Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:15

Elnarə Akimova: Seymur Baycanın romanı seçilir...


Elnarə Akimova
Elnarə Akimova
Tənqidçi Elnarə Akimova bu məqaləsi ilə yazıçı Seymur Baycanın “Quqark” romanının “Oxu zalı”nda keçirilən müzakirəsinə qoşulur.


Elnarə Akimova


YOLLARDA KEÇƏN ÖMÜR


Bu yazının adı müəllifin şəxsi istəyindən hasilə gəldi.

Seymur Baycan “Quqark” romanında qeyd edir: “Hər ömrün öz adı var. Əgər kimsə nə vaxtsa mənim haqqımda yazsa, həmin yazının adını ya “vağzallarda keçən ömür”, ya da “yollarda keçən ömür” qoymalıdır.”

Əslində, əsərin ümumi ruhu, ritmi, düşüncə sırası ümumən yol simvolikasına tabedir. Məhəmməd Peyğəmbər (s) necə demiş: “Ev doğulmaq və ölmək üçündür. Həyat yoldadır”.

“Quqark” romanında həyat da, yaşamaq sevdası də əsərin qəhrəmanı üçün mənasızlıqdan başqa bir şey deyil və yəqin, elə buna görə də o, yolsuzluq içindədir.

Bu yolsuzluq həm də uzun, incə bir yolçuluqdur ki, onun vasitəsilə müəllifin təqdim etdiyi özünəməxsus həyat materiallarına, gerçəklərə yanaşma təsəvvürlərinə vaqif ola bilirik.

Mən də o fikirdəyəm ki, müharibə gerçəkləri haqqında əsəblə, coşğu ilə, qışqıra-qışqıra deyil, ona soyuq bir əda ilə, kənar baxışla yanaşmaq, hadisələrin, gerçəklərin fövqünə qalxıb danışmaq lazımdır.

Yəni, ən azı nəsrin fəzasına yetməkdən söhbət gedirsə burda hadisələrin xronolojisini verən tarixçidən, pafosla, patetika ilə süslənmiş poeziya aləmindən fərqin elə bununla (bunda) olmalıdır.

Seymur Baycanın “Quqark” romanı bu baxımdan seçilir.

Bizdə müharibə ilə bağlı yazılmış həcmli əsərlərdə müxtəlif yanaşma mövcuddur. Ki, hansınısa oxuyub müharibə səhnələrinin yaşatdığı gərgin məqamları, savaş lövhələrinı görə bilirik (A.Abbas. “Dolu” romanı), yaxud eləcə kənarda dayanıb müharibə insanının içində boy vermiş ağrıları, acıları bir də zaman qarşısına çıxarıb məzmun, mündəricəsini arayırıq (Ağayar “Haramı” romanı). “Quqark” əsərində müharibənin portretini özündə gəzdirən talelər və yaşantılar qalereyası var.

Bir insanın yaddaşında, nəqlində oyadılan duyğular, təəssüratlar polifoniyasında keşmiş- daha çox müharibə ilə bağlı keçmiş bütün dərinliyi və reallığı ilə mənalana bilir.

“Quqark” müharibə romanıdır, çünki birbaşa müharibə gerçəkliyini – dövrün paradoksları və xaotik məzmunu ilə təsvirə çəkməyi təqib qılır.

Bu təsvirlər müxtəlif rakurslu mövzuları içinə almaqla bir neçə istiqamətə şaxələnir. Müəllifin əsər boyu daldığı yurd nostaljisi, uşaqlığı ilə bağlı xatirələri - əsərdə ən təsirli və maraqlı lövhələr sırasında yer alan qəhrəmanın çörək dalınca getdiyi zaman yaşadığı dramatik situasiya, dayısının yazdıqları məktubların sonucda onu yazıçı kimi formalaşdırması, özünün doğma ocaqlarını tərk edib şəhərdəki xalasının birotaqlı mənzilində yerləşmələri və s., ikinci xətt-birbaşa müharibə acıları yaşayan insanları, onların qəmli hekayətlərini, müharibə gerçəkliyinin fəci qanunları-bu sıradan əsirlik həyatı, onlara verilən işgəncələr, şəhidlər, şəhid anaları, və.s haqqında qənaətləri və s., o cümlədən, cəmiyyətin ictimai-siyasi-sosial məqamlarına varmaq, onları təsvirə çəkmək çabası- burada artıq yazıçı içinin çöküşü, cəmiyyətdəki disharmoniya, müharibə iştirakçısı olmuş insanın soyğunçuluqla məşqul olması, anasının ona hədiyyə, mükafat kimi verilən suvenirləri satması və s.

Yəni, əslində bu xəttləri bir qədər uzatmaq da olar, nədən ki, romanın çevrələdiyi düşüncə məkanları çoxşaxəli, polifonik spektrlidir.

