Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:10

Rüstəm Behrudi: "Rafiq Tağının qətli açılmayacaq"


Rüstəm Behrudi
Rüstəm Behrudi
Ziyalılar Forumunun üzvü, şair Rüstəm Behrudinin "Yeni Müsavat" qəzetinə müsahibəsi.

- Rüstəm bəy, Rafiq Tağının qətlindən sonra Azərbaycan yazarının, publisistinin əl-qolu soyudumu?

- Rafiq çox yaxın dostum idi. Onu öldürən adamlar anlamır ki, adamı həbsxanaya atmaq, onu ölümlə qorxutmaq boş şeydir.

Çünki ölümlə qorxu pis tərbiyəçidir. O adamlar bilmir ki, düşüncə tərzi fərqli olan adamları ölümlə qorxutmaq mümkün deyil. Bu dünyada bütün imperiyalardan məzarlıq qoxusu gəlir.

Təkcə xalqların imperiyası olmur. Dünyagörüşlərinin, fikirlərin də imperiyası olur. Rafiq Tağı düşüncə sərhədlərini bu imperiya üçün açan adam idi.

Onun faciəsi o idi ki, öz düşüncə sərhədlərini açmışdı.

Rafiqin düşüncə sərhədləri də indiki iqtidarın, ya da onun düşüncə tərzinə yad olan adamların - hələ cinayət işi bitməyib, konkret heç nə demək olmaz - düşüncə azadlığı ilə toqquşurdu. Bu, mütləq bir faciə ilə bitməli idi.

- Bu qətlin icraçıları, sifarişçiləri ilə bağlı təxminləriniz necədir?

Bizə Allah hər şeyi verib, sadəcə, bundan istifadə etmək lazımdır. O boyda böyük gəlirləri olan ölkənin vətəndaşlarının yaşayış minimumuna baxın. Görün haradadır. Bizim aylıq minimumu Avropada bir cavan oğlanın bir günlük xərcinə bərabərdir.

Ayətullahın verdiyi fitva, ardınca oğlunun bu fitvanı təqdir edən açıqlaması nədən xəbər verir?

- Qəribə oxşayış var. Noyabrın 22-də ölümünə fitva verilir və sonra öldürürlər. Rafiq çox məhrəmanə adam idi. Məncə, Rafiq Azərbaycan dövlətçiliyi üçün təhlükəli adam deyildi. Bu dövlətə, onun bayrağına, istiqlalına bağlı idi. Son günlərdə onun bir fikrini oxudum. Deyirdi ki, “günlərin bir günü Allahla qarşılaşsam, deyərdim ki, bunların hamısını sənin üçün elədim”. Gözəl sözlərdir. Rafiqin tək bu cümləsi cild-cild mənasız kitablara dəyər. Fitvadan sonra öldürülməsi şübhələri artırır.

- Hökumətin bu məsələdəki mövqeyini necə qiymətləndirirsiniz?

- Həmişə düşünmüşəm ki, bütün həqiqətlərin arxasında yalan gizlətmək mümkün deyil. Amma bütün yalanların arxasında həqiqət gizlənib. Bu gün qarşı tərəf nə deyir desin, o yalanların arxasında mütləq bir həqiqət var və o da üzə çıxacaq. Məncə, bu, Azərbaycan dövlətçiliyinin özünə ziyandır. Bunu vaxtında axtarıb tapmaq lazımdır.

- Sizcə, bu qətlin üstü açılacaqmı? Hər halda, bu vaxta qədər jurnalist qətli, döyülməsi olaylarının heç biri açılmayıb...

- Bugünlərdə uzun bir siyahı oxudum. Müstəqillik dövründə öldürülən ziyalıların, dövlət adamlarının siyahısı vardı. Bu millətin taleyində rol oynayacaq 20-dən artıq adam idi. Onların heç birinin cinayət işi açılmayıb. Rafiqin də cinayət işinin üstü açılmayacaq. Mən bu qətlin açılmasını istəsəm də bilirəm ki, baş tutmayacaq. Bu gün Azərbaycanda çox az ziyalı var. Ziyalılar Forumuna qarşı məktub yazanları xatırlayırsınız? Heç düşünmürdüm ki, belə maraqlı hadisələr baş versin. Deyəsən, sizin qəzet araşdırmışdı ki, həmin ziyalılar rəhmətlik Heydər Əliyevin çıxışını boykot edən, təpik döyən ziyalılar idi. Xudayar bəyin, Gülümsərovun, Qaloşun... nəvələri həmin məktubu indi də Rafiq Əliyevə qarşı yazıb. Onlar ziyalı yox, millətin üz qarasıdır.

