Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:08

İran səfirliyi Rafiq Tağıya sui-qəsdlə bağlı açıqlama yaydı


İranın Azərbaycan Respublikasındakı səfirliyi yazıçı Rafiq Tağıya edilən sui-qəsdlə bağlı açıqlama yayıb.

Səfirliyin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, açıqlamada deyilir: “Rafiq Tağıya qarşı törədilmiş sui-qəsd olayının İran İslam Respublikasına aid edilməsi ilə bağlı bəzi şəxslər və Azərbaycan Respublikasının bəzi informasiya vasitələri tərəfindən irəli sürülən əsassız və həqiqətdən uzaq iddiaları təkzib etməklə yanaşı, mənfi atmosfer yaratmaq məqsədi daşıyan bu əməlləri İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı strateji münasibətlərə xələl vurmaq istiqamətində sionizm-Amerika təxribatları kimi qiymətləndirir və bu kimi cəhdləri puç və məğlub addım hesab edirik”.

Qeyd edək ki, R.Tağının özü də xəstəxanada AzadlıqRadiosuna verdiyi müsahibədə sui-qəsddə İranın Azərbaycandakı casus şəbəkəsinin əli ola biləcəyini istisna etməyib.

Noyabrın 19-u axşam naməlum şəxslər yazıçı Rafiq Tağını bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan yazıçı əməliyyat olunub və hazırda xəstəxanada yatır. Fakt üzrə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Cinayəti törədənlər hələ tapılmayıb. Hadisənin motivi bilinmir. Mediada bu qəsdin arxasında Rafiq Tağının İran dövlətinin və bəzi radikal islamçıların əleyhinə yazdığı məqalələrlə bağlı ola biləcəyi haqda versiyalar irəli sürülüb.

Rafiq Tağı 2006-cı ilin noyabrında “Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə tutulub və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinib. Rafiq Tağı prezident İlham Əliyevin 2007-ci il dekabrın 28-də imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.
XS
SM
MD
LG