Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:15

Gözləri üşüyən kor çəkməçiyəm


Şəhriyar Hacızadə


(ŞEİRLƏR)


adsız

başımı qatmışam gülüşlərinnən,
əcəb dolaşdırıb bu xəyal məni...
saçının küləyə gələn yerinnən,
arabir sığal çək, yada sal məni...

hələ sən gedəli qolum qurudu,
itimiz də öldü,yoxdu xəbərin...
qonşumuz Gülbacı nənə var idi,
onu da bu payız yağış apardı...
dalıyca ağlayan kimsəsi yoxdu,
təkcə şüşəbənddə durub boylanan,
yağqabı dibçəklər yoldu gülünü,
mən də yasa batıb saqqal saxladım...
mənə hamı güldü... yoxdu xəbərin.
Hələ sən gedəli qolum qurudu,
itimiz də öldü,
yoxdu xəbərin...

gəlib xatirələr ayağıyalın,
döyər gah qapını,gah pəncərəni,
gözləri üşüyən kor çəkməçiyəm,
bircə pərdəni çək... gör utan məni...
bu iki gözümnən sənə baylanan,
hansısa özünnən xəbər al məni...


sizin küçənizə...

səni düşünərəm yollar uzunu,
pəncərə işığın öpər gecəni...
yarpaqlar bir ovuc xatirə kimi,
üstümə-başıma səpər küçəni...

yenə aramıza yağışlar yağar,
yenə aramızda bitər ağaclar...
bu umu-küsüdən hamı xəbərsiz,
bu umu-küsünü bilər ağaclar...

indi küçənizin yönü dəyişib,
dəyişib büs-bütün, dəyişib küçə...
gözüm küçənizdə bir qıza düşüb,
sonra da gözümnən düşüb bu küçə...


***

soyunub tökmüşəm yarpaqlarımı,
çılpaq dayanmışam yolunun üstə...
bir yuva uçulub sol budağımda,
yavaşca götür qoy əlinin üstə...

sən mənim yanımda kimdin?
nəçiydin?!
indi səadətə yarıyoldasan...
eeh, vallah kölgəmdə üşüyəcəkdin,
şükür, mənnən qaçıb günə çıxmısan...

bu gün yoxluğunun “gediş” günüdü,
təbrik eləyirəm altı yaşını...
eylə... qohumlara vəsiyyət eylə,
bu payız ömrümcə sənə uzanan
qolumdan yonsunlar başağacını...


müharibədən qayıdandan 3 il sonra yazacağım şeir

bağışla əzizim,
qollarım yoxdu
səni qucaqlayam...
düşüb əcəb qarışdı
Kəlbəcər çöllərinə...
bağışla... görüşünə yubandım
Bakıda kasaddı
əlil arabasına
uyuşan yollar...
sağ ayağımı Zəngilana verdim,
yeriyə bilmirdi yazıq Zəngilan...
gördünmü aldıq torpağları
işğal olmuş bədənlərimizlə?!
gördünmü hasarladı nazirlər
Cıdır Düzünü...
bəzədilər küçələrin
çapılmış üz-gözünü
yaraşmadıq vətənə
bürüdülər hər tərəfi
Röyanın şəkillərinə,
həvədiş idmançıların
çılpaq bədənlərinə...
ancaq, bilirsənmi,
qollarımın tutmadığı
hava boşluqlarında
həmişə yağış yağar,
külək əsər ayağımın
düşmədiyi iz yerindən,
deyirəm, son dəfə 3 il öncə
olmuşam o yerlərdə,
görəsən qollarımın üstündə
tikilən binaları görə
biləcəmmi heç...
görəsən, özündən qovulmuş vətəndaşlarımızı,
qaçqın düşmüş bədəndaşlarımızı
hara köçürdəcəklər heç...???
XS
SM
MD
LG