Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:45

Sevda Sultanova "Tarkovski" (20-likdən hekayə)


Sevda Sultanova
Sevda Sultanova
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyinə keçib.


Sevda Sultanova


TARKOVSKİ

“Evə gedən kimi duş qəbul etməmiş spagetti bişirəcəyəm, sousunu bol edəcəm, pomidorunu, bibərini də. Soğanları iri-iri doğrayacam, iki qab yeyəcəm, sonra çiməcəm. Andersonun “Neft” filminə baxa-baxa qəhvə içəcəm. Yox, “Neft” yox! Nəsə yüngül bir şey…yüngül, yüngül.... Bəlkə “Tanrının cəzası?”...

Avtobusdakı basabasdan, cürbəcür iylərdən huşunu itirməmək üçün ətirli salfetı burnuna tutan qadın gözlərini yumub düşünürdü…. Onda ayıldı ki, köhnə bir binanın ağzındadır. Qapını tərəddüdlə, astadan döydü. İçəridən səs gəlmədi. Bir neçə saniyə gözlədi, sonra qapını asta-asta açdı. O, otağın baş tərəfindəki stolun arxasında oturmuşdu. Jurnal oxuyurdu. Təxmin etməyə çalışdı: bu ya kino, ya da ədəbiyyat jurnalı ola bilər. Qadın qapının ağzında lal-dinməz dayandı. O, otağa kiminsə girdiyini hiss etmədi. Qadın qəsdən qurcalandı, o, yalnız bundan sonra başını qaldırdı:

- Sən kimsən?

“Necə də kobuddur“, - qadın düşündü. Çəkinə-çəkinə:

- Jurnalistəm. Son filminizlə bağlı müsahibə almaq istəyirəm, – dedi.

O, üz-gözünü turşutdu:

- Məgər sizə müsahibə təyin etmişəm?

Qadın pərt oldu, axmaq vəziyyətə düşmüşdü. Pərtliyini gizləməyə çalışdı:

- Yox. Assistentiniz dedi ki, bu gün günortayadək boş olacaqsız.

- Dəxli yoxdu. Əvvəlcədən xəbər vermək lazım idi. Ümumiyyətlə, müsahibə vermirəm. Jurnalistlərdən isə, zəhləm gedir.

- Başa düşürəm... Heç mənim də xoşum gəlmir.

Qadının üzündəki məzlum ifadə, deyəsən, onu bir az yumşaltdı:

- Yaxşı... Bəlkə, əyləşəsən?

Qadın ürəkləndi. Stulu çəkib əyləşdi və elə həmin dəqiqə marağını saxlaya bilməyib, təxminini dəqiqləşdirmək üçün onun oxuduğu jurnala boylandI. Kino jurnalı idi. Masada jurnalın daha bir neçə sayı vardı.

- Sənə çay təklif edə bilərəm. Amma indi soyumuş olar, qoy qızdırım, - o, yanındakı kətilə qoyulmuş samovarı elektrik lövhəciyinə qoşdu.

- Sağ olun. Pis olmaz. Hava yaman soyuqdur, - qadın dedi.

O, yarıciddi, yarızarafatla:

- Jurnalistlər niyə belə sırtıq olurlar?, - soruşdu.

- Guya rejissorlar müqəddəsdir, - qadın bunu qeyri-ixtiyari, kinayə ilə dedi.

Gözlədiyinin əksinə olaraq, o, qəzəblənmədi. Əksinə, bayaqdan bəri ilk dəfə idi ki, gülümsədi.

- Qənd də qurtarıb. Qonşu otaqdan alaram.

Az sonra o, əlində qəndlə dolu qab qayıtdı. Masanı səliqəyə saldı. Əlini elektrik samovarına toxundurdu. Çay artıq isinmişdi. Qadına da, özünə də çay süzdü.

- Darıxmadın?

Qadın gülümsədi:

- Yox.

- Nədən danışacağıq?

- Elə son filminizdən danışaq.

Qadın diktofonu işə saldı:

- İlk sualım... Filminizi izləyəndə belə təəssürat yarandı ki, depressiyadan əziyyət çəkmisiz.

- Elə görünürdü?

- Hər halda, mənə elə gəldi.

- Yaşantılarım haqda danışmaq istəmirəm. Sadəcə, içimdəki qorxularımdan narahatam, onlarla üz-üzə dayanmışam. Nə üçün uşaqlar xeyirxahlıq haqda nağıllardan çox, monstrlar barədə əhvalatlara üstünlük verirlər? Çünki onlar daim öz qorxuları ilə mübarizə aparırlar. Mən də içimdəki hansısa qorxuları danışıram. Bəzən onlar mənə əzab verir. Son filmdə də qorxularımı çəkmişəm.

