Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:57

Şəhriyar Del Gerani "İnsult" (20-likdən hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyinə keçib.


Şəhriyar Del Gerani


İNSULT…


“Adamlar yeriyən sual işarələridi, amma heç kəs öz cavabını bilmir” – Rövşən belə deyirdi.

Hərbidə zədə almışdı başından.Günlər keçdikcə normal davranışlarını itirirdi Rövşən. Qonşular onun dəli olduğunu deyirdilər.

Bütün günü veyil-veyil gəzirdi küçələrdə. Hərdən bağırırdı, özü-özüylə danışırdı. Ağacla, divarla, arxdakı qurbağalarla danışırdı. Gecələr də göy üzünə baxıb “düş ordan, düş aşağı, dengri, gəl kişiyana söhbət eliyək” deyirdi. Hamı onun dəli olduğuna əmin idi, təkcə məndən savayı. Anasısa – ay qadanızı alım, nə dəli?! - başına yüngülcə hava gəlib, həkimlər deyir düzələcəy…

Seyid qızıydı anası Şahbəyim xala. Cəddinə allahdan da çox inanırdı. Kiçik oğlu Ukraynada yaşayırdı 92-dən. Alatoran xatırlayıram, mən lap uşaqcaydım onda. Yazıq Şahbəyim xala, hər yay axşamçağıları gedərdi qatar ayağına. Oğlu gedəndə “gələn yaya gələcəm” deyibmiş. Bu da o vaxtdan bu yana vağzala gedib qatar qarşılardı. Hər dəfəsində elə bilirdi oğlu indicə enəcək perrona, qaçıb qucaqlayacaq oğlunu. Sonra da bir ətməcə sillə ilişdirəcək sol yanağına. Elə bilirdi adamlar yalnız qatarla gələ bilər uzaqlardan. Çox inanmışdı qatara.Hə,özüm ölüm lap,cəddi qədər inanmışdı…

Yataq xəstəsi olanda öləcəyini duyub vəsiyyəti belə eləmişdi – “məni aparıb vağzalda basdırarsız, qoy, O, gələndə görsün ki, anasının oğul yolu gözləyə-gözləyə vağzaldaca canı çıxıb”.

Öldü Şahbəyim xala, ancaq, kənd qəbirstanlığında dəfn elədilər onu, vağzalda yox. Heç oğlu da gəlib çıxmayıb hələ…

Adamlar yeriyən sual işarələridi,amma heç kəs öz cavabını bilmir – Rövşən belə deyirdi…

Evimizin yanından rayonu iki hissəyə bölən, hardasa 4-5 metr enində, suyu dayaz, cilli-qurbağalı arx axır. Suyu çirkli olub həmişə,vicdan haqqı. Məktəbli vaxtı çimişəndə bədənimiz səpişərdi yaman. Həmin vaxtlarda qəzet yağı çatardı dadımıza. Biz tərəflərdə “türkəçara” deyirlər bunun adına. Qəzeti ağ nəlbəkidə,yaxud firniqabında yandırardılar arvadlar. Sonra külünü üfürər,dibə çökmüş sarı, kərtənkələ tüpürcəyinə bənzər mayeni qaşınan yerlərimizə sürtərdilər. Bax bu əla dəva olardı. Nəysə,avqustun yumurtabişirən günəşindən qaçıb özümüzü veririk həmin arxın boyunca əkdiyimiz söyüdlərin kölgəsinə. Samavar dəmləyib çaylanırıq özümüzçün. Susuzluğu yatıran ikinci bir içki tanımıram çaydan savayı. Bir aralar şahmata möhkəm dadanmışdıq. Deməli, uduzan somavarı qaynadır, çay rahlayır…qayda belədi. Nə yalan deyim, əməlli-başlı çayçı oldum həmin yay. Evdə də çay işini mənə tapşırdılar, gör işin harasıdı…

Elə çayçı günlərimdən biriydi, samavar yengicə cızıldayırdı ki, əşşi, bir də gördük şivən qopdu nə qopdu. Elmar müəllim səsini atıb başına, başını da döyür taxta çəpərlərinə. Arvad-uşaq da qarışıb bir-birinə. Hay-həşirə toyuq-cücələr də qoşulub, qaqqa-qak səsləşirlər. Qardaş canı, bu Elmardan çıxmayan iş. Elə sakit adamdı, quzu balası kimi. O qədər nizam-intizamlı yaşayır ki, zəng eləyib üzr istəyəsi bir kimsəsi də yoxdu. Bir təndir tərbiyə kündəsidi gədə…Elə səliqəli rəftarı var, palçıq ayaqqabılarına yapışanda utandığından özü tökülür, hə-hə, Şahbəyim xalanın cəddi canı…

Nəysə,sən demə quzunu quzuluqdan çıxardıb nərildədən keçən ay doğmuş arvadının körpəsiylə hələ də xəstəxanada qalma səbəbiymiş. Pah atonnan yeri! Qonşulara da deyiblər – gəlin dədəsi evindədi, uşağın 40-ı çıxanacan orda olacağlar.

