Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:55

Rüstəm İbrahimbəyov: "Hakimiyyəti xalqın itaətkarlığı korlayır"


Oskar mükafatlı kinossenarist, yazıçı, Ziyalılar Forumunun rəhbərlərindən olan Rüstəm İbrahimbəyovun Azadlıq Radiosuna müsahibəsi. (Müsahibə rus dilində götürülüb.)


- Rüstəm bəy, 2 il əvvəl Azadlıq Radiosuna verdiyiniz müsahibədə demişdiniz ki, İlham Əliyevə alternativ görmürsüz və öz mövqeyinizi izah etmişdiniz. Bir müddət sonra başqa bir müsahibənizdə dediniz ki, Mehriban Əliyeva - real alternativ ola bilərdi. Üstündən xeyli vaxt keçib. Bu günün realıqlarını nəzərə alaraq həmin məsələ ilə bağlı nə demək istərdiniz?

- Mən elə insanlar kateqoriyasına aidəm ki, onlar nəsə deyirlərsə, həmin mövqeyi ömürlərinin sonuna qədər müdafiə edirlər. Mən “Prezident kimi İlham Əliyevə alternativ görmürəm” deyəndə indi bizim mövcud olduğumuz ictimai-siyasi konteksti nəzərdə tuturdum. Yəni real oyunçular var, onlar seçkidə iştirak edə bilərlər, seçkilər də elə keçirilir ki, müəyyən qrup insanlar onların nəticələrini istədikləri kimi təqdim edirlər.

Deyirdim ki, hətta bu variantda da hakimiyyətin İlham Əliyevə alternativ kimi namizədliyini irəli sürəcəyi insanlar arasında mən onun səviyyəsində olan şəxs görmürəm. Çünki onun ətrafındakı komanda, belə deyək də, nəyəsə qadir olan adamlar deyil.

Digər siyasi fiqurları onlar müxtəlif bəhanələrlə prosesə yaxın buraxmayacaqlar. Buna görə də, necə deyərlər, pislərin içində ən az ziyanlısını seçmək lazımdır. Mən bu məntiqdən çıxış edirdim.

- Pislərin içində ən az ziyanlısı?..

- Bəli. Digər tərəfdən mən Konstitusiyaya edilən dəyişikliklərdən çox məyus oldum. Referendum və müxtəlif cür başqa bicliklərlə – mən bunun təfərrüatını bilmirəm – prezidentin üçüncü dəfə seçilməsinə imkanı yaradıldı. Bax, onda mən dedim ki, bu, Azərbaycanın beynəlxalq imicinə zərbə vurur və biz öz imzamızla rəsmən təsdiqləyirik ki, artıq demokratik dövlət deyilik, burada avtoritar rejim diktaturaya çevrilməkdədir.

Dedim ki, Rusiyada Medvedevlə bağlı bu məsələni ki fikirləşib tapıblar, yəni iqtidar hakimiyyəti əldən vermək istəmir, bir alternativ fikirləşib tapır, müəyyən oyun oynayır (bu oyunu da bir çoxları başa düşürdü və indi də bunun həqiqət olduğuna əmin oldular), buna oxşar şeyi burada da etmək olardı.

Mənim Mehriban xanıma böyük simpatiyam var – yəni onlar bu “dekorativ” yerdəyişməni burada da edə bilərdilər. Və bu, heç olmasa ölkədə baş verənlərin mahiyyətini pərdələmiş olardı.

O ölkə ki, faktiki olaraq dar bir dairə insanlar tərəfindən özəlləşdirilib. Mən məhz bunu nəzərdə tuturdum. Bu gün vəziyyət dəyişməyib.

Müxalifət hakimiyyətlə ciddi rəqabət aparmağa qadir deyil. Buna görə də mən onlardan heç birinin adını çəkmirəm. Baxmayaraq ki, onlar arasında hörmətli insanlar var və mənim onlara münasibətim yaxşıdır.

Amma mən anlayıram ki, onların seçkidə qalib gəlmək üçün real şansları yoxdur. Xüsusən də seçkilərin necə keçirildiyini bildiyim üçün. Ona görə də bunu məyusluqla deyirəm – bu gün də alternativ görmürəm.

Əgər seçkilər normal, ədalətlə keçirilsəydi, namizədlər çox olardı. Özü də ciddi, dərin, ağıllı namizədlər. Onlarla dünya da hesablaşardı. Çox layiqli namizədlər olardı. Amma mən reallığa əsaslanıram.

- Axır yarım ildə Ziyalılar Forumu fəaliyyətini gücləndirib. Siz də forumdakı fəaliyyətinizi genişləndirmisiniz. Forumda iştirakınız yaradıcılığınıza təsir edirmi?

