Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 21:36

Təranə Vahidqızı "Tapılmayan torpaq" (20-likdən hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyinə keçib.


Təranə Vahidqızı

TAPILMAYAN TORPAQ

...Bir yığın adam yağışın altında əsir-yesir olub Qəribin son arzusunu axtarırdı...

Yağış yağırdı. Axır vaxtlar belə yağdığı heç olmamışdı. Amma yağışa məhəl qoyan kim idi. Ayağı yer tutan selin-suyun içində Qəribgilin komasına tərəf qaçırdı.

Komanın qənşərinə çathaçatda Qoca Müslümün ayağı büdrədi, az qala üzüqoylu lehmənin içinə yıxılacaqdı. Kimsə qolundan tutub:

- Yavaş ağsaqqal, getmişdin – dedi.

Komanın ağzına yığışan adamlar bir anda kənara çəkilib Qoca Müslümə yol verdilər. O da, dimdiyindən su damcılayan kepkasını tələsik çırpıb içəri keçdi. Komanın ortasında Qəribi üzü qibləyə uzatmışdılar.

Qonum-qonşunun kişiləri bir tərəfdə boyun-boyuna verib oturmuşdular. Küncün birində iki-üç arvad Qəribin dilsiz-ağızsız arvadı Güləvətini kiridə bilmirdi, bayırdakı leysan kimi elə bir ucdan yumub tökürdü.

Qoca Müslüm Qəribin baş tərəfində yerə çömbəlib kepkasını yanına qoydu, boynunu Qəribə tərəf uzadıb titrək səslə:

- Olmasın azar, ay Qərib, birdən-birə nə zaval dəydi sənə? – dedi.

Qərib Müslümün sözlərini eşitsə də, cavab verə bilmədi, həyəcanlandı, təngnəfəs oldu, gözlərinin həlqəsi bir az da genaldı.

Yusif kişi dərdli-dərdli Müslümə baxdı. Bu o demək idi ki, iş-işdən keçib, evimiz yıxılıb, Qərib də belə gedir...

Çöl-bacadan arvad-uşağın kəsik-kəsik vay-şivəni eşidilirdi. Müslüm Qəribin dərisi sümüyünə yapışmış əlini ovcunun içinə alıb kövrəldi.

- Ə, uşaqlara denən kəssinlər səslərini, Allaha şükür, Qəribin heç zadı yoxdu. Azarlayıb da... Rasim doxdur hanı ə?! – deyib çuxura düşmüş gözləri ilə adamların arasında həkimi axtardı.

Bu dəfə Yusif kişinin kal səsi eşidildi:

- Azca əvvəl gəlib Baxşəlinin nəvəsinin üstünə apardılar. Uşağı it tutub. Dərd dərd üstə gəlir, ay Müslüm. Sən deyəni o da dedi, dedi kəndi-kəsəyi yadına salıb, bir balaca ürəyi dolanıb Qəribin. Başqa heç nəyi yoxdu, bu gün sabah yaxjı oluf ayağa durajax.

Yusif kişi bu sözləri deyib dizlərini qucaqladı. Əslində dizlərini qucqaladı ki, yıxılmasın.

Alış Yusifin sözlərini eşidib şenlik yaratmaq istədi:

- Qardaş, o sizi bizi yaradan Allah haqqı, o gün durduğum yerdəcə dünya başıma dolandı, az qala ölmüşdüm.

Qərib inildədi, nə isə demək istədi, boğuq, dolaşıq iniltidən başqa heç nə eşidilmədi.

Yusif kişi ürəyində özü ilə danışdı:

- Kopolunun dünyası, Qərib gedir, biz də gedəjəyik. Bu boyda dərdlə yaşamaq olar? Vallah olmaz. Allahın altında ölüf öz dağlarımızda qalaydıx.

Qərib yenə inildədi, nə isə demək istədi, bacarmadı. Əli-ayağı kimi, dilindən də elə bil daş asılmışdı. Bircə çuxura düşmüş gözləri yaşayırdı, bu gözlərdə də ölümün kölgəsi dolaşırdı.

Şər qarışanda adamlar seyrəkləşdilər. Ağsaqqallar Güləvətini birtəhər dilə tutub balaları ilə qardaşıgilə yolladılar, özləri də boyun-boyuna verib Qəribin keşiyini çəkdilər...

