Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:36

O niyə Sevinc el Sevər oldu? (Müsahibə)


...Son vaxtlar Quranı oxumaq ehtiyacı hiss etdim içimdə. Başlamışam oxumağa. Tez-tez təkrarlanan bir cümlə var: Allah böyükdür, bağışlayandır. Bu cümləni hər oxuyanda içimə bir rahatlıq, sərinlik gəlir...


Cavid Zeynallının “Şənbə qonağı” şairə Sevinc el Sevərdir.


- Sevinc xanım, “Oxuzalı”ndakı son şeirlərinizi nəzərə almasaq, xeyli vaxtdır imzanız gözə dəymir. Övlad böyütmək, güzəran qayğıları deyəsən yaradıcılığa mane olur...

- Hə, çətindir, çox çətindir. Uşaq xəstələnmişdi, xeyli vaxtdır onunla məşğul idim. Həm də bu aralar depressiyaya düşmüşdüm, özümü yaxşı hiss etmirdim. Əslində, təxəllüsümü dəyişmək də bundan irəli gəldi. İstədim həyatıma yeni bir rəng qatılsın, fərqli nə isə yaşayım. Bundan sonra yaradıcılığımda da yeniliklər olacaq. Əvvəlki Sevinc Pərvanə obrazı çox tənqid olundu, cəmiyyətdə birmənalı qarşılanmadı.

- Yaradıcılığınızdakı dəyişiklik nədən ibarət olacaq? Əvvəlki mövzularda yazmaqdan vaz keçəcəksiniz?

- Əvvəllər daha çox açıq-saçıq yazırdım. Daha doğrusu, bu açıq-saçıqlıq deyildi, hadisələri olduğu kimi təqdim etmək cəhdi idi. Çalışırdım, hər şeyi öz adı ilə çağırım. Bilirsiniz, insan yaşına görə dünyanı dərk edir. Mən o dövrdə hələ ağlı kəsməyən, dəcəl bir qızcığaz idim. İndi elə yaşdayam ki, həmin o qızcığazı ötüb keçmək, arxada qoymaq lazımdı. İmzamı dəyişmək mənə bu işdə stimul verəcək. Yenə mövzular eyni olacaq – qadın kişi bərabərsizliyi, qadınların hüquqlarının tapdanması və s. Yenə deyirəm, mənim əvvəl yazdığım şeirlər açıq-saçıq olmayıb, nədənsə cəmiyyət bunu belə qəbul etdi. İxtisasım kinoşünasdır, Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişəm. Tələbə vaxtı biz o qədər filmlərə baxmışdıq ki, o filmlər bizə hər şeyi adiləşdirmişdi. İstəyirdim, hər şeyi sözlərlə ifadə etməkdən daha çox, göstərim. Yeni şeirlərimdə bütün bunlardan qaçmağa çalışacağam.

- Həmin vaxtlar cəmiyyətin qınağı, tənqidlər sizi incidirdi?

- İnanın ki, mənim fikrimi döndərən, belə deyək peşmanladan cəmiyyətin təpkisi, tənqidlər deyil. İnsan yaradıcılığa başlayanda bir az dəliqanlı olur, gözü ayağının altını görmür. Bu hamımızın yaradıcılığında var idi, təkcə mən deyildim. Seymurda da var idi, Aqşində də, Nərmin Kamalda da, Günel Mövludda da... Belə deyək, adını çəkdiyim bu imzalarda da artıq o dəliqanlılıq ya qalmayıb, ya da azalıb. Bir şeyi də demək istəyirəm. Mənim belə bir iddiam yoxdur ki, böyük ədəbiyyatçı, şair olum. Nəyi hiss edirəmsə, cəmiyyətdə nəyi görürəmsə onu yazmağa çalışıram. Ona görə yazıram ki, yazmaya bilmirəm, yazanda rahatlaşıram, toxtaqlıq tapıram. Yazdıqlarımı üzə çıxarmaq, başqaları ilə bölüşmək mənim mənəvi ehtiyacımdır. Rasim Qaraca mənə irad tuturdu ki, necə yəni xüsusi iddiam yoxdur. Deyirdi, yazıçının, şairin öz yaradıcılığı haqqında belə söyləməsi yaxşı hal deyil.

- Sizə elə gəlmir ki, yaradıcılıq həm də sistemli bir işdir. Bu işi təkcə hisslərin ixtiyarına buraxmaq...

- Razıyam, razıyam sizinlə... İndi mənim vəziyyətim elədir ki, bu işlə sistemli məşğul ola bilmirəm. Körpə uşaqlar, ev işləri, qayğılar... Ona görə də şeirlərim nisbətən yaxşı alınır, nəsrdə axsayıram. Bəzən şeirlərimin üstündə də işləyə bilmirəm, onları kompüterlə yanan qazanın, mətbəxin arasında yazıram. Bir də görürsən, uşaq ayağıma dolaşa-dolaşa şeir yazıram. Bir çoxları haqlı olaraq deyirlər ki, nəsrdə şeirdə olduğu kimi bacarıqlı deyiləm. Ona görə ki, nəsr daha çox sistemlilik, zəhmət, alın təri tələb edir. Yəqin, elə bir zaman gələcək ki, mən də yalnız yaradıcılığa köklənəcəyəm, buna sistemli iş kimi baxacağam. Qismət olarsa, bu belə olacaq. Amma özüm-öz qarşımda elə bir öhdəlik qoymamışam ki, ömrümün sonunacan yazacağam. Bir də bu depressiyalardan yaxa qurtara bilsəm, yaxşı olacaq.

