Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:40

Bashar Assad Qərbi «zəlzələ»ylə hədələyib


Suriya prezidenti Bashar Assad
Suriya prezidenti Bashar Assad
Suriya prezidenti Bashar Assad deyib ki, əgər Qərb ölkənin daxili işlərinə müdaxilə etsə zəlzələ olacaq və Yaxın şərqdə onlarla yeni Əfqanıstan yaranacaq.

O bunu Böyük Britaniyanın Sunday Telegraph qəzetinə müsahibəsində deyib.

Bu arada verilən məlumata görə, Suriyanın Homs şəhərində ordu birləşmələri ilə üsyançıların tərəfinə keçmiş hərbçilər arasında baş vermiş toqquşmada 20 əsgər ölüb, 50-dən çoxu isə yaralanıb.

Müşahidəçilər həmçinin şəhərdə azı 12 dinc sakinin snayper və iri çaplı silahlarla öldürüldüyünü deyirlər.

Bundan başqa təhlükəsizlik qüvvələr tərəfindən xeyli adamın öldürüldüyü bildirilir.

Ərəb Dövlətləri Liqası ölkələrinin nümayəndələri Qətərdə Suriya rəsmilərilə müxalifətlə dialoqun mümkünlüyünü müzakirə edirlər.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı 2011-ci ilin martından bu yana Suriyada hökumət əleyhinə etiraz aksiyaları zamanı 3000-dən çox adamın öldüyünü açıqlamışdı.

ABŞ, Türkiyə və əksər Qərb ölkələri Suriya prezidenti Bashar al-Assadı ölkədə siyasi islahatlara imkan verməyə və hakimiyyətdən getməyə çağırıblar. Həmin ölkələr Suriya rəhbərliyinə qarşı bəzi maliyyə sanksiyaları da tətbiq ediblər. Amma Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Suriya əleyhinə sanksiyaların qəbul edilməsinə imkan vermirlər.
Bashar al-Assad da ölkədə on illərlə davam edən fövqəladə vəziyyət rejiminin aradan qaldırılması, siyasi partiyaların fəaliyyətinə icazə verilməsi kimi siyasi islahatlar vəd etsə də bunlar onun rejiminin hakimiyyətdən getməsini tələb edən etiraz aksiyalarını səngidə bilməyib.
XS
SM
MD
LG