Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:41

“Aç, mənəm” romanı İstanbulda və Londonda


Nərmin Kamal
Nərmin Kamal
Nərmin Kamalın "Aç, mənəm" romanı ilə Bakını tanımaq!

Aprelin 6-da vaxtilə Osmanlı Bankının yerləşdiyi, günümüzdə isə sərgilərin keçirildiyi İstanbulun “Salt Galata” binasında şəhər mövzusuna həsr olunmuş audio ədəbiyyat sərgisi başlanır.

"Oxu zalı"nın məlumatına görə, iyulun 8-nə qədər davam edəcək sərgidə dünyanın müxtəlif ölkələrindən olan 14 yazıçının roman və hekayələri səsli şəkildə təqdim olunacaq.

Binanın girişində sərgi iştirakçılarına mətnləri dinləmək üçün xüsusi cihaz, cihaza qoşulmuş qulaqcıqlar və bir kitab verilir. Hər mərtəbəsində bir neçə mətn olmaqla, ümumən binada 14 mətn var.

Posterdə yer alan parçaları əlinizdəki cihazda oxutduracaqsınız. Hansını istəsəniz dinləyəcək, hansını istəməsəniz ötürəcək, qarışdıra və təkrar etdirə, kreslodan qalxaraq başqa bir kresloya keçməklə növbəti mətni dinləyə biləcəksiniz.

Hər mətn bir başqa şəhərdən bəhs etdiyindən, kreslo dəyişmək həm də şəhər dəyişmək kimi olacaq.

Sərgidə mətnləri səslənən 14 yazıçı aşağıdakılardır:

Sevim Burak (Türkiyə, 1931-1983),

Evliya Çelebi (Osmanlı Türkiyəsi, 1611-1682),

Ted Chiang (Çin mənşəli ABŞ yazıçısı, 1967),

Douglas Coupland (Kanada, 1961),

Rana Dasgupta (İngiltərə, 1971),

Nərmin Kamal (Bakı, 1981),

Sophia Al Maria (ərəb mənşəli ABŞ yazıçısı, 1983),

Guy Mannes-Abbott (ərəb mənşəli İngilstərə yazıçısı),

Vahram Martirosyan (Ermənistan, 1959),

Tom McCarthy (İngiltərə, 1969),

David Peace (İngiltərə, 1967),

Adania Shibli (Fələstin,1974),

Neal Stephenson (ABŞ, 1959),

Murat Uyurkulak (Türkiyə, 1972).

Bu yazıçılar Tokiyo, Ramallah, Sofiya, Brikston, Bağdad, İstanbul, Vankouver və nəhayət, Bakıdan bəhs edirlər. Audio-sərgidə Bakı şəhərindən bəhs edən mətn Nərmin Kamalın “Aç, mənəm” romanıdır ("Qanun" nəşr.).

Mətnlər bu sərgidə üç dildə - ingiliscə, türkcə və yaponca səslənir. Mətnlərin tərcüməçiləri bunlardır:

Cem Akaş, Zeynep Akkuş, İsmet Birkan, Sevan Değirmenciyan, Burç İdem Dinçel, Beril Eyüboğlu, Kaya Genç, Sabri Gürses, Nigar Hacızadə, Victoria Holbrook, Sooyong Kim, Dost Körpe, Selma Öğünç, Arzu Taşçıoğlu.

Sərgidə təmsil olunan azərbaycanca mətnin türk dilinə tərcüməçisi Suna Kafadar, ingilis dilinə tərcüməçisi isə Nigar Hacızadədir.

“Translated By” sərgisi ilk dəfə London Arxitektura Cəmiyyəti Arxitektura Məktəbi tərəfindən hazırlanaraq 15 yanvar - 9 fevral 2011-ci ildə Londonda keçirilib.

İkinci sərgi 12 dekabr 2011 - 20 yanvar 2012-ci ildə Yaponiyanın Kitakyuşu şəhərində təşkil olunub.

Sərginin təşkilatçıları Charles Arsène-Henry, Shumon Basar və Suna Kafadardır.

Bununla yanaşı, Londonun Bedford nəşriyyatında sözügedən mətnlərdən parçaların yer aldığı türkcə, ingiliscə və yaponca almanax kitabı nəşr olunub.

Kitabın dizayneri Zak Group-dur. Kitaba “Aç, mənəm” romanından “İtirmək” hissəsi daxil edilib.
XS
SM
MD
LG