- Nədir sizi depressiyalara salan?

- Bu mənim xarakterimlə bağlıdır. Televiziyada xəbərlərə baxanda özümü pis hiss edirəm. Dünyanın lap o başında bir körpənin barmağına tikan batanda, halım pisləşir.

"Yeni bir roman yazmışam, amma xoşum gəlmədi, hələlik çap etməyəcəyəm. Vaxt keçsin, mətnə bir də baxmaq lazımdır. Bu redaktə məsələsi məni elə qorxudub ki..."
Bu şairliklə də bağlıdır yəqin. Bəs yazmaq bizi necə rahatladır? Mənim tanıdığım şairlər hamısı belədir.

- Şairlər yenə dünyanın dərdini çəkir...

- Vallah, dünyanı daha gülüstan, gözəl görmək istəyirəm. Sülh olsun, əmin-amanlıq olsun. Şairlər yazmaqla rahat olmasalar, bəlkə intihar edərlər.

- Ədəbiyyatın gətirdiyi tənqidlərə, təpkilərə dözmək çətindir, yoxsa övlad böyütmək?

- Hər ikisi çətindir, amma övlad böyütmək lap çətin gəlir mənə. Böyük övladımın altı yaşı var, bir də görürsünüz, bir qəbahət iş tutan kimi bütün nəzərlər anaya dikilir. Bu ailədə də belədir, cəmiyyətdə də. Məncə övlad böyütmək daha böyük yaradıcılıqdır. Övlad böyüdən qadınlar övladına həmdə yaradıcı obyekt kimi baxsalar, daha yaxşı olar.

- Nədənsə mənə elə gəldi ki, əvvəlki şeirlərinizə görə içinizdə bir peşmanlıq hissi var. Demək olarmı, zaman insanı əyir, sındırır...

- Əyir, sındırır deməzdim. Zaman insanı tərbiyə edir, öyrədir. Bilirsiniz, mənim həyat tərzim də dəyişib. Ətraf mühitin yaradıcılığa çox təsiri var. 20-21 yaşımda yazdığım şeirlər daha çox gənc beynin məhsuludur. Elə şeirlərim var ki, onları mən bu gün yazmazdım. O vaxt insanlar məni başa düşmədilər. Mən o vaxt ətrafımda elə şeylər görmüşəm, hələ çox az bir qismini yazmışdım. “Atamın xatirəsinə” şeiri çox tənqid olundu, bu gün də danışılır, məni qınayırlar. O şeirin bəzi yerlərini bu gün yazmazdım. Amma o şeirdə mən alçaldılmış və ayaq altında qalan insanların hisslərini yazmağa çalışmışam. Azərbaycanda yüzlərlə belə ailə var. Bir də Azərbaycanda ciddi redaktor problemi var. Nəşriyyatlarda işini bilən redaktorlara ehtiyac var. Mən senzura demək istəmirəm. Bunlar başqa-başqa şeylərdir. Sovet dövründə bu işi bacaran peşəkar

insanlar olub. Vaxtilə bizim yazdığımız hər şeyin çap olunmasının bir səbəbi də redaktor əlindən keçməməsi idi. Hamımızın yaradıcılığında zəif, qüsurlu məqamlar var idi və bizi başa salan olmadı ki, belə şeyi çap etməzlər.

- Kimi oxuyursunuz?

- Nərmin Kamalın bloqundan son şeirlərini oxudum. Bir az vaxt problemi var. Bu bəhanə kimi görünə bilər, amma inanın, vaxt yoxdur. Son vaxtlar Quranı oxumaq ehtiyacı hiss etdim içimdə. Başlamışam oxumağa. Tez-tez təkrarlanan bir cümlə var: Allah böyükdür, bağışlayandır. Bu cümləni hər oxuyanda içimə bir rahatlıq, sərinlik gəlir.

- Deyibsiniz ki, nasirlik mənim üçün bir sınaq idi. Yenə də bu fikirdəsiniz? Yəni özünüzü sınayırsınız?

- Yaxın dostlarım mənə deyiblər ki, səndə nəsr potensialı var, yaza bilərsən. Amma buna əmək qoymaq lazımdır. Mənim həyat şəraitim buna imkan vermir. Yeni bir roman yazmışam, amma xoşum gəlmədi, hələlik çap etməyəcəyəm. Vaxt keçsin, mətnə bir də baxmaq lazımdır. Bu redaktə məsələsi məni elə qorxudub ki... Böyük mətndir. İndi kimə deyim ki, bu kitabı redaktə et! Gərək qapı-qapı düşüb yalvaram ki, sən Allah mənim cümlələrimi düzəlt! Adamın maddi imkanı ola, pul verib redaktor tutasan. İçi mən qarışıq yazıçıların maddi vəziyyəti buna imkan vermir.

