Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:03

Nemtsovun söyüşlü telefon danışığına görə üzr istədi


Boris Nemtsov və Evgenia Chirikova canlı yayımda, 20 dekabr 2011
Boris Nemtsov və Evgenia Chirikova canlı yayımda, 20 dekabr 2011
Rusiyanın müxalifət liderlərindən Boris Nemtsov əməlli başlı pərt olub. Həm televiziyada canlı yayımda, həm mətbuatda, həm internetdə...

Səbəbsə Nemtsovun telefon danışığının Lifenews.ru saytında yayılması olub. Həmin telefon danışığında Boris Nemtsov ictimai fəal Yevgenia Chirikova haqda “Qancıq, başdanxarab” ifadəsi işlədib. Mitinqə gəlməkdən çəkinən etirazçı kütləni isə “dağ siçanı, qorxaq pinqvinlər” adlandırıb.

Ancaq hansı yolla Lifenews.ru saytına çıxdığı açıqlanmayan telefon danışığı yayımlanandan sonra Nemtsov öncə öz bloqunda və yerli qəzetlərdən birinə üzrxahlıq göndərib.

Deyib ki, “Mən Yevgeniya Chirikovadan, Bozhena Rynski və deidiyim sözlərlə təhqir olunan digərlərindən üzr istəyirəm. Mən səhv hərəkət etmişəm. Mən gərək, hətta, şəxsi telefon danışıqlarında da emosiyalarıma hakim olum və dediyim hər sözə diqqət edim”.

Telefon danışığı müxalifət dekabrın 10-dakı mitinqindən öncə olub və söhbət necəsə yazılıb. Bu etiraz aksiyasından əvvəl Nemtsov və Chirikova arasında bəzi fikir ayrılıqları yaranmışdı. Chirikova aksiyanın icazə verilməsə də keçirilməsini tələb edirdi, Nemtsov isə başqa yerdə də olsa, rəsmi icazə alınmasına tərəfdar idi.

Nemtsov bu fikir ayrılığından sonra yazılan telefon danışığında Chirikovanı təhqir edir və onu Moskva rəhbərliyi ilə həmrəy olmaqda böhtan atdığından şikayətlənir. Deyir ki, aksiya icazəli olmalıdır ki, idarələrdə işləyənlər də polis dəyənəyindən qorxmadan mitinqə çıxa bilsinlər. Amma Nemtsov bu cür adamları “dağ siçanları, qorxaq pinqvinlər” adlandırır.

Nemtsov şəxsən bloqunda və mətbuatda üzr istəyəndən və bu təxribatda müxalifəti bir-birinə vurmaq istəyən Rusiya hakimiyyətini ittiham edəndən sonra Chirikova onu bağışlayıb və hətta dəstəyini də bəyan edib.

Chirikova Twitterdəki bloqunda yazıb ki, “Tərbiyəli adamlar başqalarının telefon danışığını dinləmirlər. Ümid edirəm ki, Boris bu sızıntının təşkilatçıları və icraçılarını indi daha yaxşı görür”.

Nemtsov və Chirikova sonra Dozhd TV ekranlarına çıxıb.

Nemtsov: “Təbii ki, telefon söhbətimin hamıya yayımlanması çox pis hissdir. Çünki mən camaat arasında söyüş söymürəm, həmkarlarım, yoldaşlarımla da çox mədəniyəm. Amma təbii ki, telefonda danışanda belə şey olur. Mən başa düşürəm ki, səhv eləmişəm, etməməliydim, və artıq buna görə Zhenyadan və Bozhena Rynskadan üzr istəmişəm.“

Chirikova: "Hansısa ikinci dərəcəli şeylərə yayınmaq lazım deyil. Boris düz deyir. Hər kəs dekabrın 24-dəki mitinqə gəlməlidir və sonra nə edəcəyimizi düşünməliyik”.

Nemtsovun vəkili Vadim Prokhorov isə AzadlıqRadiosuna deyib ki, “onlar bu telefon danışığını kimin yazıb, kimin mətbuata sızdırması ilə bağlı məsələni aydınlaşdırmaq və günahkarı cəzalandırmaq üçün məhkəməyə müraciət edəcəklər. Çünki şəxsi danışığı yazmaq və yaymaq qanunsuz idi və bunda sözsüz ki, Prezident Aparatında oturanların əli olub”.

Müxaliəfət təmsilçiləri telefon söhbətini yayan saytın Putinin yaxın müttəfiqi olan Yury Kovalchuka məxsus olduğuna diqqət çəkirlər.

Chirikova və Nemtsov da deyirlər ki, bu təxribatın məqsədi müxalifət arasında fikir ayrılığı yaratmaq və dekabrın 24-nə planlanan mitinqi gözdən salmaqdır.

Keçmiş KQB generalı, indisə təhlükəsizlik müşaviri işləyən Aleksei Kondaurov da AzadlıqRadiosuna verdiyi müsahibədə deyir ki, müxalifətin canlanmağa başladığı və etiraz aksiyalarına çağırışlar elədiyi bir vaxtda bütün fəallar bu cür təxribatlara hazırlıqlı olmalıdırlar.
XS
SM
MD
LG