Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:34

B. Muradova: «Bütün ölkələrdə korrupsiya və onunla mübarizə daim gündəmdədir»


Milli Məclis sədrinin müavini Bahar Muradova
Milli Məclis sədrinin müavini Bahar Muradova
Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan mediasının gündəmində olan-siyasi məhbus, vətəndaşların mülkiyyət hüququnun pozulması və korrupsiya mövzusunda AzadlıqRadiosunun suallarını cavablandırıb. Vitse spikerlə müsahibəni sizə təqdim edirik.

- Bahar xanım, «Eurovision» Beynəlxalq Mahnı Müsabiqəsinin gedişi zamanı bəzi partiya və təşkilatlar siyasi məhbus sayılan şəxslərə azadlıq tələb ilə aksiyalar keçiriləcəyini bildirirlər. Buna münasibətiniz?

«BİZ HEÇ YANA GETMİRİK»

- «Eurovision» bir mahnı müsabiqəsidir. Biz tarixinə nəzər salsaq görərik ki, heç vaxt «Eurovision» keçirən təşkilatlar, eləcə də onun keçirildiyi ölkələr bu müsabiqənin siyasiləşməsinə yol verməyiblər. Mən hesab edirəm ki, indiki halda da buna yol verilməməlidir. Yəni bu beynəlxalq mahnı müsabiqəsi Azərbaycandakı mövcud siyasi dairələrin öz maraqlarına xidmət edən məsələləri gündəmə gətirmə predmentinə çevrilməməlidir və vasitə kimi istifadə olunmamalıdır. Azərbaycan da, azərbaycanlılarda öz yerindədir. Biz də heç yana getmirik. Öz mübarizələrini aparsınlar, amma bunu mahnı müsabiqəsinə qatmasınlar.

- Onlar da deyirlər ki, əgər müsabiqənin siyasiləşməsini istəmirsinizsə, həmin adamları həbsdən azad edin, məsələ həll olunsun.

- Bu cür düşünənlərin yanaşması mənə antiqlobalistlərin mövqeyini xatırladır. Bu siyasi partiyaların fəaliyyətinə uyğun gələn məsələlər deyil. Adətən böyük «iyirmiliy»in, böyük «səkkizliy»in keçirdikləri tədbirlər zamanı antiqlobalistlər yığışıb orada bu və ya digər məsələyə etiraz edirlər. Və yaxud da «yaşıllar» partiyasının nümayəndələri belə etirazlar edirlər. Bu gün bizim siyasi partiyaların fəaliyyəti məhz antiqlobalistlərin fəaliyyəti ilə üst-üstə düşür. Hesab edirəm ki, onlar bu məsələləri bir birindən ayırmalıdırlar.

- Son vaxtlar bəzi xarici KİV –lərdə Azərbaycan və onun dövlət başçısı haqqında deyək ki, mənfi məlumatlar gedir. Buna münasibətiniz.

«ÖLKƏMİZƏ YÖNƏLMİŞ QƏSD...»

- Təbii ki, buna münasibətim birmənalı şəkildə mənfidir. Çünki mən Azərbaycanı çox sevirəm. Azərbaycanın və onun rəhbərinin imicinə xələl gətirə bilən hər hansı yazıların dərc edilməsini ölkəmizə yönəlmiş bir qəsd hesab edirəm. Düşünürəm ki, bu məsələdə də Azərbaycanı istəməyən dairələrin əlləri olmamış deyildir. Bu sadəcə obyektivlik, həqiqət naminə edilmiş hərəkətlər deyil. Bu məhz Azərbaycana istənilən yöndən təzyiq göstərmək, Azərbaycanı bir növ daha sözəbaxan, daha ələbaxan, qeyri müstəqil dövlətə çevirmək qəsdi güdür. Ona görə də mən bütün bunlara birmənalı şəkildə mənfi münasibət bəsləyirəm.

- Vətəndaşlar dövlət ehtiyacları üçün nəzərdə tutulduğu bildirilən bəzi ərazilərdə, məsələn «qış parkı», «bayraq meydanı» və digər yerlərdə mülkiyyət hüquqlarının pozulduğundan şikayətlənirlər, bu məsələdə məhz dövləti ittiham edirlər.

