Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:24

Cavanşir Yusifli "Haramı" romanının mükəmməl və qüsurlu cəhətləri haqda


Cavanşir Yusifli
Cavanşir Yusifli
Tənqidçi Cavanşir Yusifli bu məqaləsi ilə yazıçı Şərif Ağayarın "Haramı" romanının ("Qanun" nəşr.) "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Cavanşir Yusifli

POST-MODERN PARADİQMA


Mənə elə gəlir ki, romanın təhlilinə qoç Səməndərin ölümündən başlamaq daha məqsədəuyğun olardı.

Səməndərin qətlə yetirilməsi bədii mətndə obrazlı şəkildə desək, “mərkəzi məqamdır”, o mənada ki, bütün əsas şübhələr, münasibət və davranışların ikiləşməsi məhz bu məqamdan başlayır.

Mən bəri başdan qeyd edim ki, romanın sadə, ancaq mükəmməl strukturu var, bütün əsas və yardımçı hadisə və süjet gizlinlərinə şaxələnməyə imkan verir, oxucu üçün romandan aldığı təəssüratları uzatmaq, bu müstəvidə fantaziyasını işə salmaq perspektivləri yaradır.

Əsər oxumaq, mübahisə, müzakirə... etmək üçün son dərəcə maraqlıdır, burada “dibinə çatılmayan” əhvalat və məqamlar var.

Bu mənada Şərif yazdığı əsərin kompozisiya həllinə (bədii mətləbin yer-yurd edilməsinə) diqqətlə yanaşır və belə olduğu üçündür ki, hadisə strukturu, bu axırıncısı isə hadisələrin, süjet və fabulanın maksimum döngələrini ovuc içində olduğu kimi göstərir.

Qoç Səməndər obrazı canlı və hərəkətdə təsvir edilib, ən önəmli cəhət budur ki, onun belə diqqətlə təsviri digər qəhrəmanların təqdimatında sxematikliyə səbəb olmayıb, bizcə, bu, bütün mətləbin bir sistem kimi alınması və təqdim edilməsi ilə bağlıdır.

Şərifin mətnin qurulmasına cəlb etdiyi aşkar və gizli mətnlər qəhrəmanın ölümünü labüdləşdirdiyi kimi, müəlliflə də diskussiyaya girir, onun biliyini, dünya haqqında təsəvvürlərinin tamlığını yoxlayır, müəyyən məqamlarda mətn qurucusunun nə qədər ayıq və eyni zamanda adi əhvalatın təsirinə necə asan düşdüyünün də şahidi olursan.

Bu hiss mütaliə prosesində sezilir, yaxud işarələr şəklində çatdırılır, ancaq bu dəqiq və yalançı işarələr (müəllifin özünü və bizi aldatması) əvvəlcədən düşünülən mexanizmə tabedir və belə olduğuna görə hər şey labüd zamanında peyda olur və aradan qalxır.

Bu mənada Səməndərin ölümü əsərin ilk cümləsindən gözlənilir (elə bilirsən adi, gözyaşardıcı əsər oxuyacaqsan, uzun müddət elə belə də davam edir), müəllif mətni oxutdurmaq üçün bildiyi bütün vasitələrdən geninə-boluna istifadə edir, bəzi əhvalat-pritçalar bir az köhnə dəbli görünsə də hardasa işə yarayır, yəni, düşünülən mexanizmdə şərt odur ki, tam təsəvvürünü yaratmaq üçün əvvəlcə onu hissələrə bölməlisən.

Demək Şərifin mətnə və qəhrəmanlarına münasibəti struktur münasibətdir. Mətndəki təbiət-cəmiyyət qarşıdurması da belə bir şərtlə yüklüdür, Səməndər cəmiyyətin qanunları ilə yaşamır, bütün gücü, enerjisi ilə ona qarşı durur, o özünü toplumdan ayırdıqca, cəmiyyət onun üstünə gəlir və beləliklə obraza mifik xəlitə qarışır – bu boyda cəmiyyətə və əslində bütün dünyaya qarşı yalnız mifik qəhrəman dura bilər.