Hmm, belə-belə işlər.Yenə də sən demə,bu yetim Elmarın, müəllim Elmarın pulu yoxmuş arvadının əməliyyatına verməyə, hmm, uşaq əməliyyatla olubmuş, həkimlər qadaların aldıqlarım da düz-əyri 36 gündü buraxmırlar ki,bəs gətirin pulu köçürün. Tay bu müəllim başını çəpərə döyməyib neyləsin?!

Elmarın ala-bula günləri bundan belə başladı. Mənə danışdı vəziyyətini, birtəhər borc-xərc tapıb düzəltdik. Ailəsini azad elədik xəstəxana divarları arasından. Ertəsi gün Elmar diplomunu yandırdı, külünü də tökdü kanalizasiyaya.Vay dədə,gör nə qədər professorların, akademiklərin imzaları sözün həqiqi mənasında “zibil”ə düşdü.

Dedi gedirəm Bakıya.Daş daşıyacam, fəhləlik eliyəcəm, nə bilim dalımı da verəsi olsam pul qazanacam,pul!

Səhər avtovağzaldan yola salacaqdım onu. Arvadıyla vidalaşanda mən həyətdə gözləyirdim.Ay allah, elə ağlayırdı ki Vüsalə bacı, elə hıçqırırdı ki…

Ona bacı deyirdim.Yetim uşaqdı, anasızdı. Qızlar anadan yetim qalır, kəsik olur qız uşaqları. Toyunda görmüşdüm atasının yanındakı boşluğa baxıb həzincə köks ötürdüyünü.Adamların baxdığı bütün boşluqlarda “ana” var, saçları var, əlləri var ananın. Olsun ki xəstəlikdən, məsələn xərçəngdən, daha doğrusu “ximya”dan tökülsün saçları, rəngi dəyişsin gözlərinin,soyuyub ağarsın əlləri. Nolsun,yenə də var…var axı…

Vüsü bacı yeni deyildi, hamı kimiydi, hamı kimi. Bütün qadınlar kimi təkcə göz yaşlarıyla yeniydi Vüsü bacı, təkcə göz yaşlarıyla. Həm də,yazığ-fağırın yekəsiydi, allah haqqı yalan demirəm…

Bir də çağanın səsi…Səhərin sükutuna yas zümzüməsi kimi səpələnirdi çağanın səsi. Var nəfəsiylə çığırırdı körpə. O hansısa dildə istəmirdi bu gedişi. Əslində bütün dillərdə nəmli səslənir ayrılıq sözü. Körpəsə,öz dilində, yaxud eləcə dilsizliyində deyirdi “getmə”ni. Bilmirəm,yəqin heç belə də deyildi…

Elmar qapını çırpıb çıxdı. Biz doqqaza yaxınlaşanda arvadı
- baax Elmar, başına dönüm, özünnən muğayat ol haa, Elmar,bizi unutma,yaddan çıxartma bizi, vaxtaşırı zəng elə…- deyib əlini balaca üzünə tutub evə keçdi.

Doğrusu ürəyim dözmədi Vüsü bacıya. Hələ təsirlənib – nahax atıb gedirsən onu körpəylə, qazanan burda da qazanar,oğraşdığ eliyirsən- dedim. O,başını aşağı salıb addımını yeyinlətdi. Deyəsən özü də kövrəlmişdi.Qabağa düşdü ki, ağladığını görməyim.

Hər bir ağlayan kişinin arxasında yazıq bir qadın kölgəsi sürünür. Kişilər qadınsızlıqda ağlayır. Əlvidalı səhərlərdə üşüyür darıxımtıl kişilər...

Avtobusun çıxmasına barmaqsayı dəqiqələr qalmışdı. Elmar vağzalyani tualetdən çıxıb əlini çırpa-çırpa xadimə qadına işarə eləyib gileylənə-gileylənə mənə sarı gəlirdi:
- görəsən bu kəmbəxti hansı alçağ, hansı vijdansız bu günə salıb?!Ay cındır,elə sənin kirli saçlarındakı paslı broşqana yaraşır naz-qoz! hələ utammaz-utammaz qəpik-quruş üçün qırış əllərini də açır.Gəlib burda kişilərin pox-püsürün təmizdiyib müqəddəs ağbirçəy ana olacağ mənimçün. Sənin təki qadından əllisin düzəldərəm ikicə vedrə palçığnan,şortuşka!

