumata görə, yaxın dövr ərzində əhaliyə satılan qazın qiymətində hər hansı dəyişiklik gözlənilmir. Qurumun Qaz Təsərrüfatı İstismarı Şöbəsinin rəisi Vaqif Namazov deyir ki, qış aylarında da əhalinin qazla təminatında problem yaranmasın deyə, «Azəriqaz» lazımi bütün tədbirləri həyata keçirib. O ki qaldı illərdir qaza həsrət qalmış rayon və kəndlərə, Vaqif Namazovun dediyinə görə, hələ 2 il də gözləmək lazım gələcək:

Arxiv foto
Arxiv foto
«Bu işlər mərhələ-mərhələ görülür. Dövlət Neft Şirkətinin «Azəriqaz» qarşısında qoyduğu tapşırıq da belədir ki, 2013-cü ilin sonuna qədər ölkədə qazlaşdırmanı 95 faizə çatdırmalıyıq. Bir günün və ya bir ilin içərisində qaz almayan vətəndaşların mənzillərini qazlaşdırmaq mümkün deyil. Bununla bağlı işlər gedir».

ORTALIQDA LAYİHƏ VARMI?

İlham Şaban da deyir ki, hazırda dövlətin qazla bağlı müəyyən iş gördüyü göz qabağındadır. İqtisadçı ekspertin dediyinə görə, xüsusən də köhnə qaz kəmərlərinin yeniləri ilə əvəzlənməsi istiqamətində işlər gedir. Amma İlham Şabanın fikrincə, ölkənin qaz probleminin həlli həm də qaz təsərrüfatının idarə edilməsi ilə bağlı yeni layihənin qəbulundadır. Hazırda «Azəriqaz» xarici şirkətlərlə belə bir layihəni müzakirə edir.

Amma «Azəriqaz»dan Vaqif Namazov müzakirələrin hansı xarici şirkətlə aparıldığı və nə yerdə olduğu barədə ətraflı məlumat vermədi, dedi ki, layihə ilə bağlı işlər tamamlanandan sonra ictimaiyyətə məlumat veriləcək.
XS
SM
MD
LG