Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:55

“OLMAZ”LARIN AZADLIĞI ("Oxu zalı"na göndərilən şeirlərdən seçmələr)


Günay Ümid

“Olmaz”ların azadlığı

Bu gecə
Sözlərinə sərdim yatağımı
Səsinlə örtdüm üstümü.
Nəfəsin şirin-şirin
Layla dedi günahlarıma.

Bütün sükutları hədələdim
Hirsimi tökməyə
Bir səhifə qopardım həyatımdan
Qələmimin naləsini bükməyə.

Bütün “olmaz”ları azad elədim,
Günahlarını bağışladım
Özümdən savayı...
Qorxularımı hürkütdüm
Içimdə yaşayan Ölümdən savayı...


Narıngül


Ömürdür kilim toxuyur

Görən, bu gün nə günüdür,
Əlim göylərə toxunur.
Bütün nifrətlər quruyub
Adamlar sevgi qoxuyur.

Hər gün sabah üstündədir,
Hər günah ah üstündədir,
Dünya segah üstündədir,
Hərə bir ağız oxuyur,

Hardasa saat qurulub,
Əqrəblər zamanı qovur.
Fkir vermə, gündür keçir,
Ömürdür kilim toxuyur....



Ərşad Məhərrəmli


***

Şairlər şeirə uduzur
ömrün,
qadınlar kişiyə,
adamlar Allaha,
amma bütün uduzmaqlar fərqlidir:
Şeirə uduzan yaşayır
Kişiyə uduzan sevir
Allaha uduzan ölür...



Aynur Mirəli


Güldür

Bıçaq itidir yaman
Al ələ, sanc ürəyə
Öldür canın qurtarsın
Güldür özünü mənə
Bağban qayçısına dön
Mənsə yasəmən olum
Doğra ləçəklərimi
Güldür özünü mənə
Həbs et, edama çıxar
İp ol boynuma dolan
Çək bədəndən ruh ayır
Güldür özünü mənə
Dözmək olmur görürəm
Çətindir sənə, canım
Çığır, ay qadan alım
Güldür özünü mənə
Qoyarammı bəs mən heç
Yora mənsizlik səni
Qalx əlimdən dağa çıx
Güldür özünü mənə
Bəsdir daha gizlədin
Bu eşq, məhəbbətini
Yaz tezcə məktub yolla
Güldür özünü mənə.
XS
SM
MD
LG