Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:10

Tünzalə Ağayeva Eurovision dinləmələrini qiymətləndirir


Tünzalə Ağayeva
Tünzalə Ağayeva
-
«Eurovision-2012» mahnı müsabiqəsinə ilkin dinləmələr başa çatıb. Birinci mərhələdə 119 nəfər iddialını dinləyən münsiflər arasında müğənni Tünzalə Ağayeva da olub. Tünzalə Ağayevanın AzadlıqRadiosuna verdiyi müsahibəni təqdim edirik:

- Tünzalə xanım, «Eurovision» dinləmələriylə bağlı təəssüratlarınız necədir?

- İndiki vəziyyətdə təəssürat demək tez olar. Sadəcə özünə, səsinə güvənən uşaqlar müraciət etdilər, biz də onları dinlədik. Sabah Azərbaycanı təmsil edəcək kəs o uşaqların arasında gizlənib. Zaman keçdikcə, mərhələ davam etdikcə, o kəs özünü büruzə verəcək.
- Azərbaycana uğur imzası gətirəcək bir səs gördünüzmü? 119 səsi dinlədiniz, sizin ürəyinizə dəyən bir nəfəs oldumu?

- Var, parlaq uşaqlar var. Elə uşaqlar var ki, onlarda indidən perspektiv görmək olar. Əgər onlara düzgün imiclə yanaşılsa, üzərlərində işləsələr, bu uşaqlar gəlib bir yerə çıxacaqlar.
- Ötən ilki seçim mərhələsində müraciət edənlərin səs səviyyəsi ilə bu ilki arasında fərq varmı?

- Keçən il iştirak edən uşaqların şousundan çox zövq alırdım, xoşuma gəlirdi ki, iddiaları var. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Keçən ilki müsabiqə zamanı da o uşaqların üzərində işlənildi, yoxsa onlar da ilk dəfə gələndə çiy idilər. Seçmə zamanı adi formada idilər.

Təbii ki, potensial sonra mərhələdən mərhələyə adladıqca üzə çıxdı. İnanıram ki, indiki uşaqlarda da belə olacaq, onların potensialını zaman keçdikcə görəcəyik. Keçən ilki proses tam formada gözümün qabağında olduğu üçün indiki ilə müqayisə apara bilməyəcəm, hələ tezdir.

Tünzalə Ağayeva
Tünzalə Ağayeva
- Tünzalə xanım, hazırda özünüz hansı layihənin üzərində işləyirsiz?

- Hazırda bir layihə var, ingilis dilli albomum üzərində işləyirəm. Sözləri İngiltərədə yaşayan soydaşımız Nigar Həsənzadəyə aiddir, onunla birgə işləyirik bu albom üzərində.

Maraqlı bir iş alınmalıdır, mahnılarda bir paralellik olacaq, yəni Azərbaycan musiqi alətləri ilə iştirak edəcək, dil olaraq ingilis dilini seçmişik. Mahnılar isə rok, sol-bluz, caz kimi dünyada tanınmış janrlar olacaq.

Hələlik bu albomun Almaniyada çıxması təklifi var, amma hələ qərar verilməyib. Bundan qabaq isə bir layihə üzərində işi başa çatdırdıq. Böyük Britaniyadan OXFAM təşkilatının xətti ilə Aleks adlı bir menecer gəlmişdi. Onun Azərbaycana marağı «Eurovision»ə görə yaranmışdı. Onunla bir mahnı üzərində işlədik, İçərişəhərdə, Bərdədə çəkilişlər elədik.

- Mahnının mövzusu nə idi?

- OXFAM-ın beynəlxalq bir layihəsi var, «Grow a better future» («Daha yaxşı gələcək üçün»). Layihə kənd təsərrüfatına bağlıdır. Mahnının mövzusunda bir neçə xətt var, yəni torpaqdan alınan bəhrə-bərəkət ədalətli istifadə olunsun. Planetin ac olduğu bir vaxtda torpaqla düzgün davranılsın. Belə bir mesajdır dünyaya.

Suzanne Mubarak
Suzanne Mubarak
Başqa ölkələrdən də müğənnilər bu mesaja qoşulub. Birini də müştərək biz etdik. Bu mahnı tam Avropa musiqisi deyil, orda muğamdan, Azərbaycan musiqi alətlərindən də istifadə olunacaq. Mahnıda «Evrovision»a da işarə var.

- Tünzalə xanım, bu yaxın illərdə siz dünyaya bir mesaj olduğunu söylədiyiniz bir mahnı oxumuşdunuz: «Building Our Peace/ Sülhümüzü quraq». Müharibə əleyhinə idi mahnı. Amma bu mahnının müəllifi olan Suzanne Mubarakın ərinin rəhbər olduğu ölkədə ciddi hadisələr baş verdi. Necə qarşıladınız bu hadisələri?

- Bilirsiz, sənət hansısa siyasi çevrəyə sıxmır. Mahnının mövzusu insanları müharibənin, aclığın fəsadları barədə düşünməyə dəvət edir. Dünyada çox şeylər dəyişir, siyasət də dəyişir, amma sənət, mahnı qalır.

Buna görə də mən bu mahnını bir adama, bir ölkəyə bağlamazdım. Mahnı özü o qədər gözəl alınıb ki, inqilablara görə belə bu mahnının dəyəri məndən ötrü itmədi. Sevə-sevə də oxuyacam.
- Bu mahnı müəllifinin əri öz ölkəsində vətəndaş qanı axıtdığı üçün indi məhkəmə qarşısındadır. Siz bu mahnını oxuyanda hansısa dinləyici sözlərin səmimi olmadığını düşünə bilər. Bir müğənni kimi bu sizdə hansısa psixoloji ovqat yaradarmı?

- Mən müəllifi təbliğ etmirəm ki. Mahnı əgər gözəldirsə, heç nə yaradıcılığıma, oxumağıma kölgə sala bilməz. Ancaq bu cavabı verərdim, mahnı gözəldir, mən bunu ifa edirəm.
XS
SM
MD
LG