Təbii ki, gerçəklər müəllifin təsvir elədiyindən daha artıq fəci və dramatikdir. Bunu müəllif də etiraf edir: “...baş verənlər yazdıqlarımdan yüz dəfə, min dəfə ağır və acı olub.” Seymur sadəcə, neytral yazıçı mövqeyi tutub hadisələri hissə qapılmadan verməyə çalışır.

Bu mənada, onun qəhrəmanının obrazının sanki gününü yaşamağa çalışan yazıçı kimi təsvir olunması təbiidir. Bu məqam müəlliifn həm müharibə faktoruna loyal münasibət göstərməsinə, həm də sosioloji məqamlara varmasına-cəmiyyətdəki qüsurları, real yazıçı, yazar insanının durumunu səciyyələndirməyə imkan yaradır.

Əsərin qəhrəmanı darıxır, bu darıxmaq, yeknəsək həyatdan usanmaq onu intihar məqamına belə çatdırır. Amma xarici donor təşkilatların dəstəyi ilə keçirilən konfransa dəvət alan yazıçı qəfil aldığı məktubla fikrindən daşınır və o, ruhlar aləminə deyil, Ermənistanın Quqark istirahət mərkəzinə gedəsi olur.

Əsərin müqəddiməsi bu görüşdən nəsə uman oxucunu bəri başdan arın-arxayın edir: bu insan düşmən düşərgəsində fərqli heç bir jest, fədakarlıq eləməyəcək. Amma oxucu ona da inanır ki, qəfil gələn məktub müharibədə döyüşə çağırsaydı belə qəhrəman eyni çaba ilə ora da gedərdi.

Ona görə yox ki, içindəki patriotizm ona bu addımı atmağa sövq elətdirəcəkdi, yox, sadəcə, əsərin qəhərəmanı darıxırdi və darıxmaq hissini dəf eləmək üçün hərdən məsələn, bulvardakı qarımış şairə xanımlarla elədiyi söhbəti cəbhə xəttindəki əsgərlərlə təzələyərdi, o qədər.

Əsərdə “ümummilli eyforiya dövrü” olan 1990-cı illər, həmin dövrə xas səciyyəvi görüntülər –həm siyasi-ictimai, həm də psixoloji çalarları ilə təsvirini tapıb.

Bir-birini əvəz edən tarixi dövrlərin insan talelərinin yaşantısında doğurduğu gərgin emosiyalar hiss edilir.

Burada müəllif mürəkkəb və fəci hadisələrin səbəblərini, köklərini göstərmir, hansısa amal və mübarizə əzmi də yoxdur.

Müəllif sadəcə ömrünün anılarına əsaslanır, həmin anıları öz təhkiyəsində ipə-sapa düzüb süjet xətti yaradır. Onun uşaqlığı da, qayğıları da, istəkləri ilə həyat reallıqları arasındakı ziddiyyətlərin doğurduğu hisslərin ifadəsi də- bir sözlə keçmişinə dair nə varsa bu xatirələrdədir.

“Mənim gücüm ancaq xatırlamağa çatır. Arzulamaq, xəyal qurmaq mənlik deyil.
Xatırlamağı heç kim mənə qadağan edə bilməz. Dünyada elə bir adam tapılmaz ki, keçmiş onun üzərində mənim üzərimdəki qədər hakim ola bilsin. Mən heç bir şeyi unuda bilmirəm. Heç bir şeyi. Ona görə də mən özümü həddən artıq qoca hiss edirəm.”

Romanda xatirə motivi, müəllif tərcümeyi-halından alınan təfsilatlar onu avtobioqrafiq əsər kimi səciyyələndirməyə əsas verir. Çünki müəllif tərcümeyi-halının daşıyıcısı kimi görünən və əsərin əsas qəhrəmanı Seymurun həyatının çox qismi romanda ehtiva olunur.

Burada təsvir edilən həyatın tarixi-məntiqi doğruluğuna bədii təminat verən müəllifin uşaqlıq dövrünün nostalji çalarıdır, həmin qarışıq 1990-cı illərin bədii təcəssümünü təmin edən qəhrəmanın uşaq yaddaşına çokmüş zəngin təəssüratıdır.

Bu “xatiratım”da əsas yeri qəhrəmanın vağzallarda keçirdiyi məqamları, anıları təşkil edir- Qroznı vağzalı, Krasnodar, Aktobə dəmiryol vağzalı, Samara vağzalı və s., və i., -qəhrəman öz düşüncə qanadlarında vağzallarda o baş-bu başa adlayır.