...Gecədən xeyli keçirdi. Leysanın altında bütün düzəngah yuxuya getmişdi. Qəribin yayda qaraladığı komanın damı payızda etibarlı çıxmamışdı. Ələ keçən vedrə, qazan, vanna nə varsa ortalıqdaydı. Damcılar damırdı, qablar dolurdu, arabir kimsə taxta qapını cırıltıyla açıb suyu şappıltıyla çölə atırdı.

Qəribin gözləri açıq olsa da, əslində aydın, çox aydın bir yuxu görürdü.

...Yenə uşaq idi. Anasının yanına düşüb harasa gedirdi. Tez-tez də başını qaldırıb anasından soruşurdu:

- Hələ çox var?

- Anası da həmişəki kimi onu ovundururdu:

- Azca qalıb, lap az.

Birdən yolları qurtardı. Uçurumun ucunda dayandılar. Anası dönüb gəldikləri yola baxdı. Gəldikləri yolun torpağı bir ucdan axıb gedirdi. Anası əlindən tutub titrək səslə dilləndi:

- Heç qorxub eləmə, səni qara yarğana verməyəcəm ha, yol qurtara bilməz, bu yolun bir yolu olmalıdır, mütləq olmalıdır.
Amma yol nə gəzirdi...

...Açıq gözləri oyandı. Dirəkdən asılmış lampanın öləzimiş işığı komanı işıqlandırdıqca Qərib qarğıdan hördüyü divarlarda titrək kölgələr görürdü. Bu kölgələr başı vurulmuş quşlara oxşayırdı. Əvvəlcə qorxdu, qışqırmaq istədi, ancaq kölgələr bir andaca doğmalaşdı. Elinin, obasının yorulub əldən düşmüş, dərddən, xəcalətdən, danlaqdan başını itirmiş kişilərinin kölgəsini tanıdı. Bu başsız kölgələr ürəyinin kötüyünəcən Qəribi yandırdı. Ürəyi su istədi, öz dağlarının, öz bulaqlarının, öz dərələrinin suyunu. Allahın altında bircə ovuc içəydi öz dağlarının suyundan, bircə ovuc...

...Səhərə yaxın ölüm komanın açıq yanavından sivişib Qəribi səssiz-səmirsiz apardı...

...Yağış yağırdı, adamlar yağışın altında əsir-yesir olub Qəribin son arzusunu axtarırdılar. Qoca Müslüm qonşu kənddən gətirdikləri mollanın başını qatıb mərasimi bir az da uzatmaq istəyirdi:

- Bacıoğlu, Allah erməninin evini yıxsın! Qara nəhrdən əsən külək bizi öz torpaqlarımızdan qoparıb bu yerlərə atan gündən torpağımız kimi taleyimizi də itirmişik. Torpaq yaman şeydi bala! O yerlərdən ayrı düşəndən dəfimiz dönüb. Başına dönüm, oğul, rəhmətə gedən yaxşı, ifallı adam idi. Ermənilər kəndə top-tüfənglə girəndə, rəhmətliyin heç nəyə gücü çatmadı. Əl yalın, yollar bağlı, bir ovuc torpağı dəsmala büküb özüylə gətirdi ki, bu torpağa sığınıb yaşasın. Əl-ayağa keçməsin deyə, tez-tez yerini dəyişirdi. Hamıya da and verirmiş ki, öləndə o torpağı gözümə tökün, yoxsa, bundan da betər günə qalarsınız. Biqəfil xəstələndi, evi yıxılmışın oğlu, dili batdı, torpağın yerini də deyə bilmədi. Səhərin gözü açılandan ayağı yer tutan torpaq axtarır, harada gizlədib, hara qoyub, tapılmır ki, tapılmır.

Molla gün günorta olana kimi gözlədi, sonra gün əyildi, qaş qaralanda işin çox uzandığını görüb çıxıb getdi.

Neçə illərdi ki, yağış yağır, neçə illərdi ki, ölüm komalardan, daxmalardan, qazmalardan adamları daşıyır, neçə illərdi ki, bir milyon adam Qəribin son arzusunu axtarır. Neçə illərdi ki, yağışın altında Qəribin cənazəsi gözləyir... Lap üzə durub. Torpaq tapılmır ki, tapılmır...
XS
SM
MD
LG