Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:55

93 manata yaşamaq olar?


Foto: Arxiv
Foto: Arxiv
Prezidentin imzaladığı sərəncamla dekabrın 1-dən minimum maaş 8 manat 50 qəpik artırılıb. Bununla da maaşda minimum hədd 85 manatdan 93,5 manata qalxıb.

Bu artımla bağlı suallarımıza Bakı sakinləri daha çox sualla cavab verdilər:
- 93 manata yaşamaq olar?
- Olmaz ki?
- Xeyr...
- 93 manat nəyə çatır? Nə 85 manata, nə də 93 manata yaşamaq olmaz.
- 10 faiz nədir axı? Bu nə artımdır? Aldığımız pulun hamısı kommunal xərclərə gedir.
- 100 manat olsa idi yaxşı olardı.

2012-Cİ İLDƏ MAAŞ ARTIMINA 800 MİLYON MANAT

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov adamların bu məsələdə fikirlərini bölüşür. Amma o, bunun son artım olmadığını, gələn il maaşlarda artım olacağını deyir:

«2012-ci ilin büdcəsində həkimlərin, müəllimlərin və ümumiyyətlə büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması üçün büdcədən 800 milyon vəsaitin ayrılması nəzərdə tutulub».

BİR KÖRPÜYƏ 125 MİLYON, ƏMƏK HAQQINA 8 MANAT 50 QƏPİK

Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl isə deyir ki, hökumət əmək haqlarının artımı məsələsində çox ehtiyatlı addım atır. Mərkəz rəhbəri hesab edir ki, minimum əmək haqqının 8 manat 50 qəpik qaldırması onu göstərir ki, hökumətin sosial siyasəti insanlara yönəlməyib.

Zöhrab İsmayıla görə, 25 milyon dollara tikiləsi bir körpüyə 125 milyon manat pul ayrılması fonunda minimum əmək haqqının 10 faiz qaldırılmasını «uğurlu sosial siyasət» adlandırmaq çox yersiz görünür.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl
İqtisadçı mövcud vəziyyəti daha çox ölkədə sosial dialoqun və hökumətin qarşısına tələblər qoya biləcək həmkarlar təşkilatlarının olmaması ilə izah edir. Deyir heç bir sosial tələblə üzləşməyən hökumətdən bundan artığını gözləməyə də dəyməz.

YOXSULLUQ HƏDDİNİ ÖRT-BASDIR ETMƏK CƏHDİ

İqtisadçı Natiq Cəfərli isə minimum əmək haqqının xəsisliklə qaldırılmasını daha çox yoxsulluq həddi ilə bağlı açıqlanan rəqəmlərin yalan olmasını ört-basdır etməyə yönələn bir addım hesab edir.

İqtisadçı Azərbaycanda yoxsulluğun 48 faizdən 9 faizə düşməsi ilə bağlı prezidentin son açıqlamalarını yada salır. Deyir ki, belə faiz indiyə qədər açıqlanan 85 manatlıq minimum əmək haqqına uyğun aparılıb. İqtisadçıya görə, Avropanın ən kasıb ölkəsi olan Bolqarıstandakı kimi Azərbaycanda da yaşayış minimumu 230 avro ətrafında hesablansa, ölkənin 70 faizə qədərinin yoxsulluq həddində yaşadığı üzə çıxar:

«Bütün bu rəqəmləri ört-basdır etmək üçün, rəqəmlərlə oynamaq üçün el dili ilə desək belə «əndirəbadi» rəqəmlər ortalığa çıxarırlar. Mənə elə gəlir ki, 10 faizlik artımın bir səbəbi də bununla bağlıdır».

Son artımdan sonra Azərbaycanda minimum əməkhaqqı 93 manat 50 qəpik, yaşayış minimumu isə 116 manat civarındadır.
XS
SM
MD
LG