Amma qatarlar onu yeknəsəq həyatın əlindən alıb dünya kontekstinə qovuşdursa da özündən, öz keçmişindən qopara bilmir. Keçmiş, uşaqlığı, gəncliyi hər yerdə onunla baş-başadır.

Bu mənada, onun sərgilədiyi müxtəlif hekayətlərin içindən qeyri-ixtiyarı olaraq şəxsi yaşantıları boy verir.

Müharibə mövzusunun geniş şəkildə işləndiyi bir zamanda, həmçinin yeni qəhrəmanlar, bu qəhrəmanlığın yeni kultu yaradılmasına çaba göstərildiyi bir vaxtda S.Baycan müharibə faciəsinin qəhrəmanı kimi özünü seçir, öz içini, öz yaşantısını qələmə alır.

Təkcə bu cəhət müəllifin ideya və dünyagörüş iztiqamətini tanımaq üçün çox şey deyir. Əsərin mərkəzində müharibənin qaynar səhnələri, fəci və dramatik situasiyaları deyil, mənəvi psixoligiyası ilə insan(lar) durur.

S. Baycan müharibəni təsvir etmək üçün müharibə əhval-ruhiyyəsini hərəsi bir cür keçirmiş insanları təsvir edir. Hadisələrin, müharibənin mənzərəsi psixologiyaların müstəvisində görünür.

Əsərin qəhrəmanı olan yazıçı Quqark düşərgəsinə gəlir və oradakı meşədə geriyə dönüb keçib gəldiyi ömür yolunun xatirələrinə dalır.

Bu xatırlama fonunda biz müharibə dövrü, onun insan talelərində qoyduğu izlərlə, qəhrəmanın tale yolu ilə tanış oluruq. Etiraf edək ki, bu təhkiyədə hadisələr, təsvirlər, bir sözlə həyat canlı və səmimidir.

“Rayon klassiki” haqqında, taxta qutular düzəldən və çaxnaşma zamanı öz düzəltdiyi qutuların arxasında gizlənən dülgər Karapetlə, poçtalyon qadının həyatı, qarapaltarlı erməni anasının yaşantıları ilə bağlı hekayətlər əsərdə təsvir olunduğu faciəvi-dramatik çalarlarında görünə bilirlər.

Romanda ciddi tutalğa tapan bu təsvirlərin hər birində yığcam, koloritli hekayə süjeti var. Bu yığcam süjetdə insan psixologiyasının dərin təcəssümündə müharibə həqiqətləri məharətlə sərgilənə bilir.

Bəs əsərin əsas motivlərindən olan Seymur-Anuş xətti burda hansı yerdədir? Ümumiyyətlə, bu ideya əsərdə nə dərəcədə alınıb?

Məsələn, mənə görə müəllifin kifayət qədər ayıq yanaşdığı digər məqamlara, məsələlərə nisbətən əsərdəki Seymur-Anuş xətti zəifdir, predmetini nədən alır, dərin deyil.

Deyək ki, əsərin bir neçə yerində, nəql olunan hekayətlərdə kifayət qədər səxavətlə paylanan cəmiyyət-yazar problemi (xüsusilə, əsərdəki Mehdi Bəyazid nüansı), yazar içinin dekadansının sərgilənməsindən sonra belə bir məhəbbət motivini süjetə əlavə etmək əsərə nə qazandırır?

Seymur Baycan
Seymur Baycan
Sosiallığın rəngini, boyasını daha da qatılaşdırmaq, yaxud cəmiyyət ziddiyyətərini daha da çılpaqlaşdırmaq səciyyəsi? “Sevən bir qadın kişidən bütün varlığını tələb eləməkdə haqlıdır. Mən isə sənə heç nə verə bilmərəm. Bakıda borca yemək yediyim kafelər var.

Başa düş, mənim üçün sevgisiz yaşamaq borca yemək yediyim kafenin sahibi Şirzadsız yaşamaqdan daha asandır.” Bu mənada, əsərdəki Seymur-Anuş xəttini Bahadır və Sona, Əsli və Kərəm kimi birgəliklərlə anoloji müstəvidə dəyərləndirilməsi (üstünlüyü, sələflərə vermiş olsalar belə) özünün doğrultmur.

Əvvəla, burda iki gəncin sevgisindən deyil, Anuşun birtərəfli sevgisindən söhbət gedə bilər. Seymurun Anuşa münasibəti isə həqiqi sevgi duyğusu kimi mənalanmır.

Onu rədd üçün gətirdiyi əsas isə təbii və səmimi təsir bağışlayır və əsərin öz ritmindən, ahəngindən, inkişaf qanunauyğunluğundan doğur. Əgər bu birgəliyə mane olan nəsnə kimi iki dövlət arasındakı uçurum göstərilsəydi, təbii ki, səmimiyyəti ilə inandırmazdı.