- Mənim fəaliyyətim heç də genişlənməyib. Məsələ burasındadır ki, mən son 7-8 ildə ictimai proseslərdə yetərincə aktiv iştirak edirəm. Bu, Bakıda da, Moskvada da mətbuat səhifələrində öz əksini tapıb. Çoxlu sayda diskussiyalar olub ki, mən də orada iştirak edib ən ağır problemlərimizi qaldırmışam.

20 il əvvəl isə mən Xalq Cəbhəsini müdafiə edən, ziyalıların Bağırov və Mütəllibova müraciətlərinə ilk imza atan adam idim. Bu mənada mən heç zaman Azərbaycanda baş verən ictimai proseslərə biganə qalmamışam.

O ki qaldı Foruma... Bu, təbii olaraq yaranmış təsisatdır. Ziyalılar Forumunun bel sütununu mənim bir qrup dostum təşkil edir. Yəni bu Forumun yaradılması, fəaliyyəti üçün hansısa təşkilati məsələlərlə məşğul olmaq lazım deyildi. Biz sadəcə olaraq toplaşır, görüşür və danışırdıq. Beləliklə də Ziyalılar Forumunun nüvəsini yaratmış olduq.

Forum çoxdan fəaliyyət göstərir, deməzdim ki, axır yarım ildə aktivləşib. Bəlkə də bəzi addımlarımız daha çox diqqət çəkib. Mən fransız ordenindən imtina etdim. Bu, diqqət çəkdi. Halbuki bunun Foruma heç bir aidiyyatı yoxdu, mənim fərdi jestim idi. Forumun oteldə toplantı keçirmısinə imkan verilməyəndə daha 3 cəhd etdik, amma bizi başqa otellərə də buraxmadılar. Buna görə də mən toplantını öz evimdə keçirməyə məcbur oldum. Mənə dedilər ki, Əlimərdan bəy Topçubaşovdan sonra ilk dəfə idi ki, kimsə ictimai toplantını şəxsi evində keçirirdi.

Bu yaxınlarda mitinqə getdim. Bunun da Foruma aidiyyatı yoxdur.

Mən Bakıya ayın 7-də gəlmişdim, mitinq xəbərini eşitdim və 7 illik fasilədən sonra ilk dəfə keçirilən icazəli mitinqə qatılmaq qərarı verdim.

Düşünürəm ki, belə bir yerdə keçirilməyə məcbur etməklə mitinqin səviyyəsinə ciddi zərbə vurdular! Bu nəinki 20-ci sahədir, 20-ci sahənin ən pis yerlərindən biridir.

Hansısa sürücülük məktəbidir, ora birbaşa yol yoxdur, ora gedib çıxmaq çox çətindir, yəni uzun bir məsafəni piyada qət eləmək lazımdır və s.

Amma buna baxmayaraq ora bir neçə min adam toplaşmışdı. Mən ora getməyi öz vətəndaş borcum saydım. Özü də çox həvəslə getdim. Getdiyimi heç dostlarım da bilmədi. Təsadüfən Eldar Namazov bundan xəbər tutdu və biz birlikdə gedəsi olduq.

Bu
Rüstəm İbrahimbərov "Media açarı" mükafatına layiq görülür, 2010
Rüstəm İbrahimbərov "Media açarı" mükafatına layiq görülür, 2010
sıravi bir azərbaycanlının, Azərbaycan ziyalısının hərəkəti idi. Mitinqdə danışılanlara xüsusi əhəmiyyət vermədən öz dəstəyini nümayiş etdirmək istəyən ziyalının. Vacib olan - orada xalqın fikrinin ifadə olunması və buna icazə verilməsi idi. Bu işə dəstək vermək lazım idi ki, bunun hamıya maraqlı olduğu aydın olsun.

- Forumun fəaliyyəti sizin ona sərf etdiyiniz vaxt və enerjiyə dəyərmi?

- Mən Forumun işlərinə elə də çox vaxt sərf eləmirəm. Dedim axı – bu, mənim həyatımın təbii axarıdır.

Mən aktiv şəkildə yaradıcılıqla məşğulam, ictimai fəaliyyətimin yaradıcılığa heç bir təsiri yoxdur. Əslində, elə buna görə də ictimai fəaliyyətimdə elə də aktiv deyiləm.

Ümumiyyətlə, mən tərəfdarı deyiləm ki, vaxtını və qüvvəni gələcəkdə nəticə verəcəyinə ümid etdiyin hansısa mübarizəyə sərf edəsən.

