Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:06

«Texnikabank»da nə baş verir?


Vəkil Əshabəli Mustafayev
Vəkil Əshabəli Mustafayev
«Texnikabank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) Yasamal filialının sədr müavini Elnur Seyidov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, dələduzluqda və mütəşəkkil dəstə tərkibində külli miqdarda pul mənimsənilməsində ittiham olunur.

SİYASİ İŞ?

Amma Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynı olduğundan artıq bu həbsin siyasi bir iş olması barədə fikirlər səslənməkdədir. Elə bu fikri ilk səsləndirən də Elnur Seyidov özü olub. Vəkili Əshabəli Mustafayevin AzadlıqRadiosuna dediyinə görə, martın 29-da Səbail rayon Məhkəməsində keçirilən prosesdə Elnur Seyidov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli saymadığını deyib. Bildirib ki, fəaliyyəti zamanı hər hansı qanunsuzluğa yol verməyib və bu həbs onun AXCP sədrinin yaxın qohumu olması ilə bağlıdır.

Əshabəli Mustafayev deyir ki, müdafiə etdiyi şəxs ittiham qərarına baxanda, xeyli təəccüblənib. Belə ki o, «Texnikabank»ın Müşahidə Şurasının sədri Etibar Əliyevin göstərişi ilə adamlardan əlavə pul yığaraq Şura sədrinə verməkdə ittiham olunur:

«Ona ittiham elan olunması qərarına baxanda, dedi «burda mənə aid heç nə yoxdur axı, məni niyə saxlayıblar?». Dedi «mən indi belə başa düşdüm ki, məni qohumuma görə tutmusunuz». Dedi «artıq neçənci dəfə mən işdən çıxarılmışam». Artıq bu həbs belə qiymətləndirilməyə başlanılır».

«MƏN ONA HƏMİŞƏ DEYİRDİM ÖZÜNƏ BAŞQA İŞ TAP»

AXCP sədri Əli Kərimli də hesab edir ki, bu həbs birbaşa ona qarşı hakimiyyətin qərəzli münasibətindən xəbər verir:

«Elnur Seyidov bizim qohumlar arasında yeganə adam idi belə bir işdə çalışırdı. Mənim bütün yaxın qohumlarımı işdən çıxarıblar.
Əli Kərimli
Əli Kərimli
Mən həmişə ona deyirdim ki, özünə başqa bir iş tap. Deyir ki, 20 ildir mən bank sektorundayam və sizin siyasətlə də maraqlanmıram, məni siyasətə necə bağlaya bilərlər? Deyirdim ki, hakimiyyət nə vaxtsa bu məsələyə əl bulayacaq».

Bu arada «Texnikabank»ın Müşahidə Şurasının sədri Etibar Əliyev barəsində ziddiyyətli məlumatlar yayılmaqdadır.

TEXNİKABANK: ETİBAR MÜƏLLİM HƏBS OLUNMAYIB, GÖRÜŞDƏDİR

Bir müddət əvvəl həbs olunmuş Etibar Əliyevin bu günlərdə azadlığa buraxılması haqda mediada məlumatlar gedib.

Etibar Əliyevin hazırda həbsdə olmasını elə «Texnikabank»da da təsdiqləmirlər. Həbs xəbəri çıxanda, bankın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İnam Hacıyev bu xəbəri nə təsdiq, nə də inkar etmişdi. Martın 30-da isə adını deməkdən imtina edən bank işçisi bildirdi ki, Etibar Əliyevin həbsi ilə bağlı məlumat yalandır.

- Etibar müəllim yerində yoxdur, hazırda görüşdədir.

- Xanım, Etibar müəllimin saxlanması ilə bağlı bir müddətdir məlumat yayılıb. Siz bu barədə nə deyə bilərsiniz?

Etibar Əliyev
Etibar Əliyev
- Yox, bu informasiya yalandır.

HƏR ŞEY İSTİNTAQDA AÇILACAQ

Vəkil Əshabəli Mustafayev isə deyir ki, ona Etibar Əliyevin və bankın bir neçə filial rəhbərinin həbs olunduğunu bildiriblər:

«Bunlar deyirlər ki, Etibar Əliyevlə birlikdə bir neçə filial rəhbəri içəridədir və digər filial rəhbərlərinin də həbsi gözlənilir. Bilirsiniz, konkret heç bir şey deyilmir. Bu da müəyyən şübhələr yaradır. Deyirlər ki, hər şey istintaq zamanı açılacaq».

MTN DEYİR ONLARDA MƏLUMAT YOXDUR

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev «Texnikabank» rəsmilərinin həbsi ilə bağlı məlumatsız olduğunu deyir:

«İctimai əlaqələr mərkəzində bu barədə məlumat yoxdur».

BANKIN MÜXBİR HESABI NİYƏ DƏYİŞİB?

Bu ərəfədə «Texnikabank» ASC-nin «İnşaatçılar» filialı martın 30-da bütün müştərilərinə bankın müxbir hesabının dəyişdirilməsi haqda məlumat göndərib.

Samir Əliyev
Samir Əliyev
İqtisadçı Samir Əliyev deyir ki, bank müxbir hesabını daha çox öz fəaliyyət istiqamətini dəyişdiyi zaman yeniləyir. Ekspertə görə, belə bir dəyişiklik həm də bankın başqa ələ keçməsi səbəbindən də baş verə bilər:

«Bunu bankın başqa ələ keçməsi ilə əlaqələndirmək olar. Amma bu məsələdə bu izah da bir qədər çətindir».

HƏBS MƏSƏLƏSİNİN ETİRAFI NƏYİ DƏYİŞƏ BİLƏR?

Qaldı bankın həbslərlə bağlı qəti mövqe bildirməməsinə, Samir Əliyev deyir ki, bank sektoru çox həssas bir sahədir. Hər hansı xoş olmayan məlumat birbaşa bankın reputasiyasına təsir göstərə, insanların o bankdan üz döndərməsinə gətirib çıxara bilər.

Ekspertə görə, bu səbəbdən də bank özü ilə bağlı belə məlumatların mediaya sızmasının qarşısını mümkün qədər alır.

«Texnikabank» Açıq Səhmdar Cəmiyyəti 1993-cü ildə yaradılıb. Bankın 35 filialı və 5 şöbəsi fəaliyyət göstərir.

Bankın səhmdarları «World Wines Private Company» (75%), «Kazimir Caspian Fund Limited» (10%) və Etibar Əliyevdir (15%).
XS
SM
MD
LG