- Məncə, siz bir az melanxoliksiniz.

- Bəlkə də. Tarkovskiyə görə, sənətkar faciəvi fiqurdur, amma sənətin özü bədbin olmamalıdır, - o, bir neçə dəqiqəlik pauza verdi, - Uilyam Gaddisin “Etiraf” romanını oxumusan?

- Yox.

- Çayını soyutma.... Oxumaq lazımdır. Romanın əvvəlində belə fikir var: ”... və sən bir anda maddiliyin bütün gözəlliyini hiss etmisən”. Sənətin mahiyyəti həm də gözəlliyin dolğunluğunu hiss etməkdi.

Qadın çaydan bir qurtum aldı, növbəti sualı yada salmağa çalışdı:

- Amma sizin, az qala, bütün filmlərinizdə kriminal motiv var. Gözəlliyin kriminalla nə əlaqəsi?

- Filmlərdə adam ölməyəndə tamaşaçı darıxır. Bəlkə, qəddar səslənəcək, amma Maltusun nəzəriyyəsini bəyənirəm. Hər gün, heç olmasa, bir neçə adam ölməlidir ki, dünya rahat nəfəs alsın. Amma bir neçə nəfər birdən ölürsə, bu artıq faciədir.

– Hmm... Bəlkə, bir az da siyasətdən danışaq. Azərbaycanda siyasətdən kənarda qalmaq çətindir. Xüsusən də sənətkar üçün. Yoxsa, elə düşünmürsüz?

– Ölkədəki vəziyyət sənətkarların öz potensialını üzə çıxarmasına kömək edə bilər. Baş verənləri qələmə almaq, çəkmək çox vacibdir. Etirazlar ölkədə nifaq salsa da, bu, zəruri prosesdir. Çünki bu həm də müxtəlif mövqeli insanların bir-biri ilə polemikaya girməsidir. Yəqin ki, aqressiv polemikadır. Amma ilk dəfə həmişə belə olur.

- Masanızda kompüter yoxdur.

- Çünki ümumiyyətlə kompüterim yoxdur. Bura bax, deyəsən, daha sualın qalmadı.

Qadın onun kobudluğundan incimədi. Çünki qadına elə gəlirdi ki, kobudluq onu daha cazibədar edir.

- Vaxt ayırdığınız üçün təşəkkür edirəm. Mən daha gedim, - qadın çantasını götürdü.

O, qadını ötürmək üçün ayağa qalxdı. Nəsə düşünürdü, fikirlərini dilə gətirməyə tərəddüd edirdi. Qadının əli qapının dəstəyinə doğru uzananda o dilləndi:

- Vaxtın var?

Qadın bu sualı gözləyirdi. Onun fikrindən daşınacağından ehtiyatlanıb dərhal dedi:

- Əlbəttə.

- Bəlkə, nahar edək?

Onların sevgi hekayəti belə başladı.


****

- Tarkovski haqda yeni kitabıdır.

Kişi kitabı arvadına verib paltosunu soyundu.

- Deyəsən, bu kitabdan almışdın.

- Yox, bu başqasıdır.

Arvadı mızıldanıb kitabı dolaba qoymaq üçün salona keçdi. On dəqiqədən sonra onlar yemək masasının arxasında oturmuşdular. Televizorda “Xəbərlər” verilişi gedirdi:
”Suriyada iğtişaşlar zamanı 41 nəfər həlak olub”.

Kişi fikirli-fikirli çəngəllə kartof qızartmasını qurdaladı:

- Bu çox kədərlidir. 41 adam. Bilmirik kimdir onlar. Necə adam olublar, ailələri vardımı? Bəs uşaqları? Nəyi çox seviblər: kinonu ya teatrı? Bəlkə, heç birini? Heç kəs bilmir onlar ölüm ayağında nə düşünüb. Adlarını da bilmirik. Ancaq ümumi adları var: 41 adam. Ən pisi bilirsən nədir? Eşitdiyimiz andaca xəbəri unudacağıq. Yemək yeyəcəyik, işləyəcəyik, sevişəcəyik və hər gün belə xəbərlər eşidəcəyik, hardasa 50 adam, 100 adam ölüb, sonra da unudacağıq.
Qadın boşqabı kənara itələdi:

- İştaham qaçdı.

- Bağışla, iştahanı qaçırmaq istəmirdim. Gəl, Tarkovskinin “Stalker”inə baxaq.

- Neçə dəfə baxmaq olar axı.

- O bitməyən filmdir, - kişi DVD-ni qoşdu.

