Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:35

Rafiq Əliyevin vəzifədən çıxarılması fərqli yozumlarda


Rafiq Əliyev
Rafiq Əliyev
«Xudu Məmmədov, Azad Mirzəcanzadədən sonra, Rafiq Əliyev Azərbaycanın ən böyük alimidir. Ona qarşı bu haqsızlıq, hakimiyyətin Məhəmməd Əmin Rəsulzadəyə, Üzeyir Hacıbəyliyə göstərdiyi haqsızlığın davamıdır».
Bunu hazırda Türkiyədə çalışan dilçi alim Kamil Vəli Nərimanoğlu deyir. Onun sözlərinə görə, bu fakt bir daha təsdiqləyir ki, Azərbaycan hökuməti və onun başında duran adamlar milli zəmində olan hər şeyi məhv etməyi planlı şəkildə həyata keçirirlər:
«QƏDRİ BİLİNMƏLİ OLAN ADAMLAR AZ QALIB»
«Azərbaycanda dünya miqyasına çıxan, qədri bilinməli olan adamlar barmaqla sayılacaq qədər az qalıb. Mən əminəm ki, bunların əlində imkan olsa, az qalan alimləri də ya Azərbaycandan uzaqlaşdırar, ya da fiziki şəkildə aradan qaldırarlar. Azərbaycan xalqı bir qrup dağıdıcı qüvvənin əlindədir. Azərbaycanda artıq bütün yaltaqlanmayan ziyalılara qarşı bir hücum var. Azərbaycan xalqı gərək haqqını, ziyalısını, dəyərlərini müdafiə etsin. Rafiq Əliyev isə isbat olunmuş dəyərlərdən biridir. Əlbəttə bu cür insanlara kafedra müdirliyindən çıxarılmaq və başqa belə şeylər təsir edə bilməz. Amma bu hala heç Afrikanın da hansısa ölkəsində rast gəlinə bilməz. Bu ancaq diktatura rejiminin gerçəkləşdirdiyi bir vəziyyətdir».
Kamil Vəli Nərimanoğlu
Kamil Vəli Nərimanoğlu
Kamil Vəli Nərimanoğlu əmindir ki, Azərbaycanın və dünyanın böyük alimləri bu məsələyə biganə qalmayacaqlar. Onun fikrincə, Rafiq Əliyev, Cəmil Həsənli, Rüstəm İbrahimbəyov və bəzi digərlərinin üzv olduğu Ziyalılar Forumunun fəaliyyəti hakimiyyətə heç də xoş deyil. Çünki onlar haqqı tələb edirlər. Hakimiyyət isə belələrini susdurmaq yolunu tutub.
RAFİQ ƏLİYEV VƏZİFƏDƏN KƏNARLAŞDIRILIB
Azərbaycan Dövlət Neft Akademiyasında avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri, Akademik Rafiq Əliyev noyabrın 4-də vəzifəsindən kənarlaşdırılıb. İşdən çıxarılması ilə bağlı əmrində onun Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndini pozduğuna görə vəzifədən azad edildiyi qeyd olunur.
Məcəllənin həmin bəndində deyilir ki, «işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda (72-ci maddə) əmək müqaviləsi ləğv olunur».
Rafiq Əliyev Ziyalılar Forumunun fəal üzvlərindəndir. O, bu günlərdə AzadlıqRadiosuna müsahibəsində Harvard Universitetininin məzunu Bəxtiyar Hacıyevin həbsdə olmasını tənqid etmişdi.
Ziyalılar Forumu isə ötən həftə yaydığı bəyanatda həbsdə olan bütün fəalların, həmçinin hicab aksiyasında tutulan dindarların azadlığa buraxılmasına çağırırdı.
«ÖLKƏDƏ SÖZ AZADLIĞIDIR»
Milli Məclisin elm və təhsil komitəsinin üzvü, hakim YAP-dan olan deputat Kamilə Əliyeva deyir ki, son bir neçə gün ölkədə olmadığı üçün Rafiq Əliyevin işdən çıxarılması barədə dəqiq məlumatı yoxdur. Ona görə də məsələni özü üçün dəqiqləşdirəndən sonra ona konkret münasibət bildirə bilər. Amma bununla yanaşı Kamilə Əliyeva inanmır ki, Azərbaycanda kimisə hansısa fikrinə və ya mövqeyinə görə işdən çıxartsınlar:
Kamilə Əliyeva
Kamilə Əliyeva
«Ölkədə söz azadlığıdır. İstər mənfi, istərsə də müsbət mənada kim harada istəyir, öz fikrini azad şəkildə ifadə edir. Yəni fikrini deməsi ilə bağlı heç bir kəsin qarşısında elə bir qadağa qoyulmayıb. Ona görə də mən inanmıram ki, Azərbaycanda istər alim, istər hansısa başqa bir sahənin adamını, yaxud adi vətəndaşı hansısa bir sözü deməsinə görə işdən azad etsinlər. Yəni bu, mənə inandırıcı görünmür».
«DEMƏK İNQİLAB ÇOXDAN BAŞLAYIB»
Pərviz isə "Azadlıq" qəzetindəki məqaləsində yazır:

