Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:49

Alman jurnalisti Putinin ailə problemlərindən yazıb...


Vladimir Putin və həyat yoldaşı Lyudmila
Vladimir Putin və həyat yoldaşı Lyudmila
Alexander Mannheim, Daisy Sindelar

Rusiyanın indiki baş naziri və mümkün gələcək prezidenti Vladimir Putinlə 28 illik həyat yoldaşı Lyudmilanın gah boşanması, gah da cütlük arasındakı sevgiyə dair zaman-zaman informasiyalar yayılıb.

Ola bilsin həqiqət bu ikisinin arasındadır. Ancaq Putinin Şərqi Almaniyada KQB fəaliyyəti haqda son informasiyalardan görünür ki, nigahda harmoniya gələcək liderin karyerasında heç də əsas yer tutmayıb.

ARVADBAZ PUTİN

Alman kəşfiyyatı üzrə ekspert və jurnalist Erich Schmidt-Eenboom deyir ki, Qərbi Almaniyadan olan bir qadın xəfiyyə Putinin Drezdendə qaldığı beş il müddətində onun ailəsindən informasiya toplaya bilib. Jurnalist deyir onda sübutlar var. Həmin qadın aşkarlayıb ki, Putin əməlli-başlı arvadbaz olub, arvadını da tez-tez döyürmüş.

Schmidt-Eenboom Almaniyanın BND xarici kəşfiyyat agentliyi barədə xeyli kitab və əsərlər yazıb. Onun bildirdiyinə görə, həmin agent Lenchen və ya Lenoçka adıyla fəaliyyət göstərib. KQB-nin Şərqi Almaniyada hərbi və iqtisadi fəaliyyəti barədə informasiya toplamaqla məşğul olub.

«O, tezliklə Lyudmila Putina ilə dostlaşıb, onun inandığı şəxsə çevrilib. Lyudmila ona danışıb ki, Vladimir tez-tez onu döyürmüş, aldadırmış, başqa qadınlarla görüşürmüş».

Schmidt-Eenboomun açıqlamaları ilk dəfə Almaniyanın «Berliner Zeitung» qəzetində dərc olunub. O, bu məlumatların gələn il prezident postuna qayıtmağa hazırlaşan Putini gözdən salmaq üçün ona ötürüldüyü barədə deyilənləri təkzib edib.
Jurnalist iddia edir ki, Lenchen barədə ilk dəfə bu ilin əvvəlində bir keçmiş BND rəsmisi ilə danışanda eşidib. Həmin qadına qabarıq sinəsinə görə «balkon» da deyirlərmiş.

«Əlbəttə ki, jurnalist olaraq mən ikinci mənbə də tapmalı idim. Bir neçə həftə əvvəl Almaniyada Konstitusiyanın Mühafizəsi üzrə İdarədə (Verfassungsschutz) bir nəfərlə rastlaşanda, o da həmin qadından danışdı».

Vladimir Putin
Vladimir Putin
Jurnalistin dediyinə görə, Lenchen rus və alman dillərində eyni səlisliklə danışan Baltik almanı olub. Dil bilmək bacarığı sayəsində o, KQB-nin Drezdendəki kiçik bürosunda işə düzəlib, Sovet İttifaqının Şərqi Almaniyada yerləşən Qərb Qüvvələrinin rəsmi tərcüməçisi işləyib.

GÜZƏŞTƏ GETMƏYƏN VƏ EHTİRASLI PATRİARX

Büroya rəhbərlik edən KQB polkovniki ilə romantik münasibətlərdən sonra hamilə qalan Lenchen xahiş edir ki, onu işdən çıxarsınlar. Qadın həmçinin Putin ailəsində xəfiyyəlik etdiyindən psixoloji stress keçirirmiş.

Onu Qərbi Almaniyaya çağırırlar, yeni vəsiqə verib xidmətdən buraxıblar. Schmidt-Eenboom deyir ki, ona yaxşı kompensasiya veriblər: «O, indi Almaniyanın cənubunda qayğısız həyat yaşayır».

Ancaq yeni iddialar çətin ki, Putinin Rusiya daxilindəki imicini zədələsin. Bu ölkədə ailə problemləri adi və özəl informasiyalar sayılır.

Putinin güzəştə getməyən və ehtiraslı patriarx imici isə onun lider nüfuzunu daha da möhkəmləndirə bilər. Bu yaxınlarda «Forbes» jurnalı onu dünyanın ikinci ən güclü adamı adlandırıb.

Gözlənir ki, Putin gələn il Rusiya prezidenti postuna qayıtsın.

ALİNA KABAYEVA, «SOYUDUCU»

Alina Kabayeva Vladimir Putinlə görüş zamanı. 4 noyabr 2004
Alina Kabayeva Vladimir Putinlə görüş zamanı. 4 noyabr 2004
Son illər Putinin arvadı ilə ictimaiyyət arasına çıxması nadir görüntü sayılır. Putin aradabir keçmiş Aeroflot styüardessası olan Lyudmila ilə boşanmasına dair şayiələri təkzib etməyə çalışır.

59 yaşlı baş nazirin adı tez-tez keçmiş Olimpiya gimnastı, Rusiya Dumasının yaraşıqlı üzvlərindən olan Alina Kabayeva ilə də birgə çəkilir.

Kreml bir vaxtlar Putinin ailəsinin xoş portretini yaratmağa da cəhd edib. Bu cütlüyün romantik dövrünü əks etdirən «Kadrarxası öpüş» filmi 2008-ci ildə Valentin Günündə yayılıb.

Ancaq iki qız övladı olan bu cütlüyün namünasib anları daha çoxdur.

53 yaşlı Putina ərinə emosiyasız olduğuna görə «Soyuducu» deyir. Putin isə əvəzində deyib ki, «Lyudmila ilə üç həftə yaşaya bilən şəxsə gərək heykəl qoyulsun».

BİR LENOÇKA, BİR DƏ «POLKOVNİK VİKTOR»

Putinin sözçüsü Dmitry Peskov deyib ki, agentlə bağlı məlumatları şərh edə bilməz. Almaniyanın BND təşkilatının sözçüsü də bəyanat verməyib, ancaq onu deyib ki, «Biz metodlarımızı, təhqiqatlarımızı müzakirə etmirik».

Schmidt-Eenboom qeyd edir ki, alman kəşfiyyat agentləri nadir hallarda KQB qurumlarının içərisinə nüfuz edə biliblər. Bunu bir Lenoçka Drezdendə Putin ailəsi ilə bacara bilib, bir də «Polkovnik Viktor» adlı bir xəfiyyə 1980-ci illərdə buna oxşar uğur qazanıb.

Lenoçkanın məlumatları Verfassungsschutz və Almaniyanın NATO müttəfiqlərinə ötürülüb. Schmidt-Eenboom deyir ki, Putinin yuxarıda deyilən hərəkətlərindən başqa Qərb kəşfiyyatını maraqlandıracaq başqa informasiya olmayıb. Azından o, prezident olana kimi.

«Putin özünə belə bir başgicəlləndirici siyasi karyera qurmasaydı, onun dosyesi məhv edilərdi. Birdən- birə onun həyatının kiçik detalları belə maraq kəsb etdi»- bunu da Schmidt-Eenboom deyir.
XS
SM
MD
LG