Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:43

İsa Qəmbər: «İlham Əliyevin istefası gündəliyə gətirilməlidir»


İsa Qəmbər
İsa Qəmbər
Müsavat Partiyasının başqanı İsa Qəmbərin AzadlıqRadiosuna müsahibəsi.

- İsa bəy, İctimai Palatanın son toplantısındakı çıxışınızda 2012-ci ildə konkret hədəfin müəyyən edilməsini gündəliyə gətirmisiniz. Hədəf kimi də təklif etmisiniz ki, prezident İlham Əliyevin istefası tələbi qoyulmalı və bunun üçün aksiyalar keçirməlidir. Sizcə, bu hədəf nə dərəcədə realdır?

«BUNDAN SONRA İCTİMAİ PALATANIN ƏVVƏLKİ MÖVQEDƏ QALMASI MƏNTİQLİ OLMAZDI»

- Siyasətdə ən önəmli məsələlərdən biri hədəfin düzgün müəyyən edilməsidir. 2010-cu ildə İctimai Palata yarananda parlamentin buraxılması və yeni seçkilərinin keçirilməsini hədəf kimi qarşısına qoymuşdu. Eyni zamanda, cəmiyyətdə köklü islahatlar üçün dialoqun vacibliyi vurğulanmışdı. Bundan ötrü də «Avtoritarizmdən demokratiyaya keçid»lə bağlı «Yol xəritəsi» qəbul edilmişdi. Bu, həm ictimaiyyətə, həm də hakimiyyətə təqdim edilmişdi. Həmin «Yol xəritəsi» İctimai Palatanın hakimiyyətə dialoq təklifi idi. Hakimiyyət bu sənədə nə rəsmi münasibət bildirdi, nə də onun ətrafında müzakirələrə maraq göstərdi. Ötən ilin sonunda isə bizim və beynəlxalq birliyin çağırışlarına baxmayaraq, «vicdan məhbusları» azad edilmədi. Bundan sonra İctimai Palatanın əvvəlki mövqedə qalması məntiqli olmazdı. Mən hesab edirəm ki, İlham Əliyevin istefası gündəliyə gətirilməlidir və bu istiqamətdə kütləvi hərəkata yenidən start verilməlidir. O ki, qaldı bu hədəfə çatmağın real olub-olmaması ilə bağlı verdiyiniz suala, bu sual çətin sualdır. Demək olmaz ki, buna asanlıqla çatmaq olar. Ancaq dünyada gedən proseslərə və xalqın hakimiyyətdən narazılığının səviyyəsinə nəzər yetirəndə, bu məsələyə reallıq kimi baxmaq olar.

- Belə çıxır ki, dialoq təklifini geri götürüb, istefa məsələsini təklif edirsiniz. İctimai Palatanın özündə bu təklifin qəbulu nə dərəcədə realdır?

- Əslində keçən ildə bu təklif bir neçə dəfə səslənmişdi. Getdikcə bu təklifin tərəfdarları artır. Yaxın həftələrdə bu məsələ ətrafında müzakirələrə başlayanda, sizin suala dəqiq cavab vermək mümkün olacaq.

- İsa bəy, siz istefadan danışırsınız. Prezident isə Yeni il gecəsi təbrik nitqində korrupsiyaya qarşı «amansız» mübarizə aparıldığını dedi. Sizcə korrupsiyaya qarşı amansız mübarizə gedirmi?

«RÜŞVƏT ALMAYANDA BU SİSTEM FƏALİYYƏT GÖSTƏRƏ BİLMİR»

- «Amansız mübarizə» ifadəsi yeni səslənir və tamamilə həqiqəti əks etdirmir. Nəinki amansız, ümumiyyətlə hakimiyyət korrupsiyaya qarşı mübarizə aparmır. Ötən ilin əvvəlində müəyyən daxili və xarici amillər üzündən hakimiyyət bəzi kosmetik addımlar atdı. Daha sonra bu kosmetik addımların belə hakimiyyətin əsaslarını sarsıtdığını görüb, onu dayandırdılar. Çünki böyük rüşvətxor sistem qurulub və rüşvət almayanda, bu sistem fəaliyyət göstərə bilmir. Ona görə də, rüşvətxorluğu daha da gücləndirdilər. Korrupsioner oliqarxları bir kənara qoyub, hansısa bir müəllimi, həkimi tutmaq gözdən pərdə asmaqdır. Korrupsiya Azərbaycanda sistem halını alıb və kosmetik dəyişikliklərlə mübarizədən danışmaq gülüncdür.

