Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:46

«O kameraların yaddaşında çox şey var»


Eynulla Fətullayev
Eynulla Fətullayev
«TƏƏCCÜBLÜDÜR Kİ, NİYƏ İSTİNTAQIN GƏLDİYİ KONKRET NƏTİCƏ YOXDUR»
«Yazıçı Rafiq Tağının qətlinə görə, adi bir islam fanatını tutsalar heç təəccüblənmərəm».
Noyabrın 19-da bıçaqlanmış yazıçı-publisist Rafiq Tağının qətlini araşdıran Jurnalist Təhqiqat Qrupunun üzvü Eynulla Fətullayev AzadlıqRadisouna belə deyib.
Onun sözlərinə görə, qrupun üzvləri yazıçının bıçaqlandığı ərazidə yerləşən dükanlardakı kameraların yaddaşlarına baxıblar. Və bu zaman maraqlı faktlarla üzləşiblər.
QƏTLDƏN 2 HƏFTƏ ÖNCƏ KAMERANI KİM KƏSDİ?
- Rafiq Tağının qətlə yetirildiyi küçədə bir İran mağazası var. Həmin mağazadakı kameranın müşahidə imkanları daha böyükdür. Əfsuslar olsun ki, onun «şnur»ları kəsilib. Mən həmin dükanın sahibindən soruşdum ki, bu hadisə nə zaman baş verib. Cavabında dedi ki, noyabrın 5-də. Çox maraqlıdır, qətldən təqribən iki həftə öncə. Amma mənə aydın izahat verilmədi ki, kameranın işinə niyə müdaxilə edilib? Hesab edirəm ki, bu, vacib məqamdır. Çünki qətl həmin mağazadan cəmi 4-5 metr aralıda baş verib. Amma başqa kameranın yaddaşında biz bir nəfəri gördük. Rafiq Tağının qətlindən bir neçə dəqiqə öncə bir nəfər əlində bükülü tələsik addımlarla həmin yerə irəliləyir. Nə 15 dəqiqə öncə, nə 15 dəqiqə sonra – biz kameranın yaddaşına saat 22.40-a qədər baxıb təhlil etmişik – ordan heç kim keçmir. Başqa maraqlı məqam nədir. İstintaq orqanları həmin kameraların yaddaşına baxsalar da, götürməyiblər. Bizim qrupun üzvləri baxdıqdan sonra həmin kameranın yaddaşı hüquq-mühafizə orqanları tərəfindən aparılıb.
«O KAMERALARIN YADDAŞINDA ÇOX ŞEY VAR»
- Həmin kadrda əlində bükülü keçən şəxsin üzünü görmək mümkündürmü?
- Mümkün deyil. Amma yəqin xüsusi avadanlıqla görmək olar. Bir də... Axı orda hüquq-mühafizə orqanlarının da yerləşdirdiyi kameralar var. Şəhərdəki işıqforlarda da xüsusi kameralar quraşdırılıb. Bizim həmin kameralara çıxışımız yoxdur. Amma düşünürəm ki, o kameraların yaddaşında çox şey var. İkincisi, həmin ərazidə «Unibank»ın da kamerası da var. Biz banka da sorğu göndərəcəyik. Yadınızdadırsa, Rafiq Tağı deyirdi ki, qatil arxaya qaçdı, yəqin orda onu maşın gözləyib. Əgər onu orda maşın gözləyibsə, bu da «Unibank»ın kamerasına düşməliydi. Çünki bankın kamerası həmin yolu, həmin perimetri müşahidə edir... Çox təəccüblüdür ki, niyə istintaqın bu günədək gəldiyi konkret nəticə yoxdur. Bu qədər kameralar olub həmin ərazidə. Özü də sui-qəsd Bakı şəhər Baş Polis İdarəsinin yaxınlığında baş verib. Həmin ərazidə yəqin bizim polisin agentur şəbəkəsi var və ondan da istifadə edə bilər.
«QATİLİN YAXALANMASINA ÜMİDLƏR AZALIR»
Rafiq Tağı
Rafiq Tağı
«Bu gün dekabrın 4-dür, bu günədək qətlin üstü açılmayıbsa, həmin şəxs yaxalanmayıbsa, qatilin yaxalanmasına ümidlər gün-gündən azalır. Belə qətllər isti izlərlə açıla bilər. Kameralar, agentur şəbəkə var və s... Bundan başqa, billinglər yada düşmür. Elmar Hüseynovun qətlini mobil telefonlarla açdılar. Birmənalı deyə bilərəm ki, Rafiq Tağı izlənib. Bu qətldə azı iki nəfər iştirak edib. Azı bir nəfər onu güdüb. Çünki qatil onu üzü bağlı güdə bilməzdi. Rafiq Tağı avtobusdan düşəndə yəqin ki, qatilə siqnal verilib, o da hərəkətə keçib. Ona görə billinqlər yardıma gələ bilər».