Belə olduğuna görə Səməndərin gücü də, faciəsi də birə on artır, çiyinləri qəbirə, eşqi həyata sığmır. İşarələr gah üst-üstə, gah da bir-biri ilə çarpaz düşür. Bir məqamda itmiş faylın axtarışında bütün qədim mifologiya qəhrəmanlarından yalnız birinin adı uyğun gəlir.

Yəni, Səməndər həm hamıdır, həm də heç kəs deyil, bir obraz kimi onun qurulmasında say-seçmə işarələr iştirak edir. Maraqlıdır ki, Səməndərin ölümünün doğurduğu matəm, dəhşətli və qorxunc ab-hava əsərdə demək olar ki, təsvir edilməyib, bu səhnə mifik qəhrəmanın həyatında adi bir epizodmuş kimi vaz keçilib və diqqət gözlənilən matəmdən daha düşündürücü məqamlara yetirilib.

Ancaq bu məqamlar da əsərin sonunda, yəni qoç Səməndərin ölümündən sonra yox, elə bütün mətn boyu ixtiyari nöqtələrə səpələnib.

Səməndər acizliklə gücün vəhdətidir, bağışlamaqla öldürməyin, didib-parçalamağın (ancaq bir ordu qabağına çıxmağa gücü yetsə də, sona qədər bir adamı da qətlə yetirmir) kəsişmə nöqtəsindədir, mətndə deyildiyi kimi, Kirs dağına, ən azı Haramı çölünə bənzəyir. Bu təbiətin qoynunda vəhşi olan hər şeyə bənzəyir.

O, qətlə yetirildikdən sonra çobanı çölün düzündə qızıl ilan görür. İlan gözəlliyi və cəsurluğu ilə eynən qoç Səməndərdir: çobanı yüz metr aralıya qovur. “... Bəlkə balalarına tərəf qaçdım, ondan belə hirsləndi... ”. Səməndər də, onun sözünün keçdiyi ərazidə yad adam, qıyqacı baxış, nalayiq söz eşitdimi, özünü meydana atıb tozanaq qoparır.

Qoç Səməndər öldükdən sonra meydan da, dünya da birdən
boşalır. Hər şey mənasını itirir, sözünün keçdiyi, tapşırığının sözsüz yerinə yetirildiyi ortam dağılır, tifağı dağılmış insanlar növbə ilə öz işlərinin dalınca gedirlər (kimi həbsxanaya, kimi məzara, kimi də yükünü asanca qaldırdığı miskin həyatını davam etdirməyə).

Səməndər o qədər güclü və işıqlıdır ki, onu yalnız orta əsrlər poeziyasındakı son dərəcə dəqiq deyilmiş yerlə göyü birləşdirən metaforalarla tən tutmaq olar. Ədəbiyyatdan, bədii mətndən düşüb həyatda aciz insanların başını qatmaqla o, hamını çaş-baş salır, buna görə də gedəndən sonra hamının ürəyi şübhədən deşilir: bu insan kim idi? Belə bir insan olubmu? Bəlkə yuxu idi? Şərifin romanının qəhrəmanı belə bir güclü insandır, gücün aşıb-daşması, enerjinin tüğyan etməsi və ən əsası, xeyirlə şərin, işıqla zülmətin, bir sözlə, bütün əks şeylərin dünyada tayı-bərabəri olmayan vəhdətidir.

Bu tipli sualların doğması bədii imitasiya deyil, əksinə mətnin doğurduğu normal məntiqdir, bu tipli qəhrəman aradan çıxdıqdan sonra təbii olaraq gəldiyi, doğulduğu mənbələrə qayıdır, onların bətninə yığılaraq hərənin gözünə bir şəkildə görünür.

