Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:53

Zülfüqarlı qardaşlarının kasıb şəriki


Arxiv foto
Arxiv foto
Lerik rayonunun Ordahal kənd sakini, işsiz Gəray Məmmədov eyni zamanda zavod səhmdarıdır. 2006-ci il martın 30-da imzaladığı bir sənədə görə o, Bakıdakı iki böyük zavodun «Bakıelektroştamp» və «Bakıpoladtökmə» zavodlarında 80 faiz payına malikdir.

Bu zavodlar hazırda Türkiyədə mühacir həyatı yaşayan Zülfüqarlı qardaşlarına məxsusdur. Zavodun sahiblərindən biri, qardaşların böyüyü Nürəddin Zülfüqarlının AzadlıqRadiosuna dediyinə görə, onlara məxsus əmlakın 80 faizi qardaşı Loğmanla həbsxanada olduqları müddətdə, 2006-cı ildə əllərindən zorla alınaraq həmin Gəray Məmmədova verilib.

ZAVODDAN İMTİNA HARDA BAŞ VERİB?

Gəray Məmmədovun özüylə telefon əlaqəsi saxlasaq da, bütün suallarımıza vəkilinin cavab verəcəyini bildirdi.

-Gəray bəy, Zülfüqarlı qardaşlarına məxsus zavodun 80 faiz payı sizə verilib?
-Bu barədə mənim vəkilimə Mahirə zəng edib. ...bu nömrəyə zəng edin.

Mahir Ağayevə müraciət etdik. O, əvvəlcə bütün məsələlərə məhkəmədə cavab veriləcəyini desə də sonradan bəzi məsələlərə aydınlıq gətirdi:

- Mahir müəllim, Gəray Məmmədovun adına belə bir sənədləşmə olubmu?
- Bəli, bəli olub.
- Özü də bu prosesdə iştirak edibmi?
- Olub, əlbəttə olub.
- Sənədləşmə harda olub, məlumatlar var ki, həbsxanada olub?
- Tamamilə yalan söhbətdir. Hansı dövlətdə görünüb ki, gedib həbsxanada alqı-satqı edəsən.
- Onda Lerik rayonunda olub?
- Yox, orda olmayıb...
- Bəs harda olub?
- Qiymətli Kağızlar Komitəsində.
- Gəray Məmmədov özü o sənədlərə imza atıbmı həmin vaxt?
- Bəli o olub, sonra Zülfüqarlı qardaşlarından Loğman olub.
- Siz də orda idinizmi?
- Bəli.
- Necə olduki iki zavodun 80 faizinin həmin şəxsə verilməsi qərara alındı?
- Məhkəməyə verilib, orda hər şeyə aydınlıq gətiriləcək.
- Sizi kim məhkəməyə verib?
- Zülfüqarlı qardaşları.
- Mahir müəllim, zavodlar Gəray bəyə veriləndə Zülfüqarlı qardaşlarına bunun əvəzində pul verildimi?
- Axı, mən sizə dedim hər şey məhkəmədə bəlli olacaq.

«KƏRƏM HƏSƏNOV DEDİ Kİ, ZAVODLARI VERMƏSƏNİZ. ÇOX PİS OLACAQ»

Kərəm Həsənov
Kərəm Həsənov
Loğman Zülfüqarlının qardaşı Baxış isə bütün proseslərdə özünün iştirak etdiyini deyir. O, Mahir Ağayevin qardaşı ilə bağlı dediklərini təkzib edir, sənədlərin imzalanma vaxtı qardaşı Loğmanın həbsxanada olduğunu bildirir. Onun sözlərinə görə, 2005-ci ildə zavodları başqasına verməkdən imtina edəndən sonra qardaşları Loğman və Nurəddin həbs edilib. Bundan sonra da ailəyə təzyiqlər dayanmayıb.

Baxış Zülfüqarlının sözlərinə görə, hətta qardaşların həbsxanada öldürülə biləcəyi ilə bağlı onlara xəbərdarlıq edilib. Baxış Zülfüqarlı deyir ki, zavodla bağlı məsələni onlara ilk dəfə Kərəm Həsənov dediyindən o, bundan sonra bir daha Komitə sədrinin yayına gedib:

«Bir- iki dəfə gedəndən sonra o məni qəbul elədi. Dedi «Baxış siz evdə də məsləhətləşin, çünki burda vəziyyət başqa cürdür, siz o zavodları verməyə razılaşmasanız, çox pis olacaq». Dedi «bu göstəriş yuxarıdan gəlib», amma o, ad çəkmədi. Bildirdi ki, zavodları verməsəniz, qardaşlarınızı buraxmayacaqlar, hətta sizi də həbs edəcəklər».

«BİZƏ 1 MANAT DA VERİLMƏDİ»

Baxış Zülfüqarlı deyir ki, bundan sonra onlar zavodun 80 faizlik payından imtina etməyə razı olublar. Və 2006-cı il martın 30-da o, həbsxanada qardaşı Nurəddinlə görüşüb. Zavodla bağlı müəyyən sənədləri imzalamaq üçün Nurəddin Zülfüqarlı həbsxana rəisi və müstəntiqin iştirakı ilə ona etibarnamə verib:

«Sonra bizi Nizami kinoteatrının yanında bir ticarət mərkəzinə gətirdilər. Gəray Məmmədov da orda idi. Üst-başından gördüm ki, bir fəhlə adamdır. Mən fürsət tapıb onunla bir- iki kəlmə danışdım, dedim zavodları sənin adına keçiririk, gördüm bu adam heç bir şeyi bilmir, heç savadı da buna imkan vermir. Hadisələrdən də xəbərsiz olduğunu bildirdi».

Baxış Zülfüqarlı deyir ki, zavodun 80 faizlik payı həmin adamın adına dövr edilsə də onlara bir manat da pul verilməyib. Onun sözlərinə görə, həmin sənədin imzalanmasından sonra qardaşları həbsxanadan buraxılıb. Bir müddət sonra isə məhkəmə onlara bəraət verib.

«KƏRƏM HƏSƏNOVUN ÖZƏL ZAVODLARLA NƏ İŞİ VAR?»

Əmlak Məsələləri Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Qulu Xəlilov isə Zülfüqarlı qardaşlarının dediklərini həmin şəxslərin subyektiv fikri sayır:

- Bu, onların subyektiv fikridir. Onlar özəl zavodlar idi. Kərəm Həsənov sədr adamdır, onun özəl zavodlarla nə işi var?

- Amma onlar deyir danışıqları Kərəm Həsənovla aparıblar.

- Bu, onların subyektiv fikridir. Nə bilim, bizim xəbərimiz yoxdur.

Zavodları əllərindən alınan Zülfüqarlı qardaşları hazırda Türkiyədə yaşayırlar. Son aylarda isə qardaşlara məxsus üçüncü zavodun, Xəzər-Boru zavodunun da fəaliyyəti dayandırılıb.
XS
SM
MD
LG