Qadın süfrəni yığışdıra-yığışdıra:

- İşdən çıxmaq istəyirəm. Deyirdim məsləhətləşək.

- Filmi izləyək, sonra danışarıq.

Arvadın səsində məyusluq vardı:

- Qabları yuyacam.

- Sən heç nə başa düşmürsən, - kişinin də səsində məyusluq vardı.

...“Səndən müsahibə aldığım günə daş düşəydi”, – qadın mətbəxdə qabları yuya-yuya deyinirdi.

...Bəzilərinin fikrincə, bu, ideal ailə idi. Qadın film çəkilişlərində ərini tək buraxmırdı, bütün şıltaqlıqlarına dözürdü və gücünün tükəndiyi anlarda “hər bir kişinin arxasında güclü, ağıllı qadın dayanır” ifadəsini yada salırdı. Kişi fasiləsiz olaraq Tarkovskidən, onun filmlərindən danışır, tez-tez ondan sitat gətirirdi. Əvvəllər qadın, Tarkovski ilə bağlı söhbətləri həvəslə dinləyərdi. Günlərin birində isə hiss etdi ki, o, ərinə məcburən qulaq asır. Tarkovski haqda söhbətlər arvadın zəhləsini tökmüşdü. O, Tarkovskiyə nifrət edirdi. Elə bir dövr gəlmişdi ki, onların həyatı artıq Tarkovskinin filmlərindən, onunla bağlı söhbətlərdən ibarət idi. Bu həmin dövr idi ki, kişi yaradıcılıq böhranı keçirirdi, Tarkovski kimi çəkmək istəyirdi, alınmırdı. O, Tarkovski ilə nəfəs alırdı, şəxsiyyət kimi, sanki, mövcud deyildi. Onun kimi çəkə bilmədikcə təkcə ruhən yox, fiziki cəhətdən də zəifləyirdi. Arvadı ilə sevişdiyi anlarda qəfildən duruxur, Tarkovskinin hansısa filmini, sitatını xatırlayırdı. Və qadına elə gəlirdi ki, o, əriylə yox, Tarkovski ilə sevişir.

...Aradan xeyli vaxt keçmişdi. O, uzun fasilədən sonra yeni film çəkmişdi. Bu gün premyera idi. Kişi həyəcandan dırnaqlarını çeynəyirdi. Arvadı onun həyəcanını duydu, ərinin əlindən tutdu, pıçıldadı: “Sən dahisən, dahisən, dahisən”. Kişi zorla gülümsədi. Həmişə belə olurdu. Filmlərinin premyerasında arvadı üç dəfə bu sözləri pıçıldamalıydı. Sehirli kəlmələr kişinin həyəcanını azaldır, özünə inamını artırırdı.

Film bitdi. Dost-tanışlar təbrik üçün ona yaxınlaşdılar. Kişi duyurdu ki, təbriklər səmimi deyil. “Tarkovskini köçürdüb”, - arvadı arxadan səslənən fikirdən diksindi. Çevrildi. Sısqa bir oğlan orta yaşlı kişiylə danışırdı.

Qadın ərinə baxdı. Onun eşidib- eşitməyəcəyini təxmin etmək istədi. Əri kədərliydi, sanki, başqa aləmdə idi, onu təbrik edənlərlə həvəssiz danışırdı, deyəsən, filmin uğursuzluğunu özü də anlamışdı.

****

- Niyə gec gəldin?

- Montajda idim.

- Narahat oldum, - qadın doluxsundu, ərinə sarıldı, başını onun köksünə qoydu, kişi onu qucaqladı. Qadın xoşhallandı. Birdən qəlbi sıxıldı, başını qaldırdı. Onu qucaqlayan əri yox, Tarkovski idi. O, Tarkovskinin qollarından qopmaq istədi, çırpındı. Qadın çırpındıqca Tarkovski azğınlaşırdı. O, qadını yerə yıxdı, ayaqlarını araladı.

Qadın yuxudan ayılanda tər içində idi. Əri, Tarkovskinin gündəliklərinin çap olunduğu kitabı oxuyurdu. Yuxusunu danışmaq istədi, tez də fikrindən daşındı. Qadın, Tarkovskiyə də, onun filmlərinə də nifrət edirdi. Tarkovskinin ucbatından onun həyatı məhv olurdu. Bir dəfə əri evdə olmayanda qadın onun jurnallarının arasında Tarkovskinin fotosunu tapdı, əvvəlcə ona tüpürdü, sonra yadına düşdü ki, tualet kağızları bitib. Necə sevindisə, ağlına gələni dərhal etmək istədi: tualetə getdi, işini bitirdikdən sonra fotoyla özünü təmizlədi. Hiss etdi ki, ürəyindən tikan çıxır, yüngülləşir. Fotonu atandan sonra ona elə gəldi ki, Tarkovski artıq onunla əri arasında divar olmayacaq.