«Qış parkı» adlanan ərazidə sökülən evlərdən biri
«Qış parkı» adlanan ərazidə sökülən evlərdən biri
- Mən mülkiyyət hüququ pozulmuş hesab edilən şəxslərin bu məsələyə özlərinin reaksiyasını normal qəbul edirəm. Çünki onlar, təklif edilən yeni yaşayış yeri, yaxud kompensasiya ilə qane olmaya bilərlər. Münasibətlərini də bildirə bilərlər. Amma bunun siyasi məqsədlər üçün istifadəsinə normal baxmıram. Bu gün «insanların mülkiyyət hüquqları pozulur» deyən və bununla da «Eurovision» Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsinə əngəl olmaq istəyən şəxslər Azərbaycanın ermənilər tərəfindən bir milyondan artıq insanının pozulmuş mülkiyyət hüququnu gündəmə gətirsinlər. Beynəlxalq təşkilatlara bu insanların müraciətlərinin göndərilməsində yaxından iştirak etsinlər, öz hüquqi və siyasi biliklərini bu məsələyə yönəltsinlər. Azərbaycanın daxilində kimlərsə hesab edirsə ki, onların hüquqları pozulub, onları daxili qaydada biz araşdıra bilərik. Amma bunu da beynəlxalq təşkilatlar səviyyəsində, yaxud Azərbaycanda keçirilən beynəlxalq tədbirlər çərçivəsində, təzyiq, ultimatum kimi verməyin əleyhinəyəm.

- Bir sıra QHT-lər, eləcə də iqtisadçı ekspertlər iddia edirlər ki, Azərbaycanda dövlət büdcəsi hesabına gerçəkləşdirilən böyük layihələrdə ciddi korrupsiya, mənimsəmə halları mövcuddur. Parlament hökuməti bu məsələlərə aydınlıq gətirməsi üçün dəvət edib dinləmək barədə düşünümür?


Bahar Muradova
Bahar Muradova
- Birincisi, bu iri layihələrin həyata keçirilməsində korrupsiya hallarının olması kimi məsələlər nə onların deyəcəyi, nə də mənim qiymət verəcəyim bir işdir. Əgər belə faktlar varsa, müvafiq qurumlar var, onlara müraciət etmək, konkret faktları ortaya qoymaq olar. Üstəlik bunun araşdırılmasını tələb etmək və nəticəni öyrənmək vətəndaşın hüququdur. O ki, qaldı parlamentin bu məsələ ilə bağlı hökuməti dəvət etməsi məsələsinə, bilirsiniz ki, biz hər il qış sessiyasının beşinci iclasında hökumətin hesabatını dinləyirik. Onlar bura gələcəklər. İstənilən məsələyə dair millət vəkilləri həm mövqe bildirəcək, həm də onlara suallar ünvanlayacaqlar. Hesab edirəm ki, konstitusiya çərçivəsində, bizə ayrılmış səlahiyyətlər baxımından biz bu məsələyə bu cür münasibət bildirə bilirik. Yəni həm Hesablama Palatasının və hökumətin hesabatları dinlənilən zaman, həm də ötən ilin büdcəsinin icrasının müzakirəsi zamanı biz bu məsələləri gündəmə gətirə bilərik. Onda rahatca cavab almaq istədiyimiz sualları aidiyyəti üzrə yönəldə bilərik.

- Korrupsiyaya qarşı aparılan mübarizə sizi qane edir?

- Əlbəttə ki, əgər biz korrupsiyaya qarşı mübarizəni başlamışıqsa, bunu aradan qaldırmaq üçün ən yüksək səviyyədə siyasi iradə ortaya qoymuşuqsa, məni məqsəd və hədəf maraqlandırır. Düşünürəm ki, biz bu hədəfə çatmaq üçün bütün çətinlikləri dəf etməliyik. Məni qane edib etməməsi məsələsinə gəlincə, müəyyən mənada nələrisə müzakirə etmək olar. Yəni nələrsə kimlərisə qane etməyə bilər. Ancaq məncə bütövlükdə nəticə bizi qane etməlidir. Əslində bu da bir prosesdir. Bütün ölkələrdə, eləcə də beynəlxalq təşkilatların özündə də korrupsiya hallarının mövcudluğu və onunla mübarizə daim gündəmdədir. Mən onlara baxıram və düşünürəm ki, görünür hələ biz bu məsələni çox uzun müddət müzakirə etməli olacağıq.
XS
SM
MD
LG