Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:33

Naxçıvanda əkmədiyin torpağa, tikmədiyin evə görə sığorta verməlisən?


Arxiv foto
Arxiv foto
Şərur sakinləri Dövlət Sığorta Agentliyindən şikayətçidirlər. Onların narazılığı daşınmaz əmlakın və əkin sahələrinin məcburi sığorta olunması qaydaları ilə bağlıdır. Bu haqda AzadlıqRadiosuna bir qrup Şərur rayon sakini məlumat verib.

Şikayətçilər qeyd edirlər ki, daşınmaz əmlak üzrə məcburi sığortanın qiyməti 30 manatdır. Ancaq onlar deyir ki, həmin 30 manat təkcə mülkiyyət sahiblərindən alınmır. Sakinlərin deməsinə görə, sığorta idarəsi adına mülkiyyət olmayan şəxslərdən belə həmin məbləği tələb edirlər. Beləcə ailədə neçə nəfər yaşayırsa, bir evə görə onların hərəsindən 30 manat istənilir.

Rayonun Qorçulu kənd sakini Sevindik Əhmədov deyir ki, adına ev, yaxud başqa daşınmaz əmlak olmasa da sığorta idarəsinin və kənd icra nümayəndəliyi işçiləri ondan məcburi sığorta pulu istəyirlər:

«MƏNİM OLMAYAN EVİMİ NECƏ SIĞORTA EDƏ BİLƏRSƏN?»

​«Evin var, ya yoxdur 30 manatı verməlisən. Həmin pulu sığorta idarəsi icra nümayəndəliyi ilə birlikdə gəlib tələb edir. Məcbur eləyirlər camaatı. Pensiyaçılar pensiyalarını alanda gəlib dururlar yanında, deyirlər verməlisən. Verməyənlərin də gəlib kəsdirirlər qapılarını, məcburi alırlar. İşdən çıxarmaqla hədə - qorxu gələrək, həmin pulu alırlar. Deyirlər evin yananda sənə pul verəcəyik. Mənimsə evim yoxdur. Deyirəm mənim hansı evimi sığorta edirsən, o evi göstər. Mənim olmayan evimi necə sığorta edə bilərsən? Deyir ki, yox 30 manatı verməlisən. Hər ailədə neçə nəfər işləyirsə, hərəsindən 30 manat alırlar.

- Deyək ki, bir evdə iki nəfər pensiya alır, iki nəfər də işləyir. Onda necə olur?

- Əgər bir evdə iki nəfər pensiya alırsa, birindən alırlar. Həmin evdə iki nəfər işləyirsə, həm pensiyadan tuturlar, həm də həmin iki nəfərdən pul alırlar. Eyni damın altında yaşadınsa, hamıdan alınacaq. Məqsədləri pul yığmaqdı».

Sevindik Əhmədov deyir ki, olmayan torpaq sahəsinə görə də, ondan pul istəyirlər:


«GUYA ƏKDİYİMİZ QAMIŞLARI KÜLƏK APARACAQ, BUNLAR DA...»

«Bizim kəndin torpaqları birinci qrup hesab olunur. Bir hektara görə 138 manat da ona istəyirlər. Əkdin, ya əkmədin. Guya əkdiyimiz qamışları külək aparacaq, bunlar da bizim ziyanı ödəyəcəklər. Əkilməyən yerə necə sığorta verəcəklər? Torpağım olsa, əksəm bilərəm ki, əkini çovğun, dolu vuranda bəlkə də sığorta ödəyəcəklər. Olmayan yerə görə niyə pul ödəməliyəm?»

Məsələyə münasibət öyrənmək üçün Şərur rayon Dövlət Sığorta Agentliyi ilə əlaqə saxlamağa çalışsaq da, oradan kimsə ilə danışmaq mümkün olmadı. Vətəndaşlara təqdim edilən bildiriş qəbzlərində qeyd edilən nömrələrdən də zənglərimizə cavab vermədilər. Qorçulu kənd icra nümayəndəsi İsmayıl İbrahimov isə məcburi sığorta yığıldığını təsdiqlədi. Ancaq icra nümayəndəsi hər mənzilə görə, yalnız bir nəfərdən məcburi sığorta pulu alındığını, torpaq sahələrinin sığortasının isə məcburi olmadığını bildirdi:

«KİM DEYİRSƏ, DÜZGÜN DANIŞMIR»

«Kim deyirsə, düzgün danışmır. Hər mənzilə görə bir nəfərdən pul alınır. Həmin evdə istər iki ailə yaşasın, istərsə də üç ailə. Bunu da prezidentin göstərişi ilə edirik. Torpaq sığortası isə məcburi deyil. Kim istəsə sığorta eləyər, kim istəməsə eləməz. Şikayətçi kimdirsə, gəlsin yanımıza, həll edək».

Məsələyə aydınlıq gətirmək üçün əlaqə saxladığımız Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən də məcburi sığorta yığdıqlarını təsdiqlədilər. Agentliyin ümumi şöbəsindən onu da bildirdilər ki, bəzən anlaşılmazlıq üzündən bir evə görə, bir dəfədən çox sığorta pulu alınması hallarına rast gəlinir. Onların deməsinə görə, belə hal aşkarlanan kimi anlaşılmazlıq dərhal aradan qaldırılır.

Məhəmməd Talıblı
Məhəmməd Talıblı
İqtisadçı ekspert Məhəmməd Talıblı isə deyir ki, əgər bir mənzil üçün bir neçə nəfərdən və üstəlik əkilməyən torpaq sahəsinə görə sığorta alınırsa bu qanunsuzluqdur:


«AZƏRBAYCANDA QƏBUL OLUNAN QANUNLAR NAXÇIVANDA ÖZÜNƏMƏXSUS ŞƏKİLDƏ İCRA OLUNUR»

«Bu yaxınlarda Milli Məclisdə avtomobillərin və daşınmaz əmlakın icbari sığorta olunması qanun qəbul olundu. Bu qanuna əsasən, bir mənzilə görə, il ərzində yalnız bir dəfə bir nəfərdən məcburi sığorta alınmalıdır. Eyni mənzildə yaşayan bir neçə nəfərdən sığorta pulunun alınması tam qanunsuzluqdur. Əkilməyən torpaq sahəsinə görə, məcburi sığorta pulunun alınması da qanunsuzluqdur. Bu onu göstərir ki, Azərbaycanda qəbul olunan qanunlar Naxçıvanda özünəməxsus şəkildə icra olunur».
XS
SM
MD
LG