- Rafiq Tağı ilə kifayət qədər yaxın olmusunuz. O, özünə qarşı hansısa təhlükə, məsələn, ölüm təhlükəsi gözləyirdimi?

- Heç vaxt. Onun fikirlərinə həmişə hörmət etmişəm. Mübahisələrimiz də olurdu. Xüsusən dini mövzularda mübahisələrimiz olurdu. Demişdim ki, sənin Məhəmməd Peyğəmbərə qarşı dediklərini təqdir etmirəm. Çünki Məhəmməd elə İsadır, İsa elə Məhəmməddir. Bütün peyğəmbərlər eyni adamlardır, başqa zaman kəsimlərində yaşayıblar. Onunla daha çox mübahisəmiz o olurdu ki, hər şeyə radikal baxırdı. Onun radikallığı da özünü daha çox publisistik yazılarında göstərirdi. Ona deyirdim ki, sənin azad düşünmək və danışmaq haqqın bizim Allah sevgisi riyakarlıqdan başqa bir şey olmayan din tacirlərinin, Allah evində Allahın abrını tökən hacıların görüntü yaratmaq sevdasında qurtarır. Rafiqin düşünmək sevdasının ölçüsü ora qədər idi. Ona
Rafiq Tağı
Rafiq Tağı
görə də toqquşurdu. Mən deyirdim ki, bu adamlar burda millətin, orda da Allahın abrını tökür. Amma Rafiq bunu daha radikal deyirdi. Onun faciəsi də orada idi. Rafiq həbsxanaya düşəndə onu tənqid edənlər var idi. Bəzi din adamları mənə zəng edib “dostun filan şey yazıb” deyə şikayətlənirdi. Soruşurdum ki, Rafiqin yazısını oxumusunuzmu. Məlum olurdu ki, Rafiqi onun yazısını oxumayan adamlar ittiham edir. Bu da görüntü yaratmağa xidmət edirdi ki, biz dindarıq, kimsə dini bizdən az sevir.

- Ziyalılar Forumunun üzvü Rafiq Əliyevə, eləcə də orada sərt danışan bir neçə nəfərə təzyiqlərin olması hələ də aktuallığını qoruyan mövzudur. Necə düşünürsünüz, repressiya maşını ziyalılar bumunu yatırdımı?

- Quranda bir ayə var ki, zülmə və zalıma qarşı əlində gücün varsa, silahla vuruşursan. Əgər gücün yoxsa, sözlə vuruşursan. Qorxursansa, içində nifrət edirsən. Ziyalılar Forumu nə iqtidarın, nə də dövlətçiliyin əleyhinə deyil. Əslində bu forum Azərbaycandakı idarəetmə üsulundakı yanlışlıqları aradan qaldırmaq, xalqın daha yaxşı yaşaması üçün nəsə etməyə, yol göstərməyə çalışan bir qurumdur. Bunun nəyi pisdir?

- Sizcə, hakimiyyət buna görə niyə həyəcanlanır?

- Belə fikirləşirəm ki, hakimiyyətin həyəcanı onun gücsüzlüyündən yox, haqsızlığından irəli gəlir. Azərbaycan iqtidarı çox güclü hakimiyyətdir, kim nə deyirsə desin. Belə olmasaydı, müxalifət 20 il müxalifətdə qalmazdı, düz deyil?

- Bu qədər güclüdürsə, niyə ölkədə bu qədər problem, siyasi məhbus, hüquq pozuntusu var və siz ziyalılar da buna etiraz edirsiniz? Mən məntiqi anlamadım...

- Dostum Ramiz Rövşənin də dediyi kimi, biz Azərbaycanda hakimiyyəti inqilab yolu ilə dəyişmək fikrində deyilik. Sadəcə istəyirəm ki, islahatlar yolu ilə həll edilsin problem. İnqilablar qan tökməkdir, bir insanın, bir millətin faciəsidir. Ziyalılar Forumu öz təklifləri ilə iqtidara təsir edə, bu problemlər aradan qalxa bilər. Azərbaycanda çox mükəmməl bir idarəetmə üsulu var...

