Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:18

Prorektor: «Rafiq Əliyev dekan Ramiz Allahverdiyevin təqdimatı ilə vəzifədən kənarlaşdırılıb»


Azərbaycan Dövlət Neft Akademiyası
Azərbaycan Dövlət Neft Akademiyası
Azərbaycan Dövlət Neft Akademiyasının tərbiyəvi işlər üzrə prorektoru Qasım Məmmədov noyabrın 10-da «Media forum» saytına müsahibə verib.

- Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafiq Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri vəzifəsindən niyə çıxarılıb?

- Rafiq Əliyev istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin dekanı Ramiz Allahverdiyevin təqdimatı ilə işdən azad olunub. Dekanın təqdimatında göstərilir ki, Rafiq müəllim son vaxtlar uzunmüddətli xidməti ezamiyyətlərə gedir, ona görə də kafedranın idarə olunmasında müəyyən problemlər yaranıb. Hətta bu yaxınlarda kafedranın bir dosentinə əmək intizamının pozulmasına görə töhmət də verilib.

Dekanın təqdimatında qeyd olunub ki, Rafiq Əliyev kafedrada qeyri-işgüzar şərait yaradıb. Bunun nəticəsində son vaxtlar iki dosent, bir assistent, iki laborant dözməyərək kafedradan çıxıblar, iş yerlərini dəyişməyə məcbur olublar. Bununla yanaşı elmi-tədqiqat və elmi-metodiki fəaliyyət göstərməyən professor Məmmədov uzun müddət kafedrada və pedaqoji heyətdə saxlanıb. Yalnız Dövlət Neft Akademiyası rəhbərliyinin müdaxiləsindən sonra, Elmi Şuranın qərarı ilə həmin professoru işdən kənarlaşdırmaq mümkün oldu. Yəni qeyri-məhsuldar müəllimlər işdə saxlanırdı, məhsuldarlar isə çıxıb gedirdi. Rafiq Əliyevin kafedra müdiri vəzifəsindən azad olunmasının səbəblərindən biri də budur. Söhbət kafedranın düzgün idarə olunmamasından gedir.

Kafedra müdiri yerində olmayanda, təbii ki, işçilər də bundan sui-istifadə hallarına yol verirlər. Zəng edirsən, lazım olan işçini də yerində tapmaq olmur.

- Kafedradan çıxıb gedən işçilər kimlərdir?

- Mən onların kim olduğunu bilmirəm.

- Rafiq Əliyev son zamanlar aktiv ictimai fəaliyyətlə məşğul olur. İşdən çıxarıldığı gün də yaradıcılarından olduğu Azərbaycan Ziyalılar Forumu «Milli birlik: şərtləri və yolları» mövzusunda müzakirə keçirib. Rafiq Əliyev müzakirələrin aparıcısı olub. Onun kafedra müdiri vəzifəsindən azad olunmasına münasibət bildirənlərin əksəriyyəti hesab edir ki, bu, siyasi sifariş əsasında verilən qərardır. Rafiq Əliyevin ictimai-siyasi fəallığı ilə işdən azad olunmasının üst-üstə düşməsi təsadüfdür, yoxsa burada bir bağlılıq var?

- Rafiq Əliyevin kafedra müdiri vəzifəsindən azad olunmasında heç bir siyasi məqsəd güdülməyib, onun ictimai-siyasi mövqeyi bu məsələdə heç bir rol oynamayıb. Məsələnin belə qoyulması ilə razı deyiləm.

- ADNA rəhbərliyi bu problemlə bağlı indiyədək Rafiq Əliyevlə hər hansı müzakirə aparıbmı, işdən azad olunmasına səbəb kimi göstərilən iradlar onun nəzərinə çatdırılıbmı, işdə dönüş yaratması tələb olunubmu?

- Məndə bu barədə məlumat yoxdur. Çox güman ki, belə bir müzakirə olmayıb. İnanmıram ki, rəhbərlik onunla görüşsün.

- Kafedra müdirlərinin vəzifəyə təyin olunması və azad edilməsi prosedurası necədir? Əvvəllər bu, seçki yolu ilə olurdu, indi necə? Dekanın təqdimatı ilə kafedra müdirinin vəzifəsindən azad olunması ədalətlidirmi?

Rafiq Əliyev
Rafiq Əliyev
- İndi də seçki yolu ilədir. Amma fakültə dekanı kafedra müdirinin vaxtından əvvəl işdən azad olunması üçün təqdimat verə bilər. Rafiq Əliyevin işdən azad olunması qanun çərçivəsində atılmış addımdır.

- Rafiq Əliyevin yenidən kafedra müdiri vəzifəsində qaytarılması mümkündürmü? Onun yerinə yeni müdir təyin olunubmu?

- Əlbəttə, təyin olunub. Çünki kafedranı başsız qoymaq olmaz. Müvafiq əmrlə kafedra müdiri vəzifəsini müvəqqəti icra edən təyin olunub. Bu, dosent Faiq müəllimdir. Kafedra müdiri seçkisinin vaxtı hələ bilinmir. Vaxt müəyyənləşəndə, elan veriləcək.

- Bu məsələ son günlərin ən aktual mövzusuna çevrilib. Ziyalılar, siyasi partiyalar, ictimai təşkilatlar bununla bağlı bəyanatlar veriblər. Təhsil Nazirliyindən, Milli Elmlər Akademiyasından, digər instansiyalardan Rafiq Əliyevin işə bərpa olunması üçün hər hansı müraciət almısınızmı?

- Məndə bu barədə məlumat yoxdur. Çox güman ki, belə müraciətlər daxil olmayıb.

- Rafiq Əliyev dünyada tanınmış alim hesab olunur. Ziyalılar hesab edir ki, onun işdən azad olunması heç də Azərbaycana başucalığı gətirən hal deyil...

- Rafiq Əliyev Neft Akademiyasının əməkdaşı kimi qalır. Kafedra müdiri vəzifəsindən azad olunması o demək deyil ki, işdən tamam azad olunub. Rafiq Əliyev ADNA-da proqram rəhbəri kimi də fəaliyyət göstərir, ABŞ-la birgə mütəxəssislərin hazırlanmasını həyata keçirən proqramın direktorudur. Yalnız kafedra müdiri vəzifəsindən azad olunub.

- Rafiq Əliyevin kafedra müdiri vəzifəsindən azad olunmasını Neft Akademiyası üçün itki hesab edirsinizmi?

- Sözün düzü, Rafiq müəllim özü deyirdi ki, əslində professor kimi maaşı kafedra müdirinin məvacibindən yüksəkdir. Özü deyirdi ki, kafedra müdiri olduğuna görə maaşından müəyyən qədər itirir.
XS
SM
MD
LG