- Ay Elmar, elə demə, nə bilisən hansı məcburiyətdən işdiyir burda, elə demə mən ölüm...

- Ayə sən də ağsaqqal olub gedmisən ee, yaxşı görəy!

Ürəyimdə Elmara qarşı gizli ayrıntılar başlamışdı. Müəllim...hmmm...! Sanki büs-bütün alt-üst olmuşdu bu adam. Hər şeyə nifrət eləyirdi. Məktəbə də,şagirdlərinə də, arvad-uşağına da, “pajarnı”dan (rayon bazarında pərakəndə satış yerinin adı) aldığı ucuz şalvarına da. Pulsuzluq kişiyçün sarsıdıcıdı, bilirəm. Kişi - pulsuzluqda heç kişi də olmur, bunu da bilirəm. Ümumiyyətlə pulsuzluğu əzbərləmişəm, harasından sual versəniz tapança kimi dillənərəm. Amma,daha belə də yox axı!

Avtobus tərpəndi...Evə qayıdanda özümə yer tapa bilmirdim.Yaman narahatdım Vüsü bacıya görə. Əlimdən darıxmaqdan savayı heç nə gəlmirdi.Arabir gedib baş çəkirdim, nəsə lazım olub-olmadığını soruşurdum. Üzünə baxa bilmirdim Vüsalənin. Elə bilirdim bütün olanların günahkarı mənəm, mən axmaq!

Getdiyindən iki ay sonra borc aldığımız pulu göndərdi, bir az da ev üçün yollamışdı. Bu aylar ərzində mən borcumuzdan yarısını vermişdim. Kəsəsi, hamısını özüm vermək qərarına gəlmişdim elə o vaxtdan. Yolladığı pulu da anamdan göndərdim Vüsü bacıya. Sonra yenə də bir-iki kərə olmuşdu özümdən verirdim.Yalandan deyirdim Elmar göndərib, utanmasın gəlinciyəz. Həə, lap unutmuşdum, o bir dəfə pul yollayandan sonra Elmardan xəbər-ətər çıxmadı. Nömrələrinə zəng çatmırdı. Bilmirdim nə baş verib. Tanış-bilişdən soruşurdum.Gördüm deyən yoxuydu. Elə bil “kir”ə çıxmışdı zalım oğlu!


Adamlar yeriyən sual işarələridi, amma,heç kəs öz cavabını bilmir – Rövşən belə deyirdi...

Biz unutmadıq Vüsü bacını. Bayramlarda yazıq anam pay-püşünü əskik eləmədi.Anam deyirdi – yesirciyəzin döşü quruyub, gərək Sahiləyə deyəm təzə doğmuş inəylərinin südünnən gətirsin hər səhər. Bala,inan yaradana, Vüsaləni görəndə ürəyimin başına od düşür, niyə belə elədi axı sənin o müəllimin, niyə?!

Elmarın gedişi Şahbəyim xalanın “tvar” oğlunun gələcəyi yaya döndü. Ömrünün ilk 36 gününü xəstəxana divarları arasında ötürən körpə ayaq açdı, dil açdı, diş çıxartdı. Gülümsəmək öyrəndi uşaq. Hələ Vüsalə ona “ata” deməyi də öyrətmişdi. Uşaq durar-tutmaz kimə gəldi “ata” deyirdi...

Dünən məktəb yoldaşımla görüşdüm. Deyir Elmar müəllimi görüb şəhərdə.Yanında dingiş biri də varmış.
Ürəyimdə: - axx, heyvərə, pulunu o qancığın qarnına tökür yəqin! Beenava Vüsü bacı, günü-saadı yoxdu, o evdə paltar yuu, bu yasda poverliy eləə, o kitabxananı siil, bu parkı süpüür... Ax götvərən müəllim,s..!!! – deyib, dişimi-dişimə sıxıb başımı bulladım.

Bizim küçənin köhnə adətidi - yay günortaları arxın üstünə toplaşıb söhbətləşirik.Aramızda siqaret çəkənlərin sayı artıb.Yenə də somavar, şahmat, nərdtaxta, domino... Amma çay dəmləməyi unutmuşam.Təzə xanələr yetişib küçəmizdə. Bığyeri təzəcə tərləmiş qonşular bizə abatdı-başdı hörmət bəsləyir. Guya biz “denbil”- zadığ.

Anam darvazadan məni haraylayır: - tez gəl, tez ol, Elmar telfonda gözdiyir səni, evi yığıb, deyir əl telfonu yadımnan çıxıb...

