Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:03

Amerikada kitabxanalar yenidən dirçəlir


E-book oxuma qurğuları
E-book oxuma qurğuları
İnternetin kəşfindən və satışa elektron kitabların da çıxarılmasından sonra oxucuları azalmağa başlayan Amerika kitabxanaları yenidən “dirçəlməyə” başlayıb.

Bu porses insanların kütləvi şəkildə elektron kitab oxuma qurğuları alması və kitabxanaların onlara oxumaq üçün e-kitablar təklif etməsi imkanının yaranmasından sonra sürətlənib.

Son bir ildə Amerika kitabxanalarından oxumaq üçün e-kitab götürənlərin sayı 3 dəfə artıb.

Oxuzali.az “Forbes” jurnalına istinadla xəbər verir ki, bu tendensiya nəşriyyatların ciddi narahatlığına səbəb olub.

Elə buna görə Amerikanın 6 böyük nəşriyyatından ikisi – “Simon & Schuster” və “Macmillan” ümumiyyətlə, buraxdığı kitabları kitabxanalara verməkdən imtina edib.

“Penguin” nəşriyyatı da bu yaxında kitabxanalarla belə əməkdaşlığı dayandırıb.

“Harper Collins” isə kitabxanalarla əməkdaşlığı davam etdirsə də, bunun üçün 26 dəfəlik limit müəyyən edib.

Yəni bir adda kitabı hansısa kitabxanada yalnız 26 oxucu istifadə edə biləcək, bundan sonra həmin e-kitab kitabxana kataloqundan özü-özünə silinəcək.

Bir neçə il əvvəl kitabxanalar e-kitabları oxumağa verməyə başlayandan bəzi nəşriyyatlar bunu gəlirlərinin azalmasına aparacaq problem kimi görməyə başlayıblar.

Məhz buna görə, onlar həm kitabları ucuz əldə etməyə çalışan oxucuları, həm gəlirinin azalmasını istəməyən nəşriyyatları, həm də üzvlük haqqı müqabilində oxumağa e-kitab verən kitabxanaları razı sala biləcək həll yolu tapmaq üzərində baş sındırırlar.

Oxumaq üçün e-kitab götürən oxucuların sayının artması son illərdə ixtisarlar və iyanələrin azalmasından əziyyət çəkən kitabxanalar üçün “göydəndüşmədir”.

Bu məsələnin nəşriyyatlara sərf etməyən bir cəhəti də odur ki, əgər kağız kitablar köhnələ, cırıla, itirilə bilirsə və buna görə kitabxanalar nəşriyyatlardan yeni nüsxələr almağa məcbur olursa, e-kitablar üçün belə bir problem yoxdur.

Bundan başqa kitabları həm də mobil telefonlar vasitəsilə əldə edib oxumaq imkanının açılması kitabxanalara marağı daha da artırır.

Kitabxanalar e-kitabları 3 həftəlik icarəyə verir və bu, oxucuya e-kitabların alınmasından xeyli ucuz başa gəlir.

Üstəlik də kitabın qaytarılma vaxtı çatana yaxın kitabxanalar oxuculara xəbərdarlıq göndərir.

Bu isə kitabların vaxtında qaytarılmasına yardımçı olur, unutqan oxucular isə kitabı yubatmır, buna görə cərimə ödəməkdən xilas olur.

Kitabxanalar deyir ki, oxumağa e-kitab götürənlər sanki ayrı bir kontingentdir, çünki kağız kitablar götürüb oxuyanların sayında ciddi dəyişiklik baş vermir.
XS
SM
MD
LG