- Bir qədər əvvəl hədəflərdən danışdınız. Həbsxanada olan gənc fəallardan biri, müxalifətdə vahid namizədin müəyyən edilməsi üçün bu düşərgədə ilkin seçkilərin keçirilməsini təklif etdi. Əslində belə təkliflər əvvəllərdə səslənib. Buna münasibətiniz necədir?

«VAHİD NAMİZƏDİN MÜƏYYƏN EDİLMƏSİ ÇOX ÇƏTİN MƏSƏLƏDİR»

- Bu təklif Bəxtiyar Hacıyevin idi. O, dəyərli gənclərimizdən biridir. Təəssüf ki, hakimiyyətin sifarişi əsasında həbsdədir. Biz onun və digər siyasi məhbusların azadlığını tələb edirik. Mən Bəxtiyar Hacıyevi başa düşürəm. Ancaq bir qədər fərqli düşünürəm. Biz hesab edirik ki, hazırda hədəf ölkədə vəziyyəti dəyişmək, demokratik proseslərə təkan vermək olmalıdır. Biz demokratik seçkilər üçün əlverişli şərait yarada bilməyəcəyiksə, müxalifətdən bir və ya çox namizədin olmasının nə fərqi var? Bu mövzuda illərdir söhbətlər gedir. 2003 prezident seçkilərindən əvvəl mən belə təkliflə çıxış etmişdim. Onda bu, baş tutmadı. Ancaq biz seçkiləri udduq. Vəziyyət isə dəyişmədi. Bizim qələbəmiz tanınmadı. Vahid namizədin müəyyən edilməsi çox çətin məsələdir. Bunu hakimiyyət hamıdan çox istəyir. Çünki mövzunu dəyişir. Hamının diqqətini azad və ədalətli seçkilər üçün şəraitin yaradılmasından yayındırır. Müxalifətin başı vahid namizədin müəyyən edilməsinə qarışır. Əsas məsələ azad və ədalətli seçkilər üçün mühit yaratmaqdır. Vahid namizəd olsa da, olmasa da, demokratik seçkidə xalq öz namizədini müəyyən edəcək.

- İsa bəy, artıq Müsavat partiyasının növbəti qurultayının vaxtı da bəllidir. Martın 3-ü və 4-ü. Əvvəllər bir neçə dəfə demisiniz ki, partiya başqanlığına namizədliyinizi verməyəcəksiniz. Bu qərarınız qüvvəsində qalırmı? Qüvvəsində qalırsa, o postda görmək istədiyiniz hər hansı siyasətçi varmı?

MÜSAVATDA VARİS PLANI VARMI?

- Sualınızın birinci hissəsinə cavab vermək artıq yorucu olub. Müsavat Partiyası 100 ilin partiyasıdır. Çox ciddi, böyük siyasi qüvvədir. Bu partiya həmişə dediyi sözə sadiq olub və nizamnaməyə uyğun fəaliyyət göstərib. Nizamnaməyə uyğun da partiyaya yeni başqan seçilməlidir. Nizamnamənin dəyişdirilməsi bizim üçün heç bir aktuallıq kəsb etmir. O ki, qaldı Müsavatın başqanının kim olmasına? Müsavatın rəhbərliyində kifayət qədər təcrübəli, güclü, populyar siyasi xadimlər var. Mən inanıram ki, yeni başqan partiyanın layiqli rəhbəri olacaq və mən də ona uğurlu siyasət aparmaq üçün kömək edəcəyəm.

- Demək varis planı yoxdur?

- Bu mövzu Müsavat səviyyəsinə layiq deyil...
XS
SM
MD
LG