Koroğlu, sovet dönəmində rejimdən gizlənən, düşməninin üstünə şahin kimi şığıyan qaçaq, aşığın çaldığı havada gilə-gilə əriyən aciz və köməksiz insana, balaca, toppuş uşağını, LAÇINI belində gəzdirən kor-kobud ataya, arvadı, uşaqları qarışıq hamını zəhmi altında saxlayan, hamını diz çökdürüb bac alan və yalnız bundan sonra onları adam yerinə qoyan nəhəng qəhrəman... Səməndərin ənənədən, dastan və əhvalatlardan gələn obrazı nə qədər sabit olsa da, maraqlı cəhət budur ki, o hər an əsər mətnində şəkildəyişməsinə uğrayır, nahaq yerə şil-küt etdiyi, əzib suyunu çıxardığı adama görə sonradan peşman olsa da, onun dəftərində kimdənsə üzr istəmək vərdişi yoxdur.

Sabit keyfiyyət işarələrindən hörülən fiqurun daim şəkil dəyişməsi qəhrəmanın bədii strukturunun anlaşılmasında önəmli cəhətdir.

Mətndə Səməndərin uşaqlığının bir neçə bir-birindən fərqli təsviri var. Əgər mətnin əvvəlindəki yeniyetmə Səməndərin təsviri daha çox bədii məntiqə xidmət edirsə (evə toğlu və nar gətirdiyi səhnə - ilk qənimətlərindən biri - bu səhnədə Səməndərin ötkəmliyi axıra kimi qorunub saxlanılır, bu onun xarakterinin sabit keyfiyyətidir), mal bazarında qəfildən öz uşaqlığını görməsi tam fərqli bir Səməndərdir.

***

Amma bütün bu sadalanan (yada düşən) və yaddan çıxardığımız məziyyətlərinə baxmayaraq, Şərifin romanının axsayan yerlərini, qurulan kompozisiyanın bədii məntiqə cavab verməyən, yaxud zəif reaksiya göstərən (yəqin ki, belə demək daha münasibdir) cəhətləri də mövcuddur.

Kompozisiya elədir ki, müəllifin kitabda və müsahibələrində də vurğuladığı kimi, üç mətndən, üç mənbədən ibarətdir. Əsas əhvalat, müəllifin 7 günlük gündəliyi və 12 əhvalat. Müəllif onu da əlavə edir ki, rəqəmlər (7 və 12) məxsusi işarə keyfiyyətinə malikdir. Sonra: Şiruyə adı təsadüfi seçilməyib (“Xosrov və Şirin”), Səməndər kəbinsiz-nikahsız arvadını adı ilə deyil Güləndam çağırır – “...Harami” dastanında da belədir. Ən nəhayət, xalqımız təfəkkürü və düşüncəsi etibarı ilə post-modernə meyllidir və sair.

Məncə, bu belə deyil, post-modern, yaxud hər hansı başqa hadisə dayanıb donduğu nöqtədən irəlini yox, daha çox arxanı, işıq sala bildiyi keçmişi hifz edir və onu öz rənginə elə boyayır ki, aləm qarışır bir-birinə.

Məlum olur ki, məsələn, biz elə əvvəlcədən bu düşüncə ilə yaşayırmışıq. Əslində isə, bu, hadisənin özünün xaotikliyindən irəli gəlir.

Mətləbdən uzaq düşməmək üçün qeyd edək ki, əsəri rəngdən-rəngə salacaq, onun alt qatlarını yaradacaq işarələr düzgün seçilsə də, bədii məntiqin tələb etdiyi tezlikdə işləmir, Şərif doğru buyurur ki, müəllifin gücü olsa-olsa işarə etməyə çatır, ancaq o unudur ki, işarə, informasiya yükü – enerji tipi etibarı ilə mətnə uyar şəkildə seçilməlidir, eyni tipə aid işarələr bolluğu mətndə “donuşluq” yaradır.

