Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:27

«Elektron Hökumət»in qaydaları təsdiqlənib


Foto: Arxiv
Foto: Arxiv
ELEKTRON XİDMƏTLƏRİN QEYDİYYATI APARILACAQ

Bu günlərdə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron xidmətlər göstərilməsi qaydaları və elektron xidmət növlərinin siyahısı təsdiqlənib. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev AzadlıqRadiosuna bildirib ki, bu qaydalardan sonra elektron xidmətlərin göstərilməsi işi sürətlənəcək:

«İndi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində reyestr xidməti yaradılacaq. Bu, bir ay vaxt aparacaq. Sonra bu xidmətlərin qeydiyyatını aparacağıq. Vətəndaşlar da girib baxa biləcəklər ki, hansı nazirlik hansı xidməti aparır».

İsfəndiyar Əliyev deyir ki, bu qaydalar hələlik mərkəzi icra hakimiyyətlərinə, yəni nazirlik və dövlət komitələrinə aiddir. Müsahibimizin sözlərinə görə, artıq bir çox nazirliklər rəsmi saytlarında elektron xidmət bölümü yaradıblar. Bunların bəzilər informativdir, amma interaktiv olanları da var. Nazirliyin şöbə müdiri deyir ki, hökuməti qısa zamanda elektronlaşdırmaq üçün böyük maddi-texniki şərait tələb olunur:

«Gələcəkdə informativ bölümlər də interaktivliyə keçəcəklər. Bəziləri qismən interaktivdir. Qanunvericiliyə də dəyişiklik olmalıdır. Əgər qanunda tələb edilirsə ki, sənəd möhürlü və imzalı olsun, onda təbii ki, kağız formasına üstünlük veriləcək. Gərək bunun üçün qanunda da dəyişiklik edilsin».

HANSI XİDMƏT QEYDƏ ALINMASA...

İsfəndiyar Əliyev hesab edir ki, iki gün əvvəl Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar imkan verəcək ki, mərkəzi icra hakimiyyətlərinin apardığı elektron xidmətlər konkretləşsin:

«Hansı xidməti reyestrdən keçirəcəyiksə, o növ üzrə də xidmət göstəriləcək. Bizdə reyestrə düşməyən xidmətin göstərilməsinə isə icazə verilməyəcək».

Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev
Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev
Sentyabrın 7-dən Azərbaycanda elektron imzanın tətbiqinə başlanıb. Bəs indiyə kimi elektron imza alan dövlət strukturu varmı? İsfəndiyar Əliyev bir neçə nazirliyin elektron imza üçün müraciət etdiyini, artıq alanların da olduğunu söylədi. Amma artıq hansı nazirliyin və ya dövlət komitəsinin elektron imza aldığını xatırlaya bilmədi.

ELEKTRON HÖKUMƏT KORRUPSİYAYA QARŞI

«Şəffaflıq-Azərbaycan» Təşkilatının sədri Rəna Səfərəliyeva deyir ki, onlar hökumətin elektron xidmətinin monitorinqinə başlayıblar:

«Prezidentin elektron xidmətlə bağlı fərmanı var. Biz bu xidmət növlərinin hər birini qiymətləndiririk».

Rəna Səfərəliyeva deyir ki, elektron hökumət sisteminin işə düşməsi nəticəsində ölkədə korrupsiya miqyasının azalacağını proqnozlaşdırmaq olar:

«Elektron hökumətin məqsədi də elə budur. Məmur-vətəndaş, məmur-biznes arasındakı əlaqələri rədd edir. Digər ölkələrin, Gürcüstanın, Estoniyanın təcrübəsi də buna sübutdur».

«Şəffaflıq-Azərbaycan» Təşkilatının sədri Rəna Səfərəliyeva
«Şəffaflıq-Azərbaycan» Təşkilatının sədri Rəna Səfərəliyeva
«Şəffaflıq-Azərbaycan» Təşkilatı monitorinqin nəticələrini dekabrın sonlarında açıqlayacaq.

2 AYLIQ MÖHLƏT

Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarına tapşırıb ki, iki ay müddətində göstərilən elektron xidmətlərini «Elektron xidmətlər reyestri»ndə qeydə aldırsınlar. O cümlədən, dövlət strukturları elektron xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi üçün zəruri tədbirlər görsün.

Ancaq hələlik «Elektron xidmətlər reyestri»ndən mərkəzi icra hakimiyyətləri öz xidmətlərini keçirəcək. Yerli hakimiyyətlər – bələdiyyələr, mənzil istismar sahələri isə bu sistemə gələcəkdə qoşulacaqlar. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev deyir ki, tam elektron hökumət yaradılması üçün 2 il vaxtları var.

İnformasiya texnologiyaları üzrə ekspert Hacı Hacılı isə deyir ki, əgər dövlət strukturlarının qarşısında NK-nin təsdiq etdiyi qaydalara əməl olunması məcburiyyəti qoyulmasa, onda bu göstəriş də elə kağız üzərində qalacaq. Hacı Hacılı hesab edir ki, dövlət strukturları qarşısında elektron xidmətləri reyestrdən keçirmək üçün konkret vaxt qoyulmalıdır.
XS
SM
MD
LG