- Dostlarınız bu işdə sizə kömək etmirlər? Məsələn, Aqşin Yenisey “Oxu zalı”na müsahibəsində özünü “Azərbaycan dilinin atası” adlandırmışdı. Yaxud Şərif Ağayar, Seymur Baycan... yardım əllərini uzatmırlar sizə?

- Vallah, siz deyirsiniz... (gülür) Seymurun, Aqşinin cümlələrinə o qədər irad tuturlar ki... Bu dostlarımın da vaxtı olmur axı, bu da var! Bu redaktə məsələsi təkcə mənim yox, Azərbaycan ədəbiyyatının problemidir.

- “Şəhər”in redaktəsindən çox narazı qalmışdınız?

- “Şəhər” redaktə olunmuşdu ki? Bu roman yalnız korrektə edilib. O kitabdan elə küsmüşəm, heç əlimə almıram. Cümlələr qüsurludur, tələsik yazılıb. Onu dərc etdirdiyimə görə peşmanam. Bir aya roman yazmaq olmaz! İndi özüm də mat qalmışam ki, onu necə üzə çıxarmışam. O dövrdə uşaqların hamısı roman çap etdirirdi, mən də şeir kitabımı hazırlamışdım. Özümü Şahbaz Xuduoğlunun (“Qanun” nəşriyyatının direktoru – C.Z.) yanında gözükölgəli hiss edirdim. Həmin vaxt Şahbaz bəy şeir çap etmək istəmirdi. Ona görə roman çap etdirdim.

- Belə çıxır ki siz həm də Şahbaz Xuduoğlunun cibini fikirləşirdiniz?

- Təkcə bu mənada yox. Bilirsiniz, romanın mətnini Şahbaz bəyə göndərdim və şeirlərimdən daha çox bu romanı xoşladı. Ona görə qərar verdik ki, romanım nəşr olunsun. Şahbaz Xuduoğlu təkcə naşir deyil, həm də biznes adamıdır. Ona görə bu tərəfini də fikirləşmək lazımdır. Onun da maraqları var və biz bunu təbii qəbul edib onu qınaya bilmərik.

- Sizinlə eyni vaxtda ədəbiyyata gələn nəsildaşlarınızdan kimlərin potensialını daha çox qiymətləndirirsiniz?

- Seymurun “Quqark” romanını oxudum və çox xoşladım. Şərif Ağayarın “Aftafalı
Sevinc Pərvanə imzasının ayrılmaz şəkli...
Sevinc Pərvanə imzasının ayrılmaz şəkli...
antrakt” kitabında dəhşətli hekayələr var. Şərif və Seymur bizim çağdaş nəsrimizdə öz yeri olan imza sahibləridir. Şərifin təkcə hekayələri yox, şeirləri də çox gözəldir. Mən Şərifi ağlamadan oxuya bilmirəm. Onun bir “Namaz” şeiri var, o şeirlə əsgərləri ayağa qaldırmaq olar. Dəhşətli bir şeirdir. Bu şeirin on birinci sinif dərsliyinə salınmasını istəyərdim.

- Onda icazə verin mən təxribat xarakterli bir sual verim. Şərif Ağayar, yoxsa Seymur Baycan? İkisindən birini seçin...

- (Gülür) Məni təxribata sürükləməyin. Hərəsinin öz yeri, öz çəkisi var. Mən seçim arasında qalmağı sevmirəm. Hər ikisi istedadlı insandır. Bu siyahıya mən Aqşini, Qisməti, Nərmin Kamalı, Günel Mövludu, Cavidanı, Alik Əlioğlunu da əlavə edərdim. Bu insanlar çağdaş Azərbaycan ədəbiyyatının ən istedadlı imzalarıdır. İki minincilər nəsli deyirlər ədəbiyyatda, o nəsil tufanla, aqressiya ilə gəlsə də, indi sakitləşiblər. Və düşünürəm ki, bu daha yaxşıdır. Bu nəslin nümayəndələri ədəbiyyatın inkişafı üçün böyük işlər gördülər. AYO-nun bu sahədəki xidmətləri danılmazdır və tarixi işlərə imza atdı.

- Bütün müsahibə boyu bir şeyi hiss etdim: Əvvəlki Sevinc Pərvanənin üsyankarlığından əsər-əlamət qalmayıb. Yoxsa səhv edirəm?

- Belə lazımdır! Aqressiyadan yaxa qurtarmağın vaxtıdır. Cəmiyyətlə döyüşməkdən əl çəkib insanları sevərək başa salmaq, sözü sevgi ilə demək lazımdır. Son vaxtlar bu qənaətə gəlmişəm. Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” adlı bir filmi var, mən bu filmi çox sevirəm. Ümid edirəm ki, hər şey yaxşılığa doğru olacaq. İnsanlar bir-biri ilə mehriban olsa, yaxşı olar. Biz də yollaşmalıyıq, dövlətçiliyimizi düşünüb, dünyanın bu çətin vaxtında bir-birimizə dayaq olmalıyıq.

Cavid Zeynallı
XS
SM
MD
LG