Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:06

Azərbaycanda futbol üzrə dünya çempionatı olacaq (VİDEO)


Azərbaycanda futbol üzrə dünya çempionatı
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00
Direct-ə keçid

Gələn il 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı Bakıda keçiriləcək. Azərbaycan komandasının məşqlərindən videoreportaj.


Azərbaycanın 17 yaşlı qızlardan ibarət futbol üzrə yığma komandası son vaxtlar həm Avropa, həm də Bakıdakı stadionlarda tez-tez yoldaşlıq görüşlərinə, təlim-məşq toplantılarına çıxır. Yığmanın növbəti yoldaşlıq görüşü noyabrın 3-də Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində idi.
Yığmanın baş məşqçisi Sissi Rayht
Yığmanın baş məşqçisi Sissi Rayht

Gələn il 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı Bakıda keçiriləcək. Ev sahibi olduğundan Azərbaycan yığması çempionatda seçmə mərhələni keçmədən iştirak edəcək.

“HƏLƏ BİR İLİMİZ VAR”

Komanda bir ildir ki, formalaşır. Yığmanın baş məşqçisi Sissi Rayht deyir ki, dünya çempionatına gərgin hazırlaşırlar:
Günay İsmayılova
Günay İsmayılova

“Çox sevinirəm ki, qarşımızda hələ bir il var. Çünki komanda hələ inkişaf eləməlidir. Əminəm ki, inkişaf edəcək də.

Bir il bundan əvvəl ilə müqayisə edəndə qabaq oyunçular ayaqlarının içindən pas ötürə bilmirdilər, futbol anlayışları yox idi. İndi isə əhəmiyyətli dərəcədə inkişaf ediblər”.

Qızlar isə dünya çempionatına özlərini hazırlıqlı görürlər. Komandanın qapıçılarından biri Günay İsmayılova deyir ki, gələn ilki çempionatı səbirsizliklə gözləyir:

“Dünya çempionatında öz rəqiblərimizə qalib gələcəyimizə əminik. ”

Jalə Məmmədova
Jalə Məmmədova
Komandanın futbolçularından Jalə Məmmədova da hesab edir ki, gərgin məşqləri bəhrəsiz qalmayacaq:

“Yaxşı hazırlaşırıq, məşqlər gedir. Həmişə birinciyik, birinci də olacağıq”.

KOMANDA HAZIRLAŞIR, BƏS, İNFRASTRUKTUR?

Dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə FİFA İcraiyyə Komitəsi 2010-cu il martın 19-da müsbət cavab verdi. Dünya çempionatının keçiriləcəyi ilə bağlı FİFA-nın həmin ölkədən tələb etdiyi əsas 4 stadionun və məşqlərin keçirilməsi üçün yardımçı stadionların olmasıdır.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu deyir ki, hazırlıqlarla bağlı xeyli işlər görülüb:

““Dalğa Arena” stadionu istifadəyə verilib. 8-ci km qəsəbəsində AFFA yeni bir stadion tikir. Üçüncü stadion isə Bayıl qəsəbəsində inşa olunur. Bundan başqa “Şəfa” stadionunda da oyunların keçirilməsi nəzərdə tutulub. Regionlara gəldikdə isə yarımfinal oyunlarından biri Lənkəran şəhər stadionunda keçiriləcək. Bundan başqa Qəbələdə inşa olunan stadion həmin vaxta qədər tam istifadəyə verilsə, orada da oyunların keçirilməsi nəzərdə tutulur”.

TƏBİİ, YA SÜNİ OT ÖRTÜYÜ?

"Futbol+" qəzetinin şərhçisi Sərxan Musayev isə hazırlıqların kifayət qədər olmadığını deyir:

“Acınacaqlısı odur ki, oyunlar keçiriləcək stadionların yalnız ikisində təbii ot örtüyü var. Dünyada süni örtük bir o qədər də bəyənilmir. Bu, futbolçuların oynaq nahiyələri üçün zərərlidir. Düzdür, deyilənə görə, bu stadionlarda iki ulduzlu qazonlardır. Bunlar ən son müasir qazonlar sayılsa da, istənilən halda təbii ot örtüyü daha əlverişli və tələb olunandır”.

Sərxan Musayev deyir ki, komanda məşqlər keçirsə də hələ uğurlu nəticələrə imza atmayıb.
FİFA-nın prezidenti Sepp Blatter (sağda) Bakıda prezident İlham Əliyevlə (solda) görüş zamanı, 6 iyun 2011
FİFA-nın prezidenti Sepp Blatter (sağda) Bakıda prezident İlham Əliyevlə (solda) görüş zamanı, 6 iyun 2011

Bu ilin yayında Bakıda olan FİFA prezidenti Sepp Blatter oyunların keçiriləcəyi arenalarla tanışlıqdan sonra demişdi ki, çempionat yüksək səviyyədə keçiriləcək.

"Dalğa Arena" stadionunda süni qazonla bağlı isə FİFA prezidenti demişdi ki, “oyun üçün ən yaxşı şərait futbol meydançasında təbii ot örtüyüdür. Lakin bu və ya digər regionda təbii şərait otun becərilməsinə imkan vermirsə, keyfiyyətli qazon münasibdir”.

NƏYƏ GÖRƏ 17 YAŞLILAR?

Neçə illərdir futbol rəsmiləri qadın futbolunun inkişafına dair fikirlər səsləndirsələr də bu inkişaf görünmürdü. Elə AFFA mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu da deyir ki, onlar demək olar sıfırdan başlayıblar:

“Bizdə qadın futbolu yox idi. Yuxarı yaş qruplarında komandalar da yox idi. Biz ona görə 17 yaşlılardan başladıq ki, iki il ərzində komanda hazırlamaq mümkündür və hazırlayırıq da”.

AFFA-nın baş katibi Elxan Məmmədov isə deyib ki, çempionatın keçirilməsi Azərbaycan üçün böyük sınaq olacaq:

“Bu sınaqdan yaxşı çıxsaq, o zaman FİFA və UEFA-nın növbəti yarışlarının final mərhələsi Azərbaycanda keçirilməsi üçün müraciət edə bilərik. Əsas odur ki, gələn dünya çempionatını yüksək səviyyədə keçirək”.

Dünya çempionatının oyunları gələn il sentyabrın 22-dən oktyabrın 13-ə qədər keçiriləcək.

Çempionatda 16 ölkənin komandası iştirak edəcək. Hansı ölkələrin təmsil olunacağı və biletlərin qiyməti hələ məlum deyil.
XS
SM
MD
LG