Fikrimizcə, Don Kixot və Rəcəb İvediklə bağlı parçalar əsərin
Şərif Ağayar "Aftafalı antrakt" kitabını oxucuları üçün imzalayır
Şərif Ağayar "Aftafalı antrakt" kitabını oxucuları üçün imzalayır
bütün kompleksinə münasibətdə belədir. Bu işarələr sistemi (üstəgəl yardımçı əhvalat və pritçalar) zəif işlədiyindən (az funksional olduqlarından) bir obraz kimi Səməndərin üzərinə həddən ağır yük düşür. Bu əhvalat və pritçalar biz dediyimiz dərinliyə işləməsə də, üst qatda müəyyən funksionallığa malikdir və qəhrəmanların hansı ovqata kökləndiklərini, nələr görüb, nələr əxz etdiklərini aydın görsədir və əsərin xeyli dərəcədə maraqla oxunmasına şərait yaradır.

Səməndər son igid, son dastan qəhrəmanıdır, buna görə də qaçağın da, qoçağın da keyfiyyətlərini son işartısına qədər bütün parlaqlığı ilə əks etdirir.

Bir qəhrəman kimi onu düşüncə bəsitliyində qınamaq, nəyinsə, yaxud nələrinsə ifadəçisi hesab eləyib analiz etmək (Səməndər yalnız özünü ifadə edir, buna görə son dərəcə unikal və cazibəlidir, .... həm də anti-qəhrəmandır) mümkün deyildir və onu bu baxımdan səciyyələndirmək doğru olmazdı.

Bütün ruhu, fəlsəfəsi yurd hissi ilə bütövləşən qəhrəman “vətən” anlayışından kənardadır, bu yurdun içində özünə kiçik bir dövlət qurub, elə bir məmləkət ki, sınırlarını özü qoruyur, heç kəsə etibar etmir, bütün təhlükələri hiss etdiyindən ətrafla həm ehtiyatla (fəndlə), həm də zor gücünə danışır.

Qorxub qaçmır, hamını qorxudub çəkilir, dağın üzündən duman çəkilən kimi. Bu hissinə və düşüncəsinə axıra qədər sadiq qalır və yaşadıqca bütün dəyərlər onunla ölçülür. Nəhəng bir qəhrəmanın ətrafa özünü bu şəkildə diktə etməsi yadımıza “Ölülər”i salır. Şeyx Nəsrullah niyə güclüdür – həqiqətin gücünü oğurladığına görə. “Oğru və qazı” hekayətindəki oğru niyə güclüdür – Qurana, ayələrə yalnız sitat kimi yanaşdığına görə. Hazırcavablıq effekti burdan yaranır. Hamının inandığı, ətəyində namaz qıldığı qazı olduğu mərtəbədən sürəklə aşağı yumbalanır. İsgəndər niyə gücsüzdür?

Ona verilən zamanda sona qədər deyə bilmədiyi sözündən asılı qaldığına görə. Sözə başlayan kimi sözü tükənir, mürəkkəb, çoxgedişli oyunbazlığın qarşısında deməyə sözü olmur. Səməndər isə bunların heç biri deyil – eyni zamanda həm güclü, həm də gücsüzdür! Səməndər məqamı düşəndə meydan sulayır.

Səməndəri meydanı sulamağa vadar eləyən enerji təbiətdən gəlir və qasırğa kimi ona yad olan hər şeyə qarşı durur. Bu adamı tam şəkildə anlamaq, yaxud ona nəyisə izah etmək mümkün deyildir. Səməndərin özü qətlə yetirildiyi halda, məhkəmədə bütün dəlillər ona qarşı çevrilir.

Roman mətninə əkilən işarələri incələdikdə ortaya müxtəlif mətləblər çıxır. Bunlardan ən başlıcası igidliklə bağlıdır. Bu mətləb, fikrimizcə, Azərbaycan nəsrində ilk dəfədir ki, belə əhatəli və sistemli anlayış şəklində qoyulur. Məsələ, bəri başdan deyim ki, birtərəfli şəkildə qoyulduğundan müəllifin daxili şərhlərdə sol getdiyi aydınca görünür.