«5 GÜNƏ QƏTLİ TƏŞKİL ETMƏK MÜMKÜN DEYİLDİ»
- Sizin konkret versiyanız varmı, qətli kim törədib?
- Mənim ehtimalım var. Ancaq açıqlamaq istəmirəm. Bu subyektiv görünə bilər. Amma sizə deyim ki, məni narahat edən bir məqam var. Sanki ictimai rəy ancaq bir versiyaya yönəldilir – İran versiyasına. Mən bununla razı deyiləm. Düzdür, Rafiq Tağı ilə bağlı 2007-ci ildə fitva verilmişdi. Salman Rüşdi ilə bağlı fitva isə 1988-ci ildə verilib, özü də İmam Xomeyni tərəfindən. Amma o hələ də sağ-salamatdır. Baxın, Salman Rüşdi haqda İmam Xomeyni fitva verib, İranın rəhbəri, Rafiq Tağı haqda fitvanı sıravi ayətullah verib. Necə olur ki, 5 ildə heç nə olmur, bu məsələ gündəmdən düşəndən, unudulandan sonra Rafiq Tağı yada düşür? Əsas kimi Rafiq Tağının noyabrın 11-də yazdığı məqalə götürülür. Amma yazının çıxdığı «Kulis.az» saytına baxanda orda İran haqda elə yazılar var ki, Rafiq Tağının məqaləsi məxməri tənqiddir. İkincisi, tutalım 11 noyabr yazısı ayətullahların diqqətini cəlb etdi. Texniki baxımdan 5 günə qətl təşkil etmək mümkün deyil. Niyə axı Rafiq Tağının başqa yazıları da götürülmür? Onun avqustda həmin saytda bir yazısı da çıxıb.
«İRAN SƏFİRLİYİNİN ƏMƏKDAŞLARI MƏNİMLƏ GÖRÜŞDƏN QAÇDILAR»
- Həmin yazıda söhbət nədən gedirdi?
- Mən hələlik ictimai fikri hər hansı versiyaya yönləndirmək istəmirəm. Amma məncə, bu məsələdə İran versiyası ən az inandırıcıdır. Bu versiyanı istisna etmirəm, amma ən az inandırıcıdır. Hadisənin baş verdiyi küçə demək olar ki, İran dükanlarından ibarətdir. Bu qədərmi qeyri-peşəkardılar, bu qədərmi ağılsızdırlar? Onu da deyim ki, mən Təhqiqat Qrupunun üzvü kimi 3 gün İran səfirliyinin əməkdaşları ilə görüşmək istədim. Amma onlarla mənimlə görüşdən qaçdılar. Qorxurlar. Bu da həmin kampaniyanın nəticəsidir.
«HRANT DİNKİN İŞİNDƏ OLDUĞU KİMİ...»
Əli Həsənov
Əli Həsənov
- Təhqiqat Qrupunun üzvü Mehman Əliyev AzadlıqRadiosuna demişdi ki, Rafiq Tağının ölümü hakimiyyət dairələrinə, azad sözü boğmaq istəyənlərə bağlıdır...
- Məsələ bundadır ki, çoxları həmin versiyanı səsləndirməyə qorxur. Rafiq Tağının hakimiyyətə qarşı yazıları da olub axı. Bir məqama da diqqət edək, hökumət rəsmisi Əli Həsənovun həmin qətllə bağlı şərhinə. O deyir ki, Rafiq Tağının Azərbaycan hökuməti ilə heç vaxt problemi olmayıb. Belə çıxır ki, problemi olan jurnalistlər öldürülməlidir?
- Sizin versiyanız Mehman Əliyevin dedikləriylə üst-üstə düşürmü?
- Rafiq Tağının qətli yazarlar, jurnalistlər arasında qorxunu, xofu gücləndirib. Dünən təsadüfən bir şey öyrəndim, adını çəkməyəcəyim bir yazıçı naşirə zəng vurur ki, başıma bir iş gələrmi görəsən?.. Amma bir neçə günə adi bir islam fanatı tapıb həbs etsələr, mən buna heç təəəccüblənmərəm. Hrant Dinkin işində olduğu kimi. Bununla da qətlin sifarişçisi də, icracısı da kənarda qala bilər.
XS
SM
MD
LG