****

Qadın ərinə səhər yeməyi hazırlayırdı. Kişi fikirli-fikirli siqaret tüstülədirdi.

- Axırıncı ssenarindən xəbər çıxdı?, - qadın səsindəki soyuqluqdan diksindi.

- Qəbul etmədilər, - əri həvəssiz dilləndi, - Guya abstarkt səhnələr çoxdur, dialoq yoxdur, “tamaşaçıya maraqlı olmaz” dedilər.

- Bəlkə, belə daha yaxşıdı. Məncə Tarkovskiyə aludəçiliyin səni məhv edir. Sadə çəkməyə çalış. Camaatın arasında ol, sosiallaş.

- Tarkovskiyə qarşı getmək Tanrıya qarşı getməkdir. Bunu sənə anlatmaq üçün daha nə etməliyəm?

Kişi, başını əlləri arasına alıb bir neçə an beləcə qaldı və qəfildən stuldan döşəməyə yıxıldı. Özünü doşəməyə çırpıb ağlamsındı:

- Mən Tarkovski kimi çəkmək istəyirəm. Başa düşürsən?

Arvadının ərinə yazığı gəldi. Əllərini önlüyünə silə-silə kişiyə yaxınlaşıb onun başını sinəsinə sıxdı.

****

Həmin gün səhər ər-arvad dənizkənarı parkda gəzişirdi. Kişi son günlər lap sınıxmış, zəifləyib əldən düşmüşdü. Həkim ona təmiz havada gəzməyi və Tarkovskinin filmlərindən uzaq olmağı məsləhət görmüşdü. Skamyalardan birində əyləşdilər.

- Bu işıqlı dünyada yaşamaq necə də kədərlidir! Mən dövlətdən asılı olmadan öz işiylə məşğul olmağı bacaran hər bir kəsə qibtə edirəm. Necə də qanmaz hakimiyyətdir! Məgər ona ədəbiyyat, musiqi, rəssamlıq, poeziya, kino lazımdır? Bəlkə, hər şeyə tüpürüm? Ətrafda yalan, saxtalıq və fəlakət... Hər iki əlim çox ağrıyır. Çox zəifəm. Öləcəm?

“Bu ki, Tarkovskinin gündəliyindəndir”, - qadın düşündü. Bədəninə üşütmə gəldi, onu öyümə tutdu, gözlərindən yaş axdı.

Kişi onun ağladığını çantasından salfeti çıxarıb burnunu siləndə hiss etdi:

- Nə oldu?, - qayğıkeşliklə soruşdu.

Qadın cavab vermədi. O, səssiz ağlayırdı.

- Gedək evə.

- Tarkovskidən ürəyim bulanır. Onun haqqında daha heç nə eşitmək istəmirəm, - arvadı qırıq-qırıq deyirdi.

Ona heyrətlə baxan ərinin özünə gəlməsini gözləməyən qadın ikinci zərbəni vurdu:

- Sən də məndə ikrah hissi doğurursan. Sən zəif adamsan, heç kimsən. Sən “tarkovski” xəstəliyinə tutulmuş, onu yamsılayan zavallısan.

Qadın cavabı gözləmədən kişidən aralandı. Arxaya baxmadan, sürətlə addımladı. O, Tarkovskinin adını heç zaman eşitməyəcəyi yerə qaçmaq istəyirdi.

Özünə gəlmək üçün yol kənarındakı kiçik kafelərdən birinə girdi, küncdəki boş masaların birində oturdu. O, təngnəfəs olmuşdu, göz yaşları dayanmırdı.
Səhər olduğundan kafedə adam az idi. Qadından başqa bir müştəri də vardı. O, qadınla üzbəüz masada əyləşən 45-50 yaşlarında bir kişi idi. Kişi qəhvə içə-içə qəzet oxuyur, arabir qadına baxırdı.

Qadın ona mərhəmətlə baxan ofisianta çay sifariş verdi...

- Sizə necə kömək edə bilərəm?

Yumşaq səs qadının qulaqlarını oxşadı. Başını qaldırdı. Qarşı tərəfdə oturan kişi idi. Qadın bir necə saniyə dinmədi. Sonra zəif, kövrək səslə:

- Siz Tarkovskini sevirsiz?

Kişi gözlənilməz sualdan çaşdı:

- O kimdir?

Qadın rahat nəfəs alıb kişiyə gülümsədi.
XS
SM
MD
LG