Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:52

L.Panetta:«İran bir ilə atom bombası düzəldə bilər»


ABŞ-ın müdafiə naziri Leon Panetta
ABŞ-ın müdafiə naziri Leon Panetta
«Analitiklərin söylədiklərinə görə, İran 1 il ərzində nüvə silahı istehsal etmək iqtidarındadır».
Bunu ABŞ-ın müdafiə naziri Leon Panetta bazar günü yayımlanan «60 Dəqiqə» televiziya proqramında deyib.
Panetta onu da bildirib ki, İrana bu cür nüvə silahını potensial hədəfə çatdırmaq üçün lazım gələcək avadanlığın istehsalına görə daha 2-3 il lazımdı.
Panettanın bu sözləri Beynəlxalq Atom Enerji Agentliyinin bir qrup müfəttişinin İrana yeni təftiş səfərindən az sonraya təsadüf edir.
İran dəfələrlə bildirib ki, nüvə silahı istehsal etmək niyyətində deyil. Ancaq Beynəlxalq Atom Enerjisi Agentliyinin noyabr ayındakı hesabatında deyilir ki, proqramın bəzi aspektlərinin hərbi təyinatı ola bilər.
Televiziya ilə müsahibəsində Panetta deyib ki, İranın nüvə silahı əldə etməsi ABŞ və onun yaxın müttəfiqi olan İsrail üçün «qırmızı xətt»dən o tərəfə keçmək deməkdir:
«Əgər biz İranın nüvə silahı hazırlaması barədə kəşfiyyat məlumatı əldə etsək, onda biz onları dayandırmaq üçün lazım olan bütün tədbirləri görəcəyik».
Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyası artıq İranda fəaliyyətə başlayıb. Təftişlər yanvarın 31-ə qədər davam edəcək.
İranın xarici işlər naziri Ali Akbar Salehi missiyanın fəaliyyəti ilə bağlı nikbin olduğunu bildirib:
«Qısaca onu deyim ki, mən bu səfərlə bağlı nikbinəm. Əlbəttə, demək istəmirəm ki, bir gecədə möcüzə baş verəcək. Hər halda bilirsiniz ki, uzun səfər ilk addımdan başlayır».
İranın xarici işlər naziri onu da vurğulayıb ki, müfəttişlər səfər zamanı İranda istədikləri yerə gedib baxa biləcəklər.
Yanvarın 29-da İran parlamentini sədri Ali Larijani deyib ki, bu səfər Beynəlxalq Atom Enerjisi Agentliyi üçün bir sınaq olacaq. Onun sözlərinə görə, İran agentliklə peşəkar əməkdaşlıq edəcək, Qərbin aləti kimi yox.

AZƏRBAYCANIN ÇƏTİN SEÇİMİ

Ərəstun Oruclu
Ərəstun Oruclu
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, ABŞ-la İran arasında müharibənin reallığa çevrilməsi mümkündür. Belə olacağı halda ən çətin vəziyyətə düşən dövlətlərdən biri də Azərbaycan olacaq:

«Qarşıdurma baş verərsə, Azərbaycan burda mövqe ortaya qoymalı bir nömrəli dövlət olmalıdır. İranladır, yoxsa ABŞ-la? Ən ciddi problem də bu məsələdə yaşana bilər. Ən azı ona görə ki, Azərbaycan ABŞ-la olacağı halda Azərbaycan dövləti İranda yaşayan azərbaycanlıların gözündən düşməklə yanaşı, həm də İranın hədəfinə tuş gələ bilər. Digər tərəfdən Azərbaycan İrana qarşı ABŞ-la, yaxud Qərblə əməkdaşlıqdan imtina etməklə beynəlxalq səviyyədə özünü çətinliyə sala, tam təklənə bilər».

Beynəlxalq Atom Enerjisi Agentliyinin noyabr ayında yaydığı hesabata görə, 10-dan artıq ölkəni kəşfiyyat orqanlarının və agentliyinin mənbələrinin məlumatına görə, İran nüvə silahı hazırlanmasına uyğun gələn tədbir həyata keçirib. Hesabatda 12 belə şübhəli tədbir barədə ətraflı yazılıb. İran isə hesabatdakı məlumatların uydurmalara əsaslandığını bildirərək rədd edir.

İran hesabat dərc olunandan misli görünməmiş beynəlxalq təzyiqlərlə üzləşib.
ABŞ və Avropa Birliyi tətbiq etdikləri sanksiyalarda xüsusilə bu ölkənin neft və bank sektorunu hədəfə alıb.

ABŞ prezidenti Barack Obama Konqresdəki çıxışında deyib ki, İranın nüvə silahı ilə bağlı məsələnin dinc yolla həlli hələ də mümkündür. Amma hərbi yolla həll variantını da istisna etməmişdi.
XS
SM
MD
LG