- Nədə mükəmməldir?

- Heç bir adam səsini çıxara bilmir. Bu dərəcədə mükəmməldir.

- Yəqin ironiya edirsiniz...

- Bəli, ironiya edirəm. Mükəmməlliyi bundadır. Bu millət böyükdür. Bizə Allah hər şeyi verib, sadəcə, bundan istifadə etmək lazımdır. O boyda böyük gəlirləri olan ölkənin vətəndaşlarının yaşayış minimumuna baxın. Görün haradadır. Bizim aylıq minimumu Avropada bir cavan oğlanın bir günlük xərcinə bərabərdir. O Ziyalılar Forumu bunu aradan qaldırmaq istəyirdi. Rafiq Əliyev, Ramiz Rövşən nə deyirdi ki, qorxu və təhlükə mənbəyi olsun?

- Cəzalanma mexanizmi işə düşübsə, bu, ziyalıların geriləyəcəyi, səsini daha astadan çıxaracağını göstərir?

- Mən elə düşünmürəm. Azərbaycan ziyalısının bədbəxtliyi bilirsiniz nədədir?
Rafiq Əliyev
Rafiq Əliyev
O, Mirzə Cəlil, Cavid olmaq yolunu təqdir etdi, amma özü başqa yolla getdi. Bu, ancaq ziyalılıq yox, həm də kişilik söhbətidir. Kişinin başına nə gəlirsə, onun qorxaqlığından gəlir. Kişi qorxaq oldusa, mütləq yaltaq olur. Yaltaq kişi də əclaf olur. Bizim ziyalıların əclaflığı oradan gəlir. Bizim ziyalılar Mirzə Cəlili, Cavidi tərifləyir, amma onlar kimi olmaq istəmir. Onlar kimi yaşamaq, fəaliyyət göstərmək istəmir. Daha asan yol seçirlər. Düşünürlər ki, onları tərifləmək həm də onlar olmaq deməkdir. Əslində bu, riyakarlıqdır.

- Yazıçı dostlarınızdan biri - Əkrəm Əylisli hesab edirdi ki, Rafiq Əliyevlə bağlı məsələdən İlham Əliyevin xəbəri yoxdur. Və bu geniş yayılmış bir tendensiyadır - şimşəyi dövlət başçısının üzərindən çəkmək cəhdi. Niyə belədir?

- Bəlkə də mənə sadəlövh adam kimi baxarsınız. Amma mən də elə düşünürəm. Bu boyda ölkənin rəhbəri bu boyda kiçik işlərlə məşğul olmamalıdır. Onun Rafiq Əliyevin işdən çıxarılmasından xəbəri yoxdur. Bütün zamanlarda padşahın ətrafı yaltaqlar, ikiüzlülərlə dolu olub, ona xəbər çatdırmaq mümkün olmayıb. İlham Əliyev hakimiyyətdə qalmaq istəyir. Amma bu, onun ziyanına işləyən bir şeydir. Mən hələ də o ümiddəyəm ki, İlham Əliyev bunu eşitsə, həmin hərəkəti edənləri özü cəzalandırar.

- Doğrudanmı Azərbaycan ziyalısı bu qədər sadəlövhdür ki, bir aydan artıq davam edən bu olaydan dövlət başçısının xəbəri olmayacağını düşünür? “Prezident yaxşıdır, ətrafı pis” məntiqi ən yumşaq halda sadəlövhlük deyilmi?

- Üzr istəyirəm, sizin düşündüyünüz qədər sadəlövh deyiləm. Həbslərdə yatan, bu xalqın azadlığı uğrunda əlimdə silah mübarizə aparmış adamam. Mən sadəcə düşünürəm ki, kaş belə olaydı. Yəni bunu arzu edirəm. Axı bizim dünyaya boksla, güləşlə çıxmağımız azdır. Günlərin bir günündə Rafiq Əliyev kimi bir adamla Nobel mükafatı almalıyıq ki, dünya təkcə zora yox, ağıla da sahib olduğumuzu görsün. Heç zora da sahib deyilik. Zora sahib olsaydıq, Qarabağı alardıq...

Sevinc TELMANQIZI
XS
SM
MD
LG