Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:58

Həbs edilən keçmiş yol polisi rəisi dövlətə 500 min dollar ödədi


Ermənistanın keçmiş yol polisi rəisi, polkovnik Margar Ohanian.
Ermənistanın keçmiş yol polisi rəisi, polkovnik Margar Ohanian.
Ermənistanda xüsusi istintaq xidməti ölkənin yol polisinin keçmiş rəhbəri Margar Ohanyan haqqında işi araşdırıb məhkəməyə göndərib. Keçmiş polis rəisi vəzifədən sui-istifadədə, külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham edilir.

İttihama görə Margar Ohanyan yol polisinə ayrılan böyük miqdarda benzini mənimsəyib. Ümumilikdə dövlət büdcəsinə dəyən ziyan 217 milyon dram (təxminən 571 min dollar) hesablanır.

Margar Ohanyanla yanaşı bu işdə daha üç kemiş yol polisi əməkdaşı ittiham edilir. Onlar Yol Polisi İdarəsinin keçmiş təsərrüfat müdiri, texniki şöbənin müdiri və 2-ci zabit batalyonunun komandiridir. Onların verdikləri ifadələr əsasında ölkənin yol polisinin rəhbəri həbs edilib.

Margar Ohanyanın vəkili AzadlıqRadiosunun erməni xidmətinə bildirir ki, hüquqlarını qoruduğu şəxs ittihamları qəbul etmir. Buna baxmayaraq, dəyən ziyanın əvəzi kimi dövlət büdcəsinə 500 min dollar ödəyib.

Bu pulu hardan almasına dair suala isə vəkil belə cavab verib: “Pulu onun yaxınları veriblər. Bu adam 30 il hüquq-mühafizə orqanlarında çalışıb, polis polkovnikidir. Uşaqları, qardaşları, çox sayda dostları var. Yəni, adi adam deyil, ona görə bu məbləği toplaması da çətin olmayıb. Özünü günahkar bilməsə də ləyaqətini qorumaq üçün bu pulu verib.”

Keçmiş polis rəisi avqustun sonlarından həbsdədir. Yerevan məhkəməsinin yaxınlarda onun işinə baxacağı gözlənir.
XS
SM
MD
LG