"Ziyalı forumunda çıxış edən ziyalılar inqilab istəmədiklərini demişdilər. İşıqboğanlar hakimiyyəti isə bu son addımıyla onlara cavab verir: “Siz saydığınızı sayın”.

Yoldaş ziyalılar, Rafiq Əliyevə barmaq uzatmaqdan böyük əks-inqilabmı var? Əks-inqilab varsa, demək inqilab çoxdan başlayıb..."
Tarix elmləri namizədi Altay Göyüşov da «Facebook» səhifəsində bu məsələyə dair müzakirə açıb. O hesab edir ki, Rafiq Əliyevə qarşı belə bir addımın atılması hökumətin özünə ziyandır:
Altay Göyüşov
Altay Göyüşov
«Mən cəmi bir şeyi deyəcəyəm. Lotfi-zadə bu hökuməti həmişə pozitiv dəyərləndirib, məncə daha etməyəcək. O, Rafiq müəllimin dostudur. Bəlkə hökumətin içindən elə kimlərsə doğrudan bunun belə olmasını istəyir? Əks təqdirdə uşaq da bilir ki, indiki şəraitdə kafedra müəllimliyindən çıxarılmağın Rafiq müəllimin istər elmi, istər ictimai sahədəki statusuna zərrə qədər də mənfi təsiri olmayacaq. Tam əksinə».
Onu da deyim ki, sosial şəbəkələrdə belə müzakirələrdən başqa həm də Rafiq Əliyevlə bağlı KİV-də gedən məlumat, məqalə və reaksiyalar da paylaşılmaqdadır.
«BELƏ EDİRLƏR Kİ...»
Fəlsəfə elmləri doktoru Əli Abbasov isə inanmır ki, Rafiq Əliyevin kafedra müdirliyindən kənarlaşdırılması Dövlət Neft Akademiyasının rəhbərliyinin təşəbbüsü ilə baş versin. O güman edir ki, bu addım daha yuxarı instansiyanın qərarı ilə atılıb:
«Hər şey aydındır. Kim bir balaca nəsə deyirsə, ona qarşı tədbirlər görülür. Bu, dəhşətli bir şeydir. Belə edirlər ki, heç kim hakimiyyətin xoşu gəlməyən təşkilatların üzvü olmasın. Amma artıq belə şeylər arxada-sovet dövründə qalıb. İndi bu cür addımlarla heç nəyə nail olmaq mümkün deyil. Bununla heç nə alınmayacaq».
Əli Abbasovun fikrincə, artıq Rafiq Əliyevə qarşı atılan bu addımla bir tərəf öz sözünü deyib. İndi onun üzvü olduğu «Ziyalılar forumu», eləcə də digərləri öz sözlərini deməlidilər və təbii ki, deyəcəklər.

250PLYUS YUXARIDA SƏSLƏNƏNLƏRDƏN FƏRQLİ FİKİRDƏDİR
XS
SM
MD
LG