“İgidliyə bir qoz” qəzet yazısı da bu daxili şərhi üst qatda populyarlaşdırmaq məqsədi güdür. Şərhlərdəki müəllif obrazının “sol getməsi” mətnin açılışında faydalı olsa da, prinsipcə tarixin yox, tarixi fraqmentin apriori ideyaya tabe tutulmasıdır.

Xətainin “mötərizə kontekstində” xəta, xatakar ... sözləri ilə bir sırada işlədilməsi də olsa-olsa “solluq uşaq xəstəliyidir”. Bu bir az da Səməndərin seyidlə dini “mükalimə”sinə bənzəyir. Hazırcavablıqla kimisə ayağından, dimdiyindən, qanadından tutmaq mümkündür, ancaq hadisə, nəsnə sənin nüfuz edə bilmədiyin istiqamətlərə də şaxələnir və sənin fəhm etdiyin olur ki, onun səthini örtməyə belə kifayət etmir.

“Kulis” portalında Babək və Məhəmməd peyğəmbərlə əlaqədar açılan “diskussiyada” tərəflərin nə qədər “düşüncə adamı”, nə
Şərif Ağayar Azadlıq Radiosunun Bakı studiyasında
Şərif Ağayar Azadlıq Radiosunun Bakı studiyasında
qədər “sapmaz” olduğu kənardan aydın görünürdü. Bu mənada Şərifin mətninə hopa bilən (-!) əhvalatlardan biri – yəmənli Veysəllə bağlı olay nə qədər ibrətlidir – yalnız bilik tanrını fəhm etməyə kifayət deyil.

Adicə yağış yağanda onun arxasından insanın könlünə qüssə dolması təbiidir, sən bu pərdənin kadr arxasından yalnız çox adi şeyləri görə bilərsən. Bu adamın göz yaşlarının bütün gerçəklik və insan – boyaboy görsənir.

Şərifin mətni digər müasir romanların bir çoxundan fərqli olaraq “hadisə xarabazarı” deyildir, burada ən azı yeni görünən ideyalar var – kənardan idillik təsir bağışlayan, aşıqların, el şairlərinin tərənnüm etdikləri qaçaqların və qaçaq hərəkatının “iş üzü” açılır (post-modern kontekstdə - kollaj stixiyası daxilində), ancaq bu hələ azdır, inkarın özü də daxildən “inkar edilir” və Şərifin bütün problemləri elə bu məqamdan başlayır, mənə elə gəlir ki, onun mətndə “əkdiyi toxumların” (qrammatologiya-!) hamısı boy göstərmir, Səməndər və digər obrazlar elə bil bir az ənənəvi qəhrəman tipində qalırlar.

Bəlkə də mən Şərifin bu mükəmməl mətni qarşısında ifrat tələblər qoyuram, olsun ki, bu iradların müəyyən qismində heç haqlı deyiləm, ancaq T.Əlişanoğlu demişkən, mənimcə, müəllifin və bizim gözlədiyimiz hadisələrin bir çoxu baş vermir.

Mətndən bir misal: “Nə Xalidə, nə uşaqları Şəfəqi dindirmirdilər”. Bu tipli redaktəsiz cümlələr də var əsərdə.

Şərifin bir çox işarələri yaxşı niyyətlə düşünülsə də, ifadə baxımından qüsurludur, “ilan balası” ilə bağlı passaj şitdir. Bu qeydləri uzatmaq da olardı, yekun olaraq deyim ki, “Haramı” romanı son zamanların ən oxunaqlı və ideyaca mükəmməl əsərlərindən biridir. İstərdim son cümləni elə mətndən gətirim: “Əslində təbiət bizimlə danışır həmişə, - düşündüm”

“Di gəl, biz o işarələri anlayıb, mətləb hasil edə bilmirik. Başımıza gələn bəlaların səbəbi, bəlkə elə budur...”

Fikrimizcə Şərifin ən yaxşı mətnlərinin yaradılması yolunda bu əsər bir işarədir və oradakı müəyyən cəhətlər şəxsən mənim ümidlərimi birə-on artırır.
XS
SM
MD
LG