Nədən ki, bütün əsər boyu müəllifin belə bir yük daşıyıcısı olması, mənən bu ağrını yaşaması nəzərə çaprmır. Əsərin tək bircə yerində belə bir səbəb sızdırılır: “Mühafizəçinin bayıra çıxması Anuşun bütün həvəsini öldürdü. Onun sifətinə birdən-birə adamı diri-diri öldürən kədər çökdü.

Aramızdakı uçurumu mühafizəçinin bayıra çıxması ilə görmüşdü. Bu uçurumun adı düşmənçilik, müharibə, nifrət, əsir düşənlər, girov götürülənlər, davam edən qeyri-müəyyən vəziyyət, hər həftə, hər gün pozulan atəşkəs rejimi idi...” Bu səbəb əsərdə motivasiyasını tapmır. Necə ki, Seymur-Anuş xətti əsərdə sadəcə, süjetin inkişafınfa bir vasitə kimi düşünülmüş təəssüratı bağışlayır, bu fikir də qəhrəmanın əsas gətirdiyi uçurumun səbəbi kimi inandırmır.

Əgər uçurum iki millət arasında olan nifaqdırsa, bu nifaqın əlamətləri, çözümü, burda heç lokal olaraq da qabardılmır.

Bu halda hansı uçurumdan söhbət gedə bilər?! Müəllif kifayət qədər seyrçi mövqe qurub sanki bütün olmuşları, olacaqları özgə ünvanlarda axtarmağı tərcih edir, yəni ki, müharibə bu işə maraqlı olan bir qrup zümrənin əməli idi, onların əməlindən azərbaycanlılar nə qədər əziyyət çəkirsə, elə ermənilər də o qədər çəkir, bəs ki, ermənilərin içlərində bir Baki nostaljisi var, onlara öz yurdlarında heç də yaxşı münasibət göstərilmir, müharibənin xarabazara çevirdiyi doğma məkanlara adekvat olaraq əks tərəfin də itkisiz ötüşmədiyini ürək ağrısı ilə qeyd edir. Əsərdə milli adına hər şey sanki deformasiyaya məruz qalır.

Milli ölçülərə diaxron olaraq başqa məkanlar bu sırada daha funksional görünürlər: qəhrəman hər dəfə ziyarət məqamında kilsəni seçir, müsəlman olsa da rus qəbiristanlığında basdırılmağı vəsiyyət edir, rus yazıçılarının təbiət barədə yazdıqlarını daha səmimi hesab edir. Seymur Baycanın qəhrəmanı milli tale, milli varlıq haqqında mücərrəd ideyaçılıq əvəzinə insanın taleyi, insanın varlığı üzərində düşünür.

Zənnimcə, müəllif rakursundakı humanizm, milliyətindən asılı olmayaraq ümumən insan ağrısının qabardılması müharibə mövzusunu təqib qılan milli nəsrimiz üçün pozitiv çalardı. İnsan içinin təsvirə çəkilməsi prosesində bütün münaqişələrin, mübarizələrin kölgəsi onun üstündən silinib atılmalıdır. Insan konsepsiyasının dünya problematikasına çıxışı üçün bu məqam zəruridir.

Əlbəttə, yazıçı tarixçi deyil, bəlkə də qarışıq tarixi prosesləri nəsr hələ də yetərincə həzm edə bilmir. Amma müəllifin birbaşa düşüncə kontekstinə daxil olmasa da, bəlkə də içindən-ağrılarından keçib gəldiyimizə görə müəllifin yaratmaq istədiyi humanizm balansındakı tarazlığın bizim payımızın itkisi hesabına başa gəlməsi bir qədər təəssüf doğurur.

Lap milli savaşımızı-Ermənistanın Azərbaycana qarşı təcavüzünü qoyaq bir tərəfə, ABŞ-ın İraqda, Əfqanıstanda, Rusiyanın Çeçenistanda, İsrailin Fələstində apardığı savaşın da adı müharibədir.

Amma burda hansısa dövlət işğala məruz qalan, hüquqları pozulandır və bu halda aparılan mübarizə yalnız müdafiə üçündür. Doğrudanmı, ədəbiyyat bunları (bu fərqi!) yenib də insana yetməlidir?!

“Quqark” bu suala birmənalı cavab verir. Çünki romanın sənət zəmini əks etdirmədir, insanın həm maddi-cismani, həm də mənəvi, sosial, psixoloji çalarlarında inikasıdır.

Burada insan faktoru bütün səviyyələrdə -ictimai-siyasi, mədəni-tarixi, psixoloji, məişət –ümumən özünün varlıq məqamına tabedir və elə bu məzmun, məziyyətlə də ədəbiyyata daxil olur.
XS
SM
MD
LG