Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:34

Bakı polisinin üçdə biri «Eurovision-2012»yə cəlb olunacaq


Bakı şəhər Baş Polis İdarəsi bu ilin may ayında Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar həyata keçiriləcək təhlükəsizlik tədbirləri ilə bağlı plan hazırlayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı «POLİS» qəzetinə bildirib ki, 2011-ci il noyabrın 8-də Daxili İşlər Nazirliyində keçirilən əməliyyat müşavirəsində beynəlxalq tədbir zamanı ictimai qaydanın qorunması üçün görüləcək tədbirlər müəyyən edilib.

N. Məmmədxanlı qeyd edib ki, paytaxt polisinin təxminən 30 faizinin «Eurovision-2012»nin təhlükəsizliyini təmin etmək məqsədilə xidmətə cəlb edilməsi nəzərdə tutulub: «Təbii ki, müsabiqə zamanı polis gücləndirilmiş iş rejimində işləyəcək. İctimai təhlükəsizliyin təmin edilməsi üçün xüsusi tədbirlər planı tərtib edilib. Tədbirin keçiriləcəyi ərazilərdə, qonaqların yaşayacaqları və istirahət edəcəyi yerlərdə polis naryadlarının ayrılması nəzərdə tutulub. Eyni zamanda, hər bir əraziyə məsul şəxslər ayrılacaq. Hazırda tədbirlərin keçiriləcəyi rayonların elektron variantda xəritəsi, sxemi hazırlanır».

N. Məmmədxanlı həmçinin bildirib ki, Bakı şəhərində keçirilmiş beynəlxalq əhəmiyyətli digər tədbirlərlə «Eurovision-2012»nin təhlükəsizliyinin təmin edilməsi baxımından ciddi fərq yoxdur: «Sadəcə, belə tədbirlərdən fərqli olaraq mahnı müsabiqəsinin keçirilmə vaxtı daha uzun müddətli olur. Polis təxminən bir ay gücləndirilmiş rejimdə işləyir. Elə buna görə də nəzərdə tutulmuş təhlükəsizlik tədbirlərinin miqyası böyükdür. Təbii ki, paytaxt polis belə irimiqyaslı tədbirin təhlükəsizliyinin təmini istiqamətində beynəlxalq təcrübədən yararlanmaq niyyətindədir. Bu məqsədlə «Eurovision» mahnı müsabiqəsinə ev sahibliyi etmiş bir neçə dövlətin təcrübəsi öyrənilir. Rusiya, Ukrayna və sonuncu olaraq müsabiqənin keçirildiyi Almaniyanın Düsseldorf şəhərində tətbiq edilmiş təhlükəsizlik tədbirləri öyrənilir. Daha çox Rusiyanın təcrübəsi öyrənilir, bununla bağlı artıq bu ölkənin rəsmiləri ilə görüşlər də keçirilib». /apa/
XS
SM
MD
LG