Hə, oydu, Elmarıydı. Sabah gəlir rayona. Tikintidə ayağını sındırıb. Xəstəxanadan bu gün çıxıb, elə indicə,yalançı özü olsun. Sabah günorta rayonda olacaq. Avtovağzalda qabağına çıxmağımı istəyir.

Günortanın istisindən asfalt muma dönüb. İti quyruğundan bağlayasan yolda dayanmaz. Dünən gecədən quyuya salladığım qarpızsa da sərinləşib çox güman. Araza çimməyə gedəcəkdik axşamçağı, dedim lap yaxşı, Elmarı da qoşarıq özümüzə.

Elə mən vağzalın bu başından avtobus o başdan... Sərnişinlər əzgin-əzgin düşdülər. Yox-yox,tökülüşdülər avtobusdan. Odur eey, maytıya-maytıya gəlir Elmar, sağ əlində əsa var, sağ ayağını qırıb deyəsən. Tanıdım onu. Bəlkə də ayağını qırdığından xəbərsiz olsaydım tanımazdım. Yeridim qabağına. Üzü istifadə olunmuş solfetə dönüb yetimin. Paltar asılqanına oxşayır çiyinləri. Elə bil qollarını götürüb asmısan çiyinlərindən. Ürəynən əl tutuşub görüşsən əlində qalacaq qədər düşüb Elmar. Ürəyim yandı onun bu halına. Ancaq yenə də dip-diri 2 il, öp-ölü Vüsü bacı gəlib durdu gözümün qabağında. Soyuq görüşüb qısaca hal-əhval tutduq. Taxsi çağırırdım ki, Elmar tualetə tərəf maytıdı. Mən də getdim dalıyca.Gərək belə olmazdı...hardan bilim!

Elə qapının ağzındaca əlində ağ qulplu qırmızı şirmayı vedrəli, o biri əlində döşəməsilən taxtasına dolanmış qoyun qarnına oxaşayan əsgili, kösöy üzlü, nigaran gözlü qadınla az qala toqquşacaqdılar. Kürəyinə şəllədiyi çılpaq uşağın ağlamtıl gözlərini günəş qıymışdı.

Hər şey qəfil oldu. Lap bir anın,yaxud 24 ayın içində baş verdi hər şey.Elmar yerində səndələdi, çəliyi tarappıltıyla kafel döşəməyə düşdü. Və arxası üstə yerə gəldi. Başının arxasından qan şoraladı. Gözləri bərəli qalmışdı... həə,arvadıydı, Vüsü bacıydı. Lap 2 il əvvəlki tək balaca, gündən ala səpmiş məsum üzünü ovucları arasına alıb dərindən içini çəkdi qadın. Qırmızı şirmayı vedrədən calanmış kirli su Elmarın partlamış başından axan qana qarışıb gölməçələndi. Qadın donub qalmışdı.Ağlaya bilmirdi, gözlərini unutmuşdu sanki. Ən ağır anlarda ağlamaq olmur. Əsl göz yaşları çölə axan deyil, içəri damcılayanmış sən demə.

Elmar başını kəsib buraxdığın qıvraq kənd beçəsi sayaq çobalayırdı. Bütün olanlara təkcə, anasının sol çiyni üstündən günəşdən qıyılmış gözləriylə baxan, çılpaq bədənli uşaq gülümsəyirdi. Elə bilirdi nəsə oyun çıxardırlar bununçün. Elə bilirdi televizorda gördüyü sərçəbığ, əli əsalı, panamalı kişidi. Gəlib indi də burda onunçün oyundan çıxır. Uşaq gülümsəməyi təzəcə öyrənmişdi. O,xoşbəxtcəsinə,uşaq naşılığıyla gülürdü...


Gördüyüm mənzərə ölümlərin ən gözəliydi. Küçədəcə yıxılıb ölmək... Arxın üstündəki söyüdlər də durur, samavarın tüstüsü də, quyuya salladığım qarpız da yerindədi. Uşağı da bu ildən baxçaya yazdırmışam. Uşaqlar atasız-anasız da böyüyür. Ancaq onlarla daha maraqlı, daha ətirli olur böyümək... Yetim uşaqlar əlifba dərsliyində “ata” sözünün üstündən, “ana” sözünün yanından astaca ötüb keçərlər. Müəllimlər bunu onlara irad tutmaz, irad tutmaz müəllimlər...

Adamlar yeriyən sual işarələridi,amma, heç kəs öz cavabını bilmir – indi Vüsü bacı da belə deyirdi...
XS
SM
MD
LG