Mən gələcəklə yaşayan adam deyiləm. Bu günlə yaşayan, ona böyük və ümdə əhəmiyyət verən insanam. Mənim üçün Ziyalılar Forumunun fəaliyyətinin nə nəticə verəcəyi qətiyyən vacib deyil. Məndən soruşanda ki, (dırnaqdakı sözləri Azərbaycan dilində deyir – Oxu zalı) «Nəticəsi nə olacaq?», «Bir şey eləyə biləcəksinizmi?» deyirəm ki, «Elə eliyirik də!»

Bizim söhbətlərimiz, çıxışlarımız – bizim qələbəmizdir. Çünki bizim üçün, mənim üçün çox vacibdir ki, alçaldıcı vəziyyətdən azad olaq. O alçaldıcı vəziyyət ki, səni avam, axmaq, qul sayırlar, hesab edirlər ki, ölkədə nə baş verdiyini anlamırsan.

Uşaq vaxtı və gəncliyimdə özümü küçədə necə aparırdımsa, öz mövqeyimi necə müdafiə edirdimsə, indi də yalanı, insan haqlarının kobud şəkildə pozulmasını görəndə öz mövqeyimi elə müdafiə edirəm.

Fikrimi deməyim mənim qələbəmdir. Mənim nail olmaq istədiyim elə budur. Əgər bu mövqe müəyyən sayda başqa insanın mövqeyi ilə səsləşsə, bu, hansısa nəticələrə aparıb çıxara bilər.

Mən bunun təşkilatçısı deyiləm, amma mən öz borcumdan çıxıram və ümid edirəm ki, başqaları da bunu edəcək. Bax bu, “rezonans” adlanan nəticəyə aparıb çıxaranda Azərbaycanda çox ciddi ictimai dəyişikliklərə səbəb ola bilər.

İkinci məqsəd odur ki, nə qədər qəribə səslənsə də, indiki hakimiyyəti xilas etmək istəyirəm. Nəyi nəzərdə tuturam? Mən konkret insanları nəzərdə tutmuram. Mən inqilablardan qorxuram.

Mən və mənim yoldaşlarım çalışırıq ki, Azərbaycanda baş verən biabırçılıqlar getdikcə aradan qalxsın, Azərbaycanda Yaxın Şərqdə baş verən və təkrarlanan hadisələr baş verməsin. Çünki bütün inqilablar zamanı – biz inqilab uşaqlarıyıq və bunun nəylə nəticələnəcəyini yaxşı bilirik – hadisələr nəzarətdən çıxır, hər iki cəbhədən ən yaxşı insanlar ölür.

Buna görə də biz Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına çalışırıq. Çünki güclü vətəndaş cəmiyyətinin formalaşacağı, demokratik mühitdə xalqın dəstəyinə arxayın olacağımız, passivlik gösttmədiyimiz halda hakimiyyət vətəndaş cəmiyyətinin fəal şəkildə irəli sürdüyü tələblərlə hesablaşmalı olacaq.

Bu çox vacib məsələdir. Çünki kimlərisə yenidən tərbiyə etməyə ümid yoxdur, onları indi başqaları ilə əvəzləmək də o qədər də real deyil. Amma onları hansısa ictimai, demokratik normaları yerinə yetirməyə məcbur etmək mənə az-çox real görünür.

Rusiyada baş verən və bizim də təqlid etməyə çalışdığımız hansısa kiçik dəyişikliklər də göstərir ki, insanlar Bolotnaya meydanına çıxandan, fikrini deyəndən sonra hətta Putin kimi çox möhkəm, nə istədiyini bilən adam da dərhal nələrisə yenidən baxmağa başladı.

(bu məsəli də Azərbaycan dilində deyir – Oxu zalı.) Deyir «Ağlamayan uşağa süd verməzlər»

Əgər xalq özü nəsə tələb etmirsə, istəmirsə, bu, hakimiyyəti korlayır. Hakimiyyəti xalqın susqunluğu və itaətkarlığı korlayır.

Bizdə isə belədir (bu məsəli də Azərbaycan dilində deyir – Oxu zalı.): «Ya hırıldamaq, ya zırıldamaq». Yenidən nələrisə dağıtmağa başlayırıq. Söhbət ondan gedir ki, mədəni səviyyəni, ictimai həyatda mədəni səviyyəni qaldırmaq lazımdır.

Təəssüf ki, mitinqdə çox az ziyalı gördüm. Mən başa düşürəm ki, bizdə orta təbəqə yoxdur. Mitinqə gələ biləcək insanlar- müəllimlər, mühəndislər, həkimlər işlərini itirməkdən qorxurlar və risk etmirlər. Təəssüf. Çünki mitinq daha çox təhsilli, nə istədiyini bilən insanların işidir, sadəcə kütlənin deyil.

(ixtisarla)
XS
SM
MD
LG